news-inner
clock08:45 calendar-gray 17 İyul 2013 view-gray2297 dəfə oxunub
view-gray2297 dəfə oxunub

Başdaşına öz adının yazılmasını istəməyən dahi

Dünya şöhrətli yazıçı Stefan Sveyq “Öz həyatının şeirini yazanlar” adlı əsərində bildirir: “Stendal qədər yalan danışan və hamını aldatmaqdan xoşu gələn yazar çox azdır. Eyni zamanda çox az yazıçı həqiqəti ondan daha yaxşı, ondan daha dərin şəkildə qələmə ala bilib”.

Özünü gizləməyə, müxtəlif adlarla və təxəllüslərlə təqdimata meylli olan bu yazıçı kitabın üz qabığında tamam başqa görkəmdə, başqa adla təqdim olunsa da, əsərin içərisində fikirləriniz darmadağın olur. Henri Beyl heç bir zaman öz həqiqi adından istifadə etmirdi. Bəzən özünü əsilzadə kimi təqdim edir, bəzən Cesar Bombet adıyla ortaya çıxırdı. Hərdən adının qarşısına sirli “A. A” hərflərini əlavə edir (Sabiq məhkəmə üzvü, fransızca –Ancien Auditeur) və öz kimliyini gizlədərək cəmiyyətə sabiq məhkəmə üzvü kimi təqdim olunmaqdan xoşlanırdı. Aristokrat məclislərdə Avstriya hökumətinin təqaüdçüsü, süvari alayın zabiti kimi görünmək ona zövq verirdi. Və oxucular üçün heç nəyi ifadə etməyən Stendal imzası ilə yazılar yazırdı. Stendahl (Stendal) Almaniyada kiçik bir şəhərdir və etiraf edək ki, Henri Beyl bu adı ölümsüzləşdirə bilib.

Yalanlar ustası

Stendalın yalanları bitib-tükənmir. “Parma monastrı” kitabının ön sözündə əsərin 1830-cu ildə, Parisdən 7000 km kənarda yazıldığını qeyd edir. Həqiqətdə isə bu əsər Parisin mərkəzində və 1839-cu ildə qələmə alınıb. Bir dəfə Stendal Napoleonla uzun-uzadı müzakirələrindən danışır. Lakin gündəliklərinin birində qeyd edir ki, Napoleonun mənim kimi dəlilərlə danışmağa vaxtı yoxdur.

Stendal (Henri Beyl) məktublarını bəzən Cottinet, Dominique, don Flegme, Gaillard, A.L. Feburier, Baron Dormant, A.L. Champagne və hətta de Lamartine ya da Jules Janin adları ilə yazırdı.

Çox maraqlıdır ki, Stendal heç bir ehtiyac olmadan, sadəcə maraqlı görünmək üçün yalan danışırdı. Onun bu cür axmaqlıqlarından bezmiş dostlarından biri məktubunda onu qınayır və hətta belə yazır: “Sən çox alçaq bir yalançısan”. Həmin məktubun kənarında Stendalın öz əli ilə yazdığı bir qeyd var: “Bəli, bu belədir”.

Və yəqin ki, bu yalan sizi də heyrətləndirəcək. Henri Beyl, yəni Stendal imzalı yazıçının məzar daşına yazılıb: “Milanlı Arrigo Beyl”. Bəli, bu onun bildiyimiz sonuncu yalanıdır. Son mənzilə köçərkən belə romantik görünmək, maraqlı olmaq üçün yalana əl atıb. Vəsiyyətində başdaşına öz adının yazılmasını istəməyib.

Onun haqqında müxtəlif fikirlər söylənilib. Sveyqin yuxarıda adını çəkdiyimiz əsərində onun haqqında olduqca maraqlı əhvalatlar var. Amma onun bütün həyatını ifadə edən bir fikir həddindən artıq maraqlıdır: “Çirkinsən, amma çox mənalı siman var”.

Bu fikir onun həm maddi, həm də mənəvi dünyasına aiddir.

Böyük yalan ustası olmasına baxmayaraq, dövrünün həqiqətlərini yazmaqdan çəkinməyən, yalanı sevdiyi qədər, həqiqətə də aşiq olan nadir yazıçılardandır Stendal.

Müəlliminə nifrət edirdi

Böyük fransız yazıçısı Stendal (Mari Henri Beyl) 1783-cü ildə, Qrenobl adlı kiçik fransız şəhərində dünyaya gəlib. 8 yaşında anasını itirən Henri ögey anasının himayəsində böyüyür və ona bağlanır. Həyatında ilk nifrət etdiyi adam isə müəllimi Rahib Raillane olur. Bu nifrət uzun müddət onu tərk etmir və əsərlərində də hiss olunur. Parisdə yaşadığı dönəmdə fəlsəfəyə və teatra meylli idi. İkinci Molyer olmaq arzusu ilə çabalayır, bütün gücünü və enerjisini bu məqsədi gerçəkləşdirmək üçün sərf edirdi.

1799-cu ilə qədər sənət, teatr çevrələrində oldu, sevgilər yaşadı və həvəsdən düşdü. 1800-cü ildə ailə dostları Darunun müşayiəti ilə İtaliyaya ilk dəfə səfər etdi və bu səfər onun həyatında, yaradıcılığında böyük iz buraxdı. İtaliyada aşiq olduğu Angela Pietragruanı uzun müddət unuda bilmədi.

İtaliyadan geri dönər-dönməz orduya yazıldı və qısa bir müddət sonra, 1801-ci ildə ordudan ayrıldı. Təxminən beş il boş-bekar gəzdi, Şekspiri ana dilində oxumaq üçün ingilis dili dərsləri aldı.

1806-cı ildə yenidən orduya qayıtdı və 1814-cü ilə qədər orduda xidmət etdi. Napoleonun birinci dəfə devrilməsindən sonra İtaliyaya gedən yazıçı Stendal imzası ilə ilk əsərini qələmə alır. 1817-ci ildə işıq üzü görən bu əsər “Roma, Napoli, Florensiya” adlanır. Stendal təxəllüsünü isə sevimli yazıçısı, Vinkelman Yohan Yoaximin doğulduğu şəhərin adından götürür və ömrünün sonuna qədər istifadə edir.

Onu bəyənmirdilər

Stendal 1821-ci ilə qədər İtaliyada xoşbəxt yaşayır, eyni zamanda diplomat kimi fəaliyyət göstərir. İtaliyada sevgilisi Matilda Viskonti Dembovskidən ayrıldıqdan sonra depressiyaya düşür, üstəlik Avstriya polisi onu izləməyə və sıxışdırmağa başlayır. 1821-ci ildə Parisə dönür və İtaliyada yaşadığı sevgini “Eşq haqqında” kitabında ətraflı təsvir edir.

Parisə döndükdən sonra müxtəlif əsərlər yazsa da, əsərlərinin bir çoxu ölümündən sonra çap edilib. 1827-ci ildə ilk romanı “Armence”ni, 3 il sonra isə “Qırmızı və qara”nı yazır. 1831-ci ildə onu Triestə səfir göndərirlər və 1839-cu ildə “Parma monastrı” romanını yekunlaşdırır. Sağlığında yazıçı kimi qəbul olunmayan Stendalı Avropa oxucusu ölümündən yarım əsr sonra qiymətləndirir.

Sağlığında çox çalışsa da avtobioqrafiyaları, gündəlikləri, yol qeydləri çap olunmur. Ömrünün sonlarına yaxın Parisə dönən Stendal 1841-ci ildə iflic keçirir və 1842-ci ilin martında Paris küçələrində gəzərkən yıxılır və iki saat sonra dünyasını dəyişir. Məzarı Parisdə, Monmartr qəbiristanlığındadır.

Romantizm dövrünün realisti

Onun yaşadığı və yaradıcılıqla məşğul olduğu dövr romantizmin dəbdə olduğu və ədəbiyyat, sənət deyildikdə romantizmin ağla gəldiyi dövrdür. Tənqidçilər və ədəbiyyat tədqiqatçıları isə xarakterlərin daxili psixoloji vəziyyətini yaxşı aça bildiyi üçünStendalı realizmnümayəndəsi hesab edirlər. Stendal romanlarında ironiyanı, psixoloji və tarixi təsvirləri ustalıqla sintez edirdi. Bəlkə də dövrünü qabaqlaması, realizmin ilk nümayəndələrindən olması onun sağlığında layiqli qiymət almasına mane olan amildir. “Roman, böyük küçələrə tutulmuş güzgüdür” deyən Stendal, doğurdan da romanlarında bu fikirlərini isbat etməyi bacarıb.

“Qırmızı və qara” romanında sevgi, qısqanclıq, cinayət və edam ətraflı işlənib. Romanın əsas qəhrəmanı Jülyen qısqanclıq zəminində qətl törədir və gilyotində edam olunur. Bu əsərdə öz yaşadıqlarını da qələmə alan yazıçı, Fransanın mənzərəsini də göstərməyi bacarır. “Parma monastrı” romanın əsas qəhrəmanı isə qızğın bir həyat yaşadıqdan sonra monastra qapılan keçmiş hərbiçi, əsilzadədir. Stendal eyni zamanda Napoleonun bioqrafiyasını, “İtaliyada rəsm sənətinin tarixi” əsərini, səyahət xatirələrini qələmə alıb. Amma dünya Stendalı “Qırmızı və qara” və “Parma monastrı” romanları ilə tanıyır.

Yazımı Sveyqin Stendal haqqında fikirləri ilə tamamlayıram, “Bəyənilməsi mümkün deyildi, çünki fərqli idi”.

Oxşar xəbərlər

Xəbər lenti

Türklər Nəsimi və Füzulinin həyatından film çəkir
18:12 06 Avqust 2020
Bizimki kimi özgələrin kefinə əsir olan heç bir dil yoxdur - Çağdaş türkcəmizə görə borclu olduğumuz esse
17:08 06 Avqust 2020
Qremmi mükafatçısı həbs olundu
16:41 06 Avqust 2020
Azərbaycanlı gənclərin Gürcüstanda yaratdığı teatrın açılışı oldu
15:57 06 Avqust 2020
Həsrətin gizli öpüşlərində güzgüləndi - Şeir
15:02 06 Avqust 2020
Məşhur musiqiçi Trampı məhkəməyə verdi
14:21 06 Avqust 2020
Türkiyədə nazir olan, övladına Atatürkün adını qoyan, ömürlük həbs cəzasına məhkum edilən azərbaycanlı yazıçı – Maraqlı faktlar
13:32 06 Avqust 2020
Vladimr Sorokindən yeni kitab
12:44 06 Avqust 2020
Çörək, dərman, kitab... - Operativ Qərargaha təklif
11:58 06 Avqust 2020
Ziyalılar karantinlə bağlı müraciət etdi
11:16 06 Avqust 2020
Məşhur rejissordan yeni film gəlir - Treyler
10:38 06 Avqust 2020
"Min bir gecə" Vyanada nümayiş olundu
10:04 06 Avqust 2020
İtin kolbasasını uşağına verdiyi üçün villadan qovulan fəhlə - Varisin yeni hekayəsi
08:59 06 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Ayaz Salayevi mükafatlandırdı
18:57 05 Avqust 2020
Masaya dağılmış qırmızı şərab - Mehriban Ələkbərzadəyə...
18:12 05 Avqust 2020
Şamaxıda antik dövrə aid nekropol tapıldı - Fotolar
17:41 05 Avqust 2020
Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü - Cahandar ağanın qızının faciəvi sonu
17:11 05 Avqust 2020
Məşhur yazıçı həbs olundu
16:28 05 Avqust 2020
Stiven Kinqdən yeni roman
14:50 05 Avqust 2020
Nə düşünürsən, Günel? - Orxan Həsəni yazır...
14:21 05 Avqust 2020