Zərdabda zorlanan qız nə etməlidir?

Zərdabda zorlanan qız nə etməlidir?
17 aprel 2013
# 07:45

Ötən il dekabrında Hindistanda 6 kişinin 23 yaşlı tələbə Cioti Sinqx Pandini zorlaması, zərərçəkənin ölməsi ölkədə nəhəng etiraz dalğasına səbəb olmuşdu.

Etik səbəblərdən qurbanın kimliyi barədə məlumat verilməsə də, sonradan ata qızının fotosunu və adını ictimaiyyətə açıqladı.

Ata ümid edir ki, məlum açıqlama, qadınlara seksual zorakılıqla mübarizədə inam, cəsarət verəcək.

Keçən həftə isə bizim internet portallar Zərdab rayonunda cinsi təcavüzə məruz qalan qızcığazın bacısının məktəbdən qovulması xəbərini yaydı.

Rayon Təhsil Şöbəsinin müdiri Baba Babayev deyir: “Təbii ki, ictimai qınaq var (?) və onu məktəbdən valideynləri çıxarıb. Kənd yeridir, atası-anası qoyardılarmı, uşaq gedib sinifdə otura? ”.

Yeri gəlmişkən, Baba Babayev, əzilən insanın yanında olan ədəbiyyatın təmsilçisidir, filologiya elmləri doktorudur və üstəlik, Yazıçılar Birliyinin üzvüdür.

Baş verən təcavüz aktına cəmiyyətin anormal münasibətilə qarşılaşırıq: məktəb ailəyə dəstək olmaq əvəzinə yaxasını kənara çəkir, hüquq-mühafizə orqanları olayı vecinə almır, ictimaiyyət fakta ailənin şəxsi problemi kimi yanaşır, valideynlər utanır, sıxılır, digər qızlarını da kasıblıq adı ilə məktəbdən çıxarır.

Məsələnin ən absurd tərəfi zərərçəkənə ictimai qınağı normal qarşılayan yerli Təhsil Şöbəsinin soyuqqanlı, bivec, əyalətçi münasibətidir.

Hindistan seksual zorakılıq aktına etirazı ictimailəşdirir, hakimiyyətdən təcili tədbirlərin götürülməsini tələb edir.

Azərbaycanlılar isə analoji hadisə baş verəndə susur, utanır.

Bu, tipik Azərbaycan mentallığıdır.

Elə bir dövr gəlib ki, biz adət-ənənələrə, dəyərlərə yenidən baxmalıyıq, onu yenidən qiymətləndirməliyik.

Məsələn, qadına təcavüz edilirsə və ya ona qarşı hər hansı seksual təşəbbüsə cəhd olunursa, o, abır-həyasına qısılıb susmamalı, gizlənməməlidir, hər şeydən əvvəl isə onu ailəsi dəstəkləməlidir.

Bəlli situasiyada abır-həya gözləmək qanunu pozmaqdır. Özünə hörmətsizlikdir. Təhqiri qəbul etməkdir, sənə edilən təcavüzlə razılaşmaqdır.

Abır-həya gözləyib susmaq seksual zorakılığa meylli kişilərə yeni fürsətlər verməkdir.

Bu, elə təhqiramiz, alçaldıcı vəziyyətdir ki, susmağın özü cinayətdir. Danışmaq vacibdir, haqqını tələb etmək zəruridir.

Hər bir qadın seksual xarakterli zorakılıq təşəbbüsünə məruz qalır. Məsələn, qadın küçədə sırtıq kişilərin seksual aclıq ifadə edən baxışları ilə təqib olunur, ictimai nəqliyyatlarda əllərinə fürsət düşən kişilər onun bədənini əlləşdirir, cinsiyyət orqanını vücuduna sürtürlər. Bəziləri sosial şəbəkələrdə cinsəl yanğılarını söndürmək üçün ədəbsiz mesajlar yazırlar.

Qadınların kişilərin bu növünə qarşı dözümsüz olmasını, dərhal reaksiya verməsini arzulayıram. Etiraz edin, polisə gedin, belə mesajlar yazan adamın kimliyini Facebook statuslarınızda elan etməkdən çəkinməyin, etibarınızdan istifadə edən tanıdığınız adamdırsa, ümumi dost-tanışlarınıza, ailənizə hadisəni danışın. Onlara psixoloji zərbəni siz vurun, utanc hissini yaşadın. Yersiz abır-həya, qorxu hissini dəf edin.

Zərdabda baş verən olaya qayıdaq. İctimai qınaq zorlayana yox, zorlanmışa yönəlirsə, faktın özü cəmiyyətdə sağlam düşüncənin təhlükədə olmasını göstərir, bu, həm də xəbərdarlıq siqnalıdır. Ölkənin hər bölgəsində məsələylə bağlı əhatəli, vaxtaşırı maariflənmə təbliğatına və bununla da ictimai rəyə təsirə, onu dəyişdirməyə ehtiyac var.

İnsanlara seksual xarakterli zorakılığın individual yox, hamının üzləşə biləcəyi, kiminsə sığortalana bilməyəcəyi məsələ olduğunu anlatmaq lazımdır. Və əgər kimsə zorlanırsa və ya seksual zorakılıq cəhdinə məruz qalırsa, bu, təkcə, zərərçəkənin yox, hamının ləyaqət məsələsidir.

Təbliğat məsuliyyəti məktəblərin, polis şöbələrinin, ictimai institutların üzərinə düşür.

Ən effektli təbliğat isə sözsüz ki, KİV-dir. Xüsusən də, elektron KİV.

Müğənnilərin mənasız həyatını, estetik əməliyyatlarını, fikirlərini bizə gərəkli informasiya kimi sırıyan telekanallar xəbərlər və ya cinayət verilişlərində zorlanma faktları ilə bağlı səthi məlumatlar verməklə kifayətlənirlər.

Nəhayət, telekanallar heç olmasa, bu vacib məsələdə öhdələrinə düşən maariflənmə funksiyasına əməl etməyə borclu olduqlarını anlasınlar.

# 8083 dəfə oxunub

Oxşar xəbərlər

Qızı Çaplinlə evləndi, oğlu intihar etdi... - Dördqat Pulitser və Nobel mükafatçısı

Qızı Çaplinlə evləndi, oğlu intihar etdi... - Dördqat Pulitser və Nobel mükafatçısı

16:55 27 noyabr 2025
Avropa simvolizminin siması - Onu niyə “müasir Dante” adlandırırdılar?

Avropa simvolizminin siması - Onu niyə “müasir Dante” adlandırırdılar?

15:11 27 noyabr 2025
"Alman romantizminin son cəngavəri"  adlandırılan yazıçı

"Alman romantizminin son cəngavəri" adlandırılan yazıçı

18:18 26 noyabr 2025
Macar modernist poeziyasının rəmzi - Ona niyə alim-şair deyirdilər?

Macar modernist poeziyasının rəmzi - Ona niyə alim-şair deyirdilər?

17:23 26 noyabr 2025
İngilis dilini öyrənmək istəyirdi, dramaturq oldu - Ejen İonesko qurtuluşu nədə görürdü?

İngilis dilini öyrənmək istəyirdi, dramaturq oldu - Ejen İonesko qurtuluşu nədə görürdü?

14:00 26 noyabr 2025
"Pul kisəsi" ilə evləndi,  Servanteslə rəqabət apardı... -  XVI əsrin ən eşqbaz şairi

"Pul kisəsi" ilə evləndi, Servanteslə rəqabət apardı... - XVI əsrin ən eşqbaz şairi

14:00 25 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər