news-inner
clock11:30 calendar-gray 27 İyul 2021 view-gray520 dəfə oxunub
view-gray520 dəfə oxunub

El Romandan hekayə: Pomada dadı

Kulis.az gənc yazar El Romanın “Pomada” hekasyəini təqdim edir.

- Ülkər, nəsə problem var?

Ülkər əda ilə gülümsədi:

- Sabah ad günü olan adamın nə problemi ola bilər ki?

Sevdiyim qızın ad gününə saatlar qalmışdı. Ülkərin xoşbəxt görünməyinə sevinirdim. Həmin günün gəlişi isə məni həyəcanlandırırdı. Amma məndə elə fərasət hardandı ki, onun ad gününə yaxşı hədiyyə seçim.

Hökmən maraqlı hədiyyə almalıydım, onun bir də on səkkiz yaşı olmayacaqdı.

Bu barədə Adildən başqa köməyimə çatacaq adam ağlıma gəlmədi.

Dördüncü zəngimdə telefonu açdı. Ülkərin sinif yoldaşı idi. Mütləq görüşməliyik dedim.

Adil saf, sakit uşaq idi. İndiyə kimi bircə qızın da əlini tutmamışdı. Bizim küçədə saflıq, təmizlik bununla ölçülürdü: Əli qız əlinə dəyməyib."

Belə pis çıxmasın, mən də saf uşaq idim...

Bir tərəfdən günəşin şüası ac qırğı kimi üstümə şığıyırdı, o biri tərəfdən yolboyu Adilin mənasız hədiyyə təkliflərindən təmiz tıncıxmışdım.

"Pomada al. Onsuz da Ülkər tez-tez pomadasını dəyişir. Qrmızı pomada ona yaraşar" - Adil qorxa-qorxa dedi.

Onun bu yersiz xeyirxahlığı məni qıcıqlandırsa da, əslində, heç də pis fikir olmadığını düşündüm.

"Gəl, Sabir, bacım həmişə makyaj ləvazimatlarını buradan alır. Həm ucuzdur, həm də keyfiyyətli".

Mağazaya girəndə rənglərdən gözlərim qamaşdı. Həm divarlarda, həm də şüşələrin altındakı vitrinlərdə az qala bütün rənglər vardı. Fikirləşdim, nə yaxşı daltonik deyiləm.

– Bu, ən yaxşı firmanın məhsuludur. Dadı da qəşəngdir, iyi də. Tamında yeni və fərqli bir aroma var, aldığınız xanım mütləq fərqi hiss edəcək.

Başım çıxırmış kimi elə sakitcə qulaq asırdım, elə bil, birdən-ikiyə pomada vurmuşam. Amma Adil satıcı xanımla bu mövzuda o qədər peşəkar danışırdı ki, kənardan heyrətlə izləyirdim. Yəqin bir oğlanın bacısının olması belə bir şey idi.

Adilin seçimi ilə satıcının təriflədiyi ən bahalı, qırmızı və fərqli aromalı pomadanı aldıq.

Evə çatanda nədənsə narahat olduğumu hiss etdim. Əvvəl düşündüm ki, yəqin üstümdə sabahın həyəcanı var. Nə qədər olmasa, ilk dəfə bir qıza sevgi etirafı edəcəkdim.

Gecə yatanda tavana baxa-baxa fikirləşirdim, görəsən, pomada necə dadır ki, satıcı onu bu qədər tərifləyir? Axı bu, əvvəlki pomadaların dadından fərqli idi.

Əvvəlkilər necə idi?

Bu necədir?

Gecədən səhərə qədər bunu düşündüm. İş o həddə çatdı ki, Ülkərlə görüşün həyəcanından yatmamışam deyib özümə təsəlli verdim. Hədiyyə paketini dəfələrlə açıb-bağladım. Səhər açılan kimi Adilə düz dörd dəfə zəng elədim.

– Adil, satıcı qırmızı pomadanın dadı barədə nə demişdi?

– Nə bilim, Sabir. Demişdi, əvvəlkilərdən fərqlidir.

– Dadının necəliyi bəs? O barədə nəsə demədi?

– Sabir, keyfiyyətli məhsuldur, narahat olma. Ən tanınmış firmanın ən bahalısındandır. Ülkər də bəyənəcək.

– Yox, Adil. Səncə, qırmızı pomada necə dadır?

– Nə bilim, çiyələk dadar da!

– Doğrudan? Lap elə çiyələk?

Üzümə telefonu söndürdü. Onu xeyli söydüm.

Üç saat sonra Ülkərlə görüşəndə həyəcandan tir-tir əsirdim. Bütün cəsarətimi toplayıb ad gününü təbrik elədim. Belə bir vəziyyətdə ona sevgimi etiraf eləməyim qeyri-mümkün görünürdü. O isə məndən fərqli olaraq, rahatca təşəkkür elədi və pomadanı ən sevimli makyaj dəstinə qoyacağını söylədi.

Ülkər hədiyyəni açmamış içində pomada olduğunu necə bilmişdi?

Yəqin, indiki oğlanların hamısı sevdiyi qıza qırmızı pomada alırdı.

Görüşdən sonra tələsik Adilə zəng elədim. Dördüncü zəngimdə telefonu açdı və uğursuz hədiyyə seçiminə görə yenə onu xeyli söydüm. Ülkərlə yaşanan biabırçılıqdan danışdım.

Pomadanın dadını heç cür ağlımdan çıxara bilmirdim. Günün hər saatı bu mövzu beynimi deşirdi. Qurtulmaq istəyirdim, unutmaq istəyirdim, alınmırdı.

Buna görə Ülkərə sevgimi də etiraf edə bilməmişdim. Həyəcan bəhanə idi.

Adil mənə psixoloq Günay xanımı israrla tövsiyə etdi:

- Bacım əvvəllər gözəl olmadığını fikirləşirdi, tez-tez depressiyaya düşürdü. Onu bu sarsıntılardan Günay xanım xilas elədi. İndi problemi qalmayıb. Hətta özünü bütün qızlardan gözəl sayır.

Adilin məsləhətindən sonra Günay xanımla danışıb görüş təyin elədim. Bir tərəfdən ilk seans olduğu üçün həyəcanlıydım, digər tərəfdən, psixoloq yanına gedənləri dəli, psixoloqları psix hesab eləyirdim. Fikirləşirdim, necə oldu gəlib bu nöqtəyə çatdım? Məndəmi dəliyəm?

Günay xanımı görən kimi qapını çırpıb otaqdan çıxanda, əminəm ki, o da öz içində bu suala "hə" cavabını vermişdi. Nə olur-olsun, bütün günahı Adildə axtarırdım. Məni qıpqırmızı pomadalı psixoloqun yanına göndərməyin başqa adı ola bilməzdi. Fərqi yoxdur, istər psix olsun, istər psixoloq. Axı heç kəs "pomadanızın dadını bilmək istəyirəm" cümləsini normal qarşılamazdı.

Adil adəti üzrə telefonu dördüncü zəngdə açdı. Onu bir neçə dəqiqə söydüm və telefonu söndürdüm. O qədər dəli olmuşdum ki, Adili söyəndə qulağıma qıraqdan Ülkərin səsi də gəlirdi. Gecənin bu saatında Ülkərlə Adilin səsini eyni yerdən eşitmək məni dəli, Günay xanımı da əsl psix edəcək material idi.

Hə, artıq həqiqətən dəli olmuşdum. Küçə-küçə düşüb psixoloq Günay xanımın adını qışqırırdım. Beynimi qurdalayan tək şey pomadanın dadıydı. Dodağıma vura bilməzdim, dişləyib dadına baxa bilməzdim. Ağlıma gəlirdi ki, əvvəldən dadına baxmış kimlərdən soruşum. Tində siqaret çəkən üç oğlandan indiyə kimi qızla öpüşüb-öpüşmədiyini soruşmaq, sözsüz ki, yaxşı fikir deyildi. Hələ bundan sonrakı sualı vermək yazıqlıqdan başqa bir şey olmazdı:

– Pomadaları necə dadırdı?

Qaqaşlardan ən yekəpərinin birinci yumruğu məni yerə uzatdı. Bədənim ard-arda vurulan təpik zərbələrinin altında dincəlirdi. Oğlanlardan birinin burnunun ucundakı tər damcıları muncuq-muncuq üzümə tökülürdü.

Birtəhər ayağa qalxdım. Axsaya-axsaya gedib, masaj salonunun qarşısında dayandım və bir siqaret yandırdım. Bilirdim ki, bir az sonra öpəcəyim qadın heç Ülkərin dırnağı da deyil. Amma başqa çıxış yolum qalmamışdı. Siqaret kötüyünü dodağımdan çəkdim. Qəfil diksindim. Kötüyün dodaq hissəsindəki qıpqırmızı rəng məni silkələdi. Dilimlə dodaqlarımı vəhşicəsinə sümürməyə və dodağımdakı dadı udmağa başladım. Bu tanış dad məni ayaq üstə sərsəm hala salmışdı. Çox xoşbəxt idim. Dodaqlarımdakı pomadanın qan dadması qırx il düşünsəm ağlıma gəlməzdi.

Özümü xoşbəxt hiss edirdim.

Beynimdə dolaşan ən böyük suala cavab tapsam da, içimdə bir o qədər də böyük boşluq yaranmışdı. Dünəndən bu günə ağlımda ilişib qalan sualla yanaşı, heç fərqinə varmadan qapıldığım möhtəşəm bir yalanı da həqiqətə çevirə bilmişdim: Sən demə, Adil evin tək uşağı imiş, bacısı yox imiş...

Ona zəng etdim, dördüncü dəfədə də telefonu açmadı.

news-inner-user

19940 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Məşhur Amerika filmi yenidən çəkiləcək
18:51 16 Sentyabr 2021
Azərbaycanlı professor vəfat etdi
18:15 16 Sentyabr 2021
Azərbaycanlı şair: “Hər ay ABŞ-dan mənə pul gəlir” – Müsahibə
17:31 16 Sentyabr 2021
Mədəniyyət Nazirliyi məlumat yaydı - Mətn
17:05 16 Sentyabr 2021
Çingiz Abdullayev şeir oxudu – Fotolar
16:15 16 Sentyabr 2021
Əri qorxusundan onu boşadı, çadrasını Cəfər Cabbarlı açdı, anası qızına görə dinə qarşı üsyan elədi - İlk kinoaktrisamızın ağlagəlməz həyatı
15:28 16 Sentyabr 2021
Millət vəkili Salam Sarvanı təbrik etdi - Foto
14:56 16 Sentyabr 2021
Özbəkistanla müştərək film çəkəcəyik
14:00 16 Sentyabr 2021
Benzinin bahalaşmasına haqq qazandıran millət vəkilləri – Sərdar yazır...
13:15 16 Sentyabr 2021
Səyavuş Aslanın küçədə qalan oğlu ilə bağlı rəsmi açıqlama - Foto
12:24 16 Sentyabr 2021
Acun azərbaycanlı olduğunu açıqladı – Video
12:18 16 Sentyabr 2021
Mübariz İbrahimovun yaxın dostu olmuş taksi sürücüsü: “Hər gün bizim idman zalına gəlirdi” - Maşından reportaj
12:06 16 Sentyabr 2021
Bukerin qısa siyahısına düşən əsərlər nədən bəhs edir?
11:35 16 Sentyabr 2021
Ölkəmizdə yeni layihə: Uşaqlar nağıl yazacaq
11:01 16 Sentyabr 2021
Səyyad Əlizadənin vəziyyəti daha da ağırlaşdı - Açıqlama
10:25 16 Sentyabr 2021
Əməkdar artistimiz dünyasını dəyişdi
10:15 16 Sentyabr 2021
Xarkovda Nizami Gəncəvinin abidəsinin açılış olub - Foto
09:57 16 Sentyabr 2021
Üzü örtülü qadınla necə evlənməli? – Zamin Hacı yazır
09:00 16 Sentyabr 2021
Nuru Paşa Cəfər Cabbarlıya nə hədiyyə etdi? - Tarixi fakt
21:00 15 Sentyabr 2021
"Amerika" adlı qızıl unitazı oğurlayan şəxs tapılmır - Foto
18:43 15 Sentyabr 2021