Simran Qədimdən yeni hekayə: Labirint

Simran Qədimdən yeni hekayə: Labirint
26 iyul 2021
# 14:55

Yazacaqlarım başıma lap çoxdan gəlib. O qədər uzun zaman keçib ki, tam olaraq yadımda da qalmayıb - yarıyuxu, yarıgerçəklik kimi xatırlayıram. Adam yaddaşının dərinliklərinə enib, ən dibdəki xatirələrini çəkib çıxarmağa necə çətinlik çəkirsə, o haldayam. Söhbət lap əvvəldən, lap-lap əvvəldən, başlanğıc anından gedir...

Mən özümə gələndə alaqaranlıq, soyuq bir hücrədəydim. Gözlərimi açan kimi yan-yörəmə boylandım ki, bəlkə, nə olduğunu deyən kimsə tapıldı. Amma heç kəs yox idi, ətrafı üzücü, ölü səssizlik bürümüşdü. Suallarla baş-başa qalıb öz-özümdən soruşdum:

“Burda nə gəzirəm? Kim atıb gedib məni bura? Ümumiyyətlə, kiməm ki mən?!”

Qəfildən qorxu, vahimə sardı canımı, təlaş içində qalxıb cəld hücrənin dəmir qapısına atıldım. Hələ tam özümə gəlməmişdim: yuxulu kimiydim, bədənim keyimişdi elə bil, başımda duman vardı.

Nəfəsimi içimə çəkib, var gücümlə qapını açmağa çalışdım; bir an mənə elə gəldi ki, heç nə alınmayacaq. Axırı, qapı dəhşətli, tükürpərdən cırıltıyla aralandı, tez hücrədən çıxdım. Bura nisbətən aydınlıq idi, üç-beş saniyə gözlərimin işığa alışmasından ötrü eləcə dayandım. Sonra hara getdiyimi, neylədiyimi bilmədən dəhliz boyunca addımlamağa başladım. Beynimdə saysız suallar uçuşurdu, ən əsası, nələrlə qarşılaşacağım, sonumun necə olacağı idi.

“Təki burdan çıxım, təki qurtulum bu lənət yerdən! Bəs sonra?! Lap buradan çıxsam belə, hara düşəcəkdim ki mən?!”.

Bəlkə də, bu cür suallar üçün hələ tez idi. Çox tez!..

Dəhlizin sonunda qabağıma üzümə şillə kimi açılan bomboz, soyuq divar çıxdı. İki yolum vardı: ya sağa dönməliydim, ya da sola. Dönüb arxaya baxdım, dalımca gələn yox idi. Heç kəs məni izləmirdi, qovmurdu, amma mən tələsirdim niyəsə. Təsadüfi seçim edib səndələyə-səndələyə sağa döndüm. Yenə uzun dəhliz, yenə dalan, yenə iki yol... Bu dəfə sola döndüm; növbəti dalan, ardınca isə daha biri...

Nəfəs dərmədən gah sağa, gah da sola dönə-dönə xeyli yol getdim. Hərlənib-fırlanmaqdan, dolanbaclarda döyükməkdən birtəhər olmuşdum: başım gicəllənir, ürəyim bulanır, bütün əzələlərim sızıldayırdı. Və... gəlib bayaqkı hücrəyə çıxdım...

Çaşıb qalmışdım, səbrimi basıb düşünməyə çalışdım. Şüurum yavaş-yavaş aydınlanmaqda idi, gözlərimdəki duman da çəkilmişdi artıq. Yenə dəhliz boyu gedib həmin iki yola çıxdım. Bu dəfə qərar verməyə tələsmədim: fikirləşə-fikirləşə - hara getdiyimi, hansı yolu cızdığımı yadda saxlamağa çalışaraq - sağa-sola, sola-sağa döndüm. Yolum bayaqkından uzun olsa da, mən yenə hücrəmə qayıtmışdım.

Labirintdə idim!

Gözlərimi yumub təkrar-təkrar nəfəs aldım, özümü toplamağa çalışdım.

“Sakitləş, sakitləş, sakitləş...”

Labirintdə idim, özü də, deyəsən, əvvəli-axırı olmayan, çıxılmaz bir labirintdə!..

Yenidən bomboz, soyuq divarların arasında dolanmağa başladım. Ayrı çarəm də yox idi onsuz da, başqa nə edəcək, kimdən kömək umacaqdım ki?! Həm ilan kimi qıvrılıb-uzanan döngələri əzbərləməyə, həm də sağamı, solamı burulacağıma qərar verməyə çalışdım. Beynimdə isə eynən mənim kimi, dolanıb-dolanıb həminki yerə gələn suallar vardı:

“Axı kim atıb gedib məni bura? Burada nə gəzirəm, neyləməliyəm? Məndən başqa kimsə varmı? Ən vacibi, aqibətim necə olacaq?”

Uzun zaman labirintdə hərləndim, necə oldusa, bir də gördüm, başqa, yeni bir hücrəyə gəlmişəm. Onun da çox ağır, dəmir qapısı vardı. Azca aralı idi, birtəhər açıb içəri girdim. Bu hücrə mənimkindən fərqliydi: daha geniş, daha işıqlı. Ortada üst-üstə yığılmış qutular vardı, içində də bəzi qidalar: konservlər, kolbasalar, peçenyeler, su butulkaları... Kimsə aclıqdan ölməməyim üçün tədbir görmüşdü sanki. Birdən labirintdə daha başqa hücrələrin ola biləcəyi fikri keçdi ağlımdan. Niyə də olmasın, onları mütləq tapmalı idim!..

Yenə özümü dəhlizə atdım. Fikrimdə yanılmamışdım, çox keçmədi, doğrudan da, başqa-başqa, yeni-yeni hücrələr tapdım. Bəzilərində bütün gözləri ərzaqla dolu rəflər vardı: cürbəcür içkilər, quru meyvələr, çərəzlər, çay, düyü, un, pendir... Bəzilərində isə iri soyuducular, içində də meyvə-tərəvəzdən tutmuş, südə, yumurtaya, ətə, balığa kimi hər şey!..

Sonralar gərəkli şeylərlə təchiz edilmiş neçə-neçə hücrələr aşkara çıxartdım. Böyük bir evin ayrı-ayrı otaqları idi elə bil: hamam, mətbəx, idman otağı, kinozal, camaşırxana... Hətta hər biri fərqli janrdan saysız kitablarla zəngin bir neçə yanaşı hücrə də vardı. Mən vaxtımın çoxunu bu hücrələrdə mütaliə etməklə, kitabların sirli-sehrli dünyasına dalmaqla keçirirəm. Hələ arada həvəsə gəlib nəsə yazıram da.

...Artıq bu hadisədən uzun-uzun illər ötüb. Labirintin, demək olar, bütün döngələrini, dolanbaclarını əzbərləmişəm. Buranın xəritəsini də hazırlamışam hətta. Amma, yenə də, ara-sıra daha mürəkkəb, daha gizli keçidlərlə qarşılaşıram. Fərqli-fərqli, qeyri-adi yollar, tunellər uzanıb gedən keçidlərlə.

Son vaxtlar içimi titrədən, qəlbimi həyəcanlandıran yeni bir şey öyrənmişəm: deyəsən, başqa labirintlər də var. Onların sayı beşdirmi, ondurmu, bilmirəm. Amma nədənsə saylarının onlarla, yüzlərlə deyil, minlərlə, bəlkə də, milyonlarla olduğu fikri başımda dolanır. Görəsən, oralarda da kimsə varmı, mənim kimi biriləri yaşayırmı? Ola bilsin, labirintlərin sayı-hesabı yoxdur, eynən mənim kimi, başqaları da daha kiminsə olub-olmadığını tapmaq istəyir. Araşdırmamış bilmək olmaz, hər halda.

Yaxın vaxtlarda o biri labirintlərə “səyahət etməyi” planlaşdırıram. Kim bilir, bəlkə də, onların sayı düşündüyümdən də çoxdur: minlərlə, milyonlarla yox, hətta milyardlarla, trilyonlarla...

# 2008 dəfə oxunub

Oxşar xəbərlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
#
#
# # #