news-inner
clock09:01 calendar-gray 08 İyun 2021 view-gray1235 dəfə oxunub
view-gray1235 dəfə oxunub

Sevinc Elsevərdən yeni hekayə: Qadın ağrısı

Kulis.az "Hekayə günü"ndə Sevinc Elsevərin "Ağrı" hekayəsini təqdim edir.

Ağrıdan ikiqat olmuşdu, səhərdən dırnaqlarıyla döşəyi eşirdi. Hər ay ev əhli narahatlığından, əzilib-büzülməyindən, anasının işə buyurmağa qıymamasından, ayağına qalın yun corab geyindirməsindən Səmranın halından hali olurdular. Həmin günlərdə çalışırdılar qızı rahat buraxsınlar, işə-gücə, ora-bura yollamasınlar. Hətta əzazil qardaşı Rüstəmin də onda bacısına ürəyi yanır, yaxasını rahat buraxırdı. Həmin günlərdə arvadını döyəndə Səmranı da arvadına qatıb döymürdü.

Səmra ayaqyolunun qapısını zülmlə açmağa çalışa-çalışa düşünürdü ki, təbiət qadınlara qarşı haqsız davranıb. Qadını mükəmməl yarada bilməyib. O, bu yaşadək hələ bir qadının, bir qızın bu ağır günlərdən razı qaldığını xatırlamırdı, hamı narazıydı, hamı deyinirdi: “əşi, bu nədir e, sən Allah, qadın zülmdə yaranıb! İnsanlar dünyaya başqa yolla gələ bilməzdilər? Ayrı üsul yoxmuydu?”...

Təkcə televizorda gördüyü bez reklamlarına çəkilən qızlar həmin günlərdə yalançı təbəssümlər saçır, yaratdıqları obrazı şən, şux, xoşbəxt göstərməyə çalışırdılar. “Hə də, ən gözəl günlərimiz bez geyindiyimiz günlərdir axı!”- Səmra ürəyində ekrandakı qızların yalançılığına hirslənirdi.

Anası həkimə gedib müalicə yazdırmışdı ki, klimaksın qarşısını alsın, gəncliyinin ömrünü bir az da uzatsın. Səmra anasının qocalmaq istəməməyinə haqq qazandırırdı. Ancaq qadın özü bunu nəsə boynuna almaq istəmirdi. Guya qadının cavan qalmaq istəməyində bir qəbahət vardı. Yaxşı bəhanə də tapmışdı qadın: “Paltardan tez kəsiləndə qadın xəstə düşür”. Əslində anasının ruhunun xəstələnəcəyindən qorxduğunu bilirdi Səmra.

Bunları düşünə-düşünə ayaqyolunun taxta qapısının yüzillik, qədim, ağır cəftəsini yuxarı qaldırmaq üçün əlləşirdi. İçəri də alaqaranlıq idi, ortadakı dəliyə düşəcəyindən qorxur, ayaqlarını tərpətməməyə çalışırdı.

Qəfildən anası haray saldı. Elə bil arvadı ilan vurmuşdu. Səmranın əli əsdi, həyəcandan qapını daha möhkəm dartışdırmağa başladı, heç bilmədi necə oldu ki, bu “cəhənnəm qapısı” açıldı. Səmra anasının səsi gələn tərəfə götürüldü.

Anası məftillərlə hasarlanmış bağın o tayındaydı, həyətdən üzü bağa tərəf qışqırır, gah daş, gah torpaq atırdı.

Gözləri hədəqəsindən çıxmış Səmra bağın içiylə, otların arasıyla anasına sarı getməyə çalışırdı ki, arvad onu gördü və qışqırmağa başladı:

- Boynun qırılmasın, a qız! Hara girirsən?! İlan var orda!

İlanın adını eşidən kimi Səmra özündən asılı olmayaraq, hoppanıb otluqdan kənara sıçradı. Əti ürpəşdi, elə bil ayaqlarına ilan dolaşmışdı. Qız çığıra-çığıra bağdan çıxdı və anasına sarı yüyürdü.

- İlan sənə dəymədi? Bir şey olmayıb? - anasının ora-burasına baxdı.

- Yox, qorxma! Allah lənət eləmişin ağzında qurbağa vardı. Qurbağanı ağzından salsın deyə vururdum.

Səmra əvvəlcə təəccübləndi, anasının ürəyinin bu qədər həssas olduğunu bilməzdi.

Qadın deyəndə ki, “ömründə bir dəfə qurbağanı ilanın ağzından qurtaran adamın yeri cənnətdir!”- Səmraya hər şey aydın oldu. Cənnətdə yer qazana bilməkçün anası hər şey edərdi.

“Nə oldu? Cənnətə bilet qazandın?”- Səmra gözlərini qıya-qıya gülümsündü.

- Sən babısan! İnanmırsan! Guya bilmirəm?

- Demədin axı nə oldu? Yazıq qurbağa xilas oldu?

- Yox, Allahın lənətinə gəlmiş nə illah elədim, qurbağanı ağzından buraxmadı.

- Uzaqdan durub daş atmaqla ilan qurbağanı buraxar?

- Neynəyəydim? Özümü ilanın ağzına ataydım?

- Bəs fədakarlıq eləmək lazımdır axı. Sən istəyirsən fədakarlıq etmədən, uzaqdan, çox asanlıqla qurbağanı xilas edib cənnətə düşəsən!

- Get özünü dola, ha! Köpəyin qızı! Məni dolamağına bax hələ! - anası söyləndi.

Ana-bala evə sarı gəlirdilər, evin qapısı açıldı, gəlin özünü güllə kimi çölə atdı, gəlinin dalınca da Rüstəm. Rənanın saçı-başı dağılıb tökülmüş, üz-gözü pörtüb şişmişdi. Bu halı görcək Səmra yenə Rüstəmin onu döydüyünü başa düşdü. Rüstəm həyətin ortasında yaxaladığı Rənanı əlindəki qayışla durmadan vururdu. Özü də qəsdən ancaq qıçlarına, qollarına döyürdü ki, bədəninə bir xətər yetirməsin. Rəna səsini çıxarmamağa çalışır, Rüstəmin də əlindən ora-bura sıçraya-sıçraya özünü mümkün qədər qorumağa çalışırdı.

Anası onları görən kimi dönüb quyunun başına getmiş, quyunun başında qurcalanırdı. Səmra anasının yanına cumub həyəcanla dedi:

- Ana, Rüstəmə bir şey de də. Yazıqdır Rəna!

- Sən qarışma! Keşən dəfəki kimi səni də qatacaq arvadına. Ər-arvaddırlar. Onların arasına girmə, özləri bilərlər.

- Mən girmirəm. Qorxuram. Sən bir söz de Rüstəmə. Səni də vurmayacaq ki!

- Ay bala, mən qarışa bilmərəm. Bizə düşməyib.

- Öldürsə də bir söz deməyəcəksən? Qızı öldürür axı!- Səmra hirsindən dodaqlarını gəmirdi.

- Yox bir əşi! Öldürəcək! Niyə öldürür? Adam öldürəndir Rüstəm? Allah bilir gədəni necə dəli eləyib yenə?

Səmranın ürəyi dözmədi. Qardaşına sarı yüyürdü, əlindən tutmağa çalışdı:

- Ay qağa, qurban olum, dəymə! Uşaqlar da pis olur. Zaurun indi ürəyi partlayır. Qalıb uşaq yerdə, arxası üstə. Anasının səsini eşidir amma. Zaurun xətri üçün! Qurban olum, qağa!

Qəfildən Rüstəmin qan çökmüş gözlərinə mərhəmət gəldi. Əlini göydə saxladı və silkələməyə başladı:

- Qurban olsun o uşağa! Qoy o uşaq sağalsın! Ondan sonra mən bilirəm neynəyəcəm! Mən daha bezmişəm!

Rüstəm deyinə-deyinə həyətdən çıxdı. Rəna ayağa qalxıb quyuya yaxınlaşdı, quyunun başındakı aftafadan su töküb üz-gözünü yudu, sakitcə çəkilib getdi.

Səmranın içi doğranırdı, ağrısı təzədən yadına düşdü. Bayaqdan ağrını unutmuşdu. “Rəna belə günlərində daha ağrımır, ancaq daha betər ağrıları var”- deyə düşündü. “Ərə gedəndən sonra ağrımayacaqsan”- bu təsəllini tanıdığı bütün qadınlar ona vermişdi, Rəna özü də. “Yəqin Rənaya da bu cür təsəlli vermişdilər”...

Səmra doluxsunaraq anasına:

- Ay ana, sən niyə bu Rüstəmin qabağını almırsan? Rəna yazıq döyülmü?

- O, özü özünü döydürür. Döyüləndə rahatlaşır -, anası cavab verdi.

- Belə deyildilər axı. Qardaşından sonra belə oldu elə bil...

- Ay bala, tək onun qardaşı olsa, deyərəm hə. Minlərlə şəhidi var bu ölkənin. Məgər tək Rənanın qardaşıdır? Gədəni dəli eləyib əməlli-başlı. Baş alıb evdən gedəcəyindən qorxuram. Yenə o xaraba Rusiyətə getsə, uşaq əlimizdən çıxacaq. Bu dəfə nə illah eləsək, gətirə bilməyəcəyik.

- Bəlkə anası sağ olsa, dərdləşərdi onunla. Atası da öldü getdi. Ögey anasıyla nə danışsın? Mənimlə də danışmaq istəmir. Nə soruşuram ötüşdürür -, Səmra kövrəldi.

- Allah özü axırlarını xeyir eləsin! Bilmirəm heç necə olacaq?!

- Bəlkə daha xoşbəxt olmaq istəmir? - Səmra içini çəkdi.

- Nətər yəni xoşbəxt olmaq istəmir? Deyirəm də, o qıza nəsə olub. Gərək gedib bir kitab açdıram. Görəm nə dualıq ediblər buna? Sən də boş-boş danışıb dəlinin yadına daş salma. Rüstəmin də işinə qarışma. Dinsizin öhdəsindən imansız gələr. Təkcə əri bacarar onunla. Ərindən qorxur. Qoy qorxsun.

Səmranın qarnına qəfil indiyə qədər çəkdiyi sancıların hamısından güclü sancı girdi. Qarnını tutub qışqırdı.

Anası əl-haya düşdü:

-Bıııy, a bala, elə bil doğursan? Nə oldu sənə? Min dəfə demişəm soyuq su içmə! Ayağı yalın gəzmə! Eşitmirsiz ki!

Səmra yanını gün altında qızmış taxta oturacağa qoyub xoşhallanmışdı. Bir azdan anası söylənə-söylənə sinidə çay dəstgahı gətirdi. Həyətdə Rüstəmin köhnə qapıdan kəsib düzəltdiyi stolun üstünə stəkan-nəlbəkiləri düzdü. Qaynar çaynikdən qızıyla özünə çay süzdü. Ötən yaydan qalan zoğal mürəbbəsini çaya töküb qızına sarı itələdi.

- Kəklikotuludur, iç, için qızışsın! Ağrın kəsəcək.

Bu vaxt mürəbbənin qoxusunu alan beş-altı arı süfrəyə hücum çəkdi. Anası güllü çay dəsmalını qapıb arıların canına düşdü. Bir neçəsini süfrənin üstündəcə öldürdü.

- Ay ana, qov getsinlər. Adama da dəymirlər. Niyə öldürürsən? Yazıqdırlar!

- Öldürsəm, yaxşıdır! Bu dünyada öldürdüyümüz hər arıya görə o dünyada bir xurma verəcəklər, yeyəcəyik.

Səmra bayaq anasının xilas etmək istədiyi qurbağanı xatırladı. Anasının qanadlarından tutub tolazladığı ölü arılara baxdı. Rüstəmin həyətədək qovalayıb qayışın altına saldığı Rənanı gözünün qabağına gətirdi.

Köksündəki sıxıntı bətnindəki sıxıntıya qarışdı. Getdikcə Səmranın bətni də, bədəni də, ruhu da keyidi. Hətta özünü elə boşluqda hiss etdi ki, sanki bədəni yox idi, ruhu bədənini tərk etmişdi.

Cücəli kürt toyuq onların yanında ayaq saxladı. Toyuq qırtıldaya -qırtıldaya ölü arılardan birini dimdiyiylə götürüb cücələrin qabağına qoydu. Cücələr bir-bir ağız vurub yoxladılar, ölü arını götürüb qoydular.

Səmra həyətdə o tərəf-bu tərəfə qaçan toyuq-cücəyə baxdı. O biri toyuqlar azad quş kimiydilər. Hara istəsələr qaçır, həyət boyu sərbəst gəzir, özləri üçün yeyib-içir, xoruzla oynaşırdılar. Səmranın cücəli toyuğa yazığı gəldi. Qəfildən dodağını büzüb ağlamağa başladı.

Anası qəzəblə soruşdu:

- Ay bala, ağrıyırsan sən hələ? Bəs kəsmədi bu zibil?!

Oxşar xəbərlər

Xəbər lenti

7 yaşında atasını güllələdilər, Rəsul Rza onun xəstələnməsinə dözməyib dünyasını dəyişdi, ərinin öldüyünü axıracan bilmədi – Nigar Rəfibəylinin film kimi həyatı
21:00 23 İyun 2021
Mədəniyyət Nazirliyindən yeni kampaniya
18:44 23 İyun 2021
Dodaqların əriyən şamdır - Yeni şeirlər
18:03 23 İyun 2021
Bəsit forma oyunları – Gənc şairləri tənqid etdilər
17:15 23 İyun 2021
Filmimiz beynəlxalq mükafata layiq görülüb
16:28 23 İyun 2021
Ukraynanın yumor şousunda Bakı komandası da yer aldı
15:47 23 İyun 2021
Rəngkarlıq Muzeyində gənclər üçün ustad dərsləri davam edir
15:01 23 İyun 2021
Azyaşlı qızla evləndi, arvadı onu yatdığı yerdə tərk elədi, eyvandan yıxılıb öldü – “Arşın mal alan”ın talesiz Soltan bəyi
14:20 23 İyun 2021
Azərbaycan Beynəlxalq Film Festivalında təmsil olunub
13:41 23 İyun 2021
Nazirlik Qarabağdan film çəkmək istəyirsə... – Sevda Sultanova yazır
12:59 23 İyun 2021
"Fəlakət" boşandı
12:49 23 İyun 2021
Fərid Hüseynin kitabı Moldovada çap olunub
12:25 23 İyun 2021
Xanım şairimizin ən gözəl sevgi şeiri – Mətn
11:50 23 İyun 2021
Yaşı keçmiş subay kişilərin qorxuları - Günel Natiq yazır...
11:12 23 İyun 2021
Millət vəkilindən ilginc açıqlama: “Hüseyn Cavidi oxuya bilmədim”
10:38 23 İyun 2021
“Yaxından” adlı sərgi açılıb
10:04 23 İyun 2021
Qənirə Paşayeva: “Vaqif Səmədoğluna dedim, bir də məni belə məclislərə çağırmayın” – Müsahibə
09:01 23 İyun 2021
"Yeddi oğul istərəm" filminə çəkildiyinə görə peşman olub ağlayan Xalq artisti - Maraqlı faktlar
21:00 22 İyun 2021
Bakı Musiqi Akademiyasının 100 illiyi qeyd edilib
19:30 22 İyun 2021
Şuşa ilə bağlı yeni qurum yaradıldı
18:47 22 İyun 2021