Hüseynbala Mirələmovun romanındakı canavarlar

Hüseynbala Mirələmovun romanındakı canavarlar
12 avqust 2021
# 09:00

Kulis.az Zamin Hacının "Vətəni tanıtdırmaq üçün turlar" yazısını təqdim edir.

“Həyat ona iri planda baxanda faciədir, uzaqdan baxanda isə komediya” (Çarli Çaplin)

Dostumuz Seymur Baycanın sözü olmasın, “indi mənim günahım nədir ki” eyni gündə həm Leos Karaks-ın “Annet” filminin treylerinə, həm də adını çəkmək istəmədiyim azərbaycanlı rejissorun filminə baxdım. Bu, nəyə inanırsınızsa, ona and içirəm ki, çox pis təcrübədir. Axı necə ola bilər, bir xarici filmin dəqiqə yarımlıq təqdimatı saat yarımlıq filmimizdən maraqlı, dramatik, mənalı alınsın? Rəhmətliyin oğlu, 25 il dava-şava ilə kino çəkir, baxırsan kinoda tısbağalar sekslə məşğuldur. Guya bu çox orijinaldır.

Sözgəlişi, çox adam bilmir, bizim ədəbiyyat tariximizdə canavarların seksinin təsvirləri də vardır və sizcə bunu kim qələmə (qələməmi?) almışdır? Ay sağ olasınız, Hüseynbala müəllim. Mirələmov. Zarafat eləmirəm. Hüseynbala müəllim bir romanında canavarların cinsi əlaqəsini elə şövqlə, həvəslə təsvir eləmişdi ki, bundan xəbər tutan canavarlar cütləşməyi dayandırdılar. Məndə olan məlumata görə hazırda bu totemimizin kökü kəsilmək üzrədir. Bir gün də buna etiraz üçün küçəyə çıxıb ulamalı olacağıq. Bilmirəm ekologiya idarəsi hara baxırmış. Hüseynbala müəllimi o romana görə cərimələmək olmazdımı?

Qaldı Leos Karaks, o hələ 9 il bundan qabaq çəkdiyi “Qutsal motorlar” filmiylə könlümdə özünə taxt qurmuşdur və bu dəqiqə məni düşündürən əsas mədəni problem budur ki, “Annet”ə harda, necə baxacağam? Bəlkə bu hicranla uzun müddət yaşamaq da gözəldir.

Bu yazıda isə mən əslində başqa ağrılı nöqtələrə toxunmaq istəyirdim. Kino girdi araya, incəsənət növbəti bəşər övladını xilas eləmiş oldu... Hardan? Xilas-zad yoxdur. Şəhid ailəsinin tort kəsmək hüquqlarının dartışılmasını düşünürəm. Çox ağır mövzudur. Bu adamlar bizim yaşamağımız uğrunda ölüblərsə, hər an bunu düşünməklə yediyimiz-içdiyimiz necə olsun? Pafoslu şəkildə “onların adına layiq yaşayaq, bəsdir” yazardım, ancaq həyatını sənin yolunda qurban vermiş adama layiq olmağın yolunu kim bilir? Mən bilmirəm, üzrlü sayın.

Bir-iki ay qabaq şəhid ailəsindən rüşvət alan dələduz “jurnalistlər” müzakirə edilirdi, o zaman Şərif Ağayarın mövzuya həsr olunan yazısından (hörmətli oxucular da bilsin, burada saytın başçısından sitat gətirmək müəllifə baş ucalığı gətirir və qızıl qaydalardandır) bir hissə heç yadımdan çıxmır. Həmin hissədə şəhid anasının “280 manatla yaşayan adamam, bu dələduza övladımın qanpulu kartından 100 manat ödədim” sözlərinə Şərif bəy belə şərh yazmışdı: “O qadını dələduz jurnalistdən əvvəl kimsə və ya kimlərsə daha ciddi aldadıb deyə bir hiss keçdi içimdən”. Hekayə gücündə cümlə idi. Dini kitablarda deyilən kimi, şübhəsiz burada bir hikmət vardır.

Əgər o cümləni bəyəndiyimi burada yazmasaydım, yəqin uzun müddət məni narahat eləyəcəkdi. İndi yazdım, canımı qurtardım. Yazılarım mənim canımı qurtarmaq üsullarımdan biridir, yoxsa çoxdan ölərdim. Tez təsirlənən adamam. Bəzən kinoya baxıram, birdən gözümdən yaş axır.

Şəhid ailələri temasında bir müşahidəmi də mən yazım. Keçən ay hansısa saytda əcaib xəbər gördüm. Fotolar da vardı içində. Yazmışdılar ki, (müharibə qurbanlarıyla bağlı uzundraz adlı fırıldaq QHT-lərimizdən hansısa) şəhid ailələri üçün maarifləndirici tur təşkil edilib. Guya şəhid analarını avtobusa yığıb turistik bölgəmizə bir günlük aparıblar. Orda icra başçısı gəlib, şəhid analarına nağıl danışıb və sairə.

Biləcəri ceyilləri demişkən, “atam-atam”, sən kimsən ki, şəhid analarına vətənin hansısa bölgəsi haqda “maarifləndirici tur aksiya” (təqdimat eynilə bu cür idi) düzəldirsən, hələ o qəmli anaların toplu şəkliylə özünə “şəkil çəkdirirsən”? Alver eləməyə ayrı mövzu qalmayıb? O analar bizim kimilərinə vətənin bütün guşələri haqda, vətəni sevmək haqda maarifin zirvəsini düzəldiblər. Arif olsan anlardın, anlamadığın üçün maarifdən danışırsan. Vətən uğrunda övladını qurban verən anaya vətəni tanıdırmışlar...

Yazını İsa İsmayılzadənin çox sevdiyim şeirindən sitatla bitirirəm:

Axırsan çay kimi damarlarımda,
Çopur qayana da qaynayır qanım.
Böyüklü-kiçikli arzularım da
Adınla bağlıdır, Azərbaycanım!
Sən mənim köksümdə çarpan ürəksən,
Mən sənin köksündə – kiçik bir zərrə.
Mənə qanad verən odlu diləksən,
Adına, özünə Vətən deyirəm,
Çölünə, düzünə Vətən deyirəm”.

P.S. Kim istəsə mahnı kimi oxuya da bilər. Biz köşə yazılarımızda oxuculara hər cür şərait yaradırıq.

# 2084 dəfə oxunub

Oxşar xəbərlər

# # #