Seviş mənimlə, gecədir! – Məlihə Əzizpurun şeirləri

Seviş mənimlə, gecədir! – Məlihə Əzizpurun şeirləri
21 sentyabr 2021
# 17:30

Kulis.az “Sözün Güneyi” layihəsindən Məlihə Əzizpurun şeirlərini təqdim edir.

Məlihə Əzizpur 1979-cu ildə Güney Azərbaycanın Əhər şəhərində doğulub. Sonralar ailəsi Təbrizdə məskunlaşdığından burada boya-başa çatıb.

İbtidai və orta məktəbi də elə Təbrizdə bitirib. 2002-ci ildə Təbriz Universitetinin psixologiya fakültəsinin məzunu olub.

Daha çox oxumaq və yeni-yeni sahələrdə özünü sınamaq, xalqına daha çox faydalı olmaq məqsədiylə jurnalistika təhsili alıb.

Bundan sonra Təbrizdə ayrı-ayrı qəzet və dərgilərlə əməkdaşlıq edib, bir sıra maraqlı mövzularda yazdığı dərin məzmunlu məqalələrlə oxucuların diqqətini çəkib və rəğbətini qazanıb.

"Yağmur", "Dəmir sevgi", "Ağ gecə", "14 qələm bəzənmiş Ay", "Su pıçıltısı", "Yasaq duyğular", "Göy gözlü Tanrı" və "Mənə bir küçə bağışla" kimi Təbriz və Bakıda çap olunmuş şeir kitablarının müəllifidir.


Kürəyindəki
Hər şallaq izi, əzizim,
Bir yeni yoldur
Açılır azadlığa doğru
Dayan görək hələ,
Dayan...

***

Mənim adətimdir
Hər zaman öləndə
Pəncərəyə zillənər
Gözlərim...

***

Sussss…
Hürməyin itlər!
Bura Azərbaycandır…

***

Məmə yeyən uşaq,
Bilməyir nə qədər həyalıdır
Anası.

***

Yağış şərəfinə soyunub Təbrizim!
Yenə,
Alma, heyva, nar qoxuyur
Qucağı.

***

Çox gözəlsən!
Qorxuram səndən.

***

Ömrümün işiq günləri;
Alovlandığım günlər.

***

Martılar;
Dəniz kəpənəkləri.

***

Baltikadır
Volqadır
Xəzərdir
Arazdır gözlərin.
Ürəyimsə;
Balaca qara balıq.

***

Tələsmə ana!
Qoy
Biraz da ağlayım, gəlim.

***

Həyat,
Ölümdən süd əmir...

***

Sizi,
Yerə bağlayan dəndir.
Yoxsa, göylərə aidsiz
Quşlar !

***

Qaranlıq bürüyüb hər yeri
Yanmaq zorundayam

***

Səməd getdi gülə-gülə
Araz dedi: gülə gülə...*

***

Bu gözəl küçələrdə
Yaşanan qorxuların
Sayını bilsəydim!

***

Bir dolun ayla bəzənmişdi gecə!
Mübhəm duyğular daşıyırdı içimə
Dənizdən əsən ilıq əsinti.
Doğrusu,
Qürbət,
Sarmışdı bütün hücrələrimi
Amma,
Bir dolun ayla bəzənmişdi gecə!
Kiçik dalğalar,
Döyüntüləri ilə anladırdı varlığını
Parıldayırdı mavi dəniz
Tamamlanmış şeirə bənzəyirdi gözlərin
Və mahnılara götürürdü məni,
An ba an:
“. . . Mən səni gördüm ay işığında
Könlümü verdim ay işığında . . .”
Bir dolun ayla bəzənmişdi gecə!
Özündən getmişdi dünya,
Gözəllik,
Yavaş yavaş pıçıldaşırdı mənimlə
Və mən
Sevməyə başlamışdım səni
Melodilər kimi
Röyalar kimi
Dualar kimi . . .
Bir dolun ayla bəzənmişdi gecə !

***

Təbriz,
Buz bağlayıb yenə də. . .
Sərçələr – pişiklər
Və, xiyabanda qəzetə satan qoca kişi
Üşüyür . . .
Əllərim donub.
Ayaqlarım züyüldəyir,
Yıxılıram birdən.
Və sən,
Bu ortamda deyirsən;
“Mənim qadınım olarsanmı?”

***

Nə yaxşı ağlım başımda deyil
Seviş mənimlə!
Nəfəsini udarkən, qərənfil qoxuyuram.
Gecədir… ay işığı…
Gözlərin, günəşlə dəniz qarışığı
Mən, gic damla.
Baxışından qaçınmaq, pinti səfsətə
Seviş mənimlə!
Gecədir!
Dəliliyim , faciə ortası!
(Səninlə rəqs etmək istəyirəm
Bakirə buludların doğuş anında
Yağış altında)
Qoynuna al məni sakitləşdir
Ölü köksündə, ürək kimi…
Seviş mənimlə!

*Səməd Behrənginin Araz çayında boğulması nəzərdə tutulur.

# 15055 dəfə oxunub

Oxşar xəbərlər

"Buludun kölgəsi üzüb keçir qəlbin üzərindən..." - İspan şairdən şeirlər

"Buludun kölgəsi üzüb keçir qəlbin üzərindən..." - İspan şairdən şeirlər

17:23 6 noyabr 2026
“Sən mənim sülhüm idin, cihad olmusan indi...” -  Rəbiqə Nazimqızının yeni şeirləri

“Sən mənim sülhüm idin, cihad olmusan indi...” - Rəbiqə Nazimqızının yeni şeirləri

15:00 5 noyabr 2026
"Mərdliyini, yalansızlığını, dupduruluğunu sevdim..." - Ümid Yaşar Oğuzcan

"Mərdliyini, yalansızlığını, dupduruluğunu sevdim..." - Ümid Yaşar Oğuzcan

17:00 4 noyabr 2026
"Məni ya sevməli, ya öldürməli..."  - Gültən Akından "Dəli qızın türküsü"

"Məni ya sevməli, ya öldürməli..." - Gültən Akından "Dəli qızın türküsü"

14:00 4 noyabr 2026
Qardaşın öləndə nə vaxt güləcəyini haradan bilirsən? - Amerikalı  şairdən postmodern silsilə

Qardaşın öləndə nə vaxt güləcəyini haradan bilirsən? - Amerikalı şairdən postmodern silsilə

13:00 4 noyabr 2026
Qudurğanlıq zorbalığın ən yaxın dostudur -  Rafiq Ələkbər

Qudurğanlıq zorbalığın ən yaxın dostudur - Rafiq Ələkbər

14:49 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər