Yanıq düşmüşəm sevgidən

Yanıq düşmüşəm sevgidən
6 fevral 2013
# 14:42

Bütün arzulara yox

Heç vaxt mənim olmayacaq

nəsnələri arzulamaqla keçdi ömrüm,

sevdiklərim heç vaxt mənim olmadı,

ilk oxum daşa dəyəndən

yanıq düşmüşəm sevgidən,

arzular zamanın çuxurunda buxarlanıb,

yox olub,

arzuladığım qadınlar çox olub,

onlar da elə arzu olaraq qaldı,

insanı arzu qocaldır,

arzu öldürür,

tüpürdüm bütün arzulara!

Hər gün, hər saat, hər dəqiqə səni arzulamaq

araqdan, tütündən betər parçalayır

ciyərlərimi...

nə gəlirsən, nə gedirsən,

həyatımın ən öldürücü arzusu oldun sən,

sənə görə

tüpürdüm bütün arzulara!

Səni sevən gündən darıxmaq xəstəliyinə tutuldum,

ürəyimin döyüntüsü saniyələri qabaqladı,

yarpaq küləyə boyun əyən kimi

təsilim oldum sənə-

yəni ayrılığa...

o gündən

tüpürdüm bütün arzulara!

Sən əzbərimdə olan

ən uzun bir şeirsən,

bir daha yadımdan çıxmazsan yəqin,

noolsun kəsildim bu imtahandan...

axşambazarıdı,

götürün, bütün hisslərimi sizə bağışladım

və...

tüpürdüm bütün arzulara!...

Hardasan

Ünvanını tapmayıb

Üstümə qaydır

Yorğun ümidlərim...

Darıxıram yol ayrıcında,

Vağzallarda,

Ünvanın dəyişib,

Xəbərsiz getmisən...

Hardasan, harda?..

Son dəfə nələrdən danışdıq?

Mən Ondan,

Sən də Ondan,

Özümüz yaddan çıxdıq...

Gözlərin uzaq idi,

əllərin yaxın,

istədim soruşum:

hardasan, harda?!..

Sən də gəlib keçdin ömrümdən,

Hürkək addımlarınla,

Sən də qalmadın...

Kipriklərini yaylıqtək yelləyib keçdin,

Hardasan, harda?

Yenə ürəyimin səsini

ayaqlarım eşidir,

ümidim sən gələn yola söykənir,

susaraq getməyi

nə tez öyrəndin?

Hardasan, harda?!.

Günahlarımın əfvinə

Bu badəni sənin yoxluğuna qaldırmışam,

günahlarımın əfvinə içirəm-

bağışlamayacağını bilsəm də.

Mən də bu günahı seçdim özümə,

yanımda olsaydın, yenə günaha batardım,

günahsız yaşamaq olmur

bu fani dünyada...

günah həyatın astar üzüdü,

sənin yoxluğuna içirəm...

Orucu pozulmuş adam kimi

“daha keçdi” deyib

bir siqaret də yandırım

sənin yoxluğuna...

İndi ki, sən yoxsan,

nə var günaha batmaqdan asan?...

Xəyalımda səni düşünüb

özgəsinin qoynunda itdim,

sənin yoxluğundan başladı

xəyanətə aparan yollar,

sənin gözlərində batdım günaha,

özgənin qoynunda səni itirdim.

İndi ki, sən yoxsan,

nə var günaha batmaqdan asan?...

İçimdə qara gün üçün saxladığım ümidi

güllələdim bu gecə,

sənin yoxluğuna içdim bu gecə...

# 3551 dəfə oxunub

Oxşar xəbərlər

İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

18:30 19 avqust 2026
"Ana, həyat yenicə başlayırdı..." - Məşhur "Bohemian rhapsody" necə yarandı?

"Ana, həyat yenicə başlayırdı..." - Məşhur "Bohemian rhapsody" necə yarandı?

16:30 19 avqust 2026
Baş mələk Mikayılla İblisin təsvirini çəkən rəssam - Qvido Reninin məşhur əsərləri

Baş mələk Mikayılla İblisin təsvirini çəkən rəssam - Qvido Reninin məşhur əsərləri

18:00 18 avqust 2026
"Niyə məni bəyənmirsən?.." - "Grace Kelly" necə yarandı?

"Niyə məni bəyənmirsən?.." - "Grace Kelly" necə yarandı?

15:30 18 avqust 2026
Kubizmlə futurizmin sintezi, sənətdə sənayeləşmə...- Umberto Boççoninin məşhur əsərləri

Kubizmlə futurizmin sintezi, sənətdə sənayeləşmə...- Umberto Boççoninin məşhur əsərləri

18:30 17 avqust 2026
"Biz yeri cənnətə çevirəcəyik..." - "Heaven Is a place on Earth" necə yarandı?

"Biz yeri cənnətə çevirəcəyik..." - "Heaven Is a place on Earth" necə yarandı?

14:00 17 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər