Göydən zəng - İlqar Rəsuldan qısa hekayə

Göydən zəng - İlqar Rəsuldan qısa hekayə
10 iyun 2021
# 11:30

Yerdə hamı Göydən zəng gözləyirdi. Yerdə hamı bu zəngi hər gün gözləyirdi. Çox gözləyirdi hamı bu zəngi.

Yer üzü üfüqəcən üst-başı kirli, üz-gözü bulaşıq insanla örtülmüşdü. Ucu-bucağı görünməyən qara izdihamın ortasında kiçik bir dairə ağarırdı. Dairənin ortasındakı boz kətilin üzərində qara telefon vardı. Hamı yerdən oturub gözünü telefona zilləyərək Göydən zəng gözləyirdi. Çox gözləyirdi hamı bu zəngi...

Ölüncəyədək gözləyirdi hamı bu zəngi. Hər kəs son nəfəsində telefonu bir an belə gözdən qoymamağı, zəng gələndə hər şeyi deməyi, olub-keçəni anlatmağı, yardım diləməyi, ölənləri də yaddan çıxarmamağı vəsiyyət edirdi qalanlara...

Yerdə qalanlar yenə Göydən zəng gözləməkdə davam edirdi. Yerdə hamı bu zəngi hər gün gözləyirdi. Heç kim yatmırdı. Bir-birinə etibar etmirdi heç kim, hər kəs məhz özünün yuxulamayacağına, bir an belə telefonu gözdən qoymayacağına əmin idi. Hamı bir-birinə: “Yat, dincəl, mən baxıram telefona”,− deyirdi. Heç kim də gözünü telefondan çəkmirdi.

Çoxdan idi Göydən zəng gəlməyəni. Lap çoxdan. Heç dəqiq bilən də yox idi, axırıncı dəfə göydən nə vaxt zəng gəlib. Hamı deyirdi, zəng olub, amma nə vaxt olub, dəqiq bilən yox idi. Ayrı-ayrı zamanlara aid çoxlu nağıl var idi Göydən gələn zəng barədə. Dildən-dilə, nəsildən-nəslə keçib gəlmişdi bu nağıllar, rəvayətlər. Neçə-neçə nəsillər, dövrlər, qərinələr keçmişdi, əsrlər dəyişmişdi zəng həsrətilə. Amma nağıllar imkan verməmişdi camaatın ümidsizləşməsinə, inamın itməsinə. Hər gün daha çox inanırdı hamı Göydən zəng gələcəyinə...

İnam o qədər güclənirdi ki, getdikcə yemək yemək, su içmək də yaddan çıxırdı. İş o yerə çatmışdı ki, gözünü telefondan ayırmamaq üçün kişilər uşaq əkmir, qadınlar uşaq doğmur, valideynlərin qayğısına qalınmır, qocalar özlərini düşünə bilmirdilər.

Hamının bir qibləsi var idi: telefon.

Hamının düşündüyü bircə şey vardı: göydən zəng.

Göy düşüncələrə necə hakim olmuşdusa, Yer tamam unudulmuşdu...

Bir gün Göydən Yerə zəng gəldi. Həm də çoxlu zəng. Dayanmadan təkrarlanan zəng...

Eşidən olmadı Yerdə bu zəngi. Qaldıran olmadı dəstəyi. Zəng susmadı. Səhərdən axşamacan, axşamdan səhərəcən davam elədi. Hər gün zəng gəldi Göydən. Hər gün. Səsi getdikcə zəifləyirdi. Bu zəifləmədə bir qorxu, bir hüzn var idi. Dəstəyi qaldıran olmasa, Göy ölüb yerə düşəcəkmiş kimi...

Səsi zəiflədikcə daha çox təkrarlanırdı zəng. Yox, yox idi dəstəyi qaldıran, yox idi cavab verən.

Göy zəng vuranacan Yer hamını udmuşdu...

Təkcə hamını yox, həm də hər şeyi. Elə udmuşdu ki, əvvəldən yoxmuşlar kimi...

Yer bircə qara telefonu saxlamışdı ucu-bucağı görünməyən səhranın, üfüqəcən uzanıb gedən sarı qum dənizinin ortasında. Saxlamışdı ki, dəstəyi qaldıran olmayınca Göy görsün, gözləmək nə deməkdir. Həm də həyəcanla gözləmək. Həm də əbədi gözləmək...

# 2440 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər