Şəhid analarını aldatmaq lüksü

Şəhid analarını aldatmaq lüksü
12 iyul 2021
# 11:15

Lent.az saytında yayımlanan “Şəhid əmanəti” layihəsinin yazarı Samirə Əşrəfin son günlər şəhid ailələri ilə bağlı gündəmdə olan xoşagəlməz hadisələrdən təsirlənərək qələmə aldığı “Şəhid anaları” yazısını təqdim edirik.

Yumru, balaca, ağ qadındır. Seyrəlmiş ağ saçlarını boynunun ardında sancaqlayıb. Danışır, danışdıqca, gözünün yaşını boynuna atdığı boz, qara güllü yaylığı ilə silir. Kiməsə oxşadıram onu. Bakıya təzə gəldiyimiz vaxtlarda vəfat edən orta yaşlı xalamamı, bizi kirayə qaldığımız evdən bir gecəyə çıxaran Leyla adlı qadınamı...

Bilmirəm.

Amma bütün bu oxşatmaların fonunda o, mənə daha doğma, daha əziz gəlir.

Ona görə ki, şəhid anasıdır.

Ona görə ki, otuz il əvvəl birinci Qarabağ müharibəsinə könüllü gedən sonbeşiyini hələ də unuda bilmir. Bilməyəcəyini də tez-tez vurğulayır. Sinəsinə vurulan dağın ilk və şiddətli ağrılarını xatırlamaqda davam edir:

“Bir gün səhərdən axşama qədər leysan tökdü, gecəylə quşbaşı qara çevrildi. Saat üç olardı, çölə çıxdım. Gördüm, qar dizə çıxıb. Öz-özümə dedim, dünənki yağış Ceyhunun torpağını islatdı... Bu gün yağan hamısı üstünə tökülüb. Evə qayıdıb geyinib evdən çıxdım ki, gedib Ceyhunu qəbirdən çıxardım. Ağlımda tutmuşam ki, Ceyhunu tabutda basdırtmışam. Fikirləşmişdim ki, yaralıdır, yaraları onu ağrıtmasın. Qəbiristanlığa çatmağıma az qalmış gördüm oğlumla yoldaşım maşınla arxamca gəlirlər. Onlar mənə çatanda yoldaşıma yalvardım, dedim, səni and verirəm allaha, qoy, gedim, Ceyhunun üzünün qarını təmizləyim. Yoldaşım məni buraxdı, amma özü də ardımca gəldi. Ceyhunun qəbrinə çatanda ürəyim getdi, yıxıldım. Ayılanda gördüm, başıma yığışıblar. Həmin gecə qəbrin üstünə yağan qarın hamısını əlimlə, donumun ətəyi ilə tərtəmiz təmizləyəndən sonra məni maşına qoyub evə gətirdilər”.

Bu, otuz il əvvəl oğlu şəhid olmuş bir qadının, bir ananın yaşadıqlarıdır.

Üç ilə yaxın Lent.az saytında yayımlanan “Şəhid əmanəti” layihəsi üçün getdiyim evlərdə, ailələrdə bundan da amansız, bundan da dəhşətli həyat hekayətləri eşitmişəm. Onlarla birgə ağlamışam, bəzən onlar ağlayıb, mən eləcə daş kimi dayanıb dinləmişəm. Sonralar həmkarlarım, yaxınlarım tez-tez sual veriblər ki, necə dözürsən bu qədər insan faciələrini dinləməyə? Öyrəşmişəm, demişəm. Ya da ədəbiyyatın boynuna atmışam. Nə zamansa onların ağrılarını mətnlərimdə ifadə etmək üçün dinləməyə, dözümlü olmağa məcburam - demişəm.

Bəri başdan deyim, torpağa qarışan, torpağa çevrilən insanların fotolarını, əsgər paltarlarını, sevgi məktublarını, dul qalmış qadınların yağış kimi yağan göz yaşlarını, səssiz-səssiz, amma həyəcanla ağlayan anaları, yetim uşaqları görmək, hiss etmək və bunu yazıya çevirmək asan məsələ deyil.

İlk gündən, görüşdüyüm ilk şəhid ailəsi haqqında material hazırlayan andan bu işin könüllüsü olmuşam. Düşünmüşəm ki, necə edim, canını bu torpaqlar uğrunda qurban verən, vəzifəsini, rahat həyatını, ailəsini, ata-anasını, sevgilisini, yenicə doğulmuş körpəsini qoyub gedən oğulları, hər axşam hava qaralanda pəncərənin qarşısına düzülüb yolunu gözləyən qızlarını unutmayan Allahverdilərin, müharibə başladı, idman vaxtı deyil deyən Əliyarların, əsgərlərinə atadan-anadan yaxın olan Raqufların borcundan cüzi də olsa çıxım.

Bir dəfə Xocalı şəhidi haqqında material hazırlamaq lazım idi. Fevral ayı, sulu qar, iliyə işləyən soyuq vardı. Şəhidin bacısı Qızılqumda yaşayırdı. Elə bir vaxtda Qızılquma getmək mənim üçün dünyanın bu başından o başına getmək qədər çətin idi. Şəhid bacısı ehtiyat və yanımcıllıqla telefonda dedi: “Bəlkə, telefonla danışım, siz yazasınız”. Razılaşmadım. Canını bu torpaq uğrunda vermiş, sevgilisinə həsrət şəhid olmuş bir gənc haqqında telefonla danışa bilməzdim. Elə həmin günün şaxtasına yoldaş olub Qızılquma getdim.

Bütün bunları yazmaqda bir məqsədim var. Gözünü qırpmadan, müharibəyə getdiyi üçün heç bir peşmançılıq çəkmədən ölümü gözə alan insanlara bu torpaq üzərində yaşayan hər kəs borcludur. Şəhidə və şəhidin ailəsinə ehtiram göstərmək, onların qaysaq bağlamış yaralarına toxunmaq olmaz.

Günahdır.

Tanrı bunu götürməz!

Son günlər gündəmi zəbt edən söz-söhbətlər onu göstərir ki, bunu bacarmayan dar düşüncəli insanlar da var. Xüsusilə, özlərini mətbuat adamı kimi qələmə verən bu cür adamlar şəhid ailələrinin evinə gedir, onların bütün xatirələrini canlandırır, ağladır, sızladır, sonra isə onlardan pul alıb aradan çıxırlar.

Bir şəhid ailəsinə “filan məbləği verməlisən” demək üçün insan hansı düşüncənin sahibi olmalıdır? Üstəlik, dediklərinin heç birini etməyib fırıldaq gəlib aradan çıxasan.

Ayıb deyilmi?!

Axı 3 mindən çox şəhidin ili də çıxmayıb. Niyə bu ailələri narahat edirsiniz?

Niyə ən məhrəm hisləri, duyğuları belə təhqir etməyə çalışırsınız?

Niyə insanları bir-birinin gözündən salmağa cəhd edirsiniz?

Niyə hər şeyi mətbuat, media adı altında murdarlamağa çalışırsınız?

Başımıza gələn bu qədər fəlakətlər, ağrı-acılar yetmirmi?

Axı bu dəqiqə onların qəlbi elə həssasdır ki, övladlarının adını, şəklini ən zəif qəzet-jurnalda, ən baxımsız internet kanalında görmək üçün beş-on manat yox e, bəlkə canlarından keçərlər.

Adamın ürəyini sızıldadan bu həssas məqamdan sui-istifadə etməyi insanlığın dəftərinə necə yazmaq olar?

Bunu nə ilə əsaslandırmaq olar?

İnsan əlbəttə savadsız, təhsilsiz, işsiz-gücsüz, lap avara da ola bilər. Amma əlində mikrofon şəhid qapısına gedəcək və ondan pul alıb aradan çıxacaq qədər mənəviyyatsız ola bilməz!

O şəhidin ruhu, anasının, balasının fəryadı, ən nəhayət bu torpağın ahı o adamları tutar.

Vallah tutar!

# 2697 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #