news-inner
clock12:18 calendar-gray 25 İyun 2021 view-gray1319 dəfə oxunub
view-gray1319 dəfə oxunub

Bir yaşında atasını itirdi, anasıyla eyni gündə səhnəyə çıxdı, Cəfər Cabbarlı onun haqqında yazı yazdı - "Bəxtiyar" filminin Gülbacısı...

Bu gün aktrisa, Xalq artisti Sona Hacıyevanın doğum günüdür. Kulis.az onun haqqında maraqlı faktları təqdim edir.

Sona Salman qızı Hacıyeva 25 iyun 1907-ci ildə Şəkidə ziyalı ailəsində dünyaya göz açıb. Anası Əzizə Məmmədovanın aktrisa olması, gözəl qarmon ifa etməsi, babası Əbdülbağı Zülalovun xanəndəliyi onda musiqiyə maraq oyadır.

***

Sonanın bir yaşı olanda atası vəfat edir. O, və qardaşı babası Əbdübağı Zülalovun himayəsində qalır. Onlar 1916-cı ildə anası ilə Tiflis şəhərinə köçürlər. Sonra Tiflisdən Türkmənistanın Aşqabad şəhərinə, 1919-cu ildə isə oradan Bakıya gəlirlər. Əvvəl anası, sonra isə Sona şəhərdəki Əli Bayramov klubunda fəaliyyət göstərən dram dərnəyinə üzv olurlar.

Ana ilə övlad eyni vaxtda səhnəyə gəlirlər. Bu barədə Sona Hacıyeva xatirələrində yazır: “Bir gün anam mənə dedi ki, bu axşam tamaşamız var. Gəl, səni də ora aparım. Bir şərtlə ki, sakitcə oturub tamaşa edəcəksən. Mən buna çox sevindim. Yadımdadır ki, klubda bir kişi mənə yaxınlaşıb dedi:

“Qızım, sən bizə lazımsan. Bu gün Çimnaz olacaqsan”.

Onun sözlərindən təəccüblənib dedim ki, mənim adım Çimnaz deyil, Sonadır. Özüm də Əzizə xanımın qızıyam”.

***

Balaca Sonaya tapşırırlar ki, çıxarsan səhnəyə, suflyorlar nə desə, təkrar edərsən. O, bu sözləri təəccüblə qarşılasa da, anasının səhnədə bülbül kimi ötməsi onu ürəkləndirir. Səhnəyə çıxanda ayaqları əsir, dili tutulur, nə edəcəyini bilmir. Çətinliklə də olsa, suflyordan eşitdiklərini təkrar edir. Sultanməcid Qənizadənin “Axşam səbri xeyir olar” tamaşasındakı Çimnaz surəti 13 yaşlı Sonanın teatr aləmində ilk addımı olur.

***

Səhnədəki ilk rollarından sonra dövrün görkəmli aktyorlarından Mirzağa Əliyev və Hacıağa Abbasov onu Bakı İşçi Teatrına dəvət edirlər.

Sona Hacıyeva 1923-cü ildə Azərbaycan Dövlət Dram Teatrında işə qəbul olunur. Əbdürrəhim bəy Haqverdiyevin “Pəri-cadu” əsərində Səlimə obrazını yaradır. Bu onun dram teatrının səhnəsində ilk rolu olur. Mənbələrdə qeyd olunur ki, Sona xanımın oynadığı bu rol teatrın direktoru Rza Təhmasibin çox xoşuna gəlir. Aktrisa uzun illər bu teatrda çalışaraq müasir və klassik dramaturqların əsərlərinin tamaşalarında diqqəti cəlb edən obrazlar yaradır.

***

Səhnəmizin ilk aktrisalarından olan Sona Hacıyeva bəzən Opera və Balet Teatrında da çıxış etmək məcburiyyətində qalıb. Çünki o dövrdə aktrisa sarıdan teatrlarımız çox korluq çəkib. Görkəmli sənətkar Hüseynqulu Sarabski də onun aktrisalıq məharətini və səsini çox bəyənib. Onun yaratdığı Leyli, Əsli, Asya, Şahsənəm obrazları tamaşaçılar tərəfindən maraqla qarşılanıb. O vaxtadək operada qadın rollarını kişilər və qeyri-millətlərdən olan aktrisalar oynayıblar.

Bu səbəbdən də Üzeyir Hacıbəyli, Müslüm Maqomayev çalışıblar ki, geniş yaradıcılıq imkanlarına malik olan Sona Hacıyeva tez-tez opera səhnəsində çıxış etsin. Beləliklə, o həm opera, həm də dram teatrın səhnələrində müntəzəm rol alır. Bir səhnədə muğam oxuyubsa, digər səhnədə dramatik obraz yaradıb, hər iki vəziyyətdə çıxışları təbii və təsirli alınıb.

***

Sona Hacıyeva ömrünün sonuna kimi çalışdığı Dövlət Dram Teatrının səhnəsində klassik dramaturqlarımızla bərabər, xarici müəlliflərin əsərlərində də müxtəlif obrazlar yaradıb. Kazım Ziya, Rza Əfqanlı, Ülvi Rəcəb, Mərziyyə Davudova, İsmayıl Osmanlı, Möhsün Sənani, Mustafa Mərdanov, Ağasadıq Gəraybəyli kimi korifey sənətkarlarla tərəf müqabili olub.

***

Böyük dramaturq Cəfər Cabbarlı Sona Hacıyevanın teatr aləmindəki xidmətlərini yüksək qiymətləndirərək yazıb: “Azərbaycanlı aktrisalar içərisində nəzəri cəlb edən qüvvətli simalardan biri də Sona xanımdır. Səhnədə keçən günlər bu incə, zərif qızı böyüdüb yaradıcı bir sənətkara çevirmişdir”.

Çətin zamanlarda səhnəyə gələn, 200-dən artıq müxtəlif rollar yaradan, həm lirik, həm də komik obrazların mahir ifaçısı Sona Hacıyeva Azərbaycan kino sənətinin də inkişafına xidmət edib. “Bəxtiyar”, “Sevimli mahnı”, “Qızmar günəş altında”, “O olmasın, bu olsun”, “Səhər” filmlərinə çəkilən Sona Hacıyeva milli kinomuzun tarixində diqqətəlayiq xidmətlərin sahibidir.

***

Onun ən çox sevilən rolu isə “Bəxtiyar” filmində yaratdığı Zəhra obrazıdır. Zəhra klub müdiri Ağabalanın xalasıdır. Bacısı oğlu kimi saxtakar və müftəxordur. Uzun illər Ağabalanın sayəsində pul qazandığı üçün özünü ona borclu bilir. “Hüseynova bacıları”ndan biri olan Zəhranın kluba yoxlama gələrkən düşdüyü gülünc vəziyyət tamaşaçıda gülüş doğurur. O səhnədə “Gülbacı və Gülbadam” bacılarından biridir.

Sona Hacıyeva 1949-cu ildə Azərbaycan SSR Xalq artisti fəxri adına layiq görülüb, “Şərəf nişanı” ordeni və başqa medallarla təltif edilib. Aktrisa 4 dekabr 1979-cu ildə 72 yaşında Bakıda vəfat edib.

news-inner-user

19455 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Sənət müsabiqəsi elan olundu - Mükafat fondu 50 min avro
19:00 28 İyul 2021
Qobustanda Hindistan qalereyası açıldı
18:20 28 İyul 2021
“Ev dustağıyam” kitabının təqdimatı olub
17:25 28 İyul 2021
Bu mənəm - şairlərin yuxusuna gizli kamera yerləşdirən – Güneydən şeirlər
16:40 28 İyul 2021
Bakıda yeni fotosərgi açılacaq
16:00 28 İyul 2021
“Nimdaş” müxbirin dönər sifarişi - Ulucay Akif yazır...
15:29 28 İyul 2021
Müslüm Maqomayevin heykəlinin yeri müəyyənləşdi
15:01 28 İyul 2021
Səndən ayrılanda, dağlar, cavandım - Günün şeiri
14:15 28 İyul 2021
Boşanmadan ikinci qadınla evləndi, ölümündən sonra oğlu meydana çıxdı, müəmmalı qəzada öldü – Səxavət Məmmədovdan 10 maraqlı fakt
13:30 28 İyul 2021
Səməd Səmədovun dəfninə gəlmədilər - Giley
12:40 28 İyul 2021
İşıqları keçirib yazanlar
12:00 28 İyul 2021
Dərnəgülün qansoranları – Vüsal yazır…
11:20 28 İyul 2021
“Fəryad 2” filminə kişi axtarırlar – 15 manata
10:40 28 İyul 2021
Müğənni 56 yaşında öldü
10:05 28 İyul 2021
Votsapda beş roman yazan xanım: “Mənim davam internetdəki əxlaqsız kişilərlədir” - Müsahibə
09:00 28 İyul 2021
Homoseksual kralın aşiq olduğu bəstəkar
21:00 27 İyul 2021
Özbək şairi 44 günlük müharibədən kitab yazdı
18:51 27 İyul 2021
Adam öldürmək istəyirəm - Yeni hekayə
18:01 27 İyul 2021
Bakıda caz müsabiqəsi elan olunub
17:09 27 İyul 2021
Taleh Yüzbəyovdan yeni film gəlir - Fotolar
16:13 27 İyul 2021