İŞİD-də öldürülən azərbaycanlılar – Kimləri itirdik?

İŞİD-də öldürülən azərbaycanlılar – Kimləri itirdik?
30 avqust 2021
# 09:00

Kəndimizdən iki uşaq – uşaq da deyirəm, 2 cahıl getdi Suriyaya, qayıtmadı. O oğlanları mən çox yaxşı tanıyıram, bir yerdə böyümüşük, eyni göldə çimib eyni quşa daş atmışıq. Atalarımız dost, məktəbimiz bir olub.

O, uşaqlar savadsız idi, ancaq bu savadsızlıqları təhsilin, tədrisin zəifliyindən, onların istedadlarının içində boğulması səbəbi ilə yaranmışdı. Olduqca prinsipial, çalışqan, sədaqətli olan həmin uşaqlar çox keçmədi ki, İslama meylləndilər. Bir səhifəlik dərslərini oxumağa tənbəllik edən uşaqlar dünyanın ən böyük kitablarından olan “Qurani-Kərimi”, ardınca Quranın şərhlərini oxudular. Qısa zamanda su kimi təmizləndilər, üzlərində xoş bir təbəssüm və rahatlıq peyda oldu. Onlardan biri mənim kəndə dönməyimi gözləyər, hər gün məni soruşar, mən qayıdan kimi mütəvazi siması ilə qapımızda peyda olardı, saatlarla danışar, qulaq asardı...

Gənclikdən doğan enerji ilə özlərini tapdıqları bu yolda sürətlə addımlayırdılar. Məni yalnız narahat edən onların şəriətdə boğulması, dini ibtidai müstəvidə qəbul edib ehkamlara tutunması idi. Gec-tez tələyə düşəcəkləri bəlli idi...

İnsanlar adətən “Qurani-Kərim”ə roman kimi, ibrətamiz əhvalatların toplandığı bir kitab kimi yanaşır və həmin əhvalatlara, bu hekayətlərin sərgilədiyi yaşama atılır, mahiyyətə deyil, surətə itaət eləməyə başlayır. (Hərçənd din surətpərəst olsaydı, Allahın da surəti barədə hansısa kitabda danışılardı). Bəli, belə adamlar var və onlar dinin, ilahiyyatın mahiyyətinə az-çox yaxın düşməyi bacaran, Allaha sidq-ürəklə bağlanan, bu bağlılığın məhrəmliyini heç nəyə qurban verməyən əsl dindarlardan, möminlərdən qat-qat çoxdur. Həmin şəxslər müqəddəs kitabları, Quranı onlayn, daim yenilənən, Günəş tək hər gün yenidən doğan bir mənbə kimi yox, totem, büt - ən yaxşı halda tarix kimi sevirlər.

Mənim kəndçilərim də Quranın tamamına Allahın insana olan sözünün həm də rəmzi kimi baxmaq əvəzinə təsəvvüründə nəhayətsiz qır qazanları, at quyruğundan hazırlanmış körpülər kontekstində baxırdı.

Mənim kəndçilərim yüz minlərlə azərbaycanlıdan biri, milyonlarla müsəlman əhalinin zərrələridir. “Qurani-Kərim”in ehkamlarını kontekstdən çıxarılmış vəziyyətdə qəbul edən adamlar gec-tez özləri elə həmin tələyə düşürlər. Bu tələni isə onlara elə öz planetlərinin sahibləri qurdu. Cihad üçün alışıb yanan sağlam bədənli kişilər bir də baxdılar ki, çox da uzaqda yox, elə yaxın Şərqdə “Allahın əmri”nə uyğun bir müharibə başlanır, müsəlman bacı-qardaşlar, İslam təhlükədədir. Bu təhlükəni önləmək üçün “əsl İslam ölkəsi” olan bir dövlət qurulub, bu dövlətin bütün qanunları Quranda göstərildiyi kimidir və həmin dövlət özünü müsəlman sayan hər kəsi cihada dəvət edir. Məsələnin mahiyyətinə skeptik gözlə baxa bilməyən yüz minlərlə prinsipial bu qurama layihənin qurama vətəndaşları olmağa çalışdı, yar başı dəyməyən kökslərini bahalı silahlara, qaynar mərmilərə sipər etdilər.

Mənim kəndçilərim də o yüz minlərin içində idi, bir neçə ay ailələri ilə danışdılar, sonra astaca qeyb oldular. Üstündən 5-6 il keçsə də, anaları hələ də onların öldüyünə inanmır və yollarını gözləyir...

Seymur Baycan 1990-cı illəri ömrünün gənc yaşlarında görən azsalı yazıçılardandı və o, “Quqark” romanında Sovetdən çıxmış ölkə vətəndaşlarının eyforiyasını detallı qələmə alıb. Romanda bir məqam var, 71 il əsarət altında yaşayan insanlar birdən azadlıq dadanda, özlərini qəribə aparmağa başlayır, içlərindəki rəhbərlik ehtirası, döyüşmək hissi püskürür. Romanda qeyd olunur ki, hətta bir kişi əşhədü-ehtiyac olmadığı halda öz məhəlləsinin girişinə zəncir bağlayıb gələn-gedən maşınları yoxlayır, bu yolla öz qurdunu öldürürmüş. Hansı ki, az sonra biri maşını “post”da saxlamır və zəncir həmin kişinin barmağını “səliqəylə qoparır”.

Döyüşmək insanın təməl ehtiyaclarındandır, çağdaş mədəni dünyada fərdi mədəniyyəti sərgiləyən bacarıqlardan biri də məhz həmin hissi – döyüşmək hissini idarə etmək, dalaşma potensialını sivil işlər üçün səfərbər etməkdir. Təəssüf ki, zaman-zaman insanların bu heyvani hislərindən istifadə olunur, onları üzə çıxaran layihələrə imza atılır, dünya başbilənləri böyük tonqallar qalayaraq yanmaq, yandırmaq ehtirasında olanları bu tonqalın başına toplayır. Bəşər yaranandan hər dönəmin öz Prometeyləri olur, onlar odu bu və ya digər şəkildə sönməyə qoymur, lazım olsa, özlərini tonqala atıb bu ocağı yaşadır.

Bəli, dünyaya daim bu tipli məkanlar, layihələr lazımdır ki, gələcəkdə onlara mane olacaq zehniyyət, təfəkkür sahibləri burada bir-birilərini qırsın. Bu layihələr ustalıqla, hər bir detalına qədər hazırlanmış və sona qədər kənardan idarə olunan proyektlərdir.

Orxan Fikrətoğlunun “Tək” romanında bu məsələ bir cümlə ilə, bədii dildə təsvir edilib. Qoca əfqan deyir: “Oğul, bizim ölkə dünyanın ocağıdır. Hər kəs öz quru odunu gətirib burda yandırır. Heç kəs istəməz bu ocaq sönsün”.

Koronavirus, pandemiya kimi müəmmalı bir torda çapalayan dünyanı hələ kim bilir növbəti illərdə nələr gözləyir. Yeni “layihələrə” qurban getməməyin yeganə çarəsi isə təhsil, maarif, mədəniyyətdir. Hər bir ölkə öz vətəndaşını övladı kimi yeni dünyaya hazırlamalıdır. Azərbaycan kimi ədəbiyyatın, kinonun, teatrın son pilləyə yuvarlandırıldığı ölkələrdə isə övladlarımızdan rahat ola bilmirik.

# 2102 dəfə oxunub

Oxşar xəbərlər

# # #