news-inner
clock08:45 calendar-gray 05 İyul 2013 view-gray4173 dəfə oxunub
view-gray4173 dəfə oxunub

Fərman Şəkili son nəfəsində nə demişdi?

Kulis.Az yeni-“Son nəfəsdə” layihəsinə başlayır. Layihə çərçivəsində dünyasını dəyişmiş məşhurlar haqqında anım yazıları təqdim olunacaq.

Aliyə

“Sənət tale ilə mübarizədi,
sənət antitaledir”

Antonen Arto

Biz onu unutmuşduq: son müsahibə derkən 7 il əvvəlki müsahibəsini tapdıq. Başımız lazımlı adamlardan səs-küylü müsahibələrə, sorğulara qarışmışdı. O, ölümü ilə unutduğun bir adamın itkisinin nə qədər acı olmasını anlatdı. Sanki o, özü üçün addım-addım yaxınlaşan, bizim üçünsə qəfil olan ölümü ilə hamıdan qisas aldı. Unutmağımızın qisasını.

Amma tanıyanlar deyir, aktyor Fərman Şəkili keçmişin nisgili ilə, incikliklərlə yaşayan, küsən adam deyildi, o da anında unudurdu, haqsızlığa, laqeydliyə üz çevirib gedirdi və belə qisas onun janrında deyildi. Amma elə bu özü də acı idi-biz qisas almağa dəyməzdik. Onun dəyərləri yanında bunlar nə idi ki?

O bu dəyərlərə görə nələrdən keçmişdi, bunu bir ailəsi, bir dostları, yaxınları bilir. İndi sənət fədaisi sözünə kim inanır? Amma Fərman Şəkilinin belə bir fəxri adı var və bu, onun yeganə və tərtəmiz qazancı idi....

İlk pantomim tamaşası Fərmanın imiş

Fərman Abdullayev 1954-cü ildə Şəkidə doğulmuşdu. Şəki Aktyorluq Məktəbində, Gürcüstanda Mixail Tumanişvilinin aktyorluq kursunda təhsil almış, uzun müddət Şəki Dövlət Teatrında çalışmışdı. Şəki teatrının Avropa səfərlərində truppanın aparıcı aktyorlarından biri kimi böyük əmək qoymuşdu.Bizim 90-cı illərin əvvəlindən başladığını dediyimiz Azərbaycan pantomima tarixində sən demə ilk tamaşanı o, 1980-ci illərin əvvəllərində hazırlayıbmış.

“Dahi” adlı pantomim pyesin müəllifi də özü imiş.

Teatr Xadimləri İttifaqının Monotamaşalar festivalında Bakının teatr ictimaiyyəti aktyor Fərman Şəkilini “Hamlet” tamaşası ilə kəşf edir. Və elə ilk uğurdan laqeydlik başlayır, festivalın qran-prisini qazansa da ona mükafatda nəzərdə tutulan məbləği vermirlər. Halbuki, Şəkidən Bakıya təzəcə köçən-həm də o paytaxta ki, sənətkarları qollarını ürək açıqlığı ilə ona açmamışdılar-Fərman Şəkilinin ailəsinin bu məbləğə ehtiyacı vardı. Sonra teatra total laqeydlik Hüseynağa Atakişiyevin son illərində olduğu kimi eyni ssenari ilə davam edir. Onu görməzliyə vurmaq, edilən cəhdlər, uğursuzluqlar...

Fərman Abdullayev efirdə göstərilən “Fransız”, “Həm ziyarət, həm ticarət”, “Yalan”dan başqa “Zirzəmi”, “Sarı gəlin”, “Aşkarsızlıq şəraitində” və rejissoru və ssenari müəllifi özü olan “Mışovul” filminə çəkilmişdi ki, bu filmlər müxtəlif səbəblərdən ekrana çıxmamışdı. Amma “Fransız”da da, “Yalan”da da, “Həm ziyarət həm ticarət”də də, lap elə “Sarı gəlin”də də Fərman Abdullayev bir-birindən kəskin fərqlənən maraqlı obrazlar yaradır. Bu asan deyil-aktyorun həmişə bir ştamplaşmaq qorxusu var. Məşhur rejissor Tarantino müsahibələrinin

birində “bir dəqiqəlik ekranda görünən obraz üçün bütöv bir bioqrafiya yazıram” demişdi. Aktyor Fərman Şəkili öz qəhrəmanlarını bu qədər bitkin edə bilirdi. Epizod üçün belə bitkinlik nə qədər vacibdir- bunu bilənlər bilir...

Sınıq Şüşə

İstedadlı adama uğursuz demək olarmı? Niyə uğursuz? Həyat yoldaşı İradə xanım yalnızca “O, hamıya inanırdı...” deyir. “Teatrın pis vaxtlarına düşdü” də demək olar. Amma bir həqiqət dəqiqdir- onun arzuları, dəyərləri ətrafdakılarla ziddiyyətdə idi. Daxilən faciəvi dünyası olan aktyorun komik ampluada tanınması kimi... Yoxsa bu doğrudan tale idi? Özünün danışdığı lətifədəki kimi şüşəsi qırıq idi? “Dəliləri təyyarə ilə Şəkiyə aparırlar ki, başları qarışsın. Оnlara yоlda içməyə “Sirab” alırlar. Yarı yоlda görürlər ki, heç kim yохdur təyyarədə, təkcə biri qalıb. Оndan sоruşurlar ki, yоldaşların hanı, cavab verir ki, şüşələri mağazaya qaytarmağa getdilər. Deyirlər, bəs sən niyə getmədin? Cavab verir ki, mənim butulkamın ağzı sınıqdır”.

Bulvarda yay teatrı açmaq istəyirdi...

Kölgə teatrı yaratmaq istəyirdi...

Uşaq teatrı layihəsi vardı...

İradə xanım təəssüf və həyəcanla əlavə edir: “aparıb layihəni ideyadan nizamnaməyədək təqdim edirdi, deyirdilər, gözlə. İnsan ömrü gözləmir ha... Bir də baxırdıq ki, götürüb özləri işləyiblər. Amma onlar Fərmanın inamını qıra bilmirdilər. O hər dəfə ilk dəfəymiş kimi insanlara inanırdı...”

Uşaq kimi -KİŞİ kimi

Bu uşaqlar hardan bilsinlər
yaxınlarda savaş
başlanacaq,
“Sizlərə tuşlanıb yer üzündəki
bütün mərmilər”

desən
yenə güləcəklər,
öz karton evciklərində
gizlənəcəklər. R.Qaraca

Uşaqları güldürmək, onları xoşbəxt görmək üçün tullanıb düşən gülməli adam... Onun haqqında gedən verilişlərdən birində göstərilən bu kadrlar sanki onun bütün çabalarının qısa məzmunu idi - bu fani dünyada yeganə dəyəri olan körpə gülüşü, o balaca, təmiz insanın indiki və gələcək xoşbəxtliyi idi. Fərman Şəkili adında bir adam bütün vücudunu, enerjisini, həyatını buna xərcləyirdi.

İradə xanım deyir ki, bəziləri ona başqa cür yanaşır, amma Fərman Şurum-Buruma (Aktyorun Uşaq verilişində yaratdığı kloun obrazı nəzərdə tutulur-A.) əlacsızlıqdan keçmədi: “O bu sahədə boşluğun olduğunu görürdü. Klounada sənətini ilk dəfə o Azərbaycana gətirmişdi. İlk klounlar bunu bilirlər. Bir dəfə şənlikdə idik, klounlardan biri yaxınlaşıb Fərmana hərbi qaydada salam verdi. Bu elə təsirli idi ki... İndiki uşaq verilişlərinə baxa bilmirdi. O, uşaqların baxa biləcəyi veriliş istəyirdi. Uşaqları həddən çox sevirdi. Uşaqlara qoşulub uşaqlaşa bilirdi. Amma uşaqları avara buraxmağın əleyhinə idi. Evdə nəvələri üçün də cədvəl düzəltmişdi-idman, yemək, rəsm, musiqi saatları. O heç vaxt uşaqlarının üstünə kiminsə yanında acıqlanmazdı. Onları azad böyüdürdü. O uşağı aşağılamağa dözə bilmirdi. Deyirdi ki, uşağı sındırmaq olmaz. Oğlan uşağıdırsa onunla kişi kimi rəftar etmək lazımdır, qızsa xanım kimi.

Onun ölümünü uşaqlara – nəvələrinə izah etməli idim. Dedim ki, gedib Allahın yanına, şəklinin qabağında şam yandıranda sizi görür, özünü ağıllı aparın. Onlar da bəzən onun şəkli ilə danışırlar».

Fərman müəllimin evində qonaq olduğumuz gün nəvəsi 4 yaşlı Türkanın sevincli günü idi. O, gimnastika yarışında mükafat qazanmışdı. Olduqca sadə evdə bir ürək genişliyi var. Bir də şirin Şəki ləhcəsi. Fərman Şəkilinin oğlu Edqar, anası Natella xanım, bacısı Tamilla xanım mənimlə birgə İradə xanımı dinləyirlər. Bəzən adam illərlə bir yerdə olduğu insan haqqında daha çox şeylər öyrənir.

İradə xanım danışdıqca tələsir, onu anlatmaq həyəcanvericidir həm də. Axı, o İradə xanımı dəyişə bilmişdi. Fərman Şəkili ilə necə tanış olmaları haqda danışdırmaq istəyəndə İradə xanım eyni sevgi və heyranlıqla onu təsvir edir.

Fərman Abdullayev Şəki Teatrının məşhur, sevilən aktyoru. İradə xanım təyinatla Şəki Teatrına gəlmiş gənc aktrisa. Hamının gözü Fərmanda ikən, o İradə xanıma vurulur.

İradə xanım deyir ki, bu mənim üçün gözlənilməz idi: “Onun sevgisini hiss edəndə mən artıq uçurdum”.

Fərman Şəkilinin bacısı Tamila xanım əlavə edir: “İradə çox gözəl idi o zaman”.

İradə xanım söhbəti bağlamağa çalışır: “Gözəllik müvəqqəti şeydir. Fərman mənə dünyanı başqa cür tanıtdı. O, məni çox dəyişdi. Qadınam, hərdən yaxşı ev, rahatlıq və başqa şeylər arzulayırdım, deyirdi ki, mən utanaram elə evdə yaşasam”.

Fərman Şəkilinin qadını belədir, o keçirdikləri günlərdən danışanda yaşadıqları maddi ehtiyacları sözlərin arasında gizləməyə çalışır. Çünki əri ona mənəvi dəyərləri göstərib, onu, onun dəyərlərini bu XIRDA-XURUŞ maddi ehtiyaclarla aşağılamaq olmaz. O bunu yaxşı bilir. Bir qadının belə bir narahatlığı dəhşətli dərəcədə gözəldir. Və bu gözəlliyi görəndə həqiqətən də onun Tamilla xanıma etirazına haqq verirsən.

Həqiqət isə budur ki, İradə xanım keçmişdə qalıb, Fərman müəllimlə birgə keçirdiyi günlərdə: “Mən onsuz yaşamağı təsəvvür etmirdim, həqiqətən də yaşaya bilmirəm. Sevgililərə yar deyirlər, onlar bir-birinin yarısı olur, Fərman mənim yarım deyildi, hamısı o idi... O qürurlu adam idi, icazə də vermədi ki, xəstəliyi haqqında kimsə bilsin. Özünü də sona kimi mərdanə apardı. Yalnız mənə əziyyət verir deyə narahat olurdu. Hərçənd, o, nə xəstəxanada yatdı, nə bir şey. Özü istəmədi. Sonadək də evdə, ayaq üstə oldu”.

Son nəfəsdə

Filmin sonu

“...əllərini sinəsində çarpazlayıb göz qapaqlarını sıxıb açdı. Mən anlamadım. Sən demə o “bitdi” demək istəyirmiş. Bir neçə saniyə keçmədi ki, dedilər, ruhunu tapşırıb.”

Həyat yoldaşı İradə xanımın Fərman Şəkilinin həyatının son dəqiqələri haqqında danışdığı bu epizod Qodarın “Son nəfəsdə” filmindəki Belmandonun qəhrəmanı Mişelin ölümünə bənzəyir.

Mişel yaşamaq üçün şans verən hər şeydən imtina edə-edə gedir və bununla o, təslimçi həyatı yox, etrazçı ölümü qəbul edir. Son nəfəsdə təxminən oxşar mimikalar edir. Rolunu sonadək şərəflə oynayır. Aktyor Fərman Şəkili kimi. Kimsəyə qoşulmur. Necə ki, Fərman Şəkili yazının sonu üçün seçdiyimiz bu fotoda kənarda əyləşib, sadəcə seyr edir və illah ki, bu yazıya qoşulmur. İndi sadəcə və laqeydcə seyr etmək onun növbəsidir...

news-inner-user
Aliyə

995 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Hüseyn Cavidin monoloqu - Hekayə
18:57 11 Noyabr 2019
Kamal Sunal haqqında bilmədiyimiz 10 FAKT
16:57 11 Noyabr 2019
Jerar Depardye İslam irsindən film çəkir - Foto
15:06 11 Noyabr 2019
Qab-qacaq səsi - Seymur Baycandan yeni hekayə
13:50 11 Noyabr 2019
"Paris Notr-Dam"dakı yanğına ithaf olunan tamaşanın premyerası - Anons
12:48 11 Noyabr 2019
Salam Sarvandan meyxana ilə bağlı şok açıqlama
11:55 11 Noyabr 2019
"Döyüşən teatr" 27 yaşını qeyd edir - Fotolar
10:57 11 Noyabr 2019
Sevda Ələkbərzadə: “Sazı dinləyəndə gözlərimdən yaş axır” – Söhbət
09:01 11 Noyabr 2019
Tanınmış şair “El bizim sirr bizim” verilişində aparıcı olacaq
09:55 10 Noyabr 2019
Qısa filmlər festivalının qalibləri mükafatlandırıldı - Siyahı
20:46 09 Noyabr 2019
Bit - Aqşin Yeniseydən hekayə
17:30 09 Noyabr 2019
Aşıqlar konsert proqramı ilə çıxış ediblər
16:24 09 Noyabr 2019
“Medeya. Sekvensiya 001” tamaşası nümayiş olunacaq
15:37 09 Noyabr 2019
Göyçayda Nar Festivalı keçirilir - Fotolar
14:48 09 Noyabr 2019
Xalq artistinin yubileyinə həsr olunmuş konsert keçirilib
13:40 09 Noyabr 2019
Məşhur rejissor cinsi zorakılıqda ittiham olunur
12:31 09 Noyabr 2019
İradə Tuncay: “Aqil şuluq adamdır” - Müsahibə
11:29 09 Noyabr 2019
Şuşada sən qonduğun daşa pir deyəcəyəm – Günün şeiri
10:03 09 Noyabr 2019
İntim səhnələrə görə bu filmdən imtina ediblər
09:00 09 Noyabr 2019
Azərbaycanlı şair vəfat edib
06:35 09 Noyabr 2019