news-inner
clock11:15 calendar-gray 20 Fevral 2013 view-gray1164 dəfə oxunub
view-gray1164 dəfə oxunub

“Burdan bütün sevgililərimə “salam” göndərirəm”

Kulis.Az gənc yazar Cəlil Cavanşirin müasibəsini təqdim edir.

- Siz Azərbaycanda azsaylı yazarlardansınız ki, mədrəsə təhsili görmüsünüz. Yeniyetməlik illəri dini ortamda keçən biri kimi söyləmənizi istərdim. Bu illərin yaradıcılığınıza nə qədər təsiri olub?

- Mədrəsədə təhsil almağım yalnız yaradıcılığıma yox, həyatıma da təsir edib. Quranı, ərəb əlifbasını öyrənməyə qərar verəndə hər gün 3-4 km yolu piyada mədrəsəyə gedib dərs oxuyanda yaşıdlarımdan fərqləndiyimi hiss edirdim. Yaşıdlarım kolxozun dağılan anbarının binasında quş tutanda mən “Fatihə” surəsini əzbərləyirdim. Mədrəsə təhsili alan zaman indi çoxlarının ağız dolusu danşıb amma mahiyyətini bilmədiyi sufi ədəbiyyatı eyni zamanda dinlə əlaqəsi olmayan dünya ədəbiyyatı ilə tanışlığım yaradıcılığıma təsir etdi. Dini bilmədən dinə qarşı çıxmaq, dini bilmədən dini söymək sarsaqlıqdır. Ümumiyyətlə bir şey haqqında fikir söyləmək üçün onun mahiyyətini bilmək lazımdır. Mənə elə gəlir ki, mən az da olsa, o elmdən xəbərdar ola bildim. Peşman deyiləm, həyatımın o dönəmindən çox razıyam. Yəni illərim boşa getməyib.

- Çox qəribə bir tendensiya müşahidə olunur ki, gəncliyi islamçıların arasında olan yazarlar düşərgəsini dəyişdikdən sonra islam dini haqqında sərt yazırlar. Bunun səbəbi nədir?

- Desəm ki, “mən İslamda hər şeyi dərk elədim və bəyənmədim, ona görə uzaqlaşdım” bu doğru olmaz. Bəlkə də, nəyisə dərinliyinə kimi dərk edə bilmədiyimə görə dindən uzaqlaşdım. Özümü kütləvi psixozun təsiri ilə ateist hesab edənlərdən saymıram. Mən içimdəki işığı bilən adamam. Tənqid etdiyim, Azərbaycanda da, dünyada da görmək istəmədiyim İslam yox, fanatizmdir. Mən fanatizmə qarşıyam. Dini fanatizmin əleyhinə 15-dən artıq yazı yazmışam. Dünyadan bixəbər ateistlərin də əleyhinəyəm. Mən düşüncə olaraq İslama inanmaya bilərəm, bu inamsızlığım təbliğat vasitəsi deyil və heç kəsi islamdan uzaqlaşdırmaq istəmirəm. İslamda insanlar üçün faydalı olan çoxsaylı gözəlliklər var. Mən yüzlərlə insan göstərə bilərəm ki, həyatını bu qaydalar əsasında qurub və cəmiyyət üçün yararlı insana çevrilib.

- Belə deyək də, siz İslam şəriətinin əleyhinəsiniz.

- Mən İslama inandığım vaxtlarda da şəriətçi olmamışam. Həmişə dinin hüzura və rahatlığa aparan tərəflərini içimdə daşımışam. Mənə elə gəlir ki, mənim oxuduğum İslam daha işıqlı idi. Mənim oxuduğum İslam yazara fətva verməzdi. Bəlkə də, məni İslamdan uzaqlaşdıran elə bu səbəblər oldu. İslamın yas-mağar dininə, fanatların oyuncağına, başını yarıb, sinəsinə döyənlərin dininə çevrilməsi məni diksindirdi.

- Türkiyədə, eləcə də bizim ölkəmizdə milliyətçi-dinçi kəsimə aid olan yazarlar qəsdən görməzdən gəlindiklərini düşünürlər. Siz necə düşünürsünüz? Doğurdandamı qərb dünyası Elif Şafakı Orxan Pamukun, Xanəmiri Əli Əkbərin ayağına verir?

- Məncə, hansısa yazarı digərinin ayağına vermək tendensiyası yoxdur. Bu gün Türkiyədə Elif Şafakın, İsgəndər Palanın, Orxan Pamukun, Ahmet Ümidin öz oxucuları var. Kommunist Nazim Hikməti də sevirlər, dindar Nəcib Fazil Kısakürəyi də. Yəni ədəbiyyatda kimisə kiməsə dəyişmək tendensiyası yoxdur. Nə Elif Şafak, nə də Orxan Pamuk mənim sevdiyim yazıçılar deyil. Orxan Pamuk Elif Şafakla müqayisədə oxuna biləcək yazardır, amma mənim yazıçım deyil. Mükafat məsələsinə gəldikdə isə düşünürəm ki, Türkiyədə yaxın vaxtlarda böyük mükafat alacaq yazar Elif Şafakdır. Yazdığı köşələr və romanlar bunu düşünməyə əsas verir. Həm də dünya səviyyəsində tanınması, ingilis dilli oxuculara çıxış imkanın olması onun dünya çapına çıxmasına imkan verir, o yolu açır. Azərbaycana gəldikdə “mən Xanəmiri oxuyub anladım” deyib onun kitabını kənara qoya biləcək 10-15 nəfərdən çox adam olduğunu hesab etmirəm. Əli Əkbər isə havalı yeniyetmələrin yazarıdır. Əli Əkbər qalıcı ədəbiyyat yazmır, o gənclərin damarını tutub və populyar ədəbiyyat yazır. Əli Əkbər epitaj yazır və epitaj hər zaman oxunur. Bizdə kitab oxuyan gənclər arasında Əli Əkbər populyardır. Amma bunun böyük ədəbiyyat olmadığını, oxucuya onu vermək lazım olmadığını da bilirik. Reallıq isə budur ki, Əli Əkbər oxunur. Məsələn, sizcə nə üçün Koelyo çox oxunur və çox satılır? Etiraf edək ki, mənim ədəbi zövqümə görə Koelyo, Markes kimi yazıçılar ciddi yazıçı deyil, amma oxunur.

- Söhbət Qabriel Qarsiya Markesdən gedir? Markesi ciddi yazıçı hesab etmirsiniz?

- Yox, hesab etmirəm. Populyarlığa can atan, oxucuya heç nə verməyən, şöhrətə, pul qazanmağa doğru can atan yazıçılar mənim nəzərimdə ciddi yazıçı deyillər. Markesin Türkiyədə və Azərbaycanda tərcümə olunan bütün kitablarını oxumuşam. Markesi bəyənməməkdə səbəblərim var. Kimsə sözümün başına ip salıb - “Bu o qədər bilir ki, Markesi qeyri-ciddi yazıçı sayır, bəyənmir?” sualını verə bilər. Əgər mən Markesi oxumasaydım, hamı kimi onun çox böyük yazıçı olduğunu düşünərdim. Və ya bir kitabını oxusaydım, ona mədhiyyələr yağdırardım. Amma mən Markesi oxumuşam və onun yaradıcılığı mənim zövqümə görə deyil. Mən Herta Müllerin bir romanından aldığım enerjini Markesin oxuduğum heç bir kitabından ala bilməmişəm. Koelyo da həmçinin. Qətiyyən bəyənmirəm. Onun indiyə kimi dörd-beş əsərini oxumuşam və bəyənməmişəm. Koelyo hətta “Ginnesin rekordlar kitabı”na ən çox tərcümə olunan yazıçı kimi düşüb.
Dünyada hansı proseslər gedirsə, Azərbaycanda da kiçik miqyasda oxşar proseslər gedir. Çox satılan, populyar olan hələ yaxşı olan demək deyil. Ona qalsa Elxan Elatlı, Varis, Çingiz Abdullayev də çox satılır. Amma heç kəs durub deyə bilməz ki, bunlar ciddi ədəbiyyat yaradır.

- Dinlə ədəbiyyatın bir arada olması nə dərəcədə mümkündür? Bu ikisini birləşdirə bilən neçə yazar tanıyırsınız?

- Dinlə ədəbiyyatı birləşdirən yazıçılar, Dostoyevski, Con Milton. Onların yaratdığı ədəbiyyat sırf xristian təfəkkürü üzərində qurulub.

- Bəs islamda?

- İslamda da belə nümunələr az deyil. Nəsrlə bağlı ciddi nümunə deyə bilməyəcəm, çünki Şərqdə romançılığın tarixi çox uzağa getmir. Şərq təfəkkürü daha çox şeirə bağlı olduğundan, dinin təsiri daha çox poeziyada təzahür edib. Məsələn Mövlanə, Füzuli, Nizami, Qazi Bürhanəddin, Xətai, Pir Sultan Abdal, Qaracaoğlan, Yunis Əmrə və s. Adını çəkdiyim müəlliflər dini ədəbiyyatla sintez edirdilər. Mövlanənin "Məsnəvi"si müxtəlif dillərə tərcümə olunub, hər il milyonlarca insan Konyaya Mövlanənin qəbrini ziyarətə gedir. Bu o deməkdir ki, Dostoyevski romanda nə qədər uğur qazana bilibsə, Şərqin də Mövlanəsi ondan əsrlər əvvəl dünyanı fəth edib.

- Düşüncələrinizə görə iş yerinizdə hər hansı bir təzyiqlə rastlaşmısınızmı?

- Universitet illərindən öz fikirlərimi deməkdən çəkinmirəm. Hərdən kəskin tənqidi şeirlər, köşələr yazmışam. Bu səbəblə iş həyatımda problemlər olub, işdən də ayrılmışam, cürbəcür təzyiqlər də olub. Amma mən bunu reklam edib, özümü şişirtmək, bu yolla tanınmaq istəməmişəm.Valideyinlərimi də, dostlarımı da mənə görə narahat ediblər. Amma bunlar məni narahat etmir.

- Öz mövqeyinizi qoruyursunuz.

- Əlbəttə, öz mövqeyimi qorumaqda israrlıyam. Çünki nəyin ağ, nəyin qara olduğunu yaxşı bilirəm və eyni zamanda bilirəm ki, bu qaradan təmizləməyin zamanı gecikir.

- Ağı-qaradan təmizləmək, haqsızlıq demişkən, Əkrəm Əylislinin “Daş yuxular”ını yaxşı mənada “yozanlardan” biri də sizsiniz.

- Məmnuniyyətlə gedərdim. Mənim Əkrəm Əylisliyə münasibətim birmənalı deyil. Mən digər gənc yazarlar kimi Əkrəm Əylisli ilə isti münasibətdə olmamışam. Bəlkə də, onun Cəlil adlı gənc yazarın varlığından xəbəri də yoxdur. Hansısa bir əsərinə görə ondan incik düşmüşəmsə də, ona qarşı aqressiyam olmayıb və yazdığı heç bir əsər Əkrəm bəyin yazıçı kimi böyüklüyünə kölgə salmayıb. Amma “Daş yuxular”dan sonra Əkrəm Əylislinin əleyhinə başlayan provakasiya ilk olaraq Azərbaycanda kütlənin nə qədər savadsız, küyçü və qəddar olduğunu göstərdi. Bir yazıçını yazdığı əsərə görə o imtiyazlarından məhrum etmək, kitablarının yandırılması, evi önündə “yumurtalı etiraz aksiyası” keçirilməsi çox iyrəncdir. Azərbaycan Əkrəm bəy kimi yazıçını yüz ildə bir dəfə yetirə bilir. Əkrəm bəy kimi yazıçının yazdığı əsərə görə, hətta o əsər Azərbaycan əleyhinə olsa belə bu qədər həqarət və hətta qulağını kəsmək kimi ucuz və ağlasığmaz fikirlər çox iyrəncdir. Bu gün Əkrəm bəyin kitabını yandıranların belə təbliğatla məşğul olanların bəlkə də, zamanında atası anasına eşq elan edəndə Əkrəm Əylislinin kitabın bağışlayıb, bəlkə də, ilk görüşlərində onun əsərlərinə çəkilmiş filmləri seyr ediblər kinoteatrlarda.

Bu gün Azərbaycanda kütləvi savadsızlaşdırılma, kitabsızlaşdırma vüsət alıb. Əkrəm bəylə bağlı yaşananlar bunun bir nümunəsidir. Yazıçı “Daş yuxular” yazıb, bəyənmirsən oxuma. Sənin ən böyük etirazın da bu ola bilər. Gəncədə keçirilən “Kitab yandırma mərasimi”nin videosuna baxırdım, çox pis hisslər keçirdim. Orda elə adamlar “Gilanar çiçəyinə dediklərim”i tonqala atırdı ki, həmin adam universitetdə tələbədən rüşvət alır və mən bunu dəqiqliyi ilə bilirəm. O ki qaldı, ictimai televiziyaya getməyimə, əlbəttə gedərdim və o romanın müdafiəsini yox, Əkrəm bəyə qarşı olan bu hədsiz basqıların haqsızlığına etiraz edərdim. Əsər haqqında fikirlərim var, amma əsəri analiz edə bilmərəm çünki mən rus dilini mükəmməl səviyyədə bilmirəm. Sadəcə oxudum, müdafiə xarakterli yazı da yazmışam ki, Əkrəm Əylisli Azərbaycana heç bir ziyan vurmayıb. Onun heç nədə günahı yoxdur, o sadəcə əsər yazıb. Yazdığı əsərə görə bir yazarı bu qədər alçaltmaq sadəcə iyrənclik və tərbiyəsizlikdir. Hətta güvəndiyim adamlar vardı ki, mən onlardan gözləyirdim ədəbiyyatçı mövqeyi ortalığa qoyacaq, Əkrəm Əylislini müdafiə edəcəklər. Xəyal qırıqlığına uğradım. O adamlar hətta biz müdafiə etdiyimizə görə bizi söyürdülər ki, “Əkrəmi müdafiə etmək ermənilikdir”. Başa düşmürəm ki, bu nə faşistlikdir.Mən onların dediyi kimi erməni olmağa razıyam, amma ölkəmdə yaşayan yazarın bu qədər aşağılanmasına razı deyiləm.

- Elə gənclərin çoxunun ustad deyə çağırdıqları Murad Köhnəqala bu yaxınlarda facebookda bu romanı müdafiə edən yazarları çox ağır şəkildə təhqir etdi. Sizcə Murad bəy niyə belə qənaətə gəlib?

- Adamları tanımaqda çətinlik çəksəm də, sevdiyim insanları hər zaman kütlədən ayırmışam.İşıqlı zəkasına inandığım adamların işığına tərəf getmişəm. Murad mənim ustad dediyim, işığına doğru getdiyim adamdır. Həmin söhbətdən sonra mən Murad Köhnəqala ilə qarşılaşmamışam. Ümumiyyətlə, heç bir yazıçı dostumla oturub bu barədə müzakirə aparmamışam. Murad Köhnəqalanın birdən-birə Əkrəm bəyin üstünə hücum çəkməsi, “Əkrəmi söyək, Əkrəmi yandıraq, qulağını kəsək” tərzində danışmasını başa düşə bilmədim. Yeri gələndə, Əkrəm Əylisli Azərbaycan xalqını aşağılayıbsa, Murad da bu xalqla yetərincə məzələnib. Muradın satirik üslubdakı yazılarında gəncindən yaşlısına, yazıçısından fəhləsinə qədər hamısına ironik yanaşma var. Muradın dostu kimi yox, daimi oxucusu kimi onu istedadlı adam hesab edirəm. Amma ona ustad deyən adamları söymək nə dərəcədə doğrudur? Şərif Ağayarı, Günel Mövludu, Seymur Baycanı, Əkrəm Əylislini söymək ona yaraşarmı? Sevməyə, qəbul etməyə bilərsən. Amma niyə söyürsən axı?

- İllər öncə ATV telekanalından ayrılanda Elçin Əlibəylini məhkəməyə vermişdiniz. Daha sonra bir də onunla Publika.az saytında birlikdə işlədiniz. Yaxınlarda isə Publika.az saytı ilə də yollarınız ayrıldı. İcazə verin soruşum, Elçin Əlibəyliylə ulduzunuz nədən barışmır?

- Mən ATV-yə gələndə Gəncədən yeni gəlmiş, universiteti təzə bitirmiş, hələ magistraturada oxuyan, belə deyək də, həyatın heç bir silləsini görməmiş tələbə idim (gülür). ATV-də çalışdığım dövr həyatımın dönüş nöqtəsi oldu. Ailədə, şəxsi həyatımda problemlər yaşadım. Elə bu müddətdə çox adi, bəsit, oturub düşünəndə mahiyyəti olmayan bir məsələyə görə məni ATV-dən uzaqlaşdırdılar. Sonra aldadıldığımı başa düşüb, Elçin Əlibəylini yox, ATV-ni məhkəməyə verməyə qərar verdim. Mənim onlarla heç bir əmək müqaviləm olmadığına görə məhkəmə işlərini davam etdirə bilmədim. Çünki həmin dövrdə ATV-də işləyən elə insanlar idi ki, mənim üzümə durub, “sən burada işləməmisən” deyə bilərdilər. Yəni haqlı olduğum halda, haqsız duruma düşəcəkdim. Bəli, Elçin Əlibəyli haqqında tənqidi yazılar yazmışam.

Publika.az-da bir araya gəlməyimiz isə bir qədər təsadüfdür. Elçin Əlibəyli publika.az-a baş direktor təyin edilməmişdən əvvəl mən “Gündəlik Teleqraf” qəzetində çalışır və publika.az saytında da yazılar yazırdım. Elçin Əlibəyli baş direktor təyin olunana qədər biz aramızda olan anlaşılmazlığı çözmüşdük. Elçin peşəkardır. Əslində onunla işləmək mənə çox şeyləri öyrətdi. İndi də münasibətlərimiz qaydasındadır.Onu da qeyd edim ki, orda yaxşı maaş alırdım və bunu deməsəm ədalətsizlik olar. Mən publika.az-dan uzaqlaşmağa qərar verdiyim ərəfədə APA holdingdən gələn təklifi qəbul etdim. Çünki Kulis.az yaranandan orada çalışmışdım və ora yenidən qayıtmağım mənim üçün həm də prinsipial məsələ idi. Mənim Kulis.az -dan uzaqlaşdırılmağıma sevinən adamlara sübut etdim ki, mən sizdən də yaxşı yazıram və rəhbərlik də bunu hiss edib, qiymətləndirib ki, yenidən burdayam.

Qeyd edim ki, bu münasibət yalnız mənə yox APA holding-lə əməkdaşlıq edən bütün yazarlara göstərilir. Ona görə də APA -dayam. Amma publika.az saytının rəhbərliyinə və əməkdaşlarına sayğım var. Çünki mən orda da vicdanla işləmişəm və kollektivi doğma insanlarım kimi sevmişəm. Ümumiyyətlə, harda çalışmışamsa, komanda üçün oynamağı bacarmışam. Transfer köhnə komandama nifrət etmək üçün səbəb vermir. O kollektivdə də dəyərli insanlar qazanmışam. Amma mənim doğma kollektivim “Ədalət” qəzetdir. Gələn ay “Ədalət”də işləməyə başlamağımın bir ili tamam olur. İradə Tuncayla işləmək çox böyük xoşbəxtlikdir. Olduqca anlayışlı insandır. Heç bir iş yerində bu qədər rahat və sakit olmamışam.


- “İtirilmiş Əlyazma” romanınız çox tənqid olundu. Bu müddətdə “ Doğru deyirlər, kaş bu romanı yazmazdım” deyə düşündünüzmü?

- İndi mən klassik və sentimental bir müqayisə aparacam.(gülür) Hansı ana öz şikəst doğulan övladını kənara atıb, övladımdır deməkdən imtina edər? Zəif roman yazmış ola bilərəm. Amma ondan imtina etmək fikrim yoxdur. Romanım birinə güclü, birinə zəif görünə bilər. Fərqli yanaşmalar ola bilər. Əgər romanım zəif olsaydı, mən o romanı nəşriyyata təqdim etməz, kitabımın redaktoru, Milli Kitab Mükafatının qalibi, ədəbi zövqünə inandığım Pərviz Cəbrayıl romanı “Qanun” nəşriyyatının “Ən Yeni Ədəbiyyat” layihəsinə məsləhət görməz, kitabımın digər redaktoru, zövqünə inandığım Elnaz Eyvazlı, “romanı çap etdir” deməzdi. O kitab haqqında olan pozitiv yazıları geniş reklam etmək imkanım olmadı. Çünki buna imkanım yox idi. Amma 10-dan artıq romanla bağlı təqdir yazısı yazılıb. Hələlik isə cəmi 5 peşəkar tənqidi məqalə yazılıb və onun dördü Azadlıq radiosunun “Oxu zalı”nın sifarişi ilə yazıldığı üçün geniş müzakirə olunub. Səmimi deyirəm ki, onlarla oxucu məktubu almışam. Romanım sayəsində yeni dostluqlar qazanmışam. Romanımdan və yaratdığı reaksiyalardan məmnunam. Pozitiv düşünməyimə əsas verən əsas detallardan biri də odur ki, roman hal hazırda Türkiyədə çapa hazırlanır və tərcüməsi bitmək üzrədir. Romanın tərcüməsi ilə məşğul olan Oqtay Hacımusalı romanın tərcüməsini yekunlaşdırsa, əsərin çapı baş tutacaq. Azərbaycanda çox məhşur olan və sevilən, mənim sevimli ağabəyim Əhməd Şəfəq bu kitab haqqında çox yüksək fikirlər bildirib və eyni zamanda Türkiyədə kitabın çapını və yayımını boynuna götürüb. Əgər Əhməd Şəfəq kimi sənət adamı, ədəbiyyatı anlayan, dünya mədəniyyətindən xəbəri olan bir adam, kitabın nəşr etdirib Türkiyədə satılacağına inanırsa deməli bu kitabda yaxşı nələrsə var.

Tənqidçilərdən yalnız birinin yazısı mənə qərəzli göründü Mən nə vaxtsa haqqında tənqidi fikirlər yazdığım tənqidçimiz sanki məndən qisas alırmış kimi yazmışdı. Romanımı “Məktəbli inşasına bənzəyən roman” adlandırmışdı. Halbuki, o adam bilir ki, dünyada bu üslubda roman nümunələri minlərlədir. Məktəbli inşası deyib aşağılamaq qisasçı mövqeyidir. Sonra sevdiyim qələm dostumuz Seyfəddin Hüseynli elə yazı yazmışdı ki, sanki ona işgəncə verib bu tənqidi yazını yazmağa məcbur etmişdilər. Digər tənqidçilərin yazılarından sitatlar verməklə işini bitmiş hesab etmişdi. Elnarə Akimovanın yazısı çox peşəkar yazı idi, hətta romanla bağlı bəzi tənqidlər vardı ki, mən o tənqidlərlə səmimi qəlbdən razılaşdım. Elnarə Tofiqqızının yazısında sadəcə müəllif haqqında, yəni mənim haqqımda məlumatsızlıq vardı. O hesab edirdi ki, mən sufizm nədir, islam nədir, Seyid Yəhya Bakuvi kimdir bilmirəm. Halbuki, mən bu sahədə əliboş deyiləm. Amma yenə də sağ olsunlar, romanım haqqda yazıblar, hamısına bir-bir təşəkkür edirəm. Xüsusən Mətanət Vahid hamıdan əvvəl yazmışdı. O hesab etmişdi ki, mən metaroman yazmağa cəhd etmişəm, sonra Taleh Şahsuvarlı da müsahibələrinin birində qeyd etmişdi ki, “Məndən sonra metaroman yazan Cəlil Cavanşirın romanını bəyənməmişəm” (gülür). Əlqərəz mən tarixi roman yazmışam. Nə qədər alınıb, nə qədər alınmayıb oxucular qiymətləndirir. Yəqin ki, gələcəkdə də tənqidlər olacaq.

- Yəni “yaxşı ki, yazmışam” deyirsiniz...

- Əlbəttə, əcəb eləmişəm, yenə yazacam. (gülür)

- Dostlarınız da, bəzi oxucularınız da bilir ki, həyat yoldaşınızdan ayrılmısınız. Övladınızla görüşməyə hər hansı bir problem yaradırlarmı? Ümumiyyətlə, balaca Ayhan bu ayrılığı necə keçirir?

- Əvvəllər aylarla görə bilməmişəm mən oğlumu. Bir saat görməkçün hər şeyimdən vaz keçməyə hazır olduğum vaxtlar olub. Amma indi görə bilirəm, imkan olduqca, şans düşdükcə görüşürük, tez-tez əlaqə saxlayıram. Tez-tez telefonla, internetlə danışırıq. Ayrılığımız Ayhana çox pis təəsir edib. O hələ də elə bilir ki, mən Bakıda işləyirəm və nə vaxtsa birdəfəlik onun yanına qayıdacağam. O hələ də dərk eləmir ki, biz onun anasıyla ayrılmışıq. Hərdən mənə məsləhət verir ki, gəl bizi yanına apar. Hərdən deyir ki, “Bəlkə sən gəlib bizimlə qalasan?” Mən ona izah edə bilmirəm ki, biz sənin ananla ayrılmışıq, birgə yaşaya bilmərik. Mən ümüd edirəm və çox istəyirəm ki, bir gün oturub hər şeyi olduğu kimi ona danışanda o məni başa düşəcək və günahlandırmayacaq. Ümid edirəm ki, anlayacaq...

- Hazırda həyatınızda kimsə varmı? Sevgililər gününü yalnız olduğunuza dair öz səhifənizdə zarafatyana bir paylaşımınız olmuşdu.

- Yaman qəliz sual oldu. Məsələn, müğənninin birindən soruşurlar ki, “xoşunuza gələn müğənni var?” O da ədayla cavab verir ki, “Filankəsin adın çəkməsəm inciyəcək” (gülür).

- Bu cümləni xüsusi qeyd edəcəm. Sevgililəriniz bu qədər çoxdur?

- İndi necə deyim ki, kimsə inciməsin? (gülür) Bir kişi həyatında sevgi, qadın olmadan həyatını necə davam etdirə bilər? Demirəm Leyli və Məcnun, Romeo və Cüliyetda sevgisidir. Amma öz çapımızda bir sevgimiz, bir sevdamız var yəni. Birinin adını çəkib, digərlərinin xətrinə dəymək istəmirəm düzü. Burdan bütün sevgililərimə “salam” göndərirəm.

- Qətiyyən ad çəkin deməyəcəm, yəqin siyahı uzun olar.

- Yooox, əstafurullah! Hamısı zarafatdır təbii ki, siyahı-filan yoxdur, ciddi bir sevgi də yoxdur həyatımda. Münasibət, birlikdəlik var deyək. Təxminən bir il bundan qabaq həyatımda ciddi sevgi münasibətlərinə son qoymuşam. Bundan sonra da düşünmürəm ki, ciddi bir sevgi münasibəti yaşayacam. Yəqin ki, həyatımda qadın və qadınlar olacaq, tam ciddi münasibət isə yox.

- Demək ki, ailə həyatı barədə düşünmürsünüz ümumiyyətlə.

- Yox, qətiyyən. Elə bir planım yoxdur. Bu barədə dostlarımın da, ailəmin də nigarançılıqları olduğunu hiss edirəm. Evlənməyimi arzulayırlar. Mənsə evlənmək haqqında düşünmürəm, on- on beş il sonra oğlumu evləndirmək barədə düşünürəm.

- Münasibət heç də təkliyi doldurmur, keçicidir. Tək yaşlanmaq sizi qorxutmur ki? Bəlkə, bu düşüncələriniz hələ ki belədir, gələcəkdə dəyişə bilər, yoxsa bu fikirdən dönməyəcəksiniz?

- Bilmirəm, bəlkə, elə bir dəhşətli ehtiyac yarana və ya mən evlənməyi düşünəcək qədər bir qadına aşiq olam. Şayət mən inanmıram elə bir qadın olsun.

- Keçmiş həyat yoldaşınızla yenidən barışmaq ehtimalınız var?

- Bu ehtimal üzərində bütün qüvvəmi sərf etmişəm zamanında, çox yaxın vaxtlara qədər. Sadəcə oğluma görə, onu xoşbəxt yaşatmağa görə bütün yandırılmış körpüləri yenidən bərpa etməyə çalışmışam. Əslində çox dərinə gedib şəxsi həyatımı ortalığa açıb tökmək istəmirəm. Eyni zamanda istəmirəm kimsə düşünsün ki, həyat yoldaşı Cəlili atıb gedib, qəbul etmir və s. Əgər o yaşamaq və barışmaq istəsəydi ailə həyatımız davam edə bilərdi. Mən ona da həyatında uğurlar arzu edirəm, o mənim övladımın anasıdır. Mən onu dünyada anamdan sonra ikinci dəyərli, qiymətli qadın hesab edirəm. Çünki anam məni, o da Ayhanı dünyaya gətirib. Biz onunla görüşməsək də, oturub söhbət, müzakirə, mübahisə etməsək də, mən onun, o da mənim həyatıma mane olmasa da mən bilirəm ki, o gizli-gizli mənim yazlarımı oxuyur. Bəzi yazılardan üzüldüyünü, bəzi yazılardan əsəbləşdiyini, sərt reaksiya verdiyini bilirəm. Həyatımda məndən nə isə alan qadınlar çox olub, amma nə isə verən yeganə qadın odur. O mənə Ayhanı verib. Mən ona çox minnətdaram. Həyatımın o dönəmini nə unutmaq, nə silib atmaq istəmirəm. Görünür ki, bizim yollarımız ayrılmalı idi ki, bir-birimizə əzab verməyək. Bəlkə xeyirlisi bu imiş. Amma barışmaq haqqında artıq gözləntim və düşüncəm yoxdur. Çünki üç il kifayət qədər uzun müddətdir və artıq gecdir. Ondan sonra mənim həyatımda çox qadınlar olub. Mən onun həyatında günahkar, xəyanətkar ər obrazında olmaq istəmirəm. Hesab edirəm ki, bundan sonra barışmağımız mümkün deyil.

- Təki ayrılıq olmasın, amma insan taleyində bu da qaçılmazdır. Ümid etmək istəyirəm ki, Azərbaycanda həyat yoldaşından ayrıldıqdan sonra bir-birilərini bu qədər sevgi və sayğı ilə ananlar çox olacaq.

- Mən ümid etmirəm (gülür). Çünki Azərbaycanda nə elə qadın var, nə də elə kişi. Məsələn mənim tapdığım, gördüyüm işıq keçmiş həyat yoldaşımın mənə fövqalədə sevgisindən filan deyil, sadəcə o elə bir izaholunmaz sevinci mənə yaşadıb ki, bəlkə nə vaxtsa evlənsəm, növbəti övladım olsa o sevincin yarısını da yaşaya bilmərəm. Birinci övlad tamam başqadır. Ona görə də oğlumun anası mənim üçün qiymətlidir. İkimizin də övladıdır, amma bir az eqoistlik kimi çıxsa da, mən daha çox özümün hesab edirəm. Ayrılandan sonra heç kəs bu cür düşünmür. Mən bilirəm ki, hətta mənim həyat yoldaşım da mənim haqqımda bu cür düşünmür. Amma eybi yox, mən Ayhana görə ona çox minnətdaram.

Qaynar.info

news-inner-user

15801 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
15:50 10 İyul 2020
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
15:07 10 İyul 2020
Dördbucaqlı qətl hadisəsi – Əli Şirin Şükürlü yazır
14:20 10 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
13:39 10 İyul 2020
"Heç yerə çıxarda bilmirik" - Vaqif Bayatlıdan xəbər var
12:52 10 İyul 2020
Süni şöhrətə qaçan gənc şair və Allahın “cangüdənləri” – Sərdar Amin yazır...
12:15 10 İyul 2020
Tarık Akanın heç yerdə bilinməyən söhbəti
11:12 10 İyul 2020
Səni sevən öldü, zalım – Səhər Əhməd yazır...
10:35 10 İyul 2020
Notr-Dam kilsəsi yenidən bərpa ediləcək
10:01 10 İyul 2020
Dodağının altında məni söyüb qarğıyırdı - Bircənin romanı
09:00 10 İyul 2020
Xalq artistinin oğlu vəfat etdi
01:53 10 İyul 2020
Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020