news-inner
clock13:05 calendar-gray 19 İyun 2013 view-gray1797 dəfə oxunub
view-gray1797 dəfə oxunub

Mədə xərçənginin adam elədiyi ofis işçisi

Yaşamaq

Böyük istedadların görüşməsi az-az baş tutan işdir, tutalım, Dostoyevski ilə Tolstoy bütün ömürləri boyu cəmi bircə dəfə eyni məclisdə olublar, onda da görüşməyiblər. Dostoyevski tanışlığa razı olmayıb; yaxud Kamyu böyük vurğunluqla sevdiyi Folknerlə görüşəndə dili tutulub və çox soyuq bir görüş alınıb.

Nabokov Coysla nahar edib, amma yazılana görə olduqca sıxıcı bir məclis olub. Bu misalları çox uzatmaq olar, mətləbim ayrıdır. İki yazıçının görüşündən ziyadə, ayrı-ayrı sənət adamlarının zaman məhdudiyyəti tanımadan bir-birinin əsərinə yeni bir mətni, rəsmi, filmi yaratmaq üçün müraciəti həmişə maraqlı nəticələnir, xüsusilə, kinoda.

Akira Kurosava dünya kinosunda klassik əsərlərə ən çox müraciət edən və bədii əsərləri ən yaxşı ekranlaşdıran rejissorlardan sayılır. Kurosavanın müraciət etdiyi əsərlər dünya ədəbiyyatının elə əsərləridir ki, o əsərlərin dərinliyi, min illərin təcrübəsindən sağ çıxması bir yana, böyük sənət aləmində statusları kifayətdir ki, adamın canına vəlvələ düşə. Amma Kurosava bütün ömrü ilə sübut edib ki, böyüklərdən qorxmamaq da mümkündür.

Kurosavanın şedevrləri içində mənim üçün ən əzizi Tolstoyun “İvan İliçin ölümü” əsərinə uyğunlaşdırma olan “İkiru” (“Yaşamaq”) filmidir.

Film çox qəribə bir səhnə ilə başlayır, ekranda bir rentgen görürük və kadrarxası səs deyir: “Ekranda gördüyünüz qəhrəmanımızın

mədəsinin rentgenidir. O, mədə xərçəngidir, amma hələ bundan xəbəri yoxdur.” Sonra bir idarə görürük və qəhrəmanımızla tanış oluruq: Vatanabe.

Vatanabe bu idarədə “İctimaiyyətlə əlaqələr” bölməsinin müdiridir və 25 ildir ki, hər gün eyni şeyi edir – qarşısındakı kağız-sənəd yığını ilə qurdalanır, onlara möhür vurur, tez-tez saatına baxıb iş vaxtının nə vaxt bitəcəyini gözləyir. Burda guya hər kağızın, sənədin əhəmiyyəti var, lakin Kurosava bizə sənədlərin anlamsızlığını, bürokratiyanın bayağılığını çox xırda detallar vasitəsilə faş edir.

Məsələn, Vatanabenin əlindəki möhürün ucunda nəsə problem olanda, o, əlinə keçən istənilən sənədlə möhürü təmizləyir və sənədi əzib tullayır; bununla biz anlayırıq ki, 25 ildir eyni vəzifəni icra edən Vatanabenin gördüyü işə münasibəti necədir, o sənədlərin həqiqi dəyəri nədir və bütövlükdə həmin idarə nə ilə məşğuldur. Vatanabe ekranda görünən kimi kadrarxası səs davam edir: “Onun haqqında danışmağa dəyməz, çünki onun ömrü öz ömrü deyil, əslində ondan hekayə çıxmaz, çünki o, 20 ildən artıqdır ki, ölüdür.”

Bütün bir ömrün necə keçməsini Vatanabenin mumyayabənzər dramatik sifətinin fonunda eşidilən bu cümlələrdən anlayırıq. Vatanabe yaşamayıb, o sadəcə kreslosunu özündən sonrakı üçün qızdıran, təmiz saxlayan, bürokratik iyerarxiyanın ortabab pilləsində qərar tutmuş estafetçidir. Vatanabe ilə tanışlıqdan sonra filmin sonrakı müqəddəratını həll edəcək səhnəni görürük, bir qrup qadın idarəyə şikayətə gəlirlər, istəkləri budur ki, məhəllələrində yaranan çirkli su gölməçəsi təmizlənsin, həmin yer uşaqlar üçün oyun parkı olsun.

İlk baxışdan adi, realist görünən bu şikayətin mənası filmin gedişində həm də rəmzi anlam kəsb edir və uşaq parkına çevrilməsi arzu olunan çirkli gölməçə, həm Yaponiyanın o illərdəki obrazını, həm də Vatanebenin timsalında milyonlarla insanın necə ömür sürməsini metaforikləşdirir.

Bu şikayəti Vatanabeyə çatdıranda, o, tövrünü pozmadan, heç başını da qaldırmadan işi başqa bölməyə yönləndirir: Mühəndislik bölməsi. Mühəndislik bölməsi işi Parklar müdirliyinə, onlar Səhiyyəyə, səhiyyədəkilər Qoruma bölməsinə, qorumaçılar Həşəratlarla Mübarizə bölməsinə yönləndirirlər. Həşəratlarla Mübarizə bölməsində biz Kurosavanın incə ironiyasını görürük, burdakı məsul şəxs milçəköldürənlə milçək qovalayır. Hər bölmədəki məmur şikayətçi qadınları başqa bölməyə yönləndirir və onlar hərlənib-fırlanıb əvvələ qayıdırlar. Sonda qadınların qəzəbləndiyini görən bir məmur şefin burda olmadığını, ərizə yazsalar, işlərinə baxılacağını deyir.

Filmin sonrakı kadrlarında Vatanabenin həkim müayinəsinə getdiyini, işə gəlmədiyini görürük və həyatı boyunca bir gün belə işdən qalmayan Vatanabenin yoxluğu idarədə söz-söhbətə səbəb olur. Biz isə bu söz-söhbətin, qeybətin dalınca növbəti xarakterik kadrı görürük: qəhrəmanımız Vatanabe rentgen otağından çıxır, gözləmə otağında həkimin rəyini gözləyir.

Burda o, tanımadığı bir adamla söhbətə başlayır və həmin adamdan öyrənir ki, əgər həkim əməliyyata ehtiyac yoxdur desə, bil ki, xərçəngsən; desə ki, pəhriz lazım deyil, bil ki, bir ildən az ömrün qalıb. Bir azdan Vatanabenin növbəsi çatır və həkim eyni ilə tanımadığı, məchul adamın dediklərini təkrarlayır. Sarsılmış halda həkimin otağından çıxan Vatanabenin arxasınca həkimlərin söhbəti belə olur :

- Altı ay ömrü qalıb.

- Əgər altı ay ömrün qalsaydı, nə edərdin ?

Həkimin yanından kor-peşman, sarsılmış, belibükük, ümidsizliyin dibinə yuvarlanmış halda çıxan Vatanabe evə gedib işıqları yandırmadan otaqların birində yerə çökür, bir azdan atasının evdə olduğunu bilməyən oğlu arvadı ilə Vatanabenin qarasınca danışa-danışa hansısa əyləncədən qayıdırlar. Qaranlıq otaqda paltarlarını dəyişə-dəyişə Vatanabenin pensiyası ilə yeni bir ev almağın planlarından bəhs edən ər-arvad işığı yandıranda, onun – hekayənin qəhrəmanının, altı ay ömrü qalmış və bunu bir az əvvəl öyrənmiş 25 ilin məmuru Vatanabenin mumyalaşmış, sarımtraq, donuq, ümidsiz simasını görüb diksinirlər.

Vatanabenin ümidsizliyi kulminasiyaya çatır, o, övladlarının ona niyə dözdüklərini anlayanda, keçmişdəki məhrəm xatirələrdən bir neçə anı xatırlayır; oğlu çox balaca olanda həyat yoldaşını itirən, bütün ömrünü övladına həsr etmiş, onun səadətindən başqa heç nə düşünməyən Vatanabenin gözündə dünya mənasını itirir, həyatın rəngləri donuqlaşır və biz ilk dəfə filmin bu yerində bütün ağırlığı, sarsıdıcı dramatizmi ilə anlayırıq ki, bayaqdan baxdığımız film ağ-qaradır.

Xatirələrdən aralanıb oğlu ilə danışmaq üçün ikinci mərtəbəyə - oğlu ilə gəlinin qaldığı otağa qalxan Vatanabe qapıya çataçatda qapı onun üzünə bağlanır, içəridən pilləkənlərə

düşən işıq yoxa çıxır və sanki Kurosava demək istəyir ki, Vatanabenin üzünə çırpılan həqiqətin qapısıdır, o, artıq qaranlığın vətəndaşıdır.

O gündən sonra Vatanabe işə getmir, plansızca, məqsədsizcə gəzməyə başlayır və bir gün özünü yazıçı kimi təqdim edən bir adamla tanış olur. Yazıçı onun xərçəng olduğunu biləndə sarsılır. Vatanabe yazıçıdan xahiş edir ki, mənə həyatı göstər, yaşamaq necə olur başa sal, yazıçı onun Mefistofeli olmağa razılıq verir.

Onlar birgə qumarxanaya gedirlər, barlarda içki içirlər, rəqs edirlər, amma getdikləri hər yerdə məlum olur ki, Vatanabenin heç nədən başı çıxmır, hər şeydən xəbərsizdi, çünki indiyəcən yaşamayıb, çünki indiyəcən ancaq vaxt öldürüb, indi isə vaxtın onu öldürməyinə az qaldığı macalda bacara bilmədiyi hər şey – bütün canlı-qanlı həyat, gülən-danışan, əylənən, sərxoş olan, rəqs edən, sevən insanlar və onların üzlərində dirilik ötüb-keçən ömrə elegiyadır.

Filmin ikinci hissəsi sayıla biləcək məqam Vatanabenin bürodakı gənc qızı – Toyonu görməsidir. İstefa vermək üçün müdirin möhürünə ehtiyacı olan qız Vatanabenin evinə gəlir və biz burda həyat dolu, şən, gülərüz qızın yanında ölümünə az qalmış, heç vaxt istefanı ağlına gətirməmiş Vatanabenin üzündəki donuq, soyuq, ölüyəbənzər ifadənin təzadını görürük.

Vatanabenin Toyoda gördüyü dirilik, canlılıq həyatın anlamı haqqında çox vacib bir qərara gəlməsinə gətirib çıxarır: o geridə qalan 5-6 aylıq ömrünü çirkli su gölməçəsinin qurudulub, yerində uşaqlar üçün oyun parkı salınması üçün xərcləmək qərarına gəlir. Uzatmıram, park açılan gün Vatanabe bir yelləncəkdə donub ölür və filmin sonrakı hissəsində biz Vatanabenin yas mərasimində söhbətləşənləri görürük.

Vatanabenin yas mərasimində hamı öz vicdanını saf-çürük edir, özləri ilə, kor-koranə ömürləri ilə üzləşirlər. Bələdiyyə sədrinin yanında həqiqi hislərini üzə vura bilməyən bu adamlar – Vatanabenin ailə üzvləri, iş yoldaşları, qonşular sədr gedəndən sonra sakenin təsiri ilə içlərini boşaldırlar, özləri ilə hesablaşırlar. Amma onların söhbətlərinə, sifətlərinə baxanda anlayırıq ki, ertəsi gün onlar yenə həmin dəhşətli, kəsafətli, monoton binaya gedəcəklər və dünənki kimi yaşamağa davam edəcəklər.

***

Kurosava mənə öyrətdi ki:

Ölkəmizin balacalığını, qonum-qonşunun nə düşündüyünü eynimizə almadan, “dədə-babadan belə görmüşük” deyib ümidimizi, xəyallarımızı xədim edənlərin məsləhətlərinə gülümsəyib keçməsək;

inanmasaq içimizdəkinin bir gün gerçək ola biləcəyinə, yuxumuza haram qatmasaq, istirahətimizdən kəsməsək, yerimizi möhkəmlətməyi yerindən başqa heç nəyi olmayanlara buraxmasaq ;

irəli, qabağa, sabaha can atmasaq, qaranlığın yox, işığın tərəfində olmasaq, bir-birimizi sevməsək, bizim kimi düşünməyənlərin varlığına dözə bilməsək;

parıltılı cümlələrin dalında gizlənib, xırda maraqlar güdməyi keyfiyyət saymağı tərgitməsək, yaşamağa dəyməz, Məmmədhəsən əminin eşşəyinə and olsun, dəyməz.

Xəstələndi-xəstələnmədi, nə vaxtsa hamının altı ay ömrü qalacaq, nəyi gözləyirsiniz ?!

news-inner-user
Qismət

180 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

“Azərbaycan Xalq Cümhuriyyəti” adlı virtual sərgi
09:35 28 May 2020
Sən ey sağa, sola qılınc vuran qol! - Əhməd Cavaddan istiqlal şeirləri
09:25 28 May 2020
O mən idi, mən o deyildim - Şəhla Nihandan yeni hekayə
16:34 27 May 2020
Arxanca gələn tünbətün olsun - Yeni qəzəllər
15:27 27 May 2020
"Peyğəmbəri adam"ın qeydləri - Aydın Talıbzadə yazır...
14:27 27 May 2020
"Harri Potter"in müəllifinin yeni kitabı pulsuz olacaq
13:27 27 May 2020
Dilimizi göyə qaldıran rus yazıçı: "Avropada fransız, Asiyada Azərbaycan dili..." - Maraqlı qeydlər
12:31 27 May 2020
Ögey qızı ilə evli olan məşhur rejissor danşdı: "35 yaş böyük olsam da..."
11:19 27 May 2020
Azərbaycan filmi ABŞ-da qranta layiq görüldü
10:31 27 May 2020
Qatıqsatana qibtə edən, rus qadını heyrətləndirən dahi Azərbaycan şairi – Maraqlı adam
09:30 27 May 2020
Qızılı yarpaqlar altında zülmətə təslim ol - Nobelli şairdən şeirlər
16:33 26 May 2020
Azərbaycanlı aktyor karantinə alındı
15:12 26 May 2020
Rüstəm İbrahimbəyovdan qızına məktub: “Cinayət məcəlləsini unutma”
14:29 26 May 2020
Mənim gey dostum
13:35 26 May 2020
Xalq yazıçısı Elçin: “O xəbəri atamdan ölənəcən gizlədim” – Müsahibə
12:41 26 May 2020
Venesiya Film Festivalı nə vaxt keçiriləcək?
11:23 26 May 2020
Qadın sərnişini bıçaqlayan sürücü - Narıngül yazır...
10:30 26 May 2020
Məşhur sənətçi ölümdən döndü
10:07 26 May 2020
Bağçada uşaq döyən Solmaz - Şahmarın hekayəsi
09:00 26 May 2020
Tanınmışlar "Əl açdım göylərə" layihəsində - Video
17:22 25 May 2020