Anası onun ölüm xəbərini eşidib dünyasını dəyişdi, dostunun ölümündə günahlandırıldı, Aqşin Fatehi ələ saldı -  Kərim haqqında bilmədiklərimiz

Anası onun ölüm xəbərini eşidib dünyasını dəyişdi, dostunun ölümündə günahlandırıldı, Aqşin Fatehi ələ saldı -  Kərim haqqında bilmədiklərimiz
9 sentyabr 2021
# 13:01

Kulis.az məşhur meyxanaçı Kərim haqqında maraqlı faktları təqdim edir.

Kərim Novruzov (Ağakərim) 1964-cü ildə Bakının Maştağa kəndindən anadan olub. 1981-ci ildə 209 saylı orta məktəbi bitirib. Təhsil illərində onda ədəbiyyata fənninə maraq olub.

***

Meyxanaya marağı da qonşusu Ağasəlim Çıldağın audiokasetlərindən sonra yaranıb. 1991-ci ildə Azərbaycan Respublikası üzrə keçirilən meyxana müsabiqəsinin qalibi, 1993-cü ildə Əliağa Vahidə həsr olunmuş qəzəlxan festivalının ən yüksək mükafatını alıb.

***

Kərim uzun illər meyxana deyiləndə ilk ağıla gələnlərdən olub. Meyxana tədbirlərində, televiziya proqramlarında, münsiflər kürsüsündə daim öndə idi. Ağasəlim Çıldağın ən yaxın iki tələbəsindən biridir.

Kərimi meyxanada həmkarlarında xüsusi fərqləndirən cəhət onun avazıdır. Meyxanasevərlər onun deyişmələrini belə mahnı kimi dinləyir.

***

Məşədibaba deyirmiş ki, deyişmədə Kərim adamı öz avazında məğlub eləmək istəyir. Onun tembrində cavab vermək istəyəndə adam batır. Gərək onun avazına aldanmayasan, öz tembrində deyəsən.

***

"Amandı", "Azərbaycanlılar", "Bu gedər, o biri gələr", "Divanə kimi", "Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi", "Günahkar mavi Xəzərdir", "Kasıb", "Maştağa", "Nizami", "Pul", "Rədd elə getsin”, "Varmı, görəsən?", "Vurulmuşam" mahnı və meyxanaları ilə tanınıb.

Meyxana ilə yanaşı Kərim gül təsərrüfatı ilə də məşğul olub. Qərənfil, çobanyastığı və başqa növdən olan güllər becərib. Gül ticarəti ilə məşğul olan Kərim bunu həm qazanc yeri, həm də sevdiyi iş kimi qiymətləndirib: “Orucluq, məhərrəmlik aylarında toy az olur, onda təsərrüfatla məşğul oluruq”.

***

Adlarını çəkməsə də 3 tələbəsi olduğunu bildirib. Lakin onlardan biri haqqında yüksək fikirdə olmayıb: “Üç tələbəm vardı. Onlardan ikisi yaxşı öyrəndi, biri isə sənəti öyrəndi, adamlığı yox. Canında olmasa, onun üçün nə isə edə bilmərəm. Gərək istedadı olsun ki, bacardığımdan onu rəndələyim, cilalayım”.

***

Müsahibələrinin birində gənc həmkarı Aqşin Fatehə atmaca ataraq, onun ifrat iddialı təxəllüs götürdüyünü demişdi: “Özünə elə təxəllüs götürüb: "Fateh". Dünyada üç-dörd fateh olub. Çingiz xan, Teymurləng, Sultan Mehmetdir, hələ Stalinə də bu adı vermək istəyirdilər, vermədilər. Bu insanlar ölkələr fəth edib, imperiyalar saxlayıblar. Sən kimsən? Götürdüyün ad gərək səni doğrultsun”.

Kərim digər bir neçə həmkarı ilə bir yerdə mərhum meyxanaçı Elçinin ölümündə günahlandırılır. İddiaya görə Məşədibaba Elçini bıçaqla vurduqdan sonra bir neçə meyxanaçı onu xəstəxanaya bilərəkdən gec çatdırıb. Elçin də qanaxmadan dünyasını dəyişib. Lakin bu iddia şayiə olaraq qalır.

***

Kərim bədii ədəbiyyatı sevdiyini bildirir, daha çox Şərq ədəbiyyatını oxuduğunu deyir: “Şərq klassik poeziyası ilə daha çox maraqlanıram, Füzulinin də, Nizaminin də yaradıcılığını oxumuşam, amma mənim sevimlim Seyid Əzim Şirvanidir. Seyid Əzim dahidir. Bəzi meyxanaçılar adını dahi qoyub. Mən Şirvaniyə dahi deyim, yoxsa meyxanaçıya?”

***

Övladının meyxanaçı olmasını istəmir. Övladının ingilis dilini yaxşı öyrənməsini və öz təəbirincə desək, daha yuxarılarda olmasını istəyir.

***

Toyxanada yüzlərlə adamın qarşısında hər gün yarışmağın həyəcanı meyxanaçıların səhhətinə ağır təsir edir. Bu üzdən əksər meyxanaçılar dünyalarını vaxtsız dəyişir. Həmin həyəcan Kərimin də səhhətinə təsirsiz ötüşmür. 2017-ci ildə insult keçirir. Vəziyyəti ağırlaşır. Heydər Əliyev Fondu meyxanaçının müalicəsini üzərinə götürür.

İnsult keçirdikdən sonra bir müddət ayaq üstə dura bilsə də, ardınca dayaq sistemində də problem yaranıb. Hazırda ustad meyxanaçının səhhəti ağır olaraq qalır.

***

Kərimin bir neçə dəfə ölüm xəbəri yayılıb. Bu xəbərlərdən ilki yayıldığı zaman anası xəbərdən təsirlənib. Deyilənə görə, anasının ölümünə səbəb də məhz həmin qəfil xəbər olub.

***

İnsult keçirdikdən sonra dostu və həmkarı Ağamirzənin ad günündə efirə dəvət alıb. Ağamirzə isə efirdə Kərimə meyxana deməyə icazə verməyib. Kərim bundan inciyərək reklam fasiləsində efiri tərk edib. Ardınca vəziyyətə aydınlıq gətirən Ağamirzə bunları deyib: "Kərim istədi xoş günümdə meyxana desin, mən razılıq vermədim. Başa saldım ki, həkimlər sənin meyxana deməyinə, hələ ki, icazə vermirlər. Həyəcanlanmaq olmaz, birdən, meyxana deyəndə həyəcanlanarsan, vəziyyətin pisləşər.”

Bu gün də məşhur meyxanaçının ölüm xəbəri yayılmışdı. Yaxınları daha sonra xəbərin yalan olduğunu bildirdi.

***

Meyxana ustadına şəfalar diləyirik.

# 5987 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #