Anamı ağlatdığım gün

Anamı ağlatdığım gün
22 sentyabr 2021
# 13:30

Xatirələrimi, fərdi əhvalatlarımı matah bir şey imiş kimi sizə təqdim edib göz yaşı, mərhəmət ummaqdan həmişə uzaq olmuşam. İlk dərs günümü sizinlə bölüşməyim də bu istəkdən xeyli iraqdır.

Ancaq həmin günə qayıtsaq, düşünürəm, bu günün ictimai problemlərindən birini fərqli baxışla seyr edə bilərik.

Atam ayrı rayonda dərs deyirdi, pul o qədər dəyişirdi ki, bəzən maaşına bir kisə un ala bilmirdi.

1994-cü il, sentyabrın 1-i...

Anamla kənddə qarğıdalı ləklərindən alaq təmizləyirdik. Gün doğurdu. Bu vaxt ağ-qara geyinmiş bir dəstə uşağın məktəbə getdiyini gördüm. Bərkdən nəsə danışa-danışa tərəvəzimizin yanından keçən torpaq yolla şütüyürdülər. Atamgil yaşımı məndən gizləsələr də, özüm nəsə hiss eləyirdim.

Qarğıdalıların arasında üzü o yana əyilib alaq eləyən anamdan soruşdum:

- Mən niyə məktəbə getmirəm?

Anamdan səs çıxmadığını görüb təkrar-təkrar eyni sualı verdim. Anam susurdu...

Sonra qarğıdalılardan birini əyib anamın belinə vurdum:

- Mama, niyə getmirəm?

Axırda bezib qabağına keçdim. Üzünü yana çevirsə də, gördüm... Ağlayırdı.

Onda anladım ki, burda nəsə baş verir və bu baş verən hər nədirsə, mənim anlayacağım bir şey deyil. Əllərimi cibimə qoyub uzaqlaşdım...

Məktəbə 7 gün sonra getdim. Bibim iki dəftər verdi, atam yekə kişi ketaları gətirdi... İki dəftəri də bacımdan qalma yekə rezin çantaya atıb yola çıxdım.

Anam demişdi ki, o sarısaçlı qız da səninlə yaşıddı, hara getsə, arxasınca düş, hansı sinfə girsə, sən də gir. Müəllimə de ki, oxumağa gəlmişəm.

7 gündən sonra yarı-köhnə, yarı-təzə paltarım düzəlmişdi. Kitablarım, qələmim, karandaşlarım yox idi, ancaq əl-ələ verdik, oxuduq...

Hər il əlaçı oldum. Məktəbi bitirəndə ən çox balı da mən yığdım.

Bütün bunlar travmadırmı?

Bəli!

Ancaq bizi var edən də elə həmin travmalar və o travmalarla davranışımız deyilmi?

Mən pişik balası kimi həmin travmalarla oynaya-oynaya böyüdüm.

Bu gün məni məktəbə apara bilməyən anamı da, dərsə 7 gün gecikməyimə səbəb olan atamın da məcburiyyətlərini başa düşürəm. Ağır da olsa, o daşları hamısını yerinə oturtmuşam.

Xatirələr insanın enerji batareyalarıdır. Bir ömür onların gücüylə addımlayırıq. Hərdən həmin günləri gövşəyib gülümsəyirik, duyğulanırıq. Həmin travmalar mənim atom enerjimdi.

Travmalarını bəhanə edib rahatlığına qaçan, sızlayan insanlara həmişə tənbəl kimi baxmışam. Hər kəs travmaları boydadır. Bizim yetişməyimizin, insanlığımızın, şəxsiyyətimizin göstəricisi elə başımıza gələn ağır hadisələrlə, faciələrlə davranışlarımızdır.

“Biz böyük adamlarıq, azman kişilərin çiyinlərində”.

Mənim atam böyük kişidir!

Onunla həmişə fəxr etmişəm. Elə ilk dərs günündən bu yana atadan ummaq, keçmişə görə göz yaşı tökmək yox, özümü aşmağa çalışmışam.

Bu gün qızım Asiyanı 1-ci sinfə apardım...

Gülürdü...

Qırmızı qalstuk, qırmızı ayaqqabı...

Cərgədə ikinci durmuşdu.

Həm də tərsinə, bizə baxırdı.

Çox keçmədi, müəllimi gəlib onu üzü qabağa döndərdi.

Ondan sonra daha geri baxmadı.

# 3384 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #