Bu bıçaq, bu da kürəyim

Bu bıçaq, bu da kürəyim
27 aprel 2013
# 07:00

Kürçaylı Məmmədov

***

Uzaqda,

bir az da səndən uzaqda yaşayan oğlanın

ürəyinin sol tərəfi üşüyür,

sol tərəfi üşüyür yatağın.

Siqaret dumanlığı da yox,

içki sərxoşluğu da yox

səni dağıtmağa,

səni unutmağa.

Gözlərimdən yuxu əvəzinə

ayrılıq tökülən gecədə səni arzulamaq

xəritə üstündə oturub

Parisə getmək qədər axmaqlıqdı bəlkə də.

Bəlkə də

ən böyük axmaqlıq

səni sevməkdi elə,

sənə yanmaqdı,

xəbəri ola-ola urəyindəki sənin “sən”indən...

03.03.2013

***

Bu gecə işıqlarının kimsəsizliyi
ağır gəlirmi görən
evdəki çilçıraqlara?
Kimsə bildimi
küçə işıqlarının nə çəkdiyini?
Küçə qızı kimi
daş atdı hamı,
fitə tutdu onları.
Onlarsa
şəhərin qaranlıq küçələrini
aydınlatmaqda səhərədək...
Biz bir küçə işığıyıq
yalnızlığımızla.
Küçə uşağı olmaq
ağlımızın ucundan keçdi,
taleyimizdən yox...
Məsələn,

sən küçə qızı deyilsən ki,
götürüb vurum qoltuğuma,
aparım öz içimə...

13.03.2013

***

Yenə tənha dayanmışam,

Sənçün eşq əkdiyim yerdə.

Gəl, görüşək biz bu səhər

Dərdini çəkdiyim yerdə.

Qəm yeyirik qaşıq-qaşıq,

Tanrı özü qəmdən çaşıb,

Əllərimi tikan deşib

Sənə gül bükdüyüm yerdə.

İsit soyuq sözlərimi,

Gözləyirəm gözlərini,

Yollarına gözlərimi

Həsrətlə dikdiyim yerdə.

Bu əlimdi, bu ürəyim,

Bu yol, bu da ki, taleyim,

Bu bıçaqdı, bu kürəyim

Qalmışam çökdüyüm yerdə.

02.03.2013

# 897 dəfə oxunub

Oxşar xəbərlər

# # #