Yaponiyada alovlanan olimpiya məşəli və Türkiyədəki meşə yanğınları

Yaponiyada alovlanan olimpiya məşəli və Türkiyədəki meşə yanğınları
5 avqust 2021
# 14:43

Kulis.az Vüsal Bağırlının "Bizi gözləyən təhlükə..." adlı yazısını təqdim edir.

Od.

O, müxtəlif rəngdə ola bilir, sarı, mavi, yaşıl, hətta al-qırmızı.

Özünü müxtəlif xarakterlərlə büruzə verir.

Mülayim, sakit, qəzəbli, çılğın, çox mərhəmətli, hədsiz qəddar.

Eynən biz insanlar kimi.

Odla çox oxşarıq, elə deyilmi?

Od lap qədimlərdən, Prometeydən üzü bəri bizimlədir. Ta qədim zamanlardan daşdan və quru odundan istifadə etməklə odu ram etdik, tonqallar qaladıq. Onun köməyi ilə yemək bişirdik, evimizi nura qərq etdik, vəhşi heyvanların hücumundan qorunduq.

Onun köməyi ilə sərt poladı əritdik, raketləri kosmosa uçurduq.

Od çox gözəldir. Biz onun ətrafına toplaşıb, alovunun oynaq dillərinə tamaşa etməyi sevirik. Od tilsimlidir. O, bizi özünə cəzb edir.

İndi isə Yaponiyada keçirilən Olimpiya oyunlarını, Olimpiya məşəlini xatırlayın. Bəşəriyyəti, sivilizasiyanı bir yumruqda birləşdirən amil. İdman, mübarizə, həyəcan qələbə əzmi və sevinc.

Amma bəzən od, alov, atəş öz dinc, sülhpərvər sərhədlərini aşır, dəhşət saçır, təbii fəlakətə çevrilir.

Türkiyədə nəhəng miqyaslı yanğın baş verdi. Minlərlə hektar sahilboyu meşə sahəsi bir günün içərisində yanıb kül oldu. Cəhənnəm odu, yüksək temperatur və güclü küləyin köməyi ilə qol-qanad açdı və ildırım sürəti ilə hər tərəfə yayıldı. Vaxtilə yaşıllıq, həyat nümunəsi, istirahət və gözəllik məkanı hesab olunan yerlər, ormanlar indi yanmış, qapqara qaralmış, kömürə dönmüş miskin ərazilərə, cansız səhralıqlara döndülər. Yanğının təsiri “həyat üçün təhlükəli” sayılan kritik həddi dəfələrlə ötdü.

O, ətrafda, həmin bölgədə yaşayan yüzlərlə sakin isə qorxunc od-atəşdən xilas olmaq üçün dənizkənarı ərazilərə axışdılar, müxtəlif bölgələrə evakuasiya olundular. Yanğın zonasına xeyli miqdarda texnika cəlb edildi, kömək üçün qonşu dövlətlərə müraciətlər göndərildi.

İndi kül olmuş ərazilərin miqyası dərin heyrət və təəssüf doğurmaqdadır. Təsəvvür edin, nəhəng yaşıllıq, təbiət zolaqları yerlə yeksan olub. Meşələrin flora və faunası məhv edilib. Buna yalnız bir ad vermək olar: dəhşət!

Bildiyimiz kimi, müasir dünyada elm və texnika sürətlə inkişaf edir. Alimlər mikrobiologiya, radiotexnika, kosmik tədqiqatlar, gen mühəndisliyi, DNK və hüceyrə miqyasında araşdırmalar üzrə müxtəlif inqilabi kəşflərə, heyrət doğuran ixtiralara imza atırlar.

Amma, sivilizasiya, müasir insan övladı hələ də bəzi ibtidai və qədimi təbii fəlakətlər (zəlzələ, vulkan, meşə yanğınları, sunami) bəzi xəstəliklər (COVİD-19, xərçəng, QÇİS və sair) qarşısında xeyli aciz görünür.

Üstəlik, qos-qoca evimizin, Yer planetimizin kosmik ənginliklərdə avaralanan hansısa yad cisim, kometa və ya asteroidlərlə toqquşma ehtimalı var.

Fəqət, bütün həyəcan siqnallarını, xəbərdalıq nişanələrini bir kənara qoysaq, Yer planeti üçün ən böyük təhlükənin sunamilər, təbii fəlakətlər, zəlzələ və vəlvələlər deyil, əslində elə biz olduğunu görərik. İnsanlardan başqa planetə olmazın ziyanlar vuran, ekologiyanı pozan, müharibələr edən, atmosferi sənaye tüstüsündə boğan başqa bir canlı varlıq mövcud deyildir.

Fərz edək, sivilizasiya inkişafın elə bir həddinə gəlib çatır ki, artıq bütün xəstəliklərə, təbii fəlakətlərə qalib gəlir, geni dəyişir, 50-100 il deyil, 1000 il yaşayır. Sayımız isə 10 milyarda deyil, 100 milyarda gəlib çatır. Belə olan halda, görəsən zavallı, biçarə Yer kürəmiz bu cür planetar miqyaslı həngaməyə, basabasa, tıxaca dözə biləcəkmi? Görəsən bu qədər insan kütləsini, bəni-adəm məxluqunu sürətlə tükənən yer resursları hesabına yedirib, içirib, doyurmaq olacaqmı?

Mənim inanmağım gəlmir.

Bəs sizin?

# 7330 dəfə oxunub

Oxşar xəbərlər

Eşq, mütaliə və ehtiras... - Tanınmış fransız rəssamın məşhur əsərləri

Eşq, mütaliə və ehtiras... - Tanınmış fransız rəssamın məşhur əsərləri

13:00 22 avqust 2026
“Mənə liderliyi ələ alacaq kişi lazımdır” – Məşhur "Training season" necə yarandı?

“Mənə liderliyi ələ alacaq kişi lazımdır” – Məşhur "Training season" necə yarandı?

10:30 22 avqust 2026
Klassik Şərq poetikası ilə modern rəngkarlığın təfsiri  - Mikayıl Abdullayevin "Füzuli" əsəri

Klassik Şərq poetikası ilə modern rəngkarlığın təfsiri - Mikayıl Abdullayevin "Füzuli" əsəri

16:05 21 avqust 2026
"Nə vaxt təslim olacağını bilməlisən..." - Məşhur "The gambler" necə yarandı?

"Nə vaxt təslim olacağını bilməlisən..." - Məşhur "The gambler" necə yarandı?

12:30 21 avqust 2026
Modern təfəkkürlə qədim köklərin kəsişdiyi nöqtə - "İmereti – Anam mənim" tablosu

Modern təfəkkürlə qədim köklərin kəsişdiyi nöqtə - "İmereti – Anam mənim" tablosu

14:30 20 avqust 2026
İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

18:30 19 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər