Döyüşən, snayper gülləsinə tuş gələn, iflic olan böyük yazıçı

Döyüşən, snayper gülləsinə tuş gələn, iflic olan böyük yazıçı
24 yanvar 2013
# 14:36

“Hələ uşaqlıqda diqqət etmişdim ki, qəzet reportajları hadisələri dəqiqliklə əks etdirmək bacarığında deyil. İspaniyada isə mən faktlara heç bir aidiyyəti olmayan reportajlarla rastlaşdım. Mən heç vaxt olmamış döyüşlər haqda məqalələr oxudum, yüzlərlə insanın həlak olduğu döyüşlər barəsində isə necə susduqlarını gördüm. Mən qorxaqlar və xainlər kimi təqdim olunan mərd əsgərləri, habelə bir dəfə də güllə səsini eşitməyərək xəyali qələbələrin qəhrəmanları kimi təqdim olunanları gördüm”

(Corc Oruell. “İspaniya müharibəsini xatırlarkən”)

Müharibəyə yollanıb oradan yazan yazıçılar çox olub (Cek Londonu, Heminqueyi, İlya Erenburqu xatırlasaq yetər) ancaq müharibədə sıravi əsgər kimi savaşan, səngərin palçığının və bitli paltarın nə demək olduğunu bilən, yanındakı dostların ölümünü və ardıcıl məğlubiyyətlərin acısını adiləşmiş statistika kimi qarşılamağı öyrənən Böyük yazıçılar çox azdır. Corc Oruell onlardan biridir.

1936-cı ilin yayında general Franko İspaniya inqilabına qarşı qiyam qaldıranda Avropadan və Amerikadan on minlərlə antifaşist könüllü olaraq Madridə və Barselonaya yola düşdü. “İyunun 18-də döyüşlər başlayanda Avropada yəqin bir nəfər də antifaşist yoxdu ki, onun qəlbində ümid cücərməsin. Hamımıza elə gəlirdi ki, nəhayət demokratiya faşizmə qarşı dayanmağa cəhd edəcək” - 1 il sonra Oruell özünün “Kataloniyanın xatirəsi” kitabında yazacaqdı. O antifaşistlərdən biri də yazıçının özü idi.

İspaniyada vuruşmaq üçün ona Böyük Britaniya kommunistlərinin təqdimat kağızı lazımdı. Ancaq kommunistlərin lideri Harri Pollit bu cür kağızı Oruellə verməkdən imtina edir. Belə olanda Oruell Müstəqil Leyboristlər Partiyasına müraciət edir və müsbət cavab alır. Elə o kağızla da müharibəyə, İnqilabı və Sosializmi qorumağa yollanır.

İspaniyada Müstəqil Leyborist Partiyasının üzvləri POUM partiyasının (Birləşmiş Marksist Fəhlə Partiyası) dəstələrində döyüşürdülər. POUM İnqilabın dalğasında yaranmış yeni partiya idi və onun əksər üzvləri Buxarin platformasında dayanırdılar. POUM-un liderləri olan Andres Nin və Xulian Qorkin (təxəllüsünü yazıçı Maksim Qorkinin şərəfində götürmüşdü) uzun illər SSRİ-də yaşamışdılar, ancaq İspaniyaya dönüşlərində yerli Kommunist Partiyası ilə əlaqələri kəsmişdilər, odur ki, Moskva onlara çox da inanmır, hətta “trotskiçi” sayırdı. Halbuki, POUM Trotskiyə münasibətdə də öz sağlam skepsisini saxlayırdı və sonuncunun cəhdlərinə baxmayaraq, onunla yaxınlaşmaqdan imtina edirdi.

Sırf təsadüfdü ki, Oruell də Araqon cəbhəsində POUM könüllüləri sırasında vuruşacaqdı. Və bu təsadüfün həm onun şəxsi həyatında, həm də dünya ədəbiyyatı tarixində önəmli rolu olacaqdı.

***

“Bilirəm, indi iddia edirlər ki, sosializmin bərabərliyə heç bir aidiyyəti yoxdur. Dünyanın bütün ölkələrində bürokratların və səliqəli professorların nəhəng tayfası “sübut edirlər” ki, sosializm vur-tut planlaşdırma sisteminin olduğu dövlət kapitalizmidir, insanların varlanmaq tamahı isə həmişə qalır. Ancaq xoşbəxtlikdən, sosializmə fərqli baxış da mövcuddur”

(Corc Oruell. “Kataloniyanın xatirəsinə”)

Oruell İspaniyada 6 ay olur, vuruşur, yaralanır, səsini itirir, sağ barmaqlarının hissəvi iflicini "qazanır", sonunda birtəhər qaçıb canını qurtarır. Çünki bir çox könüllülər kimi onu da həbs, ola bilsin də edam gözləyirdi. Çünki o, kommunist partiyasının dəstəsində yox, sirli POUM təşkilatının könüllüləri arasında idi. "Trotskiçi" kimi təqdim olunan, ləğv edilən, liderləri güllələnən, üzvlərinə divan tutulan POUM-a isə ispan kompartiyası savaş açmışdı.

Barselona yazıçını İnqilabın apogeyində qarşılayır. “Kataloniyanın xatirəsinə” əsərində Oruell 1936-cı ilin dekabrının Barselonasını bu cür təsvir edir:

“Bütün mağaza və kafelərdə müəssisənin ictimailəşdirildiyini xəbər verən lövhələr vardı. Satıcılar və xidmətçilər müştərilərin üzünə dik baxır və onlarla bərabər adam kimi davranırdılar. Heç kəs bir-birinə “don” və ya “senyor” demirdi, hətta “Siz” müraciəti də yoxa çıxmışdı, əvəzində isə bir-birinə “yoldaş” deyə müraciət edirdilər. Çaypulu qanunla qadağan edilmişdi. Gəlib çatan kimi mən ilk dərsimi aldım - mehmanxana müdiri mənə lift işçisinə bəxşiş təklif etdiyim üçün irad tutdu. Hər yanda gözə inqilabi plakatlar dəyirdi. Şəhərin mərkəzi küçəsini - Ramblası xalq kütlələri doldurmuşdu və gecənin yarısına qədər mikrofonlardan inqilabi mahnılar eşidilirdi... Gördüklərimin çoxu mənim üçün yeni və qəribə, bəziləri isə xoşagəlməz idi, ancaq dərhal anladım ki, bunlara görə savaşmağa dəyər. Mən həm də inandım ki, fəhlə dövlətindəyəm, burjualar ya qaçıb, ya da fəhlələrin tərəfinə keçiblər. Həmin vaxt heç ağlıma da gətirməzdim ki, burjuaların əksəriyyəti sadəcə gizləniblər, ya da özlərinə sərf edəcək vaxta qədər dönüb “proletariat” olublar”.

O günlərin Kataloniyasında faktiki hakimiyyət anarxistlərin əlində cəmləşmişdi. Get-gedə anarxistlərlə digər Sol qüvvələr - kommunistlər və sosialistlər arasında olan həlsiz ziddiyyətlər razvyazkaya yaxınlaşırdı. Ancaq uzaqdan - İngiltərədən gəlmiş Corc Oruell bunu hələlik hiss edə bilməzdi. “Mən ilk dəfəydi ki, hakimiyyətin fəhlələrin əlinə keçdiyi şəhərə gəlib çıxmışdım” - Oruell xatırlayırdı.

Cəmisi 6 ay sonra - Oruell həyat yoldaşı Aylinlə birlikdə gizlicə İspaniyadan Fransaya qaçanda isə mənzərə tam başqa olacaqdı: İnqilab apogeyini keçib, qüruba gedir, süstlük, ümidsizlik, apatiya yaradır. Dekabrda burjualar xilas olmaq üçün fəhlə kimi geyinirdi, iyunda isə artıq tərsinədir - həbsdən yaxa qurtulmaq üçün Oruell əsl burjua görkəminə girir. Və bu Barselonadadır - inqilab və proletariat şəhərində.

***

“Adi insanı sosializmdə cəlb edən və onun naminə öz canından keçməyə vadar edən - Bərabərlik ideyasıdır. Sosializmin “sirr”i də ondadır. Əksər insanlar üçün sosializm - sinifsiz cəmiyyətdir”

(Corc Oruell. “Kataloniyanın xatirəsinə”)

1937-ci ilin yazında Corc Oruell POUM-u tərk etmək və Kommunist partiyasının İnterbriqadasına keçmək qərarına gəlir. Bunun üçünsə cəbhə xəttindən Barselonaya qayıtmaq və müvafiq sənədləri toplamaq lazımdı. Bu Barselona səfəri yazıçının dünyagörüşünü də, şəxsi həyatını da radikal şəkildə dəyişir.

Həmin dövrdə Xalq Cəbhəsi hökumətində təmsil olunan əsas qüvvələrlə (kommunistlər və sosialistlər) digər Sol qüvvələr (anarxistlər və POUM) arasındakı fikir ayrılıqları artıq açıq müstəviyə keçmişdi. Frankoya qarşı mübarizənin vahid komandanlıq altında aparılması zərurətini anarxistlər israrla rədd edirdi (Halbuki, bu cür intizam olmadan məğlubiyyətin qaçılmazlığını tarix dəfələrlə təsdiqləyib). Ümumiyyətlə, anarxistlərin İspaniya inqilabındakı yarıtmaz, hətta ziyanlı rolu (xüsusən də, onların əfsanəvi lideri Durrutinin ölümündən sonra) çoxsaylı mənbələrlə təsdiqlənir. Elə Oruell də anarxistlər barədə enzuziazmsız danışır. POUM-la Xalq Cəbhəsi arasındakı ziddiyyətlər isə fərqli və daha prinsipial idi.

Bu prinsipial fərqlərə Oruell özünün "Kataloniyanın xatirəsinə" kitabında ayrıca yer ayırmasa da, digər müəllif - Lev Trotski Meksikada çıxardığı “Müxalifətin bülleteni”ndə bu məsələyə dəfələrlə baş vurub. Nədə idi o fərq?

SSRİ ispan kommunistlərinə əvvəl Fevral, sonra Oktyabr İnqilabı (Rusiyadakı sayaq) etmələrini tövsiyə edir, POUM isə "Birbaşa sosialist inqilabı etməsək, burjuaziya bizi əzəcək" deyir və sonunda haqlı da çıxırlar. SSRİ-yə Fransa ilə bağladığı müqavilə çox əhəmiyyətlidir, Fransaya isə qonşuluqda sosialist dövləti gərək deyil. Birbaşa Oktyabr inqilabı etmək istəyən barışmaz POUM və anarxistlər buna əngəldir. Nəticədə Frankoya birgə müqavimət əvəzinə, kommunistlər və digər Sol partiyalar bir-biri ilə mübarizəyə girişiblər.

Kommunistlər burjua inqilabından hansısa müddət sonra sosialist inqilabının baş verəcəyini deyir, POUM və anarxistlər isə burjua inqilabını rədd edir, birbaşa sosialist inqilabını tələb edirdilər. Antifaşizmlə müqayisədə bu, daha qlobal məsələydi, antifaşizm onun sadəcə bir tərkib hissəsiydi.

Bu ziddiyyətlər Frankoya qarşı vahid cəbhədə və bir yumruq kimi döyüşməyə mane olduğundan, günlərin bir günü açıq konfrontasiyaya keçməliydi. Və keçdi də. Barselonada Oruell həm POUM-un, həm də anarxistlərin dəstələrinin qanundan kənar elan olunduğu xəbərini alır. Fəhlə şəhəri Barselona həmin il Avropada bəlkə yeganə şəhər olur ki, qan tökülməsinin qarşısını almaq məqsədilə 1 May nümayişi keçirilmir. Xalq Cəbhəsinin Madriddən gəlmiş qoşunları inqilabın başlanğıcından anarxistlərin nəzarətində olan teleqraf binasını, habelə POUM-un kafesini mühasirəyə alırlar. Oruell müqavimət göstərmək üçün hündür binanın damına qalxıb 3 gecə hücumu gözləyənlər arasında olur. Sonralar o, həmin günləri ömrünün “ən əsəbi və dözülməz günlər”i adlandırır.

Barselona anarxistlərin və POUM-un nəzarətindən çıxır, həbslər başlayır. POUM bir partiya kimi ləğv olunur, Andres Nin tutularaq həbsdə qətlə yetirilir. Bu hadisələr Oruelli kommunist İnterbriqadalarına keçmək niyyətindən daşındırır və o, yenidən gəldiyi cəbhəyə - Ueskoya, POUM üzvlərinin yanına qayıdır. Ön cəbhədə vuruşan bu insanlar isə partiyalarının ləğv olunduğundan, özlərinin də qanundankənar və “faşist agenti” elan edildiklərindən xəbərsizdilər.

***

“Burada, Araqon cəbhəsində sən eyni şəraitdə yaşayan və bir-biri ilə Bərabərlik əsasında ünsiyyət saxlayan 10 minlərlə insanın arasındasan. Müəyyən anlamda bu, sosializmin astanasıdır... Sivil cəmiyyətdəki adi həyat motivlərinin əksəriyyəti - snobizm, varlanmaq hərisliyi, rəhbər qarşısında qorxu və s. - burada ömrünü başa vurub və yox olub. Sən elə bir yerdəsən ki, ümidə apatiya və sinizmdən daha çox rast gəlinir, “Yoldaş” sözü isə bir çox ölkələrdəki kimi aldanış deyil, məhz yoldaşlıqdır. Sən bərabərlik havası ilə nəfəs alırsan”.

(Corc Oruell. “Kataloniyanın xatirəsinə)

1937-ci ilin 20 mayında, səhər saat 5-də, cəbhəyə qayıdışının 10-cu günündə Uesko yaxınlığında Corc Oruell snayper gülləsinə tuş gəlir. Bəstəboy ispanların qazdığı dərin olmayan səngər ucaboy Oruelli asanca hədəfə çevirir.

Güllə onun boğazına dəyir, yuxu arteriyasının 1 millimetrliyindən keçir və ənsə nahiyəsindəki sinirləri zədələyir. Sonuncu həm də onun sağ əlinin iflicinə səbəb olur.

Sonra hospital, sanatoriya və İspaniyadan qaçış. Mehmanxanaya Aylini görməyə gələn Oruell burada axtarıldığını, dostlarının isə artıq həbs olunduqlarını eşidir. 2 gecəni dağılmış binanın xarabalarında gizlənərək keçirir.

İngiltərə konsulluğu iyunun 23-də 4 Britaniya vətəndaşına (Oruell və Aylin, POUM-çular Makner və Kottman) pasport verir və onlar İspaniyadan Fransaya yola düşən qatara əyləşirlər. Əgər ötən ilin dekabrında - Oruellin İspaniyaya gəlişində anarxist sərhədçilər onu burjua kimi geyindiyi üçün ölkəyə buraxmaq istəmirdilərsə, bu dəfə tam tərsinə olur: “Britaniyalı turistlər”in burjua görkəmi onları həbs olunmaq təhlükəsindən qurtarır.

“Biz demokratiyanın qəhrəman müdafiəçiləri kimi başladıq, sərhəddən gizlicə sivişib keçməklə qurtardıq” - Oruell “Kataloniyanın xatirəsi”ndə xatırlayacaqdı.

Onlar vaxtında aradan çıxırlar: Fransada əllərinə keçən ilk qəzetdəcə Maknerin həbsi haqda tələsik məlumat vardı (Makner isə onlarla birlikdəydi). İyulun 13-də Barselona tribunalı Erik Bler (Oruellin əsl ad-famili) və onun xanımı Aylinə qarşı “Vətənə xəyanət” və “casusluq” maddələri ilə ittiham irəli sürür. İttihamnamədə deyilirdi: “Onlar trotskiçidirlər, Müstəqil Leyborist Partiyası və POUM ilə əlaqəlidirlər, may hadisələrində iştirak ediblər”.

Fransada dördlüyün yolları ayrılır. Oruell və Aylin balaca Banyul-sür-Mer şəhərində qaldı. Oruell 34 yaşını burada qeyd edir.

***

“İspaniyada bəlli oldu ki, sən haqlı ola, ancaq uduza bilərsən, güc ruhu üstələyə bilər. Və dövrlər var ki, mərdlik kifayət etmir. Məhz buna görə bütün dünyada bu qədər çox adam İspaniya dramını öz şəxsi faciəsi kimi qəbul edir”

(Alber Kamyu)

Kamyunun bu kəlmələri Oruellin dünyagörüşünün transformasiyasını da yaxşı əks etdirir. Londona qayıdan Oruell POUM-un faciəsini təsvir etmək üçün “Ataloniyanın xatirəsinə” əsərini yazır, ancaq naşiri onu çap etmir. Nəticədə kitab daha kiçik nəşriyyatda işıq üzü görür və Britaniya kommunistləri tərəfindən süngü ilə qarşılanır. Onlar Oruelli “bu çətin dövrdə Frankonun dəyirmanına su tökməkdə” ittiham edirlər.

Oruell “Mən niyə yazıram” məqaləsində POUM-dan olan dostlarının ünvanına yağdırılan ittihamlara görə cavab verməyə özünün məsuliyyət hiss etdiyindən söz açır. 1938-ci ildə “Kataloniyanın xatirəsinə” kitabı, daha 4 il sonra isə “İspaniya müharibəsini xatırlayarkən” əsəri işıq üzü görür.

Retrospektiv baxışda tam qətiyyətlə söyləməyə əsas var: Oruell İspaniya müharibəsində iştirak etməsəydi, nə “Heyvan ferması”, nə də “1984” ərsəyə gələrdi. İdeyaların təhrifinin yalnız təbliğat yox, həm də manipulyasiya vasitəsi olduğuna, totalitarizmin təbiətinə yazıçı məhz İspaniyada şahid oldu. Ancaq söyləmək ki, müharibədə gördükləri Oruelli sosializmdən uzaqlaşdırdı - böyük səhvdir. O, ömrünün sonuna qədər sosialist və antiburjua olaraq qaldı, totalitarizmi istənilən formada tənqid etdi. Və bu gün rastlaşdığımız neoliberalizm əslində Oruellin “1984”-ünü reallaşdırmaq, onu legitimləşdirmək məqsədi üçün çalışan ideologiyadır.

“Kataloniyanın xatirəsinə” kitabı isə taleyüklü əsərlərin bir çoxunun qismətinə düşən reallıqla qarşılaşdı - kommersiya uğuru qazanmadı. Nə qədər inanılmaz da görünsə, 12 il ərzində (1938-1950) kitabın vur-tut 600 nüsxəsi satıldı.

Oruell “öləndən sonra doğulan” (Nitsşe) müəlliflərdən biri oldu...

# 2995 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #