news-inner
clock09:00 calendar-gray 17 İyul 2013 view-gray1520 dəfə oxunub
view-gray1520 dəfə oxunub

Böyük yazıçı zaman haqqında

Kulis.Az dünya ədəbiyyatı klassiki Xorxe Luis Borxesin «Səsli düşüncələr» silsiləsinə aid mühazirələrindən birini- "Zaman"essesini təqdim edir.

Göte ilə Şillerin adlarının yanaşı çəkilməsindən Nitsşe heç xoşlanmazmış. Onu da deyək ki, zamanla məkanı da birləşdirmək eyni dərəcədə haqsızlıq sayılmalıdır, çünki bizim məkandan qopmamız bəlkə də qismən mümkündür, zaman barədə isə bu, əsla keçmir.

Təsəvvür edək ki, beş duyğu üzvümüzdən yalnız bircəciyinə sahibik. Qoy bu, eşitmə hissi olsun. O halda gördüyümüz bütün bu aləm, yəni göy üzü, ulduzlar qeybə çəkilər… Təmas hissimiz yoxa çıxdığından biz onda hamarı nahamardan və dalğalı səthdən ayırd edə bilmərik. İy və dad bilmə duyğularımızdan məhrum olmamız nəticəsində isə burnumuzda və dilimizdə cəmləşən həssas bölgələr öz rolunu itirər. Onda qarşımızda açılan dünya özünün fəza özəlliklərini itirər. Fərdi dünyalar da itər. Fərdlərin bir-biriylə anlaşma imkanları sıfıra enər. Belə dünyalar minlərlə, bəlkə də milyonlarladır və onlar arasındakı körpü - sözlər (bundan ötrü onlar bizimkinə bənzər, ortaq bir dil uydurmağa qadirdirlər) və musiqi olacaq.

Sözünü etdiyim bu fərqli dünyada sadəcə ayrı-ayrı dünyagörüşləri və musiqi öz varlığını qoruyacaq. O da var ki, musiqinin səslənməsi üçün çalğı alətlərinə gərək var. Ancaq bu, o demək deyil ki, onların yoxluğu həm də musiqinin yoxluğuna yol açacaq. Çalğı alətləri sadəcə musiqi əsərinin ifası üçün vacibdir. Gəlin, hər hansı partituranı xəyalımızda canlandıraq. Notlara göz gəzdirdiyimiz zaman biz onun necə səslənəcəyini (piano, skripka və fleyta olmadan da) təsəvvürümüzdə canlandıra bilərik… Ona görə də haqqında bəhs etdiyim, fərdi dünyagörüşlərindən və musiqidən ibarət dünya əslində yaşadığımız bu dünyadan heç də yoxsul sayılmaz.

Şopenhauer doğru deyirdi ki, musiqi dünyadan ayrı, əlahiddə bir şey deyildir, musiqi - elə dünyanın özüdür. Həmin dünyada zaman ölçüsü olmadan keçinmək imkansızdır, çünki zaman – bəlli ardıcıllıqlar silsiləsidir. Deyək ki, bizlərdən hər birimiz qaranlıq bir otağa salınmışıq. O halda gözlə görünən dünya da, cisimlər də qeybə çəkilər. Adətən biz öz cismimizin, bədənimizin varlığını diqqətə almırıq. Məsələn, baxın, indi, məhz əlimlə masaya toxunarkən mən həm masanın, həm də əlimin varlığını sezdim. Bu zaman nə isə baş verdi. Ancaq nə? Bəlkə də bizim duyğularımız, yaşantılarımız, xatirələrimiz və ya ayrı-ayrı anlayışlarımız təkrar canlandı. Amma zaman axdıqca, onun fonunda daim nələrsə baş verir. Bu yerdə mən Tennisonun yaradıcılığının ilk dönəminə aid şeirlərindən bir misranı xatırladım: «Time is flowing in the middle of the night» (Gecəyarı zaman burula-burula axıb, gedir). Necə də gözəl poetik ifadədir: hər şeyin dərin yuxuya daldığı bir vaxtda Zaman çayı (bu metafora həlledicidir) yerin üstündə və altında, ulduzlar arasındakı boşluqda səssizcə axıb, gedir.

Bu sayədə diqqətimiz zamanın necə əhəmiyyətli problem olduğuna cəmlənir. Bununla demək istəyirəm ki, zamandan qopmamız, onu abstraktlaşdırmamız imkan xaricindədir. Şüurumuzun daim bir haldan digərinə keçməsi də ardıcıl xarakterlidir, bu isə sırf zamana xas özəllikdir. Yanılmıramsa, Anri Berqson deyib ki, metafizikanın ən böyük problemi zamandır. Əgər onu çözə bilsəydik, dünyada açılmamış heç bir sirr qalmazdı: xoşbəxtlikdən, buna nail olmamız imkansızdır və həmişə bu çözümə can atmağa məhkumuq. Müqəddəs Avqustinin ardınca biz daim təkrarlayacağıq ki: «Nədir axı, bu zaman? Sual səslənənə qədər cavabı bilirəm. Sualı eşitdiyim andan isə hər şeyi unuduram».

Son iyirmi, otuz əsr ərzində düşüncə adamlarının zaman problemiylə bağlı nə qədər irəlilədiyini deyə bilmərəm. Lakin indinin özündə də biz vaxtilə Herakliti sarsıdan o qədim heyrətdən qurtulmamışıq. Hələ də, həm də dönə-dönə onun kəlamına qayıdıram: eyni çaya iki kərə girmək olmaz. Axı, niyə görə bir çaya iki dəfə dalmaq heç kəsə nəsib olmur? Əvvəla, ona görə ki, çaydakı su daim axır. İkinci səbəb isə metafiziki baxımdan bizi silkələməklə yanaşı, içimizdə müqəddəs bir dəhşət hissi doğurur: Çünki biz elə özümüz də çay suları kimiyik, daim axıb, dəyişməyə məcburuq.

Zaman problemi də məhz bu yaşantı ilə bağlıdır. Onun tək qayəsi - axmaqdır və zaman axıb, gedir.

Bualonun gözəl bir şeiri gəldi ağlıma: «Bir şey məndən xeyli uzaqlaşmasa, mən aradan bəlli bir zamanın keçdiyini anlamıram». Mənim indim və ya «indi» saydığım şey artıq keçmişlərə qarışıb, buna görə də zaman onun üstündən ötməyinə davam edir, ardı-arası kəsilmir. Məsələn, deyək ki, biz sizinlə son dəfə ötən cümə axşamı söhbət eləmişdik. O vaxtdan bəri bizim başqalaşdığımızı söyləmək mümkündür, çünki ötən bir həftə ərzində xeyli və cürbəcür hadisələr yaşamışıq. Halbuki biz eyni zamanda həmin adamlarıq. Şəxsən mən bir həftə öncə burada qarşınızda çıxış etdiyimi, siz isə, yəqin ki, məni dinlədiyinizi xatırlayırsınız. Bütün hallarda bu faktlar yaddaşımıza yazılır. Hər kəsin yaddaşı – sırf özünə məxsusdur və biz – əsasən xatırladıqlarımızdan ibarətik.

Beləliklə, biz zaman problemini gündəmə gətirdik. Özümüz üçün indi onu hər hansı şəkildə aydınlaşdırmasaq da, indiyədək bu barədə irəli sürülən çözümləri gözdən keçirə bilərik. Bunlardan ən qədimini Plotin Platondan mənimsəyib. Daha sonra eyni şeyi Müqəddəs Avqustin edib. Bu ideya – bəşər tarixində misilsiz kəşflərdən biridir. Mən məhz «bəşər tarixində» dedim, əgər siz dindarsınızsa, hər halda məndən fərqli düşünürsünüz. Sözünü etdiyim misilsiz kəşf – «əbədiyyət» anlayışıdır. Nədir bu əbədiyyət? Əbədiyyət – bizim bütün dünənlərimizin cəmidir. Əbədiyyət – həm bizim, həm də bütün şüurlu varlıqların dünənləridir, keçmişləridir, başlanğıcı bəlli olmayan bütün keçmişlərin cəmidir o. Həm də indiki zamandır. Bu anlayış bütün şəhərlərə, dünyalara və planetlər arasındakı boşluqlara da aiddir. O, hələlik gəlməyib, lakin onun da bir zaman çərçivəsində var olacağına şübhə yoxdur. Teoloqların dediyinə görə, bu əbədiyyət anlayışı üç ayrı zamanı sirli bir şəkildə özündə cəmləşdiribdir. Zaman problemini dərindən yaşayan Plotinin sözlərinə müraciət eləyək. O, deyir: «Üç cür zaman mövcuddur və hər üçü indiki zamandır. Bunlardan biri – birbaşa indiki zamandır, danışdığım bu məqamdır. Fikirlərimi paylaşdığım indiki məqam əslində artıq keçmiş zamana aiddir, çünki geridə qalıb. Digər zaman anlayışı – keçmişin indisidir, adətən onu «yaddaş» da adlandırırıq. Üçüncü zaman anlayışı isə gələcəyin indisidir: o, bizə hər cür ümid və qorxu hissi aşılayır.

İndi isə, gəlin, Platonun təklif etdiyi varianta baxaq. İlk baxışda sərbəst görünə biləcək bu çözümün əslində belə olmadığını sübuta yetirməyə çalışacağam. Platon deyirdi ki, zaman – əbədiyyətin axıcı formasıdır. O, əbədiyyətdən başlayır, bütün digər varlıqlarda əks olunmağa can atan Əbədi Varlıqdan başlayır. Halbuki əbədiyyət barədə bunu demək mümkün deyil, çünki əksolunmalar, yansımalar ardıcıl qaydada reallaşmalıdır. Zaman isə axdığı vaxt bir növ əbədiyyətin obrazına çevrilir. Böyük ingilis mistiki Uilyam Bleykin dediyi kimi: «Zaman – əbədiyyətin bizə hədiyyəsidir». Əgər bizə əbədi var olmaq bəxş edilsəydi… Çünki əbədi var olmaq bu Kainatdan da, bu dünyadan da daha böyükdür. Əgər əbədi var olmanı tək bircə kərə dadsaydıq, yəqin biz Onun qarşısında sarsılar, əzilər, məhv olardıq. Silinib gedərdik biz. Zaman – Əbədiyyətin bizə hədiyyəsidir. Əbədiyyət bizə müəyyən ardıcıllıq üzrə yaşamaq imkanı tanıyır. Məhz bu sayədə bizim gecəmiz və gündüzümüz, saatlarımız və dəqiqələrimiz, yaddaşımız və keçici yaşantılarımız, ən nəhayət, gələcəyimiz var. Necəliyini bilməsək də, biz onun varlığını sezir, və ya ondan qorxub, hürkürük.

Bütün bunlar bizə bəlli bir ardıcıllıq üzrə verilib, əks halda, Kainatın varlığının bütün ağırlığına biz davam gətirməzdik. Bu sayədə bizdən ötrü zaman – əbədiyyətin bizə hədiyyəsi sayılmalıdır. Bu yolla əbədiyyət bizə bəlli bir ardıcıllıq üzrə yaşama şansı verir. Şopenhauer deyirdi ki, gündəlik həyatımızın gecə və gündüzə, ayıqlıq və yuxu saatlarına bölünməsi bizim xeyrimizədir. Səhər oyanır, günü yaşayır, gecə yatırıq. Əgər yuxulamasaydıq, həyatımız dözülməz olardı, varlığımızdan istədiyimiz həzzi ala bilməzdik. Varlığın bütününü dərk etmək - bizim üçün dözülməz yük olardı. Ona görə də hər şey bizə bəlli ardıcıllıqla bəxş olunur.

Ruhların köçü (reinkarnasiya – A.Y.) konsepsiyası da bənzər ideyalardan qaynaqlanır. Panteistlər inanırlar ki, əslində bütün minerallarda, bitkilərdə, heyvanlarda, insanlarda bizdən nə isə var. Bəxtimiz onda gətirib ki, bundan xəbərsizik, fərdi və fərqli olduğumuza dərindən inanırıq. Əgər özümüzü buna inandırıb, aldatmasaydıq, onda varlığın bütünü, küllü altında əzilib gedərdik.

Gələk indi də Müqəddəs Avqustinə. Mənə qalsa, zaman problemini heç kəs onun qədər ətraflı araşdırmayıb. Müqəddəs Avqustin deyir ki, könlüm zamanın nə olduğunu öyrənməyə təşnədir. Bu barədə suallarını o, uca Yaradana ünvanlayır və bunu ötəri bir maraq xətrinə eləmir, sadəcə öz varlığının mənasını bunda görür. Bu, ondan ötrü həyati əhəmiyyət qazanır. Sonradan Berqson bu məsələni «metafizikanın başlıca problemi» adlandıracaqdı. Bəli, Müqəddəs Avqustin bütün bu məqamlardan görünməmiş çılğınlıqla bəhs edir.

Zaman barədə fikir yürüdərkən vaxtilə Zenonun ifadə etdiyi və ilk baxışda hədsiz dərəcədə bəsit görünəcək paradoksdan söz açmamız yerinə düşərdi. Zenon öz paradoksunu fəza ilə bağlı söyləsə də, biz onları zamana tətbiq edəcəyik. Bunlardan ən bəsiti hərəkət edən cisim barədə paradoks və ya aporiyadır (Antik fəlsəfə terminidir. Problemin həlli əsnasında rast gəlinən məntiqi çətinlik, düyün və ya ixtilafdır. Eramızdan əvvəl 5-ci yüz ildə yaşamış filosof Eleyli Zenon «hərəkət» məhfumunu izah etməyə çalışarkən bu cür dialektik anlaşmazlıqla üz-üzə gəlibmiş – A.Y.). Deyək ki, hərəkətə gələn cisim masanın üzərindədir və bir nöqtədən digərinə doğru yerini dəyişir. Bundan ötrü o, ilk növbədə yolun yarısını, daha öncə yolun yarısının yarısını, ona qədər isə yolun yarısının yarısının yarısını qət etməlidir və bu yarılarla bağlı sadalamalar sonsuzluğa qədər uzanıb gedəcək. Zenonun qənaətinə görə, hərəkətə gələn cisim heç vaxt masanın bir ucundan digərinə hərəkət edə bilməz.

Ən nəhayət, biz həndəsə ilə bağlı bir nümunəyə baxa bilərik. Həndəsədə nöqtə anlayışı mövcuddur və nöqtənin hər hansı uzunluğa malik olmadığı qəbul edilir. Əgər sonsuz sayda nöqtənin ard-arda düzüldüyünü qəbul edərsək, onda düz xətt alınar. Saysız-hesabsız düz xəttin cəmini təsəvvürümüzdə canlandırsaq, onda müstəvi anlayışına gedib çıxarıq. Bunun dərkinin nə dərəcədə mümkün olduğunu söyləməkdə çətinlik çəkirəm: əgər hər hansı nöqtə uzunluqdan məhrumdursa, onda sonsuz sayda nöqtənin birləşməsinin hansısa xətt yaratması nə dərəcədə ağlasığandır? «Xətt» deyərkən mən, hər halda Yer ilə Ayı birləşdirən xəyali xətti nəzərdə tutmuram. Ən azından mən, misal üçün, təmas edə bildiyim masanın kənar xəttini fikrimdə tuturam, çünki onun özü də sonsuz sayda nöqtədən ibarətdir. Gətirdiyim misalı da sırf fikrimi açıqlamaq üçün gətirmişdim.

Bertran Rassel bunu belə izah edir. Rəqəmlərin finit (sonu olan, məhdud – A.Y.) çoxluğu mövcuddur, bu çoxluğa 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 və sonsuzluğa qədər uzanan natural rəqəmlər daxildir. İndi, gəlin, ardıcıllıq baxımından bundan iki dəfə qısa olan başqa bir sıraya baxaq. Buraya cüt rəqəmlər daxildir. Onda bu çoxluqda 1-in yerində 2, 2-nin yerində 4, 3-ün yerində 6 dayanacaq və sair… Özümüzdən daha bir çoxluq uyduraq. Onun ilk rəqəmi 365, ikinci rəqəmi 365-in kvadratı, üçüncü rəqəmi 365-in kubu olsun. Beləliklə, biz bir-birindən fərqli sonsuz sayda rəqəm sırası yaradarıq. Bənzər transfinit rəqəm sıralarında kəsir hissələr tam hissələrdən az olmayacaqdır. Bildiyim qədəriylə, sözügedən ideyalar riyaziyyatçılar tərəfindən artıq qəbul olunduğundan onların doğruluğuna bizim inanıb-inanmamağımız hər hansı əhəmiyyət daşımır.

İndi də, gəlin, indiki anı dəyərləndirək. Nədir axı, bu indiki an? Bu an keçmiş ilə gələcəyi özündə qismən birləşdirir. Bu baxımdan indiki an həndəsədəki finit nöqtəyə bənzəyir. Əslində indiki zaman öz-özlüyündə mövcud deyildir. Onun şüurumuz tərəfindən birbaşa dərki də imkan xaricindədir. Ona görə bizim indiki zamanımız daim keçmiş ilə gələcək arasında vurnuxan, bunlardan gah birinə, gah da digərinə çevrilən bir anlayışdır.

Zamana iki cür yanaşma var. Bunlardan birini, məncə, hamımız qəbul edirik və o, belə ifadə olunur: zaman – mənbəyi bilinməsə də, bizə tərəf axan çaydır. Zamana tamamilə fərqli yanaşan ingilis metafiziki Ceyms Bredli isə deyir ki, burada hər şey tam əksinə baş verir: zaman gələcəkdən indiyə doğru axır və gələcəkdə keçmiş kimi dəyərləndirəcəyimiz zaman – indiki zamandır. Biz bu iki fərqli metafora arasında seçim etməliyik. Bundan ötrü Zaman çayının mənbəyi kimi, istəyə bağlı olaraq, keçmişi və ya gələcəyi seçməkdə sərbəstik. Heç fərq eləməz, çünki bütün hallarda o çay axmağından qalmayacaq. Bəs onda zamanın mənbəyi problemi necə olsun? Platonun bu suala cavabı bəllidir: zamanın mənbəyi - əbədiyyətdir. Ancaq bu, o demək deyil ki, əbədiyyət zamandan əvvəl mövcud olub. Bu, o mənaya gəlir ki, əbədiyyətin özü də zaman çərçivəsinə sığır. Onda Aristotelin «Zaman – hərəkətin ölçü vahididir» qənaətiylə hesablaşmamız da yanlış olardı, çünki hərəkət özü də zaman çərçivəsində baş verdiyindən onu heç cür izah eləyə bilməz. Müqəddəs Avqustinin gözəl bir kəlamı var: «Non in tempore, sed cum tempore Deus creavit caela et terram» («Tanrı yeri-göyü zaman çərçivəsində yaratmasa da, onları zamana bağlamışdır») «Varlıq kitabı»nın ilk misraları da aləmin (dəryaların, torpağın, işığın və zülmətin) yaranmasıyla yanaşı, həm də zamanın axmağa başlamasından bəhs edir. Deməli, Ona qədər zaman mövcud deyilmiş. Məhz Zamana bağlanandan sonra dünya-aləm mövcud olmağa başlayıb və o andan etibarən dünyadakı hər şey bəlli bir ardıcıllıqla baş verib.

Bir az əvvəl açıqladığım transfinit rəqəm sıralarının bir işimizə yarayıb-yaramayacağını deyə bilmərəm. Öz şüurumun və sizin şüurlarınızın onunla barışıb-barışmayacağı da sual altındadır, çünki həmin sıralara aid rəqəmlərdə kəsir hissələr haradasa özlərinin tam hissələrinə bərabər idilər. Natural rəqəmlər silsiləsindən danışarkən, biz onu da nəzərə almalıyıq ki, tək rəqəmlərin sayı cüt rəqəmlərin sayı qədərdir və bu cür qoşalaşmalar sonsuzluğa qədər uzanır. Onun da fərqindəyik ki, 365 rəqəminin dərəcələri (kvadratı, kubu və sair) natural rəqəmlər qədərdir. Belə olan halda, sözügedən ideyanı niyə iki ayrı zamana tətbiq eləməyək? Onu 7 və 4 dəqiqəyə, 7 və 5 dəqiqəyə tətbiq eləsək, nə baş verər? Düzü, bu bir cüt rəqəm arasında transfinit anların sayının sonsuzluğa qədər uzanacağına adamın inanmağı gəlmir.

Ancaq Bertran Rassel bizi bunun məhz belə olduğuna inandırmağa çalışırdı.

Bernhem deyir ki, Zenon öz paradokslarında zamanı məkanla eyniləşdirməyə çalışır, halbuki həyat boyu edilən sıçrayışlar əslində bir tək, bütöv bir sıçrayış kimi qəbul olunmalıdır. Bu mənada demək olmaz ki, Axilles bir metr qət edəndə hansısa tısbağa cəmi bir desimetr irəliləyir. Çünki belə götürəndə, bir müddət iri addımlarla qaçan Axilles sonradan elə tısbağa kimi sürünməyə məcbur qalacaq. Yoxsa biz zamana məkan gözüylə baxmağa başlayarıq. Gəlin, beş dəqiqəlik zaman aralığını nəzərdən keçirək. Bu vaxtın ötüb keçməsi üçün əvvəlcə onun bir yarısı, yəni iki dəqiqə yarım, daha sonra isə digər yarısı keçməlidir. İki dəqiqə yarımın bitməsi üçün isə əvvəlcə onun yarısı, sonra yarısının yarısı və beləcə, sonsuz sayda vaxt dilimləri keçməlidir. Onda beş dəqiqə adama bitməz-tükənməz görünür. Eyni şəkildə, Zenonun aporiyası da zamana uyğunlaşdırıla bilər.

Oxla bağlı misala baxaq. Zenon deyirdi ki, uçan ox hər zaman dilimində hərəkətsiz, donuq görünür. Onda belə çıxır ki, o – hərəkətsizdir, çünki hərəkətsizliklərin cəmi hərəkətə bərabər ola bilməz.

Əgər biz məkanı real varlıq kimi qəbul eləsək və son nəticədə onun ayrı-ayrı nöqtələrdən ibarət olduğuyla hesablaşsaq, görərik ki, bu nöqtələrə bölünmə prosesi də bitməz-tükənməzdir. Belədə zamanın da real şəkildə mövcudluğunu qəbul eləsək, onu anlara, anların anlarına və beləcə, sonsuz sayda hissələrə ayıra bilərik.

Dünya-aləmi öz xəyalımızın məhsulu saysaq, o halda hər kəsin öz xəyalında fərqli dünya yaratdığıyla da hesablaşmalıyıq. Onda belə çıxar ki, insan beyni bir fikirdən, xəyaldan digərinə yönəlir və bayaq sözünü etdiyimiz dilimlənmələr onun üçün keçərli deyildir. Sadəcə bizim hiss etdiklərimiz, yəni emosiyalarımız və xəyallarımız mövcuddur. Onların bölünmə, dilimlənmə ehtimalı uydurmadır, həqiqətdən uzaqdır. Lakin əksəriyyətin qəbul elədiyi başqa bir baxış nöqtəsi də var və bu - vahid zaman anlayışıdır. Öz dərin nüfuzu sayəsində onu Nyuton rəsmiləşdirsə də, bu anlayış ondan çox-çox əvvəllər də mövcud imiş. Nyuton deyirdi ki, yeganə bir zaman anlayışı var və bu zaman bütün Kainat üçün keçərlidir. Onun «riyazi zaman» adlandırdığı bu anlayış indinin özündə də həm boşluqda, həm də ulduzlararası fəzada mövcudluğunu qoruyan vahid zamandır, bütün Kainat üçün keçərlidir, hazırda da var olan və axıb gedən bu zaman yetərincə yeknəsəqdir. Halbuki ingilis metafiziki Bredli bəyan edirdi ki, bunun belə olduğunu qəbul etməkdən ötrü əlimizdə heç bir əsas yoxdur. O, yazırdı ki, gəlin, bir-biriylə hər hansı əlaqəsi olmayan, fərqli zaman ardıcıllıqlarının varlığını fərz eləyək. Onlardan birini seçib, a, b, c, d, e, f… adlandıraq. Bu ardıcıllığa daxil olan üzvlərdən hansısa biri digərinin ardınca, bir başqasının isə önündə gəlir, digər biriylə isə eynivaxtlıdır. Biz başqa bir ardıcıllıq da düşünə bilərik: alfa, beta, qamma… Bundan xeyli sayda və fərqli ardıcıllıqlar uydura bilərik.

Bəs elə isə niyə biz zamanı yalnız vahid bir ardıcıllıq kimi qəbul eləməliyik? Eyni anda mövcud olan və bir-biriylə əlaqəsiz zaman ardıcıllıqları ideyasını qavramağa xəyal gücümüzün yetib-yetməyəcəyini, düzü, deyə bilmərəm. Bu ardıcıllığa girənlərin bir-birinin ardınca, birinin digərinin önündə və ya birinin başqasıyla eyni vaxtda mövcudluğunu nəzərə almaq müşküldür. Bunların fərqli ardıcıllıqlar olduğunu isə hər kəs qəbul edər. Gəlin, Leybnitslə bağlı məqamı yada salaq. Məsələ burasındadır ki, hər bir insanın həyatı bəsit saydığı hadisələr ardıcıllığından ibarətdir. Bu ardıcıllıqlar bir-birinə paralel olduğu kimi, bir-biriylə kəsişə də bilər. Bəs bu ideya ilə biz niyə hesablaşırıq? Görünür, bu ideya doğrudur və bu xüsus bizə yaşadığımız dünyanın sərhədlərini daha da genişləndirmək, onu bənzərsiz qılmaq imkanı verir. Çağdaş fizika elmi vahid zaman anlayışını doğru hesab etmir, onunla hesablaşmır. Mən isə nə bu elmdən anlayıram, nə də onu qəbul edirəm, çünki o, fərqli zamanlar ideyasını əsas götürür. Elə isə Nyutonun sözüylə vahid zaman ideyasını görəsən niyə dəstəkləməliyik, axı?!

İndi, gəlin, əbədiyyət mövzusuna qayıdaq, çünki o, məkan və zaman çərçivələrində hansısa şəkildə özünü büruzə verməlidir və verir də. Əbədiyyət – arxetiplərin dünyasıdır. Əbədiyyətdə konkret üçbucaqlar mövcud deyildir. Orada yeganə üçbucaq tipi var və onu nə bərabərtərəfli, nə bərabərbucaqlı, nə də bərabəryanlı üçbucaqlara aid etmək olar. Həmin üçbucaq eyni vaxtda ya bunların üçünə aid cəhətləri özündə birləşdirir, ya da bunların üçündən də fərqlənir. Bunun ucbatından onu xəyalımızda canlandıra bilməməyimiz hər hansı əhəmiyyət daşımır. Əsas olan – onun mövcudluğudur.

Ya da bizim hər birimizi insan arxetipinin zamanca məhdud və ölümə məhkum kopyası saymaq olar. Belə olan halda qarşımıza daha bir problem çıxır: bəyəm hər insanda Platon arxetipindən nə isə var ki? Sözügedən absolyut özünü nə şəkildəsə büruzə verməyə çalışır və bu, sadəcə zaman çərçivəsində mümkündür. Zaman isə əbədiyyətin obrazıdır, ifadəsidir. Məncə, bu xüsus zamanın niyə ardıcıl olduğunu anlamamıza yardım edəcək. Zaman məhz ona görə ardıcıldır ki, əbədiyyətin axarından qopduğu andan o, təkrar onun qoynuna dönməyə can atır. Eynilə beləcə, gələcəklə bağlı planlar qurarkən biz əslində başlanğıca, ilkə dönmək istəyirik. Bu dünyanı Tanrı xəlq eləyib və bütün bu Kainat, bütün yaradılanlar son nəticədə öz əbədi qaynağına, əslinə dönməyə can atır. O isə zaman anlayışından əvvəl də var idi, sonra da mövcud olub, yəni zamana sığmayıb və sığmaz da. Bizə həyat eşqi, yaşamaq enerjisi verən də məhz odur. Bundan əlavə, biz zamanın daim hərəkətdə olmasının səbəbini öyrəndik. Bəziləri indiki zamanın varlığını inkar edirlər. Məsələn, hind metafizikləri iddia edirlər ki, meyvənin budaqdan qopub düşdüyü an mövcud deyildir. Meyvə ya indicə budaqdan düşəcək, ya da artıq torpağa tərəf uçmaqdadır. Məhz buna görə onun düşməyə başladığı anın yaxalanması imkansızdır.

Ən qəribəsi də odur ki, üç yerə: keçmişə, indiki və gələcək zamanlara böldüyümüz zaman qismlərindən ən qəlizi, ən çətin yaxalananı məhz indiki zamandır! Onu yaxalamaq - bir nöqtəni əllə tutmaq qədər imkansızdır. Əgər bir davamı, yəni davamlı olduğu diqqətə alınmazsa, o, əlbəttə ki, heç mövcud da sayıla bilməz. Bundan ötrü biz indiki zamanın qismən keçmiş, qismən də gələcək zamandan ibarət olduğuyla hesablaşmalıyıq. Məhz onda zamanın gedişi hiss olunar. «Zamanın gedişi» deyərkən mən hamımızın varlığını duyduğu bir şeydən bəhs edirəm. İndiki zamandan söz açanda isə abstrakt bir şeyi nəzərdə tuturam. Çünki ağlımız indiki zamanı birbaşa qavramaqdan uzaqdır. Biz zamanın səthiylə sürüşdüyümüzü hiss edirik, gah gələcəkdən keçmişə, gah da keçmişdən gələcəyə yönəldiyimizin fərqindəyik. Lakin bizə zamanı dayandırmaq ixtiyarı verilməyib, yoxsa biz də Göte kimi: «Dayan, ey an! Sən - misilsizsən!» - deyərdik.

İndiki zaman isə dayanan deyil. Ona görə indiki zamanı mütləq mənada təsəvvürə gətirmək imkansızdır. Yoxsa o, heç nəyə bənzəməzdi. İndiki zamanda həmişə keçmiş və gələcək zamanlardan nə isə var. Görünür, zaman baxımından bu şərt vacibdir. Həyat təcrübəmiz bizə deyir ki, zaman həmişə Heraklitin girdiyi çayı xatırladır, biz daim onun qədim bənzətməsini xatırlayırıq, sanki aradan ötən bunca yüzilə rəğmən, heç nə dəyişməyib və biz elə həmin Heraklit olaraq yerimizdəcə donub, qalmışıq: axan sularda öz əksimizi seyr edərkən düşünürük ki, bu çay – o çay deyildir, çünki suları durmadan axıb, dəyişib, heç biz də o Heraklit deyilik, çünki o da son kərə bu suları süzəndən bəri xeyli dəyişib. Buna görə də biz axıcı, dəyişkən olduğumuz qədər də daimiyik, bütün varlığımız sirrə, tilsimə bürünüb. Əgər yaddaşımız tamailə silinsəydi, görəsən nə mahiyyətimiz qalardı? Yaddaşımız əsasən hər cür vecsiz detalları qoruyub saxlasa belə, insanın bütün məğzi, mahiyyəti ondadır. Misal üçün, kimliyimi isbatlamam üçün mənim Palermoda, Adroqedə, Cenevrədə, İspaniyada yaşadığımı söyləməmə nə gərək varmış?! Eyni zamanda mən indi artıq o yerlərdə bulunarkən olduğum kimi olmadığımı, dəyişdiyimi də unutmamalıyam. Bu problem, yəni dəyişimlərə rəğmən, həminki kimi qalmamız bizdən ötrü həmişə müşkül olub və olacaq. Bu - dəyişkən eyniyyət problemidir. Bunun ifadəsi üçün bəlkə «dəyişim» sözü daha keçərlidir. Çünki bir şeyin dəyişdiyini demək onun başqa bir şeylə əvəz olunduğu mənasına gəlməz. Əgər biz «Bitki boy atır» deyiriksə, bu, o demək deyil ki, onun yerində bir başqası bitib və boyca ondan daha böyükdür. Biz bununla demək istəyirik ki, həmin bitki böyüyərək başqalaşır. Bu isə dəyişimdəki daimilik prinsipinin sübutudur.

Gələcəklə bağlı təsəvvürümüz isə Platonun bu qədim fikrinə sadiq qalmalıdır: «Zaman – əbədiyyətin axıcı formasıdır». Əgər zaman – əbədiyyətin bir formasıdırsa, onda gələcək zaman – könlümüzün gələcək günlərə can atması kimi dəyərləndirilməlidir. Onda bizdən ötrü gələcək - bir növ əbədiyyətə dönüş olacaqdır. O halda ömrümüzün hər günü can yanğısıyla, həşirlə keçəcəkdir. Müqəddəs Pavel: «Mən hər gün ölürəm» etirafını dilə gətirəndə heç də poetik özünüifadə məqsədi güdmürdü. Həqiqətən də, biz hər gün ölür və yenidən dirilirik. Buna görə də zaman problemi digər metafizik məsələlərlə müqayisədə beynimizi daha çox məşğul edir. Onsuz da yerdə qalan bütün məfhumlar - abstrakt xarakterlidir. Zaman probleminin isə hər kəsə, həm də birbaşa dəxli var.

Mən kiməm? Hər birimiz kimik? Bəs hamılıqda biz kimik? Kim bilir, bəlkə də nə vaxtsa bütün bunları öyrənəcəyik. Bəlkə də yox. Müqəddəs Avqustinin dediyi kimi, mənim də könlüm hazırda tək bunu öyrənməyə təşnədir.

Dilimizə çevirdi – Azad YAŞAR

https://www.facebook.com/azadyasharofficial

news-inner-user
Azad Yaşar

83 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər – Sərdar Amin yazır...
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020
Mühacirətdə olan yazıçı vəfat etdi
12:34 13 Avqust 2020
Sərdarın atası və əlləri
11:52 13 Avqust 2020
Bizə əl atan qoca müəllim
11:07 13 Avqust 2020
Britaniyalı jurnalistin Xocalıdan yazdığı ssenariyə film çəkildi
10:43 13 Avqust 2020
"Qarabağ hekayələri" özbək dilində nəşr olundu
10:04 13 Avqust 2020
Stalin Rəsulzadəni bu yolla qaçırdı, Səməd Vurğun yaralıları apardı – Ayxan Ayvazın reportajı
09:00 13 Avqust 2020
Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020