İnsan olmağımız ölümdən sonra bilinirsə

İnsan olmağımız ölümdən sonra bilinirsə
2 may 2013
# 17:20

Jalə Seyidlinin şeirləri

Yuyur, yuyur təmizlənmir,

yollar, izlər, qəlblər, üzlər

az qalıram deyəm ki,

əziyyət çəkməsin yağış…

nə insanlar, nə bu dünya

təmizlənməz…

bitincə yağışın suyu...

***

Çiskinlər yağışın nəfəsi...
hələ bitməməsi...
varam deməsi...
dincəlmə ehtirası...
bir də bəlkə təmizlədim ümididi...

***

mən səndən qaçmışam,
yuxum da məndən
o da sənə öyrəşibmiş mənim kimi,
əlindən tut geri gətir,

içində sən olan yuxularımı...

***

Kölgəmiz də acı çəkir...
o bizi tək qoymadığı.
varsan dediyi halda...
biz onu cansız bilib,
tapdaladığımız üçün hər gün!

****

Səsdən bezib səssizliyə qaçdım...

səssizliyin səsi daha betərmiş...

indi də səs axtarıram...

səssizliyi qaçıra bəlkə...

***

Canlı doğuluruq...
adam olmaq üçün...
böyüyüb adam oluruq....
yaşamaq üçün...
yaxşı adam oluruqsa...
insanlığa maraq yaranır....
amma insan oluruq ya yox?
öləndən sonra bilinir...
ruhumuza rəhmət oxunanda...

***

İnandığım yalanların üstü açılmasın,
mən ölənə qədər....
qorxuram gəlib deyəsən ki,
səni sevmirəm!
yalan demişəm!

***

gecə qara yağır yağış...
nə göyə, nə yerə sığır qapqara göz yaşı...
doluya çevriləcək hikkəsindən,
damda, daşda səs eləyib...
qırıb, tökəcək, şüşələri damları...
dərdiniz məni dincəltmir...
siz də dincəlməyin insanlar deyəcək bizə...

***

Günlərcə yağdı,
nə insanlara, nə dünyaya
gücü çatdı yağışın...
özünə ərk elədi...
təmizlənmək istəyir...
yağışın çirki də insanlığa yağır indi...

***

Susmaq istəmən,
daha çox danışmağa ehtiyacın var demək..
susaraq danışmaq istəyirəm...
baxışlar, jestlər ...daha nələr...
dil susar, onlar əsla!
susublarsa, ruhsuzsan...
ruhsuzsansa, ölüsən...
ölüsənsə yoxsan...
dilimizi kilidləyib, susmuşam deyirik...
nə ölmək, nə yoxa çıxmaq....
sadəcə danışmaq istəyirik!
mənimsə yanında susmağa kimsəm yoxdu artıq...

# 1315 dəfə oxunub

Oxşar xəbərlər

# # #