writer1

Sevda Sultanova

Məqalə sayı

874
clock09:01 calendar-gray 17 İyul 2021 view-gray1317 dəfə oxunub
view-gray1317 dəfə oxunub

Televiziyanın əlifbasını bilməyənlərin “Peşə etikası”

Kulis.az Sevda Sultanovanın “Peşə etikası” verilişinin peşə etikası” yazısını təqdim edir.

AzTV-nin nəzdində fəaliyyət göstərən “Mədəniyyət” telekanalında qəribə bir veriliş gördüm. “Qəribə” deyirəm ona görə ki, verilişin adıyla məzmunu niyəsə tərs mütənasib idi. Söhbət “Peşə etikası” adlı proqramdan gedir. İzlədiyim üç buraxılışın heç birində verilişin adına xitab edən nəsə yoxuydu.

Öncə istəyirəm, sözügedən verilişin yaradıcı heyəti, özəlliklə aparıcı Əfsanə Nəcəfova üçün balaca bir maarifləndirmə işi aparım və peşə etikası anlayışı haqda xırda-para bilgilər verim.

Peşə etikası hər bir mütəxəssisin fəaliyyətinin ayrılmaz hissəsi, peşə münasibətlərinin mənəvi xüsusiyyətlərini müəyyənləşdirən davranış kodeksidir. İstənilən peşə fəaliyyətində davranış normaları ümumidir.

Bununla belə, fəaliyyət növündən asılı olaraq, bəzi peşələr xüsusi davranış normaları tələb edir. Və peşə etikası ilə bağlı yazılmayan qanunlar var. Misal üçün, həkimin pasiyentlərinə, müəllimin şagirdlərinə münasibətdə ayrı-seçkilik etməsi peşə etikasına ziddir.

İdmançının dopinq qəbul etməsi, rejissorun filmində rejissor işini düzgün qura bilməməsi səbəbindən bütün yükü aktyora yükləyərək, istismar etməsi də...

Həmçinin, jurnalistin müsahib, mövzu haqda ətraflı məlumat əldə etmədən müsahibə alması peşə etikasını gözardı etməkdir. Necə ki, “Peşə etikası”nın aparıcısı bunu eləyir.

No description available.

Aparıcının suallarından hiss olunurdu ki, mövzuları yaxşı mənimsəmədiyindən söhbəti əsasən improvizələr üzərində qurur. Əlbəttə, müsahibə prosesində improvizələr də etmək olar, spontan sual da yarana bilər. Lakin bütün hallarda müsahibə aparıcıdan hazırlıq tələb eləyir.

Verilişlərdən birində aparıcı təcrübəli balıqçı ilə söhbətə cəhd eləyir. Balıqçı suallara qısa cavab verdiyindən o, çətinliyə düşür və müsahibini söhbətə çəkə bilmir.

“30 ildə başınıza maraqlı nə hadisə gəlib?” bir müsahibədə ilk sual ola bilməz. Çünki uzun illər balıqçılıqla məşğul olan birindən mövcud həyat tərzini araşdıran suallar vermədən, birdən-birə sözügedən sualın verilməsi dramaturji ardıcıllığın kobud pozulması və müəllifin nə istədiyini bilməməsidir.

Başqa bir verilişdə onun qonağı gənc balerina Zəhra Tanrıverdiyeva idi. Bu buraxılışın mənim üçün yeganə önəmi o oldu ki, Zəhra kimi istedadlı, bilgili balerinanı tanıdım. Lakin sənəti haqda entuziazmla, hissiyyatla danışan balerinanı aparıcı hiss edə bilmir, laqeydcə baxır, arada kameraya çox pis oynayır, saxtacasına gülür və bəsit suallar verirdi.

Mövzuya bələd olmadığından bir məqamda balerina incəliklə onun səhvini düzəldir. “Qorxu hissini solo ifadamı, yoxsa ikinci dərəcəli ifaçı kimi səhnəyə çıxanda hiss edirsən?” - sualına “Mən deməzdim ki, solo ifada qorxu hiss edirəm. Sizin deməyə çalışdığınız rəqsə kordebalet deyirik. Yəni kordebaletdə iştirak eləyəndə orda “liniyaları” tutmaq lazımdır, hamıyla bir oynamaq lazımdır” cavabını verir.

No description available.

Daha sonra aparıcının “balet artistləri sanki hər zaman harasa uçurlar. Səncə bu, səhnə geymi ilə əlaqədər deyil ki?” mənasız sualına Zəhra “Mən uçmaq yox, əksinə səhnə qalmaq istəmişəm” kimi ağıllı cavab verir. Ardınca aparıcının kadrarxası səsini eşidirik: “Məncə, hər halda, o, uçmaq istəyir. Aktyorlar yalan danışmağı sevərlər”.

Maraqlıdır, aktyorların yalan danışması iddiasının əsasını o, hardan götürür, yoxsa əlində bizim bilmədiyimiz statistik məlumatlar var?!

Və bu iddianın özü peşə etikasına zidd deyilmi?

Davam edirik.

Digər buraxılışda qonağı kinorejissor Vüsal Hacı Qədirə ünvanladığı “istədiyiniz bütün filmləri çəkmisiz?” sualı aparıcının kino bilgilərinin hansı səviyyədə olmasının göstərir. Belə bir sualı, məsələn, Rasim Ocaqova vermək olardı. Rejissorluğa yenicə başlayan, bir neçə serial, film, qısa film çəkən adama bu sualın verilməsi cahillikdir.

Üstəlik, aydınlaşır ki, müsahibin də kino haqda dərin bilikləri yoxdur. Onun fikrincə, “rejissor əhvalatın vizual həllini yaxşı versə də, materialın içi boşdursa, rejissor nə istəyirsə eləsin, sevilməyəcək. Rejissor (yəqin ki, rejissor işini nəzərdə tutur) mükəmməl olsa da, material zəifdirsə, hamı zəif axınla gedir”.

Halbuki normalda rejissor bütün filmə cavabdehdir, aktyor oyununa da, ssenariyə də, vizual həllə də. Bütün hallarda yaxşı rejissor zibil ssenaridən belə ortaya tutumlu nəsə çıxaracaq. Söhbətin sonrasında qəhrəman özü özünü inkar edir: “Film rejissorun məhsuludur və özüdür”.

Aparıcının müsahiblərinə verdiyi “indiki zamanla keçmişdə balıq tutan anları müqayisə edə bilərsinizmi, dənizin havası nə vaxtdır (güman ki, o, balıqçılıq mövsümünün vaxtını soruşmaq istəyirdi), tamaşaçı filmi sevirsə, bunu rejissorun uğuru adlandırmaq olarmı, hansı filmlərə baxmağı məsləhət görərdiniz, ən çox hansı janrda çəkmək istəyirsiz” və s. kimi sualların peşə etikası ilə bağlılığını anlamaq istərdim.

No description available.

Verilişin strukturu da qarışıq və pintidir. Zəhra Tanrıverdiyeva rəqsdən sonra əl üzünü yuyur, yarıqaranlıqda sanki qorxuyla harasa baxır və sonra kamera hansısa səbəbdən lüləkdən axan suyu göstərir. Yaxud Vüsal Hacı Qədirin müsahibəsi yarıda kəsilir, titrlərdə “Tut xarlaşıb yenicə dəymiş vaxtlar idi. O, qaranlıq küçənin tinini burulub, növbəti qaranlıq küçəyə çıxdı” yazılır, uzun planla qaranlıq göstərilir, sonra rejissor bir uşaqla qaranlıqdan danışır. Qaranlıq motivi havada qalır, bir epizod digərini əsaslandırmır, dramaturji əlaqə yoxdur nəticədə məntiqsiz miks ortaya çıxır.

Və ya əvvəldə “O, bizlərə bənzəməz. Onun görmək üçün iki gözü, qaçmaq üçün iki ayağı və ova getmək üçün iki əli yoxdur. Amma buna baxmayaraq, bizlərə bunları öyrədən məhz O olmuşdur. Başımız üzərində işığı məhz o xaliq etmişdir. Və əgər sən ondan üz döndərsən, O, sənin sonuna kimi izində olacaq” epiqrafının verilişə niyə daxil edilməsi aydın deyil.

“Peşə etikası” verilişi “Mədəniyyət” kanalının “Müəllif proqramları və xüsusi layihələr” departamentində hazırlanıb. Departamentin baş redaktoru aktyor Ziya Ağadır. Ziya istedadlı aktyordur. Lakin televiziyanın əlifbasını bilməyən, televiziya təcrübəsi, biliyi, savadı olmayan bir adam baş redaktor təyin olunanda, yerlər səhv düşəndə, ortaya savadsız, keyfiyyətsiz, peşə etikasına zidd verilişlər çıxacaq.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

“O videoda Səfurə xanımın kürəyi qan içindədir” – Məlahət Abbasova dəhşətli faktlar açıqladı – Geniş müsahibə
09:01 26 İyul 2021
Rəsulzadə haqda kitabın təqdimatı olub
15:28 25 İyul 2021
Üzeyir Hacıbəylini tanımayan Xalq artisti: Onu kim “Toylar kralı” etdi?
12:53 25 İyul 2021
Şukşinin hekayəsi: "Barmaqsız" – Dilimizdə ilk dəfə
10:30 25 İyul 2021
Xalq artisti vəfat edib
18:42 24 İyul 2021
Istanbulda Beynəlxalq Qısametrajlı Film Festivalı keçiriləcək
17:18 24 İyul 2021
Göy üzü ərşə qalxan əzablarla doludu – Salam Sarvandan şeirlər
16:30 24 İyul 2021
Mədəniyyət naziri Reza Deqati ilə görüşüb
15:27 24 İyul 2021
Həmid Piriyevin yeni kitabı çıxdı
14:45 24 İyul 2021
Mədəniyyət Nazirliyi Televiziya kanalları ilə iclas keçirib
13:41 24 İyul 2021
Onu repressiyadan Mirzə İbrahimov xilas etdi – Abdulla Şaiq haqqında maraqlı faktlar
12:30 24 İyul 2021
Azərbaycanlı gənc müğənni qəflətən öldü - Foto
11:32 24 İyul 2021
Dünyanın ən gözəl yarımçığı - Nihat Pir yazır...
10:31 24 İyul 2021
100 dilə tərcümə olundu, bəstəkarı həbs edildi, adına muzey açıldı – “Cücələrim”in qeyri-adi taleyi
09:00 24 İyul 2021
Azyaşlı qızla evlənən, toyda adam vuran, səsini qorumayan “urus balası” - Sabir Mirzəyevdən maraqlı faktlar
21:00 23 İyul 2021
“Cırtdan” tamaşası onlayn göstəriləcək
19:00 23 İyul 2021
Milli Mətbuat Günü viktorinasının qalibi bilindi
18:30 23 İyul 2021
Aktrisa “Sənətkar” medalına layiq görüldü
17:30 23 İyul 2021
Köhnə məhəbbətin qız tanışları...
16:40 23 İyul 2021
Burda ölə bilməyənlər basdırılıb – Orxan Yaşarın şeirləri
16:01 23 İyul 2021