Teatrlarımızı kimlər məzara qoyur?

Teatrlarımızı kimlər məzara qoyur?
24 avqust 2021
# 11:32

Bir neçə gün öncə Operativ Qərargahın brifinqində teatr və kinoteatrların fəaliyyətinin məhdudlaşdırılması qərarının qüvvədə saxlanılmasına aktyor Elcan Rəsulovdan kreativ və cəsarətli etiraz gəldi. Paylaşdığı fotoda məzarlığa uzanmış vəziyyəti ilə incəsənətin bugünkü durumuna obrazlı yanaşama edən aktyor açıqlamasında qeyd edir:

"Bu şəklin fonunda Covid-19 sayəsində yavaş-yavaş məzara uzanan mədəniyyət və kinoteatr salonlarımızı görmək olar...Yumşalmaya gedilən bəzi sahələr kimi, bu sahəyə də nəzər yetirmək olar. Öyrətmək olmasın, məsələn: bütün teatr aktyorları vaksin pasportu ilə işə gələ bilər. Elə kinoteatr işçiləri də həmçinin. Hələ teatr və kino salonuna vaksin pasportu olan tamaşaçılar da girə bilər. Baxmayaraq ki, pasportları var, lap bir sıradan bir də əyləşə bilərlər”.

Əslində, pandemiya dönəmində dünya praktikasına müraciət və bu praktikanın ölkəmizdə istifadəsi təklifi Elcan Rəsulovdan, yaxud digər aktyorlardan yox, Mədəniyyət Nazirliyinin məmurlarından gəlməliydi. Amma müşahidə etdiyim qədəriylə, nazirlik yetkililəri sanki əbədi inersiya vəziyyətindədirlər və sənətin durumu onları çox da narahat eləmir.

Məsələylə bağlı sorğuya isə nazirlikdən mediaya bir növ yolaverdi cavab verilib:

"Bildiyiniz kimi, Azərbaycanda xüsusi karantin rejimi müddətində teatr-konsert müəssisələrinin fəaliyyətinin davam etdirilməsi barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilə bilər. Nazirlik tərəfindən bu məsələ ilə bağlı müraciət Operativ Qərargaha ünvanlanıb. Teatrların fəaliyyəti ilə bağlı hər hansı qərar verilərsə, bu barədə ictimaiyyətə məlumat veriləcəkdir”.

Maraqlıdır, sözügedən müraciətin məğzi nədən ibarətdir? Teatrı və kinonu statik durumdan çıxarmaq üçün nə kimi təkliflər planı, təşəbbüslər irəli sürülüb?

Yadıma düşmüşkən, bu ilin iyulunda ADO teatrının yaradıcısı, aktyor Elmin Bədəlovun küçə rəqsi polis tərəfindən dayandırlanda da, nazirliyin incəsənət şöbəsi bu yaradıcı akta hansısa münasibət göstərmədi. Halbuki teatrların işləmədiyi pandemiya dövründə performans təşəbbüsünə sözlə dəstək belə önəmliydi.

Aydındır ki, virus yayğındır, lakin bütün hallarda dünya teatrları, kinoteatrları yeni reallığa və normallığa necəsə uyğunlaşmağa, çıxış yolları axtarmağa çalışırlar.

Misalçün, məşhur alman teatrlarından biri Berliner Ansambl ötən ilin sentyabrında yeni mövsümünü karantin qaydalarına uyğun olaraq açmışdı: sosial məsafə, maskalarla. Pandemiyadan ən çox əziyyət çəkən ölkələrdən biri İtaliyanın məşhur La Skala opera teatrı yeni qaydalara əməl edərək tamaşalar göstərmişdi.

Litvada, Polşada, Fransada, Avstriyada, Rusiyada müəyyən məhdudiyyətlər çərçivəsində teatrlar fəaliyyət göstərirlər. Açıq havada, küçə teatrları göstərilməsi tendensiyası da yayılıb. Ötən ilin aprelində isə sərt karantin dövründə ispan hökuməti paytaxt küçələrində kinoteatr effekti yaratmaq məqsədilə binaların qarşısında xüsusi kinoteatr ekranları yerləşdirmişdi. Və sosial izolyasiyada yaşayan insanların eyvanlarından film izləməyini təmin etmişdi.

Həmçinin, bır sıra ölkələrdə kinoteatrlar ötən ilin iyunundan etibarən müəyyən pandemiya qaydalarına əməl etmək şərtilə fəaliyyət göstərirlər.

Bizdə isə açıq havada belə teatr tamaşalarına, film nümayişinə izn verilmir. Nə əcəbsə, avqustun 2-si kino günü münasibətilə açıq havada nazirliyin təşəbbüsü ilə film göstərilir, amma bu təcrübə kinoteatrlar üçün niyəsə keçərli olmur.

Məsələnin absurd tərəfi odur ki, ictimai nəqliyyatda, özəlliklə avtobuslarda sərnişinlər bir birinin ağzına girir, əksəriyyət artıq maska taxmır və buna göz yumulur, teatrda isə 1 saatlıq tamaşa zamanı virus yayılacağından əmindirlər. Restoranlarda, kafelərdə müştərilər saatlarla nahar, şam edir, mağazalarda yaxın məsafədə dayanırlar, lakin kinoteatrda saat yarımlıq nümayişə dözümsüzlük göstərilir.

Halbuki, digər ölkələrdəki kimi “Covid” pasportu tələb etməklə, zalın 25 faizini doldurmaqla və s. şərtlərlə teatr, kinoteatr fəaliyyət göstərə bilərdi.

...Mən sənətlə əlaqəsi olmayan müəyyən məmurların sənəti gözardı etməyini necəsə anlaya bilərəm. Xüsusən bizim cəmiyyətdə. Amma bu sahədə çalışan məmurların laqeydliyini anlamaqda çətinlik çəkirəm. Ümumiyyətlə, bəzən belə təsəvvür yaranır ki, kino adamından çox kinoya, teatr adamından çox teatra ziyan vurmaq istəyən yoxdur. Misalçün, vaxtilə teatrda işləmiş və elə ordan məşhurlaşmış aktyor Hikmət Rəhimovun yaxınlarda teatr sənətinə, həmkarlarına qarşı aqressiyaya, nifrətə köklənmiş açıqlamasını oxudum. Hikmət Rəhimov istedadlı aktyordur, maraqlı ifaları olur. Hərçənd, son vaxtlar əsassız təkəbbürü, aşağılayıcı manerası rollarına da sirayət edir. Onun teatra qisasçı münasibətini açıq bildirməyə heç Taliban hökuməti də özünə rəva görməzdi.

“Guya teatrlar açıq olsa nə olacaq, bağlı qalsa nə olacaq? İndi teatrlar açılsa, iki il bundan öncəki tamaşalarını göstərəcəklər. Çünki yeni heç nə yoxdur. Bunların əlində bir dənə tamaşaları yoxdur ki, gürcünün, erməninin qabağına çıxara bilsinlər”.

Maraqlıdır ki, Hikmət Rəhimov özü oynadığı hansı tamaşanı və ifasını gürcülərin, ermənilərin qabağına çıxmağa layiq sayır? Yoxsa, teatrdakı faəliyyətini puç, səviyyəsiz hesab edir?

Ayrıca, görəsən hansı gürcü tamaşasına baxıb? Birinin adını çəkib peşəkar səviyyədə münasibət bildirməyi bacararmı? Yoxsa bunun üçün intellektual bazası, aktyor bilgiləri yetərli olmaz? Başqa məsələ, iki il sərt karantin səbəbindən teatrlar qapadılıbsa, yaradıcı heyət yeni tamaşanı harda, necə hazırlamalıdır?!

O, həmçinin, açıqlamasında fəxrlə filmlərə çəklidiyini deyir. Doğrudan da, Hikmət Rəhimov çəkilidyi hansı filmi və rolunu dünya səviyyəli sayır ki, teatrdakı həmkarlarını aşağılayır?

Bəlkə hansısa nüfuzlu festivalda qalib olub, yoxsa “ən yaxşı kişi” roluna görə mükafata layiq görülüb, biz bilmirik? Yox, əgər söhbət, özünün baş rolda çəkildiyi “Üçüncü günün adamı” filmindən söhbət gedirsə, bu, onun ən zəif rollarından biridir. Filmin keyfiyyəti haqqında isə vaxtilə Kulis.az-da yazmışam.

Üstəlik, teatra həqarətlə baxan aktyor fəaliyyəti müddətində “Qatil”dən başqa hansı tamaşayla gündəmə gəlib? Sual həm də budur.

# 3450 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #