Bu mənəm - şairlərin yuxusuna gizli kamera yerləşdirən – Güneydən şeirlər

Bu mənəm - şairlərin yuxusuna gizli kamera yerləşdirən – Güneydən şeirlər
28 iyul 2021
# 16:40

Kulis.az “Sözün Güneyi” layihəsindən Məhəmməd Nurinin şeirləini təqdim edir.

Məhəmməd Nuri 1985-ci ildə Güney Azərbaycanın Muğan bölgəsində anadan olub. Orda da yaşayır. Əsasən şeir yaradıcılığı ilə məşğuldur

1.

Gördüm cəddim uzaqdan gələn bir yolun günortasından doğulur
Cəddim savaşların hamısında pəncərə düzəldir baxır Gülüstan Bağına.

Damarlarını vurduğun vətən
süd qəhvəsinə damdı
O gün Art kafesində toxunacaqdım dodaqlarındakı qu quşlarına,
Quylanacaqdım,
Lionel sol ayağını müqəddəs Santiaqoda quyladığı gün,
bədənim yerə yapışdı
Biz bütün ölülərin ölmədiyi üçün qazırdıq kölgəmizi.

Kim inanacaq
Qürrətüleyn* ilə eyniləşmək istəyən Saidi*
eynək ilə pəncərə içir
özün görür küçədə, iş yerinə getmədən öncə,
ağacların sükutu altına komment qoyur:
Salvadore,* bu qədər rənglərin əlindən tutub evə gətirmə,
Mən əvvəldən qırmızı idim
Sonradan yerə töküldüm.

Kim inanmayacaq
Oğlum ağzında tuta bilmədiyi kəlmələri,
Kəpənəyə çevirdiyi gün
Dodağın qaçdı, qəzetlərin ağzı əyildi
Yatağımızı götürüb çıxdıq Savalanın başına
Qonşumuzda, dul bir qadın şəhərin gizli atraksionlarına keçib,
prezident seçkilərindən xaric oldu
İmplant dişləri ilə əşyaları gəmirdi
Bankları gəmirdi

Biz ovcumuzun içində gözlədiyimiz Xəzərlə
ikinci mərtəbədən enə-enə balıq olduq
bildik ki,
yuxularımız dənizlərin doğma uşağıdır.

Atam üçüncü mərtəbənin trasında, pijama ilə dayanıb,
Əbabil quşlarına daş verəndə,
Anam yerə düşən hava idarələrini ətəyinə yığıb göy üzünə yağdı.

Heç kim inanmayacaq,
Mən idim kağız üstündə uzanan qadını
Şeirin bir kənarına çəkdim
Dedim:
Bədənindən öpsəm, dodağıma kəlmə yapışar ət rəngində.
Dedim sən Avropa təqvimi ilə
öz cənazənə rastlaşanda saç boyanı dekolorə edirsən deşifrə olmasın
Tarixdəki məqsədə çatmayan bütün qoşunlar.
İndi harandan öpsəm ordan bir quş uçar
Harandan öpməsəm ordan bir pəncərə açılar.

Adam var günəbaxanları aparır evə, kölgəsini unutmasın.
Mən səni günəbaxanlardan sormağa məcbur deyiləm!
Məcbur deyiləm divarların yaralarını sprey ilə itirəm.

Zaman Paşazadəyə* zəng etdim
Apartmanı bizim apartmana yaxınlaşdı
Evlər iç-içə keçdi.
Özümdən pəncərə açdım
Təbriz İçərişəhərin içindən dustaqlanmış şairlərinin yuxusuna
saat bombası yerləşdirmiş
Hamımız eyni gündə yaralandıq
Sağ tərəfim qopub yerə düşdü
Pasportundakı adam
Əl atdı cibimdən bir göyərçin çıxartdı

Bu, mənəm quş olmaq üçün
Püfənək tək havada qalmış şeirləri piləyir
Qızların marixuanalı dodaqlarından uçan şeirlərə fəndək tutan.

Bu mənəm - Tarqovunu gəzən şairlərin yuxusuna gizli kamera yerləşdirən.

Bu mənəm
Gecənin ortasında dayanıb,
Kölgəsinə sprey ilə yazır: Vətən divarların bədənidir.

2.

Mənə qanad lazımdır
Əllərini götürüb pasajın üstünə çıxıram.
Hamı deyir:
- Ona baxın dəli olub.
Bilmirlər ki şairlər həqiqətən uçmağı bilirlər
Marqaret kimi
Füzuli kimi
Saçların təhər.

Bütün binalar darıxmaları ayırmaq üçün olsa
Bəs kim nərdivana çıxıb
tez-tez quşların yerini dəyişir?
Parazit düşür
Quşsuz quşbazların könlünə qonan darıxmalarına.

Hansı müharibə başlananda
Ağdam rayonunda ağ şeiri damın üstündən yerə atdılar?
Hamı ağlaşdı!
Mən qaralandım!
Biz bütün müharibələrin sol tərəfi idik
Amma bütün müharibələr bizdən sağ qayıtdı.

Özün görürsən ki, ağaclar uzaq yoldan gələndə
Dünya dayanır
Avtobus yarı yolda, bütün müsafirlərini endirir
Onun üçün xiyabandakı adamlar hiss edirlər çoxalırlar
Və sən hiss edirsən ki ayaqların yerimir
Ağaclar uzaq yoldan gələndə.

Kim azadlıq meydanına açılan pəncərəni
Götürüb, qoyur kitabın arasına
Çıxır küçəyə
Bir siqareti alışdırır
Qayıdanda görür ki heç Azadlıq meydanı-filanı yoxdur,
Heç əslən bu mənim əllərim deyil.

Əllərini quylasan da əllərimdə
Dodağını quylasan da dodağımda
Biləcəksən ki qəbirlər təkcə günahları basdırmağa görə deyil,
Hamı güldanlara baharın yalan olduğunu vurğulayır.

Bir gün şah-göldə şəkil çəkdirən şairlər biləcəklər ki,
Əllərindəki çətirlər
Elə göydə qalmağın ikinci adıdır.
Bir gün göy yerə gəlsə,
Quşlar daha adamlardan qorxmayacaqlar,
Ağaclar yeriyəcəklər,
Və mən yarı yoldan qayıdacağam
Bu dünyaya...

3.

Kətan şeirlərim biçilir nazik bədəninə
"Bəndi gümüş"
Köynəyinə dağılır barmaqlarım

Dəftərimdən keçən küçələri su alır
Çırmalanır xan
Araz bə Araz
Təbrizin cildinə girir məşrutə çağım.
Şeir gözlərinə dolub Arazı körpüdən aşırmaqdır,
Aşıb-daşmaqdır

Saçın yellərin müqaviləsidir
Suyun şeirini yazanda
Qafqaz qızları yuyunurdular
Türkmən çayında
"Gördüm behal oldum, behal"

Veranda evlərin ayaqlarını yerdən üzür
Günəş müaşiqa toplumuna saçlarını dəvət edir.
Günəş konsertinə gedirəm,
Günəş bədənin
Beyt bə beyt
Azadlıq paltarını geyinir gündüzlər,
Və Musa günləri arasından keçirdir pəncərələri.

Bax!
Sudan quru çıxır Yunus
Suya yazılır ins
Major
Minor
"Bəndi gümüş"
Balıqqulağı dənizin pıçıltısıdır tanrıya.
Pəncərələr hardan başlasa baxmağa,
Urmu filaminqoların gözyaşıdır.

# 7100 dəfə oxunub

Oxşar xəbərlər

"Parisin adını dəyişib mənim adımı qoyun!" - Viktor Hüqo niyə sürgün edilmişdi?

"Parisin adını dəyişib mənim adımı qoyun!" - Viktor Hüqo niyə sürgün edilmişdi?

15:00 26 fevral 2026
Əli bəy Hüseynzadə Azərbaycan dilini "kobud və kasıb" adlandırmışdı? - Yüzillik qalmaqalın pərdəarxası

Əli bəy Hüseynzadə Azərbaycan dilini "kobud və kasıb" adlandırmışdı? - Yüzillik qalmaqalın pərdəarxası

12:00 26 fevral 2026
Mən qanımı görmüşəm düşmənin qaşığında - Xocalı şeirləri

Mən qanımı görmüşəm düşmənin qaşığında - Xocalı şeirləri

10:00 26 fevral 2026
Öz kitabına təriflər yağdırdı, işdən qovuldu - Məşhur yazıçının böyük fırıldağı

Öz kitabına təriflər yağdırdı, işdən qovuldu - Məşhur yazıçının böyük fırıldağı

17:00 25 fevral 2026
"Nə vaxt ölsəm, məni Londonda basdırın, barı meyidim ingilislərdən..." - "Kəsişən eyhamlar” üsulu, yaxud klassik irsdəki sirli mətləblərin açarı

"Nə vaxt ölsəm, məni Londonda basdırın, barı meyidim ingilislərdən..." - "Kəsişən eyhamlar” üsulu, yaxud klassik irsdəki sirli mətləblərin açarı

12:00 25 fevral 2026
30 illik səyahət, çoxsaylı evliliklər, gözüyaşlı qadınlar...  - O, məşhur "Səyahətnamə"sini özü yazmamışdı?

30 illik səyahət, çoxsaylı evliliklər, gözüyaşlı qadınlar... - O, məşhur "Səyahətnamə"sini özü yazmamışdı?

17:00 24 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər