news-inner
clock08:45 calendar-gray 04 İyun 2013 view-gray3227 dəfə oxunub
view-gray3227 dəfə oxunub

Əsgərliyə getmədi, qəhrəman oldu

“Həyat qısadır sözünə inanmıram, çünki qısa ömür yaşadığımı düşünmürəm”

Aliya İzzetbeqoviç

1980-ci illərin sonunda Avropada kommunist rejimləri bir-bir süqutauğrayırdı. Berlin hasarı dağılmış, SSRİ parçalanmışdı. Baş verənlər Yuqoslaviya Sosialist Federativ Respublikasından da yan keçmədi.

Kommunist Partiyasının lideri İosip Broz Titonun ölümündən sonra Yuqoslaviyanın etnik mozaikası parçalanmağa başladı. Ölkədə yaşayan beş əsas xalq – serblər, xorvatlar, sloveniyalılar, bosniyalılar və makedoniyalılar müharibənin bir addımlığında idilər.

1992-ci ildə Yuqoslaviyada əsas söz sahibi olan serblər bosniyalıların qarşısında iki şərt qoymuşdu: ya Böyük Serbiyanın bir parçası olmaq, ya da müstəqilliyi seçib, baş verəcək müharibədə məhv olmaq.

Baş verəcək müharibədə serblərin qalib gələcəyi heç kimdə şübhə doğurmurdu. Çünki müharibənin bir cinahında Avropanın 4-cü böyük ordusu, digər cinahında isə silahsız bosniyalılar vardı. Tarix boyu əsarət altında yaşayan bosniyalılar müharibə variantına “hə” dedilər. Serblər isə favoriti olduqları müharibədə bir nəfəri nəzərə almamışdılar. Nəzərə alınmayan qəhrəman Aliya İzzetbeqoviç əliyalın bosniyalıları serblərin qarşısında tək qoymadı.

Aliya İzzetbeqoviç 1925-ci il avqustun 8-də Bosanski Samac qəsəbəsində anadan olub. İki yaşında ailəsi ilə birlikdə Sarayevoya köçüb. Beş uşaqlı bir ailədə böyüyən Aliya 6 yaşında “Quran” kursuna gedib. “Quran” kursunda bir il oxuyandan sonra orta məktəbə gedən Aliyanın formalaşmasında ailəsindən aldığı islam tərbiyəsi böyük rol oynayıb: “Mərhum anam dindar qadın idi. Hər sabah bizi namaza qaldırırdı”.

Sübhnamazlarını məsciddə qılan balaca Aliya İkinci Dünya Müharibəsi zamanıYuqoslaviya ordusunda xidmət etməkdən imtina edir və doğulduğu şəhərə, qohumlarının yanına gedir. Dostlarıyla şəhər xəstəxanasının qarşısında oturan zaman iki çetnik (çetnik – serb milliyyətçilər) Aliyanı əsgərliyə aparmaq üçün həbs edərək qərargaha aparırlar. Qısa müddətdə Aliyanın həbs xəbəri Samaca yayılır. Şəhər əhalisindən serb əsilli biri qərargah rəisinin yanına yollanır. Şəhər sakini qərargah rəisinə “siz kimi həbs etdiyinizdən xəbərdarsınızmı” deyir

“Bu gəncin adı Aliya İzzetbeqoviçdir. Onun babasının da adı Aliya İzzetbegoviç olub. O, Samacın keçmiş bələdiyyə sədri vəzifəsində çalışıb. Avstriya-Macarıstan qoşunları gələndə indi həbs etdiyiniz gəncin babası serblərə görə həyatını təhlükəyə atıb”.

Bu sözlərdən sonra qərargah rəisi Aliyanı azad edir.

Bosniya tarix boyu regionda baş verən gərgin hadisələrə şahidlik edib. 1463-cü ildə Fateh Sultan Mehmet Bosniyanı işğal edəndən sonra bosniyalılar qısa müddət ərzində islam dinini qəbul ediblər. Osmanlı imperiyasının zəifləməsiylə Bosniyanın da qara günləri başlayır. 1878-ci ildə yaşlı Osmanlı imperiyası Bosniyanın da daxil olduğu regionu Avstriya-Macarıstan imperiyasına güzəştə gedir. Özlərini Osmanlının, daha doğrusu islam mədəniyyətinin bir parçası hesab edən bosniyalılar “xəlifə Bosniyanın əvəzinə İstanbulu versin” deyəcək qədər əsəbiləşir. 1908-ci ildə isə Avstriya-Macarıstan imperiyası Bosniyanı tamamilə ilhaq edir. 1918-ci ildə yaradılan Serb-Xorvat-Sloven krallığında da bosniyalılara qarşı ayrı-seçkilik edilir.

1929-cu ildə hakimiyyətə gələn Kral Aleksandrın dövründə torpaq islahatı adı altında bosniyalıların torpaqları əllərindən alınır, xalq sürətlə kasıblamağa başlayır, bosniyalıların dövlət işində çalışmalarına gizli olaraq veto qoyulur.

1930-cu illərdə Yuqoslaviyada kommunizm sürətlə yayılmağa başlayır. Dinin əzilən kütlələr üzərində bir vasitə olduğu fikrini irəli sürən kommunistlərin təsiri altına düşən 15 yaşlı Aliyanın içində dinə qarşı laqeyd münasibət yaranır: “Anri Berqson və Kantın əsərlərinin təsiri altına düşmüşdüm. Oxuduğum kitablar arasında ateizmi müdafiə edən kitablar üstünlük təşkil edirdi. O zaman dostlarımla kommunizmə, ateizmə aid müxtəlif mövzulu kitablar oxuyandan sonra dostlarımla oxuduqlarımız ətrafında fikir mübadiləsi aparırdıq. O ərəfələr kommunizm sürətlə populyarlaşırdı. Bununla belə, mən allahsız bir dünya anlayışını qəbul edə bilməzdim. 17 yaşımda qəti olaraq islama qayıtdım. İslama qayıtmağa faşizm və kommunizmə nifrət etməyim səbəb oldu”.

1938-ci ildə Sarayevoda “Gənc müsəlmanlar” təşkilatı yaradılır. Təşkilata qoşulan Aliya da daxil olmaqla bir neçə təşkilat üzvü 40-cı illərin əvvəlində “Trebevic” kinoteatrında islamı təhqir edən italyan filminə etiraz edirlər. Filmin ortasında Aliya ayağa qalxaraq filmi pisləməyə başlayır. Sonra təşkil olunan aksiyalar nəticəsində filmin yayımı dayandırılır.

1941-ci ilin aprelində nasist Almaniyasının işğal etdiyi Yuqoslaviyanı 4 ildən sonra kommunistlər ələ keçirir. Nasistlərin axtardığı Kommunist Partiyasının lideri İosip Broz Tito Yuqoslaviyada hakimiyyətə gəlir. Ölkədə çoxsaylı xalqların yaşadığını nəzərə alan Tito ölkənin parçalanmasının qarşısını almaq üçün müxalifəti sıradan çıxarmağa başlayır.

Kommunistlərin hakimiyyətə gəlməsindən sonra Aliyanın da üzvü olduğu “Gənc müsəlmanlar” təşkilatının fəaliyyətinə qadağa qoyulur. Təşkilatın gizli təşkil etdiyi iclas və yığıncaqları Yuqoslaviya polisi izləməyə başlayır.

1946-cı ildə kommunist gənclərlə müsəlman gənclərin iştirak etdiyi məclisdə çıxış edən Aliya İzzetbeqoviçi və təşkilatın 14 üzvünü dərhal həbs edirlər.

Məhkəmə Aliyanı 3 il müddətində azadlıqdan məhrum edir: “1949-cu ildə həbs müddətim bitəndən sonra “Gənc müsəlmanlar” təşkilatının lideri Həsən Bibərlə əlaqə yaratdım. Həsən məndən “Mücahid” jurnalı üçün yazılar yazmağımı xahiş etdi. Kommunist rejim təşkilata qarşı daha da amansız siyasət yürütməyə başladı. İnsanları qorxutmaq üçün “Gənc müsəlmanlar” təşkilatının 4 lideri edam olundu. Liderlərin ən böyüyü Həsən Bibərin 27, ən gənci Nüsrət Fazilbeqoviçin isə 20 yaşı var idi. Kimsə həyatında nəyin pis və yaxud da nəyin yaxşı olduğunu müəyyən edə bilməz. Əgər 1946-cı ildə həbs olunmasaydım, mən də edam oluna bilərdim. Etiraf edim ki, həbs olunmağım həyatımı xilas etmişdi”.

Aliya 1954-cü ildə daxil olduğu hüquq fakültəsini 1956-cı ilin noyabrında bitirir.

10 il müddətində Çernoqoriyada bənd tikilişində rəhbər vəzifəsində çalışan Aliya İzzetbeqoviç 1964-cü ildə vəkil kimi böyük firmalara hüquqi yardımlar etməyə və 1960-cı ilin ikinci yarısından etibarən islama aid yazılar yazmağa başlayır. 1969-cu ildə bir ildən sonra çap olunacaq “İslam deklarasiyası” kitabının ilk versiyasını yazır. “İslam deklarasiyası” kitabının ana xətti belə idi: İslam dünyasının zədələnmiş nüfuzunu ancaq islam bərpa edə bilər.

Aliya ikinci kitabı-“Şərq və Qərb arasındakı islam”da Qərblə Şərqin gözəl tərəfləri ilə bərabər mənfi tərəflərini də göstərmişdi. Aliyaya görə islam xoşbəxtliyi gətirəcək üçüncü yol idi: “Mənə görə üç - idealist, materialist və islam dünyagörüşü var. Məni hər zaman narahat edən məğlubların vəziyyəti idi. Sokrat, İsa məğlubların tərəfindədir. Görəsən məğlublar niyə gözümüzdə bu qədər böyüyür? “İliada”, “Qılqamış” dastanında məğlub qəhrəmanlara bəslədiyimiz rəğbət haradan qaynaqlanır? Mən ancaq bunu deyə bilərəm ki, məğlublara bəslədiyimiz sevgi əsla ağlımızdan qaynaqlanmır. Bu qarşılığını ruhumuzda tapa biləcəyimiz, yəni bu dünyaya aid olmayan bir hissdir”.

Kitabında məğlubların problemini həll etməyə çalışan Aliya İzzetbeqoviç gələcəkdə məğlubların qəhrəmanı olacağını düşünmüşdümü? Bəlkə də düşünmüşdü. Onu qarşıda daha çətin sınaqlar gözləyirdi. Aliya xalqın üçün bu sınaqlardan şəstlə çıxacaqdı...

1983-cü il martın 23-də 12 nəfər polis Aliyanın evinə hücum edir. Evi ələk-vələk edən polislər Aliyanı Dövlət Təhlükəsizlik Komitəsinə aparır. Beləliklə, istintaq başlayır. Ailəsinə üç gün müddətinə həbsdə qalacağını desələr də, 2 ay ondan heç bir xəbər olmur: “İstintaqı aparanları həqiqətlər maraqlandırmırdı. Vəzifələri ancaq cinayət üçün bir cəza tapmaq idi. Təxminən 4 ay bir kamerada saxlanıldıqdan sonra, 1983-cü ilin 18 iyulunda məni kameradan çıxardılar. O zaman məndən başqa həbs olunanları da ilk dəfə gördüm. Bizi yarıya kimi dolu məhkəmə zalına gətirdilər”.

Dəstə üzvləri kommunist Yuqoslaviyada fəhlə sinfinin iqtidarını yıxmaq üçün inqilabi fəaliyyət göstərməkdə, islamı mövzularda yazılar yazmaqda ittiham olunurdu. Yəni, Aliya və yoldaşları rejimi dəyişdirmək istəyirdi.

Prokurorun Aliyaya verdiyi ilk sual belə olur:

“İstintaq müddətində “İslam deklarasiyası” əsərinizi Yuqoslaviyanın əleyhinə yazmadığınızı deməyiniz düzdürmü”?

Sualın cavabının mətndə olduğunu söyləyən Aliya cavab verməkdən imtina edir və çıxışına davam edir: “Yuqoslaviya hökumətini sevməsəm də, Yuqoslaviyanı sevirəm. Ancaq etiraf edim ki, azadlığı daha çox sevirəm. Azadlıqları təmin etmədiyi üçün Yuqoslaviya hökumətini sevə bilmirəm. Mən müsəlmanam və müsəlman olaraq qalmaqda israrlıyam. Bu həyatımın sonuna kimi belə olacaq”.

Hakim Rizah Hadzic qərarı açıqlayır: “İzzetbeqoviç Aliya 14 il müddətinə azadlıqdan məhrum edilsin”.

Aliya qərarın açıqlanmasını belə xatırlayır: “Kameralar ancaq mənim üzümü çəkirdi. Hakim qərarı açıqlayanda qəlbimin sürətlə döyündüyünü hiss etdim. Ancaq heç nəyə fikir vermədən başımı qaldırdım, qərarın mənə təsir etmədiyini nümayiş etdirməyə başladım. Kameralar mənim şoka düşməyimi çəkmək üçün hazırlaşmışdılar. Cəzalar açıqlandıqdan bir gün sonra “Oslobodenye” qəzeti “Xalq düşmənlərinə 90 il həbs cəzası” adlı xəbər vermişdi. Həbs olunduqdan sonra ilk dəfə idi ki, əlimə qəzet alırdım. 6 il daş divarların əhatəsində yaşadım. Artıq qocaldığımı və ölümün bir addımlığımda olduğunu düşünürdüm. Gecə müdhiş melanxoliyaya qapılırdım”.

25 noyabr 1988-ci ildə, həbsimin 2075-ci günündə Aliyanın həbs müddətinin bitdiyi elan olunur və Bosniya-Herseqovinanın xilaskarı azadlığa çıxır.

Bosniya-Herseqovinada yaşayan xalqlar arasında üstünlük bosniyalılara məxsus idi. Bosniyalılardan sonra müvafiq olaraq xorvatlar və serblər gəlirdi. Ən maraqlısı isə o idi ki, bu üç xalq məhz Bosniyada əsas söz sahibi olmaq uğrunda çarpışırdı. Etnik rəngarəngliyə, yaranmış gərgin vəziyyətə görə Sarayevoya “Avropanın Qüdsü” adı verilməsi artıq regionu gözləyəcək fəlakətdən xəbər verirdi.

Real təhlükəni hiss edən Aliya bosniyalıların çoxluq təşkil etdiyi bölgələrdə siyasi güc yaratmaq niyyətində idi. İzzetbeqoviç həbsdən çıxandan sonra populyar olmuşdu. Yazdığı məqalələr, kitablar dünyanın müxtəlif dillərinə tərcümə olunmuşdu. Bu vəziyyət ictimai rəyə təsir etmək üçün əla şərait yaranmışdı: “Əvvəlcə həbsxana yoldaşlarımla görüşdüm. Yuqoslaviyadakı müsəlmanları birləşdirəcəyimizə arxayın idim. Partiya yaratmağa qərar verdik. Partiyanın adı SDA - Demokratik Hərəkat Partiyası oldu. Artıq lider kimi qəbul olunurdum. Ancaq lider olmaq üçün ən yaxşı olmaq lazım deyil. Lider olmaq üçün böyük uğursuzluqlar yaşamaq lazımdır. Mənim kimi... ”

SDA-nın qurultayı çağırıldı. Boş yer tapılmayan qurultayda Aliya bosniyalılar üçün əhəmiyyətli bir çıxış etdi: “Müsəlmanların adından çıxış etmək ixtiyarım yoxdur. Ancaq hamı bilsin ki, müsəlmanlar Bosniya-Herseqovinanın parçalanmasına razı olmayacaq. Allahsız və insansız bir dünyada cənnəti qurmağı arzu edənlər, bu arzularının altında qalmağa məhkumdur”.

Yaşıl bayraqlarla SDA-nın mitinqlərinə gələn bosniyalıların fəallığı serblər və xorvatları qorxutmağa başlamışdı. Regionda yaranmış siyasi qüvvənin vəziyyətə təsir göstərəcəyini çox gözəl bilirdilər.

18 noyabr 1990-cı il Bosniya-Herseqovinada ilk dəfə azad seçkilər keçirildi. SDA parlamentdəki 240 yerdən 86-sına, 7 nazir postundan 3-ə yiyələndi. Möhtəşəm qələbə qazanılmışdı. Beləliklə, parlamentdəki razılıq əsasında Aliya İzzetbeqoviç çox sevdiyi ölkəsinin prezidenti oldu.

Hökumətin işində tez-tez problemlər yaranırdı. Seçkilərdə parlamentə daxil olan serb SDS, xorvat HDZ partiyaları Serbiya və Xorvatiyadakı hakim partiyaların ruporu kimi hərəkət edərək hökumətin işində süni problem yaradırdılar.

Xorvatiya və Sloveniyanın Yuqoslaviyadan ayrılmasından sonra ordu bu iki ölkəyə hücum etməyə başlamışdı.

SDS-in rəhbəri, “Bosniya qəssabı” Radovan Karaçiç parlamentdə Aliyaya ünvanlanan çıxış etdi: “Bosniya-Herseqovinanı aparmaq istədiyiniz yol cəhənnəmə gedən yoldur. Bosniya-Herseqovinanı cəhənnəmə çevirəcəyinizin, müsəlmanları məhv edəcəyinizin fərqində deyilsiniz? Müharibə başlasa müsəlmanlar özlərini müdafiə etməyəcək”.

Aliyanın Karaçiçə cavabı gecikmədi: “Karaçiçin çıxışı xalqların nəyə görə Yuqoslaviyanın tərkibində qalmadıqlarını üzə çıxardı. Cənab Karaçiçin arzuladığı Yuqoslaviyada serblərdən başqa heç bir xalq dominant olmayacaq. O, belə bir Yuqoslaviya arzu edir. Onların “köməyilə” hamı, yəni sloveniyalılar, xorvatlar, makedoniyalılar, müsəlmanlar Yuqoslaviyaya nifrət etməyə başladılar. Çünki Karaçiçin metodu səhvdir. Karaçiç zərərli bir dünyagörüşünə sahibdir. Düşünürəm ki, serblər öz demokratik ənənələrinə qayıda biləcək. Etdikləri hərəkətlər bir xalq olaraq adlarına ləkədir. Bizi məhv etməklə şantaj edirlər. Amma bilsinlər ki, müsəlmanlar yox olmayacaq. Bu mənim cənab Karaçiçə ismarışımdır”.

Gurultulu alqışlarla qarşılanan çıxışdan sonra Karaçiç pərt olmuşdu. Elə bəlkə də orada Karaçiç ismarışı aldı və minlərlə bosniyalının gələcəkdə qətliamı üçün fərmanı imzaladı...

Daha sonra SDA iki vacib qərar qəbul etdi: 1. Bosniya ordusunu yaratmaq. 2. Yuqoslaviya ordusuna bundan sonra Bosniya-Herseqovinadan əsgər verməmək.

Sarayevoya qoşun yeridən serblər eyni zamanda Xorvatiya şəhərlərini də bombalamağa başladılar. 1992-ci ilin əvvəlində Yuqoslaviya və Xorvatiya ordusu arasında atəşkəs imzalandı. Yuqoslaviya ordusu Xorvatiyadan Bosniyaya çəkildi. Fəlakət addım-addım yaxınlaşırdı.

Avropa İttifaqı isə yenicə azadlıq qazanmış Xorvatiya və Sloveniyanın müstəqilliyini tanıdı. Bosniya-Herseqovina ilə Makedoniyanın müstəqilliyi isə referenduma çıxarılandan sonra tanınacaqdı.

Bu açıqlamadan dərhal sonra Bosniya-Herseqovina parlamenti referendum qərarı verdi. Serblər referendumu boykot edəcəklərini elan edəndən sonra şəhərlərdə barrikadalar qurmağa başladılar. Məqsəd referendumun baş tutmasına mane olmaq idi. Ağır şərtlər altında referendum 28 fevral - 1 mart tarixində keçirildi. Referendumla Bosniya-Herseqovinanın müstəqilliyini elan olundu. Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları Bosniya-Herseqovinanın müstəqilliyini dərhal tanıdı. Ancaq SDS lideri Radovan Karaçiç Bosniyanı tanımadıqlarını və Bosniya-Herseqovinada serb quruluşu yaradıldığını elan etdi.

Gözlənilən müharibəyə serblər başladı. Sarayevo səmasında güllələr uçuşmağa başlamışdı. Şəhərə bombalar yağdırılırdı.

Vəziyyəti düzəltmək üçün serblərin nəzarətindəki hava limanından Lissabona uçan Aliya danışıqlar bir nəticə vermədiyi üçün 2 mayda ölkədə nələrin baş verdiyindən xəbərsiz Sarayevoya hava limanında Karaçiçin əsgərləri tərəfindən həbs edilir və Lukoviçadakı hərbi qərargaha aparılır: “Başıma nələrin gələcəyini düşünən zaman yanımdakı telefon zəng çaldı. Telefona cavab verdik, zəng edən qadın ünvanı səhv yığmışdı. Qadına prezident Aliya İzzetbeqovçin zorla həbs olunduğunu dedim. Maraqlısı o idi ki, yanımızdakı əsgər heç nə etmədi. Telefon qısa müddətdən sonra yenə zəng çaldı. Bu dəfə xəttin o tərəfindəki səsi tanıdım. Bu jurnalist Hacıfeyzoviçin səsi idi. Canlı yayımda prezident aparatının rəsmisi Eyyub Qaniçlə televiziya vasitəsilə danışmağa başladım”.

Bu əlaqədən sonra bütün dünya müstəqil bir ölkənin prezidentinin həbs olunduğunu öyrəndi. Aliyanın həyatı təhlükədə altında idi. Aliyanın həbs olunduğunu öyrənən bosniyalı döyüşçülər serb general Kukanyaçı əsir götürdülər. Beləliklə, Kukanyats azadlığa qovuşmaq üçün Aliya ilə dəyişdirilməsinə razı oldu.

Nəhayət danışıqlar nəticə verdi. Birləşmiş Millətlər Təşkilatının güllə keçirməz maşınla Aliya təhvil verildi: “İqamətgahda ölümdən qayıtmış kimi qarşılandım”.

Serblər isə dayanmadan Bosniya şəhərlərini atəş altında saxlayırdılar. Aliya yaşadıqları regionun Avropa, dövrün isə 20-ci əsrin sonları olduğunu düşündükləri üçün vəziyyətin bu qədər dramatik olacağına inanmadıqlarını söyləyirdi. 1992-ci il iyunun 20-də Bosniya-Herseqovina parlamenti müharibənin başladığını elan etdi. Aliya İzzetbeqoviç Ali Baş Komandan olaraq bütün səlahiyyətləri öz əlində cəmləşdirdi.

Bosniya-Herseqovinada başlayan müharibə böyük cəbbəxanası olan Avropanın 4-cü böyük ordusu ilə silahsız bosniyalılar arasında gedirdi. Bosniyalılar hazırlıqsız idilər. Onlar ancaq kiçik qruplarla mübarizə aparırdılar. Aliyanın rəhbərliyi altında nizami ordunun yaradılmasına start verildi. Keçmiş müdafiə naziri Rasim Deliçin dediyinə görə Bosniya-Herseqovina ordusunun yaradılması əsl möcüzə idi: “Ordunun yaradılmasında Aliyanın çox böyük rolu oldu. O, daima cəbhədə əsgərlərin əhvalını yüksəltməyə çalışırdı”.

Cəbhədə əsgərlə görüşən zaman əsgərlərdən biri Aliyaya “müharibədən sonra ədalət bərpa olunacaqmı?” deyə müraciət edir. Aliyanın cavabı belə olur: “Ədalət üçün vuruşmasaq o bərpa oluna bilməz”.

Ən çox zərər çəkən şəhər Sarayevoya oldu. 500 min sakini olan şəhərdə müharibədən sonra yaşayanların sayı 300 min nəfərə enmişdi. Serblər şəhərə humanitar yardımın daxil olmasına icazə vermirdi. Müsəlman ölkələrindən gələn humanitar yardımlara bel bağlayan bosniyalılar vəziyyətdən çıxmaq üçün yeni dünyanın möcüzəsi hesab oluna biləcək tunel qazdılar. Aliya tunelin qazılmasını belə xatırlayır: “Serblər humanitar yardım almağımıza imkan vermirdilər. Sarayevo hava limanının altından keçən və şəhərdən çıxışı təmin edən tunel qazdıq. Tunelin qazılması təxminən 5 ay davam etdi. Tunelin uzunluğu 700 metr idi”.

Serblər tarixi məhv etmək üçün tarixi abidələr, o cümlədən məscidləri, kitabxanaları dayanmadan bombalayırdı.

Avropanın burnunun dibində başqa bir irq digər irqi soyqırımına məruz qoymuşdu. Belə desək Avropada faşizm yenidən xortlamışdı, həm də çox eybəcər formada. Məşhur fransalı ziyalı Anri Levi Bosniya-Herseqovinadakı vəziyyəti bir cümlə ilə belə izah etmişdi: “Avropa Sarayevoda öldü!”

Bosniya-Herseqovinanı 15 günə ələ keçirəcəklərini deyən serblər çaş-baş qalmışdı. Onlar belə bir müqavimət gözləmirdilər. Eyni zamanda xorvatlar da bosniyalılara qarşı hücuma keçmişdi. Bütün çətinliklərə baxmayaraq Bosniya ordusunun rotasiyasını əlində cəmləyən Aliya İzzetbeqoviç qələbələri ard-arda sıralayırdı.

Çətin vəziyyətə düşən serblər 1995-ci ildə müharibəni dayandırmağa qərar verdilər. Ancaq müharibənin son tamaşasını Srebrenitsada hazırlamaq şərtilə. Müharibənin ən böyük qırğını Srebrenitsada həyata keçirildi. 8 min insan qətlə yetirildi. İkinci Dünya Müharibəsindən sonra ilk dəfə minlərlə mülki insan məhv edilmişdi.

Keçmiş müdafiə naziri Rasim Deliç müharibənin dayandırılması üçün onlara təzyiq edildiyini söyləyir. Və nəhayət 1995-ci ilin 14 dekabrında ABŞ-n Dayton şəhərində Yuqoslaviya prezidenti Slobadan Miloşeviç, Xorvatiya prezidenti Franko Tudjman və Bosniya-Herseqovina prezidenti Aliya İzzetbeqoviç arasında sülh müqaviləsi imzalandı. Müharibə qalib olmadan başa çatsa da, bu müharibənin yeganə bir qalibi vardı – ALİYA!

BMT-dən İslam Konfransı Təşkilatına, ABŞ-dan İrana qədər böyük bir coğrafiyada kömək axtaran Aliya müharibəni bitirmək üçün sülh stoluna əyləşdi: “Məhkum olanda yer qazdım, ağac daşıdım, inşaat rəhbəri çalışdım, vəkillik etdim. Ancaq bu günə qədər ən çətin işim Daytonda sülh müqaviləsinə imza atmaq oldu. Mənim istəyim ölkəmə qalib sərkərdə kimi qayıtmaq deyildi, mənim istəyim ölkəmə qoltuğumun altında məqbul bir sülhlə qayıtmaq idi. Müdafiəsiz, əliyalın bir xalqa hücum edən serblər nəinki mənim prinsiplərimə, eyni zamanda bütün ədalət prinsiplərinin əleyhinə addım atmaqla qarşıma çıxmışdılar. Belə bir sülhü qəbul etmək çox çətin idi. Ancaq çətin olan bir məsələ də vardı. Evə “müharibəyə davam edirik” deməklə qayıtmaq. Bu variantı seçmək isə çox çətin idi və mən özümü çarmıxa çəkilmiş kimi hiss edirdim”.

Müharibədə Aliyaya qarşı dayanan Slobadan Miloşeviç, Radovan Karaçiç, Ratko Mladiç həbs olunaraq ədalət qarşısında cavab verdilər. Ancaq Aliya İzzetbeqoviç xalqının qəlbində bir qəhrəman kimi doğuldu. Aliya bu gün də, sabah da müstəqil Bosniyanın qurucusu, gücsüzlərin gücü olaraq yaddaşlarda qalacaq... Ona həsr olunmuş bir mahnının sözlərində deyildiyi kimi...

Günəşin çıxdığı yerə

Ulduzların parıldadığı yerə

Buludsuz göyün dərinliyinə

Günahsız ruhların yuva qurduğu yerə

Gözlərin qaranlıqdan qorxduğu yerə

Üzümü çevirirəm

O qədər parıldamazdı işığı

Mənim gözəl vətənimin

Mən işığı qaranlıqlarda axtardım

Aliya, sən olmasaydın...

Oxşar xəbərlər

Xəbər lenti

Mübariz Örəndən yeni hekayə: İlıq
21:00 13 İyul 2020
Nərgiz İsmayılovanın yeni monoqrafiyası nəşr olundu
18:44 13 İyul 2020
Bollivud ulduzu koronavirusa yoluxdu
18:02 13 İyul 2020
Payızda vağzala getməyəsən... - Poetik etüdlər
17:36 13 İyul 2020
Mirmehdi Ağaoğlunun Türkiyədə hekayələr kitabı çap olundu
17:18 13 İyul 2020
On beş ilin salamı – Kənan Hacı yazır
16:39 13 İyul 2020
Bu gün “Vətən borcu” filminin premyerası olacaq
15:51 13 İyul 2020
Tənqidin sərhədləri - Qismətin Tomas Eliotdan tərcüməsi...
15:10 13 İyul 2020
Məşhur müğənni kitab yazdı
14:25 13 İyul 2020
Koronavirusa həsr olunan film çəkilir
13:37 13 İyul 2020
Elvis Preslinin nəvəsi intihar etdi
12:56 13 İyul 2020
Qanıyla torpağa “Qarabağ” yazan, son nəfəsdə şikəstə oxuyan, mina ilə tankın altına sürünən Azərbaycan əsgəri – Müharibə əhvalatları
12:15 13 İyul 2020
Ötən günün müharibə həyəcanı - Samirə Əşrəf yazır...
11:37 13 İyul 2020
Gevorkovun bacısı qızı ilə gəzən azərbaycanlı – Mahir yazır...
11:05 13 İyul 2020
Məşhur rəsm əsəri 22 milyon dollara satıldı
10:30 13 İyul 2020
Yazıçımızın hekayəsi Gürcüstan ədəbiyyat portalında
09:34 13 İyul 2020
“Mücrü” jurnalının baş redaktoru: “Ayağım nəşriyyata düşərli olmadı” – Müsahibə
09:00 13 İyul 2020
Xalq artisti koronavirusa yoluxdu
14:28 12 İyul 2020
Qızını ölən qızının həyat yoldaşına verdi, oğlu intihar etdi, nəvəsi güllələndi... – Axundov haqqında inanılmaz faktlar
12:15 12 İyul 2020
Anar özünün ən uğurlu hekayəsini seçdi – Mətn
11:44 12 İyul 2020