Füzuli Hüseynov: “Qadınlar daha məndən çəkinmirlər” – Söhbət

Füzuli Hüseynov: “Qadınlar daha məndən çəkinmirlər” – Söhbət
9 sentyabr 2021
# 15:09

Bu gün əməkdar artist Füzuli Hüseynovun doğum günüdür. Kulis.az bu münasibətlə aktyorla ad günü söhbətini təqdim edir.

- Füzuli müəllim, ad günləri sizin üçün nəyi ifadə edir?

- Ad günü ilə həyatımda elə bir şey dəyişmir. Doğum günü desək? daha uyğun olar. Bugünkü doğum günüm də əvvəlkilərdən birisidir. Bu gün mənim üçün onu ifadə edir ki, gün gündən qocalırıq, ömür gedir.

- Ən çox yadınızda qalan ad gününüz hansı olub?

- Ən çox yadımda 50 illik yubileyim qalıb. O zaman öz əhatəmdə olan insanlarla bir yerə yığışmışdıq. Bir də 55 yaşımda qeyd etdiyim ad günü yadımdadır. Təxminən 150-180 nəfərlik məclis qurmuşduq. Buna da dostlar məcbur etdilər. Mən özüm həmişə sadə, dəbdəbədən kənar məclislər xoşlamışam. Amma dostlar arzulayırsa, mütləq yığışıb nələrsə təşkil edirik. Bu gün də sadə ad günlərindən biridir. Elə qeyri-adi nə isə hiss etmirəm.

- Dediniz, qocalırıq. Tamaşaçıların, insanların 59 yaşlı Füzuli Hüseynova münasibəti necədir?

- Tamaşaçılardan daha çox hörmət görürəm. Mənə həmişə sayğı ilə yanaşırlar. Çoxu da məni görəndə deyir, qocalmayın nə olar? (gülür). Mən də cavab verirəm ki, qocalmadan yaşamaq olmaz! Həyat davam edir, biz yaşayırıq, qocalırıq. Bu, qanunauyğunluqdur.

- Ad gününüzdə gözlədiyiniz hədiyyə olubmu?

- Vallah, heç kimdən hədiyyə gözləməmişəm. Mən hər şeyi özüm qazanmağa alışan adamlardanam. Amma bir dəfə Rusiyada mənə patronları, bıçağı ilə bərabər ov tüfəngi və balıq tutmaq üçün ləvazimatlar hədiyyə ediblər. Bu da mənim üçün maraqlı olub. Başqa heç nə. Ad günümü dostlarla oturub qeyd etmək mənim üçün ən böyük hədiyyədir.

- Ad günü həm də bir hesabatdır. Bu yaşınızda qazancınız və itkiləriniz barədə nə düşünürsünüz?

- Qazanc və itki barədə onu deyə bilərəm ki, mən sadəcə yaşadım. Heç nə qazanmadım, demək olar, heç nə də itirmədim. Yaşamağa üstünlük verdim, ürəyim istəyən kimi də bunu bacardım. Heç kimi satmadım, heç kimə sözün böyük mənasında xəyanət etmədim. Millətimin, dövlətimin adına xələl gətirəcək, başını aşağı edəcək heç bir hərəkət etmədim, pis iş tutmadım. Mənə elə gəlir ki, bu, özüm üçün ən böyük hədiyyədir.

- Bir dəfə söhbət zamanı təxminən belə fikir işlətmişdiniz ki, biz itirilmiş nəsil sayılırıq. Yenə eyni fikirdəsiniz?

- Bəli. Biz itirilmiş nəsil olduq. Çünki əlimiz bir yerə çatanda, ordan yapışanda, oralar qırıldı. Sovet hökuməti dağıldı. Müstəqillik əldə etdik. Müstəqilliyimiz möhkəmlənənə qədər ömrümüz getdi. Amma lazım olduğumuz zaman aktyor kimi işə yaradıq. Şəxsən mən özümü istifadə olunmamış aktyor hesab etmirəm.

- Teatrların bağlı qalması yaradıcı insan kimi sizin üçün də çətin olar.

- Koronavirusa görə çox adamı itirdik və itirməkdə davam edirik. Rəsmi qurumlar nə deyirsə, o da olmalıdır. Bizim əlimizdən nə gəlir? Yalandan indi populstlik edim ki, yox, mən teatrsız ölərəm? O ölərəm deyənlərə çox yox, bircə sual ünvanlardım, imkanınız olsa, siz də ünvanlayın: Bir ildən çoxdur, artıq iki ilə yaxındır teatr yoxdur, bəs niyə heç biriniz ölmədiniz? Bunlar hamısı boş şeylərdir. Əsas can sağlığıdır. Bəlalar, xəstəliklər bizdən uzaq olsun. Əgər kimsə gəlib xəstələnəcəksə, əzab çəkəcəksə, həyatını itirəcəksə, teatrlar açılmasa yaxşıdır. Hər halda dövlətimiz daha yaxşı bilir. Nə vaxt teatrları açarlar işləyərik, açmazlar işləmərik.

- Bu yaşda dostlarınızdan, doğma və yaxınlarınızdan kimlərin yanınızda olmasını istərdiniz?

- Dünyasını dəyişənlərə Allah rəhmət eləsin. Biz onları qaytarmaq iqtidarında deyilik. Telman Adıgözəlovun vaxtsız dünyadan köçməsi hamı kimi məni də yandırdı. Kaş sağ olaydı. Doğmalarım, sevdiklərim hamısı yanımdadır. Elə bir narahatlığım yoxdur. Əsas odur ki, anam sağ-salamatdır. Bir az xəstələnmişdi, bir-iki ay yanında oturdum, əllərindən tutdum. Korona xəstəsi deyildi. Çox şükür ki, Allah güc verdi və anam özünə gəldi. Mənim üçün anamın sağlamlığından böyük hədiyyə ola bilməz.

- Həmişə yaraşıqlı aktyor kimi qadınların diqqətində olmusunuz. Xanım pərəstişkarlarınızın sizə münasibəti indi necədir?

- Nə yaş, nə bədən quruluşu heç nəyi dəyişmir. İnsan hansı xarakterlə dünyaya gəlirsə, onunla da dünyadan köçür. Sona qədər elə olur (gülür). Təbii, gənclik illərində mənə nəsə deməyə ehtiyat edirdilər, indi qadınlar ürək sözlərini mənə daha sərbəst, daha rahat deyə bilirlər. Həyat davam edir.

- Konkret bu günü necə qeyd edəcəksiniz?

- Bu gün səhərdən dostlarım zəng vururlar, təklif edirlər ki, açıq havada xəngəl qonaqlığı ilə ad günü keçirək. Hava da adamı xəngələ səsləyir. Bir azdan onlara xəngəl qonaqlığı verəcəm. Dostlar arasında ayrıca seçim etmirəm. Hansı rastıma çıxsa, zəng edənlərlə bərabər onları da dəvət edəcəm. Vəssalam.

# 7328 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər