Harana yaraşırdı ölüm?

Harana yaraşırdı ölüm?
3 iyul 2021
# 10:50

Məmməd Dəmirçoğlunun 70 illiyinə

Sən başda olmaqla 70-inin başında fır-fır fırranmalıydıq indi hamımız, a Məmməd. Tədbirlər silsiləsinin də müəllifi özün olmalıydın. Çeşidbəçeşid kitadların bəzək-düzəyini də özün düzüb-qoşmalıydın. Yığnaqların da çevrəsini, coğrafiyasını – bir yanı, İncə-Gəncə, bir yanı Bakı-Şəki - özün müəyyənləşdirməliydin. Axırı da Novxanıdakı bağında “çənə” kababından, bağın ayağında basdırdığın balonun üzərə çıxmasından tamamlanacaqdı.

Mənim 67-im sənin 70-inin gözünə qatılacaqdı iyulun 4-də.

Bütün “iyulist”ləri - Nəsir Əhmədlini, Rüstəm Kamalı, Nəvai Məmmədoğlunu... özün yığacaqdın bir araya, a Məmməd.

O qədər mənasızlıqlara urcah olduq ki. Hərdən işıq gələn tərəfə gedib sevinmək də düşdü qismətimizə səndən sonra. Bircə axırı xeyrə calansın.

Akifə Səmədə de ki, Şuşaya gedə biləcəyik.

Şuşanın sağ əli Qılınckəndinin başına.

Off, a Məmməd!

Sənin harana yaraşırdı ölüm? Kimin ağlına gələrdi? İçin də, çölün də qar-qar qaynamırdımı həyat eşqi ilə - bizim əlimizi üzümüzdə qoyduğun gündən bircə qırıq əvvəl?

Heç bilirsən, dünya sənsiz nə qədər darıxdırıcıdır? Bəlkə, bilirsən, bəlkə də bilmirsən. Biz hardan bilək ki, oralarda nə var-nə yox. Orda birlik varmı? Necədi? Ordan bizə baxırsınızmı? Baxdıqca yazığınız gəlirmi?

Son vaxtlar yaman hallandırırlar ki, çox yaşamaq çox zulum çəkməkdi, Allahın adama verdiyi cəzadı. Ağıl kəsən işdi. Ancaq, a Məmməd, qardaş canı, könüllü ölmək də heç ağıl kəsən söhbət deyil. Akif demişkən: “Bu arvad-uşaq olmasa...”.

Bu tale möhləti bəlkə də sizdən sonra nəsə eləmək missiyasıdır? Onu da qoysalar. İllər bir-birindən burulğanlı gəlir, a Məmməd. İndi çağalardan tutmuş ahıllara qədər hamının qorxa-qorxa dediyi pandemiya, korona kimi əcaib-qəraib sözlər, “covid pasportu” adlı sənəd peyda olub. “Toy eləmə, vay eləmə, ora getmə, bura gəlmə” - kimi qadağalar ağlınıza gələrdimi? Başımıza gəldi.

Nə isə, a Məmməd, səni “qəbirləri qucağındakı elə” tapşırıb gələndən beş il ötür.

İndi sənin 70 yaşın var. İndi neyləyək sənsiz? Nə iş görək? Ana-ana yanmaqmı? Yana-yana anmaqmı? Yanmaqların, anmaqların sənin əbədiyyətinə dəxli yoxdu, a Məmməd. Sən əbədiyyətini çoxdan, lap çoxdan qazanmısan. Çəkdiyin portretlərin, insan mənzərələrindəki şəxsiyyətlərin özlərinin və doğmalarının sayı sanı, irfan şeirinin fanatlarının sayı sanı, tikib-qurduqlarının, yapdıqlarının sayı sanı, elədiyin yığnaqların istisini unutmayanların sayı sanı, yəni, sonsuzadək varsan sən.

Bizim sənə olan sevgimizi sevənlərin şaxəli sevgisinin sayı sanı varsan ömrün bu tayında.

O tayında, Haqqın dərgahında da belədir yəqin.

Allah səni sevməsəydi, bu qədər istedadı sənə verərdimi?

Və qəflətən, tələm-tələsik səni yanına, yanındakı əbədiyyətə çəkib aparardımı?

...Hər sənə (sizə) doğma yığnaqlarda Aslanın, Ağamalının, Şöhrətin, Nazimin, Akifin, Oktayın... sağlığını da unutmuruq. Yenə vuracağıq: badələrimizin içində bir damla xatirə, bir damla həsrət, bir damla göz yaşı... və bir udum... Və buna da min şükür. Yoxsa nə olacaqdı ki, a Məmməd. Məmməd İlqardan, Rüstəm Qazaxlıdan sənə və uşaqlara salamlar var.

70-in mübarək olsun, ORAların mübarək olsun, a Məmməd.

Rəfail İncəyurd

# 1581 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #