Yüz min manat pul yığan "İmam Mehdi"

Yüz min manat pul yığan "İmam Mehdi"
25 avqust 2021
# 10:58

Təzə xəbər çıxıb: 12-ci İmam Mehdi zühur edibmiş. Bu İmam Mehdi sadə və avam camaatdan istifadə edərək 100 mindən çox pul toplayıb. Günahlarından qorxan, o biri dünyada cəzalanacağını düşünən insanlar öz səhvlərini təmizləmək adıyla imamın dediklərini yerinə yetiriblər. Nəticədə qardaşımız kalan pul yığıb və yağlı əppək olub göyə sovrulub.

Başına yığışan avam camaata deyirmiş ki, qazandığınız pulun bir hissəsini kasıblara, kimsəsizlərə, şəhidlərə ayırmaq lazımdır. Camaat da imamın dünyasına inandıqları üçün onun dedikləri ilə həmfikir olublar. Özləri də bilmədən tələyə giriblər. Hələ zərərçəkənlərin dediyinə görə, bu şəxs pulu gecikdirənləri, ya sözünə əməl eləməyənləri şallaqlayırmış da.

Mən ən çox camaatın avamlığına yanıb-töküldüm. Yəni bu qədərmi cahil olmaq olar? Bir adam çıxır, özünü İmam Mehdi adlandırır və başlayır pul toplamağa. Elə bil Mirzə Cəlilin "Ölülər" əsəri yeni tərzdə işlənib qarşımıza çıxıb. Şeyx Nəsrullah da var, avam camaat da. Bircə bütün bunları görən və ona qarşı gedən Kefli İsgəndər yoxdu. Yəni fırıldaq İmam Mehdi bu mənada Şeyx Nəsrullahdan da üstün imiş.

Camaat 30 min, 50 min, 60 min manatı əlbəəl verib imamdan xeyir-dua alıblar. Az-maz ayılanlar da olub ki, bəs bu imam bu pulları hara xərcləyib. Soruşublar. İmam da deyib ki, bəs öz problemlərimə xərcləmişəm, qalanı evdədir, üstünü düzəldib xeyir işlərə, kasıblara xərcləyəcəm. Hələ vəd eləyibmiş ki, şəhid ailələri üçün ev də tikəcək. Ay tikdi ha! Nə ev, nə kasıblara yardım! Özü də düz 2011-ci ildən camaatı dolamağa başlayıbmış.

Yavaş-yavaş "ölülər" dirilib və...

Axırı, zühur eləmiş saxta İmam Mehdini tutublar, dələduzluqda təqsirkar bilib həbs ediblər. Düzü, üstündən bu qədər il keçəndən sonra bu hadisənin üstünün açılması mənə sirli və qaranlıq gəldi. Bundan əvvələ qədər nə oldu ki, heç kim bu fırıldaqçını ifşa eləmədi. Hələ təqsirləndirilən şəxsin qardaşı da çıxıb deyib ki, bu imam söhbəti filan yalandır, uydurmadır.

İndi kimə inanacağını da bilmirsən. Güvən hissi getdikcə solğunlaşmağa başlayır. Lakin nə qədər yalan, nə qədər gerçək olduğu bir yana, şübhəsiz ki, zühur etmiş İmam Mehdi günün adamıdır. O, iki əsr əvvəlki söhbəti təzədən dirildib camaatı aldada və pul qoparda bilib. Mən ən çox o pullara yanıram. Bu camaata xeyirli bir iş üçün, kitab-dəftər üçün ağız açsan, min bir bəhanə gətirəcək ki, pulum-param yoxdur. Ancaq tanımadıqları və özünü İmam Mehdi adlandıran birinə rahatlıqla küllü miqdarda pul verirlər. Cahilliyin bu yeni mərhələsi məni bir xeyli məyus etdi və gün ərzində özümə gələ bilmədim. İndi bu yazını bitirərkən belə anlayıram ki, bu hadisənin qarşısında deməyə söz tapmıram. Mirzə Cəlilin yazdıqlarını 200 il sonra yaşacağımızı desələr, buna gülərdim. Mən bizim bu qədər avam olacağımıza heç vaxt inanmazdım. Biz yazarlar bu hadisəni qələmə alsaq, deyərlər ki, uydurub. Absurd indi bizim öz yaşadığımız reallıqdır. Heç nə demək olmur buna. Nöqtə, nöqtə və nöqtə...

# 5347 dəfə oxunub

Oxşar xəbərlər

Təbiətin ramedilməz  enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

Təbiətin ramedilməz enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

13:30 11 oktyabr 2026
"Dünənki adamın yarısı belə deyiləm..." - Məşhur "Yesterday" necə yarandı?

"Dünənki adamın yarısı belə deyiləm..." - Məşhur "Yesterday" necə yarandı?

11:30 11 oktyabr 2026
"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

16:00 8 oktyabr 2026
İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

14:00 8 oktyabr 2026
Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

15:00 6 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər