writer1

Cəlil Cavanşir

Məqalə sayı

294
clock08:45 calendar-gray 14 May 2013 view-gray1689 dəfə oxunub
view-gray1689 dəfə oxunub

Anamın əlləri

Beş yaşlı oğlum qucağımda oturub dil boğaza qoymadan anasını tərifləyir: “Ata, anamın əlləri elə qəşəngdir ki...”. Gözlərimi yumub onun anasını tərifləməyinə qulaq asıram: ”Mənim anam...” O danışdıqca mən də onun fikirlərinə qüvvət verirəm, “canım, anaların əlləri qəşəng olur...”

Birdən susur və boynumu qucaqlayıb qulağıma pıçıldayır:

- Ata, mənim nənəm sənin anadır, hə?

- Elədi quzum.

- Ata, nənəmin əlləri elə möhkəmdir ki, elə qaradır, elə qocadır ki...”

***

Oğlumun sözləri məni əməlli başlı silkələyir. Beş yaşlı uşağa nənəsinin əllərinin niyə sərt, qabarlı, qoca olduğunu necə izah edim? Gəncliyini, ömrünün ən yaxşı vaxtlarını övladlarına və şagirdlərinə həsr eləmiş müəllim anamın sərt, dərsi cadar-cadar əlləri gözümün qabağına gəlir. Görüşəndə saçlarıma tumar çəkən, dəfələrlə öpdüyüm o sərt, qabarlı əllər gözümün önündə canlanır...Odun doğrayan, ot biçən, alaq təmizləyən, inək sağan, təndir qalayan, çörək yapan o əllər, mənim klaviaturaya alışmış yumşaq əllərimdən fərqli olaraq sərt, qabarlı əllər yadıma düşür gecənin bir vaxtı... Müəllim anamın, şair anamın susuz torpaq kimi cadar-cadar olmuş əlləri...

Əllərimi oğlumdan gizləməyə çalışıram. Utanıram əllərimdən...

Anam texnikanın bu qədər inkişaf etdiyi vaxtda da hərdən mənə uzun-uzun məktublar yazır... Cadar-cadar olmuş, oğlumun “elə möhkəmdir ki...” dediyi əlləri ilə mənə şeirli, duyğulu məktublar yazır anam... Oxuduğu saysız kitablar, yetişdirdiyi minlərlə şagird, yazdığı şeirlər, nəvələri üçün düzüb-qoşduğu nağıllar, laylalar yadıma düşür...

Yayın istisində üşüyürəm. Boğazımdakı kədəri udub, doluxsunuram...

***

Kənd həyatının öz çətinlikləri var və kənd qadınları daha fədakar, daha qayğıkeş, daha duyğusaldır... Ağlım kəsəndən anamın dırnaqları manikür görməyib... Atam şəhərdə işlədiyi üçün anam həm kişi işinə, həm qadın işinə qaçıb... Yer belləyib, bostan suvarıb, tərəvəz əkib, meyvə yığıb, odun doğrayıb...

Bir dəfə də olsun yeməyimizi gecikdirməyib, paltarımız ütüsüz olmayıb...

Heç vaxt bizdən tez yatmayıb, bizdən sonra oyanmayıb...

Bir dəfə də olsun məktəbə qarnımız ac, paltarımız çirkli getməmişik...

Biz xəstələnəndə qeybdən zoğal mürəbbəsi, itburnu, kəklikotu, qarğadalı saçağı peyda olub həmişə...

Heç vaxt atamla aramızın açılmasına, atamızdan narazı qalmağımıza imkan verməyib və həmişə atamı o qədər sevib ki, bütün ailə bunu hiss eləyib.

Uşaq kimi nazıyla oynayıb atamın...

İndi də hamı-qudaları, kürəkəni, gəlinləri, nəvələri anamın atama olan sevgisinə qibtəylə yanaşır...

***

...Anam qocalır və mən bunu sonuncu dəfə anamın əllərinə baxanda, o torpaq qoxulu, süd qoxulu, çörək qoxulu əllərindən öpəndə hiss elədim...

***

...Tələbə yoldaşım Hüseynin anası dünyasını dəyişəndə bərk sarsılmışdım və dərk eləmişdim ki, analar əbədi deyil. 24 yaşım vardı, yüzlərlə kitab oxumuşdum, tələbəydim, rəvan nitqim vardı amma Hüseynə təskinlik verməyə söz tapa bilməmişdim...

Yanında oturub onunla birlikdə susmuşdum...

O gün başa düşmüşdüm ki, anası dünyadan köçənlərə təskinlik vermək üçün söz axtarmaq mənasız işdir...

***

Anamın əlləri bu gecə yuxuma girmişdi... Saçlarımı qarışdırdı, tumar çəkdi...

Bərk-bərk yapışdım...

Öpdüm, üzümə söykədim...

Oğlumun sözləri yadıma düşdü, ağlamaq istədim...

Bərk-bərk yapışdım cadar-cadar olmuş əllərindən...

Yalvardım...anamın əllərinə yalvardım ki, qocalmasın...

***

Dünyada bəlkə də ən ədalətsiz hadisə ana əllərinin qocalmasıdır...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Tanınmış bəstəkar koronavirus peyvəndinin sınaqlarında könüllü oldu
11:01 15 Avqust 2020
Məşhur gitara ifaçısı vəfat etdi
10:28 15 Avqust 2020
Bu filmə görə 400 nəfər işdən çıxarılacaqdı – Rejissorların boyun qaçırdığı Azərbyacan filmi
08:57 15 Avqust 2020
Daha bir nəşriyyat Polad Həşimovla bağlı kitab nəşr etdi - Foto
18:36 14 Avqust 2020
Ayı balalarını oğurlayan çoban - Qorxmaz Şıxəlioğlu yazır...
17:14 14 Avqust 2020
Tom Kruzun çəkildiyi filmin meydançasında yanğın baş verdi
16:05 14 Avqust 2020
Xalq artistinin qızı atasının şeirlər kitabını nəşr etdirəcək
15:19 14 Avqust 2020
Oğlu Xalq artistinə klip çəkdi - Video
14:28 14 Avqust 2020
Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Sürücü, vaqon ustası, montyor Alim Qasımov - Maraqlı faktlar
13:32 14 Avqust 2020
Almaz Ələsgərli efirdə erməni mahnısı oxudu - Video
12:38 14 Avqust 2020
"Sevastopol uğrunda döyüş"ün qəhrəmanı vəfat etdi
12:17 14 Avqust 2020
Bizi kütləvi öldürmək məsələsi... - Bütün bunlar masonların işidir?
11:27 14 Avqust 2020
Gənc yazara ağır itki üz verdi
10:39 14 Avqust 2020
Filmimiz beynəlxalq festivalda mükafat qazandı
10:00 14 Avqust 2020
Məni şərləyib qardaşımın gözündən salmaq istəyirdi - Bircənin romanı
08:59 14 Avqust 2020
Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020