Yavaş media, yavaş yemək, yavaş seks

Yavaş media, yavaş yemək, yavaş seks
16 iyul 2013
# 07:30

Evdə oturub ocağın yanmasına baxmaq, bir divanda oturub şal hörmək, mavi sularda üzən gəminin gedişini izləmək gözəldir, amma bunu bütün günü televiziyada göstərsələr necə? Bəli, norveçlilər yuxarıda saydıqlarımıza artıq televiziyadan baxırlar.

2009-cu ildən bəri Norveç televiziya kanalı “NRK2” Skandinaviyanın dumanlı, sıx meşələrini yarıb keçən qatarı, nəhəng kruiz gəmisinin okeanda üzməyini və bir sıra belə hadisələri bütün gün boyu canlı yayımlayır. Kanalın izləyicilərinin sayı milyonu ötüb. Üstəlik proqramlar o qədər hipnozedicidir ki, kanalda beş gün gəminin gedişini izləyən bir adam: “Gəmidə yanğın var” deyə telefon zəngi edib. Sonradan məlum olub ki, yanan izləyicinin öz mətbəxi imiş.

İlk nümayəndəsi Endi Uorhol

Adi hadisələri montaj etmədən efirə vermək skandinaviyalıların kəşfi deyil. “Yavaş həyat”ın bir hissəsi olan Yavaş TV və Yavaş Film hərəkatının kökü 1960-cı illərə gedib çıxır. İlk nümayəndəsi amerikan rəssam Endi Uorholdur. “Adi” hadisələri sənət əsərinə çevirən Uorholun şair Con Ciornonu yatarkən çəkib, özü də nə az, nə çox düz 6 saat. Bu, “yavaş film”in ilk nümunələrindəndir.

Norveç telekanalının fenomen olması isə təsadüfdür. Kanal Bergen-Oslo arası səyahət edən qatar xəttinin 100-cü ildönümünü qeyd etmək üçün uzun bir səfəri yayımlamağı qərara alanda bu qədər insanın diqqətini cəlb edəcəyini planlaşdırmayıbmış. Qatar yüzlərlə qəsəbənin içindən keçib, amma yayım kəsilməyib. Bu da 1 milyon 246 min norveçlini televiziyaya baxmağa sövq edib.

Telekanalın ssenaristləri qatar macərasından sonra gəmi səyahətini, ocağın yanmasını, hörgü prosesini yayımlamağa başlayıb.

“Yavaşlıq” həyatın hər sahəsində

Yemək: 1986-cı ildə “fast food”a (tez yemək) qarşı yaradılan “slow food”(yavaş yemək) hərəkatı milli və bölgələrə məxsus mətbəxi təbliğ edir. Yerli ekosistemə aid toxumların, heyvanların böyüdülməsi, təbii əkinçiliyi dəstəkləyir.

Pul: Kiçik təsərrüfatlara, fermalara, yerli qida sistemlərinə yeni qaynaqlar tapmaq üçün sərmayəçi və xeyriyyəçiləri birləşdirir. “Yavaş pul” hərəkatı, sərmayə və torpaq məhsuldarlığı arasındakı münasibəti yenidən formalaşdırır.

Valideynlik: Uşağı həyatı tək kəşf etməyə ürəkləndirir. Uğur deyil, xoşbəxtlik təbliğ edilir.

Media: Məzmun sürət və tempə bağlı deyil; seçilmiş, xüsusi ayırd edilmiş məlumatlardan ibarətdir. “Yavaş media” sürətli informasiyanı deyil, paylaşmağı dəstəkləyir. Reklama deyil, tövsiyəyə əsaslanır.

Şəhər: Məqsəd səs-küy və tıxacın qarşısını almaq, yaşıllıqlar salmaq, ağaclar əkmək, yerli sahibkarların məhsullarını satan dükan və kafeləri dəstəkləməkdir.

Seks: Yavaş hərəkatların çoxu kimi İtaliyada yaranan “yavaş seks” hərəkatı cütlüklərin bir-birilərinə uzun müddət ayıraraq cinsi həyatlarını yavaşlatmaq əsası üzərində qurulub.

“Yavaş həyat”ın 6 əsas qaydası:

Bəslə və böyüt


Konservləşdirilmiş, dondurulmuş qidaları, sellofanları atın. Çörəyinizi özünüz bişirin, göyərtinizi dibçəklərdə yetişdirin, qatığı özünüz çalın, çürüməyə başlayan meyvələrdən cem bişirin.

Hazırla və saxla

Bağda əkdiyiniz bibərləri, artıq qalan yeməkləri atmayın, dondurun və yenidən istifadə edin. Meyvələri, tərəvəzləri bacardığınız qədər qurudub saxlayıb.

Azalt

Evin zibilini əsasən nəyin təşkil etdiyini araşdırın və həmin şeyləri azaltmağa çalışın. Əvvəllər zibilə atdığınız qutular, plastik və ya karton qabları yenidən qiymətləndirin. Daha az salfet, tualet kağızı işlətməyə çalışın.

Yaşıllaşdır

Harada yaşamağınızdan asılı olmayaraq ətrafınızı yaşıllaşdırın. Həyətə ağac, eyvana gül-çiçək əkin. Uşaqlarınıza yaşıllığı, təbiəti qorumağı öyrədin.

Yarat

Qışda işlədəcəyiniz bir şərf toxumaq elə də çox vaxtınızı almayacaq. Əllərinizi və zehninizi işlədəcək əyləncələr tapın, hazır almaq əvəzinə özünüz yaradın.

Kəşf et

Oxuyun, gəzin, danışın, dinləyin, dadın, öyrəndiklərinizin arxasınca düşün, araşdırın.

Yavaş = Sağlam

Həyatı yavaş yaşamaq insanın sağlamlığına da faydası var.

Məsələn:

- Yüksək təzyiq riskini, stressi azaldır.

- Stressiz günlər də daha yaxşı yuxu deməkdir.

- Yavaş yemək və yavaş pəhriz piylənmə kimi ciddi problemlərin qarşısını alır.

- Avtomobillə getməkdənsə, yerimək və hərəkət etmək təbliğ olunduğu üçün ürək xəstəliklərinin qarşısı alınır.

# 2270 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
#
#
# # #