Məşhur rejissorun dəfninə niyə 11 nəfər gəldi?

Məşhur rejissorun dəfninə niyə 11 nəfər gəldi?
8 iyul 2013
# 10:35

Sevda Sultanova

Ötənlərdə alman mətbuatında gözümə bir başlıq dəydi: “Penelopa Kruzu kəşf edən rejissor öldü”.

Söhbət ispan rejissoru Biqas Lunadan gedir. Onun yaradıcılığı ilə ilk tanışlığım keçən ilin sonlarına təsadüf edir. Lunanın “Vetçina, vetçina” dramını izləmişdim. İxtisasca rəssam, dizayner olan Luna bu filmdə ehtirasla, dəlisovluqla dolu tipik ispan əhvalatı danışır.

Lunanın ölüm xəbərindən sarsıldım.

Adətən baxdığım filmlərin müəllifləri, filmlərdə rol alan aktyorlar, bəzən filmin operatorları, ssenaristləri, bəstəkarları haqda ətraflı məlumat almaq üçün uzun-uzadı internetdə dolaşıram.

Bu insanların yaradıcılığı, şəxsiyyəti ilə tanış olduqca aramızda bağ yaranır, yad adamlar mənə doğmalaşır, istər-istəməz həyatımın əhəmiyyətli, ayrılmaz parçasına çevrilir.

Onların həyat hekayətlərindəki kədərli məqamlarla tanışlıqdan sonra qəlbimi izah edə bilmədiyim xiffət hissi sarır, sanki məndə də nəsə ölür, qırılır.

Həmişə olmasa da ara-sıra onları xatırlayıram, çox vaxt da bu xatırlamalar assosiativ baş verir: bir detal, cümlə, kadr, küçədə rastlaşdığım, tanımadığım insanın cizgisi...

Bu insanlar ayrı-ayrılıqda iradəmdən asılı olmadan yaddaşımın dərin qatlarında yaşayır.

Ən çox kədərləndiyim əhvalatlardan biri Amerikanın önəmli rejissorlarından sayılan Nikolas Reyin 1950-ci illərin gənclərinin cəmiyyətdə yerini tapa bilməməyindən, övlad-valideyn münasibətlərinin nahamarlığından bəhs edən “İdealsız qiyamçı” filmində üç əsas qəhrəmanı oynayan aktyorların sonrakı faciəli həyatı olub.

Bu film hər üç aktyorun sonrakı taleyini sanki lənətləyib.

Baş rolların ifaçıları Din Ceyms 24 yaşında avtomobil qəzasında, Natali Vud 43 yaşında müəmmalı şəraitdə, Sel Mineo isə 46 yaşında evə dönərkən ona hücum edən cinayətkarın bıçağından ölüb.

Acı taleli aktrisalardan biri Jan Lyuk Qodarın “Son nəfəsdə” filmində Patrisiya rolunun ifaçısı, amerikalı Cin Seberg olub.

1960-cı illərdə aktrisa hinduların, afroamerikalıların hüquqlarını müdafiə edən təşkilatlara maliyyə yardımı göstərirdi. Ona görə Amerikanın Federal Təhqiqat Bürosu Seberg haqda mətbuatda məlumat yayır ki, o, ikinci uşağa ərindən yox, qaradərilidən hamilədir. Əsəb sarsıntısı keçirən Seberg nəticədə dünyaya ölü qız uşağı gətirir.

Sonralar da uğursuzluqlar yaşayan aktrisa 1979-cu ildə, 40 yaşında intihar edir və onun əlində “mən daha bu əsəblərlə yaşaya bilmirəm” yazılmış kağız parçası tapılır.

Ekspressonizmin ən əhəmiyyətli rejissorlarından biri, alman Fridrix Murnau Amerikada 42 yaşında avtomobil qəzasında həlak olub.

Hollivudda, qəzanın homoseksual olan rejissorun avtomobildə sürücüsü ilə sevişməsi üzündən baş verdiyi haqda şayiələr yayılır. Bu səbəbdən, dünya kinosunda “Nosferatu: Gecənin kabusu”, “Sonuncu adam” kimi incilər yaratmış məşhur rejissorun dəfninə cəmi 11 adam gəlir.

# 4644 dəfə oxunub

Oxşar xəbərlər

"Namazov" filminin treyleri yayımlandı

"Namazov" filminin treyleri yayımlandı

17:35 7 sentyabr 2026
Türkiyə kinosunun məğlubedilməz qəhrəmanı – Cüneyt Arkının 5 məşhur rolu

Türkiyə kinosunun məğlubedilməz qəhrəmanı – Cüneyt Arkının 5 məşhur rolu

17:00 7 sentyabr 2026
“44” bədii filminin premyerası baş tutacaq

“44” bədii filminin premyerası baş tutacaq

15:33 7 sentyabr 2026
Məşhur aktrisa boykot edildiyini açıqladı – Səbəb

Məşhur aktrisa boykot edildiyini açıqladı – Səbəb

14:30 7 sentyabr 2026
“IV Divar” serialı tamaşaçılara təqdim olunacaq

“IV Divar” serialı tamaşaçılara təqdim olunacaq

14:00 7 sentyabr 2026
Ridli Skott kassada uğursuzluq yaşadı

Ridli Skott kassada uğursuzluq yaşadı

13:45 7 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər