news-inner
clock14:00 calendar-gray 04 İyun 2013 view-gray1396 dəfə oxunub
view-gray1396 dəfə oxunub

Güllələnən məşhur Azərbaycan aktyoru

Kulis.Az 1937-ci ildə həbs edilmiş aktyor Abbas Mirzə Şərifzadənin cinayət işi ilə bağlı akademik Ziya Bünyadovun “Qırmızı terror” kitabından maraqlı hissəni təqdim edir.

“Acı talelər”

30-cu illərin minlərcə qurbanları siyahısında incəsənət xadimlərimizin də adları var. Bu yazımda onlardan biri haqqında, xalqımızın sevimlisi, böyük teatr ustadı Abbas Mirzənin həyatının son günlərindən bəhs edəcəyəm.

1937-ci il iyulun 22-də Azərbaycan XDİK-nın müavini Gerasimov tərəfindən şöbə müdiri Sinmanın ünvanına belə dərkənar yazılır:

“Yoldaş Sinman! Yadımdadır ki, Əli Kərimovun ifadələrində Şərifovun və Ülvinin adları çəkilir. Onlar təxirə salınmadan həbs edilməli və istintaqa cəlb olunmalıdırlar”. İmza: Gerasimov

1937-ci il dekabrın 3-də Azərbaycan SSR XDİK Dövlət Təhlükəsizliyi İdarəsi 3-cü bölməsinin rəis müavini baş leytenant Borisov bu məzmunda arayış tərtib edir: “Şərifov Abbas Mirzə Rəsul oğlu, 1891-ci ildə anadan olub, azərbaycanlıdır. Azərbaycan Dövlət Dram Teatrının artistidir. Əldə edilmiş məlumatlara görə Şərifov Abbas Mirzə Rəsul oğlu bir xarici dövlətin xeyrinə casusluqda ifşa olunur.

Qeyd olunanlara əsasən Şərifov Abbas Mirzə Rəsul oğlu həbsə salınıb Azərbaycan SSR CM-nın 68-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir”.

Həmin “əldə edilmiş məlumatlar” artıq güllələmiş Ruhulla Axundovun ifadələri idi. 1937-ci il iyulun 24-də, (əlbəttə, işgəncələrdən sonra), verdiyi ifadəsində o, demişdir: “Şəxsən mən hesab edirdim ki, hər bir işi kadrların hazırlanmasından, yəni adamların cəlb edilməsindən başlamalıyıq. Təşkilata cəlb olunan şəxslər öz növbələrində bura digər şəxsləri cəlb etməlidirlər. Mənim tərəfimdən cəlb olunmuş Əli Kərimov (Azdramanın müdiri) öz növbəsində Abbas Mirzə Şərifovu və Mirzə Ağa Əliyevi təşkilata cəlb etmişdi”.

Lakin Abbas Mirzənin “cinayət işi”ndə Əli Kərimovun ifadələri yoxdur. Əksinə, 1937-ci il fevralın 19-21 (üç gün dalbadal) dindirilmiş Əli Kərimov göstərmişdi ki, o, əksinqilabi millətçi təşkilatına Triniç tərəfindən qoşulmuşdur. Görünür dindirənlərin bir hissəsi digər müstəntiqlərin işlərindən xəbərsiz olub. Onlar isə yalnız bir məqsəd üçün çalışırdılar, “sübut etmək” və güllələmək!

1937-ci il iyulun 23-26-da dindirilən Azdramanın müdiri Əli Kərimov müstəntiqin: “Artist Abbas Mirzə Şərifov əksinqilabi təşkilata daxil idimi?” sualına belə cavab verdi: “Bunu rədd edirəm! Bir daha təkidlə deyirəm ki, Şərifov əksinqilabi millətçi təşkilata daxil olmayıb” (Əli Kərimov 1937-ci il oktyabrın 13-də güllələnib).

1937-ci il oktyabrın 11-də dindirilən Ruhulla Axundov göstərdi: “Bakıdakı antisovet Müsavat təşkilatının rəhbər üzvləri aşağıdakılar idi: Dövlət dumasının sabiq üzvü Hüseyn Sadıq, şair Əhməd Cavad, yazıçı, Müsavatın İstanbuldakı konsulu Yusif Vəzirov, məşhur pantürkist Hüseyn Cavid. 1926-cı ildə şəxsən mənim təşəbbüsümlə Mirzoyan və Qarayev onu xaricə müalicəyə göndərmişdilər; bədii texnikumdan Rəfibəyov, Novruz Ağayev, Əbdürrəhim Əşrəfov, Oruc Orucov, İsabəy Aşurbəyov, Yazıçılar Ittifaqından Atababa Musaxanlı; bəstəkar Üzeyir Hacıbəyov; xalq artistləri Mirzə Ağa Əliyev və Abbas Mirzə Şərifzadə”.

Lakin Abbas Mirzənin işində yuxarıda adları çəkilən antisovet Müsavat təşkilatının rəhbər üzvlərindən heç birinin ifadəsi yoxdur.

1937-ci il dekabrın 3-də Abbas Mirzə Şərifovun məsuliyyətə cəlb edilməsi haqda qərar çıxarılır: “Mən, Azərbaycan SSR XDİK DTİ-nın 3-cü şöbəsinin müvəkkili leytenant Kovrijenko vətəndaş Şərifov Abbas Mirzənin bir xarici dövlətin xeyrinə casusluq işilə əlaqədar kifayət qədər ifşa olunduğunu nəzərə alaraq qərara gəldim: “Abbas Mirzə Rəsul oğlu Şərifov Azərbaycan SSR CM-nın 68-ci maddəsi üzrə müttəhim sifətilə məsuliyyətə cəlb edilib həbsə alınsın”. Qərar Azərbaycan SSR XDİ komissarı Sumbatov tərəfindən təsdiq edilmişdir”.

1937-ci il dekabrın 4-də 3240 N-li orderə əsasən Abbas Mirzə öz evində həbs olunmuşdur. (Çadrovaya, 115) Axtarış zamanı evində bir teatr qılıncı və iki teatr tapançası müsadirə edilmişdir.

1937-ci il dekabrın 9-da XDİK DTİ-nin 3-cü şöbəsi, 2-ci bölməsinin rəisi V. A. May 1908-ci ildən səhnə ustası olan Abbas Mirzəni dindirməyə başladı:

Sual: “Sizin qohumlarınızdan xaricdə kim var?”

Cavab: “Qardaşım Qulam Rza Şərifov Tehrandadır. O, 1921-ci ildə mühacirət edib”.

Sual: “Son illərdə siz Azərbaycan SSR-də olan xarici konsulxanalara getmisinizmi?”

Cavab: “1932-ci ildə mən Gəncədə olan İran konsulluğuna iki, ya üç dəfə getmişəm. O vaxt konsul Vafi idi. O demək olar ki, hər axşam bizim teatra gəlirdi, sonra isə artistləri qonaq çağırırdı. Bunların içində mən də var idim”.

Sual: “Vafi Bakıya köçəndən sonra siz onunla görüşmüsünüzmü?”

Cavab: “Bir dəfə mən ona küçədə rast gəldim. İkinci dəfə o mənə telefonla dedi ki, onun yanına qonaqlar gələcək və xahiş etdi ki, mən də gəlim. Mən razılıq vermədim. Bundan sonra daha onu görmədim və konsulluq məmurlarından heç kəsi tanımıram”.

Sual: “Bakıdakı türk konsulluğu məmurları ilə sizin münasibətiniz necə idi?”

Cavab: “Onlardan heç kəsi tanımıram. Nə indi, nə də keçmişdə”.

1937-ci il dekabrın 25-də Abbas Mirzənin üçüncü dəfə dindirilməsindən.

Sual: “Son illərdə sizin müsavatçı və pantürkistlərdən kim ilə yaxınlığınız var idi?”

Cavab: “Yaxınlığım heç biri ilə olmayıb, amma işimlə əlaqədar Hüseyn Cavidi, Cavad Axundzadəni, Müşfiqi, Seyid Hüseyni tanıyıram”.

Sual: “İşinizlə əlaqədar yox, şəxsi əlaqəniz var idimi?

Cavab: “Cavidin evində olmuşam. Başqalarının – yox”.

Sual: “Sizə haradan məlumdur ki, bu şəxslər öz siyasi əqidələrinə görə müsavatçıdırlar?”

Cavab: “Hüseyn Cavidin millətçi-osmançı əqidəli olmağını mən onun pyeslərindən bilirəm. Cavad Axundzadənin bütün şeirlərində millətçi ruha rast gəlirsən. Müşfiqin millətçi əqidəli olmağını mən onun yazıçılar ittifaqında ifşa olunmasından bilirəm”.

Sual: “Bununla iş bitmir. Aranızda nə kimi millətçi ruhda söhbətlər olurdu?”

Cavab: “Bu ruhda aramızda heç vaxt və heç bir söhbət olmayıb”.

Sual: “Nə üçün siz, bu şəxslərin pantürkist əhval-ruhiyyyəli olduqlarını və əsərlərində spesifik meylləri bilə-bilə onların əsərlərini təbliğ edirdiniz?”

Cavab: “Mən teatrda işləyirdim və əgər mənə bir rol tapşırıldısa, mən bu rolu oynamalıydım”.

Sual: “İndiyə qədər verdiyiniz cavablarda olduğu kimi siz bu cavabınızda da səmimi deyilsiniz. Sizin yaxşı artist olmağınızdan istifadə edərək Cavid, Cavad və Müşfiq kimi burjua antisovet yazıçılarını tərənnüm edib onların pantürkist xəttini həyata keçirirdiniz. Nə üçün siz konsertlərdə və radioda repertuarınıza Müşfiqin, Hüseyn Cavidin və Əhməd Cavadın əsərlərini salırdınız?”

Cavab: “Mənim bütün konsert proqramlarım İncəsənət komitəsi tərəfindən təsdiq edilmişdir və onun icazəsi olmadan mən heç bir şeylə çıxış etmirdim”.

1938-ci il yanvarın 8-də Abbas Mirzənin beşinci dindirilməsindən.

Müstəntiq: “Bəsdir, istintaqa müqavimət göstərdiniz! Müsavatçı fəaliyyətiniz haqda ifadə verin!”

Cavab: “Mən heç vaxt Sovet hakimiyyəti əleyhinə işləməmişəm və əgər bir şey etsəydim bu barədə xəbər verərdim. Mən nəinki müsavatçı işlərlə məşğul olmamışam, hətta bu haqda belə düşünməmişəm də”.

Müstəntiq: “Siz başqa şəxslərin ifadələri ilə ifşa olunana qədər, istintaq səmimi ifadə verməyinizi tələb edir”.

Cavab: “Bundan artıq heç bir şey deyə bilmərəm, çünki konsulxanaya getməyimdən başqa mənim heç bir günahım yoxdur”.

P.S. 1938-ci il oktyabrın 19-da məhkəmə öz hökmünü verir: "Şərifov Abbas Mirzə Rəsul oğlu casusluq fəaliyyətinə görə güllələnsin, əmlakı müsadirə olunsun!". Şərifzadə haqqında çıxarılan bu hökm, təxminən, bir ay sonra – noyabrın 16-da yerinə yetirilir.

news-inner-user

15818 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Bu gün “Vətən borcu” filminin premyerası olacaq
15:51 13 İyul 2020
Tənqidin sərhədləri - Qismətin Tomas Eliotdan tərcüməsi...
15:10 13 İyul 2020
Məşhur müğənni kitab yazdı
14:25 13 İyul 2020
Bollivud ulduzu koronavirusa yoluxdu
13:37 13 İyul 2020
Elvis Preslinin nəvəsi intihar etdi
12:56 13 İyul 2020
Qanıyla torpağa “Qarabağ” yazan, son nəfəsdə şikəstə oxuyan, mina ilə tankın altına sürünən Azərbaycan əsgəri – Müharibə əhvalatları
12:15 13 İyul 2020
Ötən günün müharibə həyəcanı - Samirə Əşrəf yazır...
11:37 13 İyul 2020
Gevorkovun bacısı qızı ilə gəzən azərbaycanlı – Mahir yazır...
11:05 13 İyul 2020
Məşhur rəsm əsəri 22 milyon dollara satıldı
10:30 13 İyul 2020
Yazıçımızın hekayəsi Gürcüstan ədəbiyyat portalında
09:34 13 İyul 2020
“Mücrü” jurnalının baş redaktoru: “Ayağım nəşriyyata düşərli olmadı” – Müsahibə
09:00 13 İyul 2020
Xalq artisti koronavirusa yoluxdu
14:28 12 İyul 2020
Qızını ölən qızının həyat yoldaşına verdi, oğlu intihar etdi, nəvəsi güllələndi... – Axundov haqqında inanılmaz faktlar
12:15 12 İyul 2020
Anar özünün ən uğurlu hekayəsini seçdi – Mətn
11:44 12 İyul 2020
190 manatlıq qarpızı təpikləyən yutuber
19:41 11 İyul 2020
Əruz vəznində yazılmış ən gözəl təbiət şeiri - Mətn
17:01 11 İyul 2020
Kəramət Böyükçöl: "Məşhurluğumun arxasında dura bilmirəm" - Video
16:29 11 İyul 2020
Özgə adam - Xəyyam Rəfilinin hekayəsi
15:42 11 İyul 2020
Polşa fondu Bakıda müsabiqə elan etdi
14:51 11 İyul 2020
İcazə verək, insanlar Allahlarıyla dalaşsın
14:07 11 İyul 2020