Qabil nazirin qızıl onluqlarını niyə satdı?

Qabil nazirin qızıl onluqlarını niyə satdı?
21 fevral 2013
# 08:45

Kulis.az Xalq şairi Qabilin oğlu Mahir Qabiloğlunun “Atam Qabilin qəribə əhvalatları” kitabından iki maraqlı əhvalatı təqdim edir.

Qızıl bədbəxtlik gətirir

Atam yaxşı təsbeh və qaragül dərisindən tikilmiş papaq həvəskarı idi. Bunu bilən o vaxtkı dəmir yolu idarəsinin rəisi, indiki Nəqliyyat naziri Ziya Məmmədov 75 yaşında atama bir qızıl təsbeh və çeçen papağı bağışlamışdı. Bu hədiyyə atamı o qədər təsirləndirmişdi ki, Ziya müəllimə şeir ithaf eləmişdi:

Bəxşişlərin – qızıl təsbeh,

Bir qiyamət yadigar.

Şanlı çeçen papağına

Hansı papaq tay olar?!

Dəmir yolu...

Ömür yolu,

Qoşa qanad, qoşa qol.

Sabahların ziyasına

Qoy, bürünsün qoşa yol.

Hədiyyələrin içində iki ədəd 10-luq qızıl da var idi. Fikirləşirdim ki, ad günlərinin birində nəvələrinə bağışlayar. Üstündən bir müddət keçmişdi. Evə gəldim. Sevinə-sevinə dedi ki, “Qızılları əritdim, getdi” Nə qızıl, nə filan. Evdə vur-tut bir üzük və bir də sırğa olardı, onları da anam taxırdı. Ziya müəllimin verdiyi hədiyyələri tamam unutmuşdum.

- Nə qızıl, nə əritmək? – deyə soruşdum.

- Ziya iki dənə 10-luq, bir təsbeh vermişdi ya?! Onları deyirəm. 380 dollar elədi. (2000-ci il idi) Getdik dayın Rafiqlə yedik-içdik.

Axı o 380 dollara ehtiyac olsaydı məni yandırmazdı. Maddi durum normal idi. Soruşdum:

- Axı niyə?

- Qızıl bədbəxtlik gətirir, - dedi.

80 illiyində Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun atama bağışladığı qızıl təsbehi isə evə çatmamış mən “müsadirə” etdim.

14 “şirvan” və etiraz

1995-ci ilin deputat seçkilərindən atam Nəsimi rayonundan namizədliyini vermişdi, deyirdi ki, Nəsimi poemasını yazdığıma görə namizədliyimi bu rayondan vermişəm. Atam seçkidən məğlub oldu. Qırışığı da açılmırdı. Namizədliyini irəli sürəndə isə 140 min manat da rüsum ödəmişdi. Pul da batmışdı.

Günlərin bir günü dövlət tədbirində idi. Sevinə-sevinə evə qayıtmışdı. Soruşduq ki, nə olub? Dedi ki, Heydər Əliyev kefimi soruşdu:

- Necəsən, Qabil?

- Necə olacağam? Ömrümdə bircə dəfə deputat olmaq istədim. Namizədliyimi də Nəsimi rayonundan verdim. İndi mən nə biləydim ki, bunun üçün əvvəlcədən soruşmaq lazım imiş. Deputat seçilmədim e, bu heç... Ara yerdə 14 “şirvanım” batdı.

Bunu eşidən Heydər Əliyev və yanındakılar gülüşürlər. Heydər Əliyev o vaxt Milli Məclisin sədri Rəsul Quliyevə tapşırır ki, Qabilin 14 “şirvanı”nı qaytar.

Həmin gün çox sevinirdi – ürəyini boşaltmışdı.

# 6020 dəfə oxunub

Oxşar xəbərlər

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

10:00 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər