Avtobusda yaşlı arvadın yer üstündə davası

Avtobusda yaşlı arvadın yer üstündə davası
16 may 2013
# 07:00

Günel İmran

Həyat = Yol

“Bu dehşetle birlikte , kitaptan yüzüme fışkıran işıkta köhnemiş odalar gördüm, çılğın otobüsler, yorgun insanlar, soluk harfler, kayıp kasabalar ve hayatlar, hayaletler gördüm. Bir yolculuk vardı, hep vardı, her şey bir yolculuktu”- Orxan Pamukun “Yeni həyat” romanının avtobusla səyahətə çıxaraq yeni həyatını axtaran qəhrəmanın dilindən deyilən sözlərdi.

Həqiqətən dünyaya gəlişimizlə ömrümüz yollarda keçir. Yol getməklə ötən həyatımızda bizim kimi yol gedən insanlarla həmişə qarşılaşır, çox vaxt onları görmədən keçirik. Həyat rutinası, ya da öz həyatımızı dünyada hər şeydən daha önəmli hesab etməmiz gözlərimizi bağlayır. Bütün yollarda olduğu kimi avtobusda gedilən yolda da belə olur. Bir detalı unuduruq ki, fərqinə varmadığımız avtobus qəza edə bilər və bizim dəyərli həyat yolumuz son nəfəsimizi dərmədən sona çatar.

Ötən gün avtobusla evə qayıdırdım. Yolum uzun olmadığından sürücü tərəfdə, ön qapıya yaxın dayanmışdım. Günəş şüalarını sərnişinlərin əksəriyyətinin gözlərini qamaşdırır, narazı, yorğun üz ifadəsi ilə oturmasına səbəb olmuşdu. Əyləşməyə yer yox idi.

Növbəti dayanacaq da ziyalı görkəmli, baxımlı 50- 55 yaşı filan olan nənə əlində yalan olmasın özü boyda çəhrayı şarı olan nəvəsi ilə avtobusa minmişdi. Balaca qızcığazın avtobusa minmək sevinci ilə gözləri parlıldayarkən görünüşcə çox ədəb-ərkanlı görünən nənə tutacaqdan tutub öz yerini rahatladıqdan bir neçə dəqiqə sonra bazar alverçisi sayağı danışıq tonu ilə söylənməyə başlamışdı.

Və avtobusun nizamını bir andaca pozmuşdu. Sərnişinləri diqqətini özünə cəmləmişdi. Qadın ilk sırada əyləşən sərnişini təhqiramiz sözlərlə təhqir edərək, özündən əminliklə həmin yerin uşaqlar üçün olduğunu iddia edir və əyləşənin yeri onun nəvəsinə verməsini tələb edirdi. Həmin oturacaqda əyləşən təqribən 15-16 yaşı olan yeniyetmə qız isə qadın sözünü bitirməmiş ayağa qalxdı.

Qadın nəvəsini əyləşdirmək istərkən qızın ayaq üstə dayanan qardaşı qolundan dartaraq yenidən əyləşdiyi yerdə oturtmuşdu. Avtobusda sürücü daxil hər kəs müdaxilə etmədən onları, bu söhbətin necə qurtaracağını izləyirdi. Əyləşən qız nəmli gözlərini silərkən, qardaşı həmin qadına çox mədəni şəkildə cavab verdi. Bacısını yatağında ölümünü gözləyən anasının baş ucunda günlərlə oyaq qaldığını, ayaqda dura bilməyəcək qədər yorğun olduğunu deyərkən oğlanın gözləri doldu.

Avtobusa getdiyim müddətdə fikir vermədiyim gözümün önündə olan bu bacı-qardaşa diqqətlə baxdım. Yoxsul, pərişan, ümidsiz, biçarə, fağır, sönük görkəmləri vardı. Çoxları bu söhbətdən təsirlənmişdi. Qadınsa həmin kəlmələrə heç qulaq asmadan onların qarasına deyinirdi.

Əslində avtobusda əyləşmək üçün bu oturacağın yeganə olmadığına baxmayaraq qadın nədənsə tutduğunu buraxmırdı. Nə yaxşı üçüncü dayanacaqda avtobusdan endi. Nəvəsinin çəhrayı şarı əlindən çıxıb havaya qalxdı. Qadın uşaq çevikliyi ilə gülə - gülə şarı tutmaq üçün qaçırdı. Ani səs-küyün ardından avtobusda hər kəs yenə öz aləminə qayıtmışdı.

Növbəti dayanacaqda mən binamızın yanında avtobusdan düşərkən çönüb həmin bacı-qardaşa baxdım. Səssizcə ağlayırdılar.

Həyətimizə daxil olanda baxdım ki, binamızın önündə çadır qurulub. Ölmək üçün yetərincə yaşı olmayan qonuşumuz rəhmətə getmişdi. Pilləkənlərlə evə qalxdım. Mənzilə daxil olanda vağzalı səsi eşitdim. Səs binanın arxa tərəfindəki yeni tikilən binalarının həyətindən gəlirdi.

Pəncərədən baxanda gəlin maşını karvanın gedişinin izlədim. Həmin vaxt binamızın önündə isə yas məclisi üçün qurulan çadır yığışdırılırdı. Bir saatdan sonra çadır qurulduğu yerdə balaca uşaqlar “ortada qaldı” oyunu oynayırdılar...

# 1387 dəfə oxunub

Oxşar xəbərlər

# # #