Nəsimi Nəbizadəyə bağladığım vedrələr

Nəsimi Nəbizadəyə bağladığım vedrələr
2 aprel 2013
# 07:45

AZTV-də “Xəbərlər”də işlədiyi vaxtlar Nəsimini bir dostu evinə qonaq çağırır. Dostu ilə möhkəm yeyib-içəndən sonra Nəsimi siqaret çəkmək üçün üçüncü mərtəbədə yerləşən mənzilin balkonuna çıxır. Küçədə gedən insanlara baxarkən, müvazinətini itirərək balkondan aşıb yerə yıxılır. Özünə gələndə baxır ki, ətrafına xeyli adam yığılıb. Bir qoca qarı irəli yeriyib Nəsimidən soruşur:

- A bala, burda noolub?

Nəsimi üst-başını çırpıb təmizləyə-təmizləyə:

- Xala, vallah bilmirəm, mən də indicə düşmüşəm.

***

Nəsimi səhər-səhər "Xəbərlər"i oxumağa gələndə otaqda iş yoldaşlarına sevincək belə deyir:


- Dostlar, inanmazsınız, dünən məni özgə planetdən gələnlər aparırdı!


İş yoldaşları təəccüblənirlər:

- Nəsimi, danış görək sən canın, necə aparırdılar?

Nəsimi əlinin birini yuxarı qaldırıb havada çevrə cızaraq:

- Gözlərimin qabağında zəif işıq yanırdı, uçan boşqabın divarında çoxlu rəngli düyməciklər vardı, məni göylərə qaldırırdılar...

Bu zaman telestudiyanın sürücüsü Nəsiminin başına toplaşanların arasından çıxıb belə deyir:

- Allah evini tiksin, o mən idim, dana, səni Semaşkoda liftlə həkimin yanına qaldırırdım...

***

Bir gün Nəsimi yaxın dostu Həsənlə görüşür. Baxır ki, Həsən bərk dilxordu, dərhal xəbər alır:

- Əə, qardaş, noolub, yaman dilxor görünürsən?

- Problemim çoxdu, ay Nəsimi, problemim...

- Mən ölüm, nə problem? Olmaya, arağın yoxdu?

- Ayə, araq nədi, bir ildi arağı atmışam, prosto problemim çoxdu...

- Aəə, problem elə odu, dana, içmirsən...

***

Nəsimi AzTv-də işlədiyi vaxtlarda efirə çıxmaq ərəfəsində ürəyi bulanır. Onu dərhal həkimə götürürlər. Həkim məşhur diktorun nəbzini tutub soruşur:


- Dünən möhkəm vurmusan?

- "Vurmusan" da sözdüüü? Səhərə qədər ley-pey idi!

- Bəs ondan əvvəlki gün?

- Əşi, hə, ey, həəə!

- Onda, qabaqca al bu bir stəkan suyu iç, qoy mədən təəccüblənsin...

***

Şəhərdə dostlarla veyllənməyi sevdiyinə görə Nəsimi Nəbizadə ciddi iş rejimi tələb olunan AzTv-dən qaçır. Atası onun tüfeyli həyatını heç cür qəbul eləmək istəmir. Ona görə gecə evə dəm gələn oğlunun üstünə hücum çəkir:

- İndi bilirsən, sən kimsən? Sən heç nəsən, heç nəəə!

Nəsimi kefini də pozmadan:

- A kişi, çox da şişirtmə! - deyir.

***

Nəsimi Novruz bayramını yola verəndən sonra belə bir status yazır:


"Ay qardaşlar, bahar da gəldi, nədənsə, həyətimizdəki ağaclar çiçək açmır, mən nağayrım?!"

Murad Köhnəqala statusa belə bir rəy yazır:

"Əə, içib ağacların dibinə qusanda bilmirdinmi, baharın ürəyi bulanacaq?.."

***

Nəsimi səhər tezdən oyananda görür ki, dədəsi gecədən qalan yarımçıq arağı gizlədib.


- A kişi, arağı hara qoymusan? – deyə, atasından soruşur.

- Canına azzara qoymuşam, bəs deyilmi!..

Nəsimi ovcundakı göy həbi dədəsinə göstərərək zarıyır:

- A kişi, başım partlayır, yüz qram araq süz, qoy baralginimi içim!..

***

AzTV-də eşidirlər ki, Nəsimi onları tərk edib APA TV-yə getmək istəyir. Onu geri, "Xəbərlər"ə qaytarmaq üçün zəng eləyib belə deyirlər:
- Nəsimi, qayıt bizə, maaşını nə qədər istəsən artıracağıq...

Nəsimi israr eləyir:


- Sizin maaşınız mənə lazım deyil, əl çəkin!

- Səni istədiyin şöbəyə müdir qoyacağıq.

- İstəmirəm, ee, istəmirəm! Artıq boğaza yığılmışam, bir də məni narahat eləməyin!

- Bura bax, əə, çox da yuxarıdan getmə haa, sən öl, sənin adına açdığımız o "Nəsimi" metro stansiyasını bağlayarıq, yana-yana qalarsan!

Nəsimi:

- Mənə minnətli metro stansiya lazım deyil! Gedin, stansiyanızı o soyulan şairiniz İmadəddin Nəsiminin adına "aformut" eləyin!

***

Bir gün Nəsimi yenə də dəm halda dostu Həsənin ev telefonuna zəng vurur. Evdə heç kim olmadığından dəstəyi it götürür:


- Ham!!!


Nəsimi heç nə başa düşmür:


- Əə, içifsənmi, normal danış görüm, nağayrırsan, heç nə başa düşmürəm.


- Ham-ham-ham!


Yenə bir şey anlamayan Nəsimi telefonda qışqırır:


- Ayə, nə demək istəyirsən, hərif-hərif de görüm...


İt:


- Həmid, Aqşin, Mövlud...

***

Bir dəfə Nəsimi internetdə yeni tanış olduğu bir xanımla görüş təyin edir. Sonra yazıb soruşur:

“Bəs səni necə tanıyacam?”

Xanım cavab olaraq belə yazır:

“Əynimdə mavi gödəkcə, cins şalvar olacaq. Uzun, şəvə kimi qara saçlarım var, gözümün də biri çaşdı. Boyum 175, çəkim isə təxminən 82 kilo olar.”


Sevdiyi xanımla tez tapışmaq üçün Nəsimi belə yazır:

“Aha, mənim də əynimdə qar kimi bəyaz köynək, boz, mil-mil kostyum, əlimdə isə tərəzi və metr olacaq..."

# 4132 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #