Əməkdar eynəkli adam

Əməkdar eynəkli adam
13 mart 2013
# 14:23

Yusif Rzayev

Əzizim Qismət!

Burnunun üstündəki o əməkdar eynək dünyanı necə göstərir?

Göy üzünü təmiz göstərə bilirmi?

Ağaclar yarpaqlayırmı?

Çicəklər qönçə bağlayırmı?

Ulduzlar bulaşıq görünmür ki?

Mən o eynəyin arxasından baxan o bir cüt gözün çox fərqli şəkillərini görmüşəm:

Sən xaricdən müalicədən təzəcə qayıdan dostunun – Zərdüştün telefonda gümrah səsini eşidib uşaq kimi şadlananda o bir cüt göz sevincdən par-par yanırdı...

Çox yox, bir neçə ay sonra dostunu – Zərdüştü itirmək xəbərini eşidib keyimiş vücudunla nə baş verdiyini hələ tam qavramayanda o gözlər yaş içində az qalırdı hədəqəsindən çıxsın...

***

Bəs ürəyin nə deyir?

Göy üzünün təmizliyinə inanırmı hələ?

O ürəkdən boylananda -

Agaclar yarpaqlayırmı?

Çicəklər qönçə baglayırmı?

Ulduzlar bulaşıq görünmür ki?

... Mən o ürəyin də çox fərqli şəkillərini görmüşəm –

Neçə vaxtdan bəri yazmaq istədiyin, gecə-gündüz havasına yaşadığın yazını bitirib son nöqtəsini qoyanda da, gözəl bir kitabı oxuyub qurtarandan sonra aldığın zövqü bölüşəndə də, tay-tuşlarından kimdəsə bir istedadlı cümlə, misra tapanda da o ürəyin qocamancasına necə sevindiyini görmüşəm.

İstedadına və intellektinə inandığın cavan bir əhli-qələmin dünən dediyi sözə bu gün naxələf cıxdığını görəndə də, yazısına görə qocaman bir yazıçıya olmazın təhqirlər yağdırılanda da o ürəyin hansı təlatümlər yaşadığını hiss eləmişəm...

***

Sənin hələ nə yaşın var ki?

Amma yazan adam üçün bu yaşda bu dəyişkən olacaqlara şahidlik eləmək təkcə ŞAHİDLİK ELƏMƏKlə bitmir ki: bu təlatümlər adamın içındə dərin izlər qoyur, zədələr buraxır... Di gəl bundan sonra yaz görüm, necə yazırsan, o dupduru sözləri ovundur görüm, necə ovundurursan?

Bilirəm, bilirəm ki, bunları sən özün də bilirsən və həm də hamıdan yaxşı bilirsən. Ona görə deyirəm ki, bunları bilsən də yorulmayasan, usanmayasan – yazasan...

Yazasan! Heç nəyə, heç kimə baxmadan yazasan!

Bir də o əməkdar eynəyin arxasındakı o gözləri və o ürəyi qoruyasan!...

https://www.facebook.com/yusif.rzayev.10

# 3113 dəfə oxunub

Oxşar xəbərlər

"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

14:47 5 may 2026
"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı  haqqında nə yazırdı?

"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı haqqında nə yazırdı?

12:00 5 may 2026
Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

11:30 5 may 2026
90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

12:00 4 may 2026
Şehlə günahını yuyan şair - Esmira İsmayılova

Şehlə günahını yuyan şair - Esmira İsmayılova

11:20 4 may 2026
"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

16:30 1 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər