news-inner
clock14:38 calendar-gray 18 Yanvar 2013 view-gray2725 dəfə oxunub
view-gray2725 dəfə oxunub

Qəbiristanlıq mollası: “Mollaların əksəriyyəti narkotikin dadını unutmayıb”

“İlahi, bu nə sirdir? Görəsən düz, vicdanlı adamlar niyə birləşə bilmir? Ayrı-ayrılıqda məhv olub gedirlər? Onlar nə üçün birləşib şərə qarşı yumruq kimi olmağı bacarmırlar? Halallar, əqidəlilər səs-səmirsiz əriyib yox olurlar…”

Yuxarıdakı sətirlər Molla Kamala məxsusdur. Molla Kamal qəbiristanlıq mollasıdır. “Yasamal Dağüstü -1” qəbiristanlığı özünün dediyi kimi, onun iş yeridir. Deyir ki, hərdən məni narahat edən məsələləri yazıram. “Hardasa çap etdirmək, tanınmaq arzum yoxdur. Sadəcə istəyirəm ki, fəlsəfi fikirlərim itib-batmasın”.

Mollalar arasında ədavət və mübarizə

Bir gün əvvəl yağan qar yavaş-yavaş əriyir...Qəbiristanlıq yolu palçıqlı və narahatdır...

Yolun kənarında, hər yüz metrdən bir mollalar düzülüb. Görkəmimdən ağılları bir şey kəsməsə də, mənə potensial müştəri kimi baxırlar. Mollaların əksəriyyətinin şəxsi avtomobili var. Avtomobildə oturub qızınır, növbə gözləyirlər. İlk həmsöhbət olduğum Məşədi Əsban kişi 75 yaşındadır. Uzun-uzadı islamdan, xristianlıqdan, zərdüştlükdən danışır. Amma şəklini çəkməyə icazə vermir. Ağ saqqal, buxara papaq, eynək Məşədiyə xüsusi xarizmatik görünüş verir. Söhbət etdiyimizi görən “müştərilər”-dünyasını dəyişmiş yaxınları üçün “Yasin” oxutdurmağa gələnləri, qəbiristanlıq mollaları “müştəri” adlandırır-yanımızdan keçdikcə Məşədi narahatçılıq keçirir. Çünki ondan uzaqlaşıb, digər mollalara yaxınlaşırlar. Qəbiristanlıqda mollalar arasında gizli ədavət və ciddi mübarizə gedir. Bunu başa düşmək, anlamaq üçün bir saat müşahidə aparmaq yetərlidir.

Mollaların “ərazi” üstündə mübarizəsi

Məşədi ilə sağollaşıb bir az da irəli gedirəm. Uzaqdan görürəm ki, iki yaşlı molla bərk mübahisə edir. Addımlarımı yavaşıdıb, mübahisənin kəsilməsini gözləyirəm. Mübahisə edənlərdən biri səbirlə həmsöhbətinə nə isə izah edir. Ancaq qarşısındakı uzun qara paltolu molla qanıb-qandırmır. Səsini ucaldıb qarşısındakına əmr verir: “Uzun danışma, mənim “territoriya”mdan uzaqlaş. Yoxsa sənin üçün yaxşı olmayacaq.” Digər molla da onunla söz güləşdirmədən təxminən əlli adım, uzun, qara paltolu molladan uzaqlaşır.

Məğlub tərəfin üzündə o qədər sakit ifadə vardı ki, ona yaxınlaşmaq barədə bir dəqiqə də tərəddüd etmədim. Salamlaşıb özümü təqdim elədim. Tanış olduq. Məlum oldu ki, digər mollanın “territoriya”sına girmiş mollanın adı Kamaldır. Molla Kamal deyir ki, hər gün burda olmur. Sadəcə zəng edib çağıranda bura gəlir. Gələndə də hər dəfə burdakı mollalarla mübahisəsi düşür:

“45 il müəllimlik etmişəm. İndiki Neft Akademiyasının müəllimi olmuşam. Düz 35 ildir ki, namaz qılıb, oruc tutub, “Quran” oxuyuram. Burdakı mollalarla heç vaxt yola getməmişəm. Çünki çoxu bisavad, dindən xəbərsiz avaralardır. Tez-tez mübahisəm düşür bunlarla. Ancaq nə edə bilərəm? Bunlar çoxdur və bir-birinin tərəfini saxlayırlar. Mənim burda dayanmağıma qətiyyən imkan vermirlər”.

Qəbiristanlıq monopoliyası

Molla Kamal deyir ki, burda mollalıq edənlərin çoxu Yasamalın “Dağlı” məhəlləsindən və cənub rayonlarından gələnlərdir: “Əksəriyyəti millyyətcə talışdır. Heç birinin də dini təhsili, dini savadı yoxdur. Qəbiristanlığın yeni ayrılan hissəsində 7-8 nəfər cavan uşaq var. Hamısı talışdır və əsgərlikdən yayınmaq üçün bura yığışıblar. “Quran”ı latın əlifbasında yazılmış kitablardan əzbərləyiblər. Dəfələrlə məni hədələyiblər ki, bura gəlməyim. Ərəb əlifbasından bir hərf bilmədən mollalıq edirlər. Savadlı, dini bilən, “Yasin” surəsini düzgün oxuyan mollaları gözləri götürmür. Mən dəfələrlə demişəm ki, bu qəbiristanlıqda bir dənə də olsun müsəlman molla yoxdur. Yığılanların böyük əksəriyyəti narkotikin dadını hələ də unutmayan, gəncliyini avaraçılıqla keçirən biveclərdir. Nəşriyyat tərəfdəki girişdə bir-iki cavan, saqqallı uşaq var. Onların işi isə, “nəşə” satmaqdır. Axşam düşəndən sonra onların bazarı qızışır. Mən hələ də başa düşə bilmirəm ki, hava qaralandan sonra bu gədələr qəbiristanlıqda nə ilə məşğul olur”.

Elçibəy üçün pulsuz “Yasin”...

Əvvəllər Fəxri Xiyabanda dayanarmış Molla Kamal. “Elçibəyin dəfn olunduğu ərazidə dayanırdım və demək olar ki, hər gün onun qəbri üstündə “Yasin” oxuyurdum. Artıq adət eləmişdim, deyən olsa da, olmasa da səhər gələn kimi hökmən onun qəbri üstündə pulsuz “Yasin” oxuyurdum. Gəlib gedən çox olurdu və dolanışığım da pis deyildi. Heydər Əliyev dünyasını dəyişəndən sonra polislər bizi sıxışdırmağa başladılar. Əvvəlcə Heydər Əliyev dəfn olunan tərəfə getməyi qadağan elədilər, sonra isə ümumiyyətlə Fəxri Xiyabana buraxmadılar. Məcbur olub, zənglə bura gəlməyə başladım. Burda da bisavadlar imkan vermirlər. “Yasin”i yarımçıq oxuyub camaatı yola verirlər. “Yasin” surəsi 83 ayədir, bunlar heç 23 ayə də oxumurlar. Dinləsən görərsən ki, oxuduqları “Yasin” deyil”.

Mütaliəli, gündəmi izləyən molla...

Deyir ki, heç yanda dini təhsil almamışam. Sovet dövründə əlinə düşən dini kitablardan ibadətləri öyrənib, sonra isə ərəb əlifbasını və “Quran” oxumağı mənimsəyib: “Mən Azərbaycanın ən tanınmış universitetlərinin birində 45 il müəllimlik etmişəm. Ali təhsilim, ciddi mütaliəm var. Ədəbiyyatdan, şeirdən, fəlsəfədən xəbərdaram. Şeirlər yazıram. Hər gün dünyada baş verən yenilikləri izləyirəm. Mollalıq etmək mənim son borcumdur. Heç vaxt bura çoxlu pul qazanmaq niyyəti ilə gəlməmişəm. Digər mollalar təkcə “Yasin” oxumur. Qəbir daşını təmizləyir, ölü sahiblərindən artıq pul qoparmaq üçün dəridən qabıqdan çıxırlar. Mən isə aza qane olmağa öyrənmişəm... ”

Şair mollanın narazılığı

Söhbətdən məlum olur ki, Molla Kamal burdakı mollalardan çox narazıdır. Narazılığını da çəkinmədən, hamının üzünə deyir. Ona görə də heç kəs onu öz “territoriya”sına buraxmır. Bəli, qəbiristanlıq çoxdan mollalar arasında bölüşdürülüb. Burda hərənin öz ərazisi, öz qəbirləri və ölü sahibləri var. Mollaların çoxu “Yasin” oxumaqla bərabər qəbirlərin təmizliyi ilə də məşğul olur.

Yazıda qeyd etdiyim kimi, Molla Kamal hərdən şeirlər də yazır. Çox israr etdikdən sonra 2001-ci ildə qələmə aldığı bir şeiri saytımıza təqdim edir. Şeirin yazıldığı dəftər vərəqi o qədər saralıb ki, yazılar güclə oxunur.

***

Aman Allah nə bəladı, nə işdi

Birdən birə dünya yaman dəyişdi,

Haqsızlara meydan oldu bu dünya,

İblis oldu, şeytan oldu bu dünya.

Genişləndi qan içənlər meydanı,

Canlı insan məhv eləyir insanı.

Haqsız artıq haqqa məhəl qoymayır,

Acgözlərin ac gözləri doymayır.

Azğınlaşır haqqa yaman xor baxır.

Gözlü ikən bu həyata kor baxır.

Ulu tanrı belələrin kor eylə,

Kəs kökünü, sil dünyadan yox eylə.

Düz bəndələr bir də əzab çəkməsin,

Yaxşı, yaman...Haqqını ver hər kəsin.

Ya insanı yaxşı günə çıxar sən

Ya dünyanı dəyiş tamam kökündən.

Oxşar xəbərlər

Xəbər lenti

“Çiçek taksi”nin Abuzeri həbsdən çıxdı
09:58 20 Oktyabr 2020
Balıq ovunda dəhşətli peşmanlıq – Yeni hekayə
08:55 20 Oktyabr 2020
Filmimiz Parisdə nümayiş olundu
18:49 19 Oktyabr 2020
Rəssamlar İttifaqı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
18:11 19 Oktyabr 2020
Niyə inşa edilmişdi, üstündən kimlər keçdi? - Xudafərin körpüsü
17:28 19 Oktyabr 2020
Azərbaycanlı yazıçı koronavirusa yoluxdu
16:52 19 Oktyabr 2020
Az qalıbdır, Qarabağı qucmağa - Ordumuz haqda şeirlər
16:07 19 Oktyabr 2020
Məşhur meyxanaçılar Qarabağa klip çəkdi - Video
15:28 19 Oktyabr 2020
Atalığı onu zorla diləndirdi, əri ona görə dinini dəyişdi, səhnədə dirijoru söydü – Xalq artistinin film kimi həyatı
14:51 19 Oktyabr 2020
Zamin Hacı Füzulinin azad edilməsindən danışdı: “Sürpriz oldu”
14:10 19 Oktyabr 2020
Şərif Ağayarın romanı Fransada çap olundu
13:30 19 Oktyabr 2020
Cəbhəyə şəkil çəkdirməyə gedən məşhurlar
12:44 19 Oktyabr 2020
Türk ulduzlardan Azərbaycana qardaş dəstəyi: “Hər zaman yanınızdayıq”
12:10 19 Oktyabr 2020
Qadınlar ağlaya-ağlaya bizdən imdad diləyir - Tolstoyun qızı erməni vəhşiliyindən yazır
11:20 19 Oktyabr 2020
Məşhur rus yazıçısı vəfat edib
10:45 19 Oktyabr 2020
Nuri Bilge Ceylanın filminə 470 min avroluq dəstək
10:02 19 Oktyabr 2020
Rus aktyor: “Rusiya TV-ləri erməniləri müdafiə edən yalanlar danışır” – Müsahibə
08:58 19 Oktyabr 2020
Azərbaycan bayrağı – Günün şeiri
11:03 18 Oktyabr 2020
Dostu üzünə durdu, şərlənərək həbs olundu, yaddaşını itirdi... - Məşhur yazıçımızdan maraqlı faktlar
16:30 17 Oktyabr 2020
Şərqli atanı cəzalandıran olacaqmı?
15:33 17 Oktyabr 2020