Yeni dövrün müftəxorları

Yeni dövrün müftəxorları
12 mart 2013
# 14:53

Müstəqilliyin ilk vaxtlarında rus kanalları məşhur bir reklam verirdilər: “AO MMM”. Bu guya insanların evində oturub pul qazandığı, faizlərlə dolanacağı bir şirkət idi. Sonra rus hökuməti bu şirkəti qeyri-qanuni hesab edərək fəaliyyətini dayandırdı, üzvləri də həbs edildi. Şirkət fəaliyyətini dayandırandan sonra da efirdə reklamları gedirdi. Deyirlər guya şirkət reklamın məbləğini bir neçə illiyinə ödəyibmiş.

Sovet dövrünün son illəri həqiqətən absurd bir dövr idi. İnsanlar kolxozlarda, idarələrdə yalançı planlar doldurur, bunun əvəzində maaş alırdılar. Putyovka götürüb dincəlməyə gedirdilər. Əsl kommunizm idi. Fəhlələr, kəndlilər bir birindən gözəl istirahət məkanlarında dincəlirdilər. Elə bilirdilər zəhmət çəkmədən də yaşamaq olar. Elə güman edirdilər ki, işləmədən də yaşamaq olar. Faciə də bu idi ki, insanlar buna inanırdılar.

Elə bu zərurətdən də bizdə “Vahid bank”, “Ukrayna-Azərbaycan Dostluq Cəmiyyəti” yarandı. Pulunu qoy banka. İşləmə, aybaay gəl faizini al, şah balası kimi dolan. Həqiqətən də buna inananlar vardı. İnsanlar kütləvi surətdə evlərini, maşınlarını satıb bu banklara qoyurdular. Yenə də sadə bir həqiqət heç kəsin ağlına gəlmirdi. İşləmədən yaşamaq, alın təri tökmədən qazanmaq olmaz.

Bir müddətdən sonra “Vahid Bank”ın da zayı çıxdı. “QAZ 24”-nü, evini itirən oldu, infarkt vuran, iflic olan, ürəyin tutub ölən oldu.

İnsanlar başlarını salıb işləməyə başladılar. Bir neçə il sonra Azərbaycanda şəbəkə marketinqi yayılmağa başladı. Xarici şirkətlər, holdinqlər, transmilli korporosiyalar peyda olmağa başladı. Bu şirkətlər insanları Mövlanə Cəlaləddin Rumi kimi özlərinə sarı çağırırdılar: “Nə olursun ol, gəl”. Kim olursan ol, təhsilin nə olursa olsun, fəhlə, müəllim, zabit, sürücü, gəlin, bizdə sizə iş var.

Bu şirkətlərin vədləri nə idi?

Asan pul qazanmaq

Tez varlanmaq

Az işləmək

Lider olmaq

Əlbəttə, bəzi şirkətlərin qurduqları şəbəkə işlək idi. Pul qazanmaq olardı. Misal üçün, məşhur ətir firması bu cür işləyirdi. Ora üzv olub qazananlar da vardı.

Amma mən heç vaxt o şirkətlərdə işləyib milyonlar qazanan adam görmədim. Az işləməklə çox qazanan görmədim. Orda da ən zəhmətkeşlər elə aylıq “çörək pulu”nu çıxarırdı. Əlbəttə istisnalar həmişə var. Biz çoxluqdan danışırıq.

Əksəriyyət o cür şirkətlərin fəaliyyətindən xəbərdardır. Amma əsas vacib məsələ o idi ki, işləmək istəyənlərdən ilk növbədə üzvlük haqqı və müəyyən miqdarda mal almaq tələb olunurdu. Bəziləri isə üzv olandan sonra təzə işçi dəvət edə bilmirdilər. Və avtomatik işdən çıxırdılar. Hətta bir ara elə dövr yaranmışdı ki, kimə baxırdın, hərəsi bir firmanın üzvüydü, bilmirdilər kimi üzv edələr. Adam tapılmırdı.

Şəbəkə marketinqinin təşəkkül tapdığı vaxt 1998-ci illər idi. Kütləvi işsizlik idi. İnsanlar buna çıxış yolu kimi baxırdılar. Sonralar buna qarşı ehtiras, maraq da azaldı.

Amma yenə də asan pul qazanmağın yolunu axtaranlar bundan əl çəkmədilər. Hətta sonrakı şirkətlər yeniliklər etməyə başladılar. Təkliflərində müxtəlif dəyişiklik oldu.

Bu şirkətlərin treninqi də maraqlı idi? Treninqdə işçilərə belə sual edirdilər: “Sən kimsən?”, “Hardasan?” və “Harada olmaq istəyirsən?” Nümunələr də göstərirdilər: Əli 3 il əvvəl acından it döyürdü, indi Kanar adalarında dincəlir. Hər həftə hesabına bu qədər pul daxil olur. Bu cür nümunələri insanları şirnikləndirirdi.

Bizdə kapitalizm hələ tam oturuşmayıb. Necə deyərlər, öz qədəmlərini hələ təzə basıb ölkəmizə. Özü ilə birlikdə bir sürü fırıldaqçılar, avarlar, müftəxorlar, da gətirib. Sadəlövlər isə həmişə var. Türkiyədə və başqa üçüncü dünya ölkələrində bu proses xeyli əvvəl baş verib. Bu öz əksini ədəbiyyatda da tapıb.

Əziz Nesinin “Kafedə” adlı bir hekayəsi var. Hekayəni burdan oxuya bilərsiz. Qısa məzmunu isə budur ki, bir kişinin evində tikiş maşınının iynəsi xarab olur. Ona deyirlər get filan kafeyə. Ora gedir və bir nəfər deyir ki, filan qədər iynə məndə. Pulu alıb itir.

Növbəti dəfə başqa şey üçün gedir, yenə pulu bir nəfərə verir. Yenə aldanır. Bir neçə dəfə bu hal təkrar olunur. Başqa bir səfərdə kişi kafeyə girir və bir nəfər ona yaxınlaşır. Bu o dəqiqə deyir ki nə axtarırsan? Sonra o adamdan pulunu alıb yola salır. Və bu işlə məşğul olmağa başlayır. Bütün gününü kafelərdə oturub çay içir və bir şey axtaranları razı salıb pulunu alıb yox olur.

Qəribəsi isə budur ki, kişi bunu qonşusuna danışdığı halda qonşu da söhbətin axırında deyir ki, mənə də filan şey lazımdı. Sonra da pulu uzadır ki, onun da xahişini yerinə yetirsin.

Keçən gün ruslar demiş “kak raz” elə bir kafedə oldum. Sanki özümü Əziz Nesinin hekayəsində hiss elədim. Kafe şəbəkə biznesi ilə məşğul olanlarla dolu idi. Şirkətin işçiləri “qurban”larını bu kafeyə dəvət edib burda təlimatlandırırdılar.

Kafenin genişliyi və yuxarı mərtəbədəki nəhəng ofis şirkətin fəaliyyətinin genişliyindən xəbər verirdi. Bura işə düzəlmək istəyən dostumu gözləyəndə qarşımda əyləşmiş adam şirkətlərinin fəaliyyətini elə həvəslə izah edir ki, sakit səs tonu və heyrət dolu baxışları ilə sanki nağıl danışırdı. Qazanılan pullardan, uğur qazanmış insanlardan, uğurun yollarından xeyli danışandan sonra bir az da stola əyilərək pıçıltıyla son nöqtəni belə qoydu: “Bilirsən, bizim şirkətdə fəhlə də var, nazir də”.

Daha sual verə bilmədim. Nimfaların səsini eşidib onların tilsiminə düşməməkdən ötrü qulaqlarını tutan Odissey kimi söhbətdən yayınmaq üçün telefonla qurcalanmağa başladım.

Yenə də öz-özümə düşündüm; gör nə qədər insan bu sözün sehrinə düşüb. Bu böyük kafe də, bu nəhəng ofis də bariz nümunə. Deməli, hələ də nağıllara inananlar, işləmədən, alın təri tökmədən varlanmaq istəyənlər var.

# 2748 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #