Mötərizə içində qaldı armud və alma - Yeni uşaq şeirləri

Mötərizə içində qaldı armud və alma - Yeni uşaq şeirləri
1 iyun 2021
# 15:01

Kulis.az Mina Rəşidin uşaq şeirlərini təqdim edir.

Mötərizə

Mötərizə yazmağı
Öyrənib bizim Ayna.
Mötərizə içində
Qaldı armud və alma.

Anasının üzünü
Alıb kiçik ovcuna.
Mötərizəyə aldım
Deyir, səni, ay ana!

Ağıllı Röya

Çaya “Ç” hərfi deyir,
“S” hərfi deyir suya.
Hərfləri öyrənir
Bizim ağıllı Röya.

Xörəyə “X” söyləyir,
“A” deyir o, almaya.
Anası deyir təki,
Qiymətin “İ” olmaya.

Ailə albomu

Bizim də evimizdə
Ailə albomu var.
Ona baxanda sanki
Hamı yanımda olar.

Bax, bu mənim babamdı,
Bu da sevimli nənəm.
Nənəm nağıl deyəndə
Ən çox sevinən mənəm.

Bu əmim, bu bibimdi,
Bu da xalamla dayım.
Mən kənddə keçirəcəm
Dayımla gələn yayı.

Sabah doğum günündü-
Anam dedi, üzülmə.
Albomdan çıxıb hər kəs
Sabah gələcək bizə.

Gülən

Məktəbə hazırlaşır
Siyahı tutub Gülən.
Gonbul, rəngli karandaş,
Kağız, qayçı və qələm.

Nəsə düşür yadına
Hey uzanır siyahı.
O bir yaş da böyüyüb
Çox şey lazımdı axı.

Dənizə apar məni

Dəniz necə böyükdü,
Dəniz necə gözəldi!
Rəngli balıqqulağı
Sanki bağda xəzəldi.

Toplayıram onları
Aparacam nənəmə.
Nənəm çox sevinəcək
Gəmi alacaq mənə.

Dənizlə oynayıram
Ləpələr qovur məni.
Deyirəm, ata, hər gün
Dənizə apar məni!


Balaca həkim

Xəstələnmişdi anam
Sığal çəkdim telinə.
Qucaqladım mən onu
Şal bağladım belinə.

Ayrılmadım yanından.
Çoxlu xoş söz söylədim.
Əllərini oxşadım,
Üzünü əzizlədim.

Limonlu su gətirdim,
Şirin nağıl danışdım.
Oyuncaqlarla onun
Başını qarışdırdım.

Anam lap tez sağaldı
Dedi, -Sağ ol, gül qızım.
Sən mənim həkimimsən
Daha qalmadı arzum.

Nənəmin ad günüdü

Nənəmin ad günüdü
Tez tort bişir, ay ana!
Üstünə yaz “Can nənə!”,
Çiyələk düz yanına.

Nənəm çox sevinəcək,
Tort verəcək mənə də.
Nənəmi çox sevirəm,
Ana, elə səni də.

Xəzri

Şəhərdən gəlib Xəzri
Əlinə çubuq alıb.
Vurur gülə, ağaca
Elə bil ki, od olub.

Birdən elə qışqırır,
Qorxudan rəngi solur.
Bilmirdi ana toyuq
Bu qədər hirsli olur.

Bəhməz

Nənəm bəhməz bişirib
Dadlı, qara şirədi.
Deyirəm ki, ay nənə,
Axı tutlar ağ idi.

Qaranquş

Dayımın daxalında
Yuva qurub qaranquş.
Heç bir kəsdən qorxmayan
Mənimlə dost olan quş.

Toxunmuram evinə.
Görüm bu quş nə edir.
Balaları yuvada
Yemək dalınca gedir.

O məni görüb uçmur
Balasını yedirdir.
Anam deyir, qaranquş
Bizə etibar edir.

Hörümçək adam

Hörümçəyə bənzəyir
Sakitcə qalxır, durur.
Hörümçək adam kimi
Həmzə evdə tor qurur.

O qədər seyr edib ki,
O, “Hörümçək adam”ı
Evdə oyun çıxarır
Dəyişiblər adını.

“Dünyanı qurtarıram
Hörümçək adam kimi”-
Deyir, evdə qoy hər kəs
Qəhrəman bilsin məni.

Çiçəyin ətri

Yağış yağır səhərdən,
Hələ külək də əsir.
Əlindəki çətirlə
Çiçək yaman tələsir.

Məktəb harada qaldı?
Buludlara uçur o.
Gedə bilmir, çətirin
Arxasınca qaçır o.


Balaca Günəş

Yuxudan duran kimi
Hamıya gülümsəyir:
-Ata, sabahın xeyir,
-Ana, sabahın xeyir!

Yeddi yaşlı Günəşdən
Qəm qorxur, qüssə qaçır.
O, balaca günəştək
Ətrafına nur saçır.

Ay da gəlir dalımca

Mavi yorğan içində
Başın qoyub balınca.
Mən getdikcə görürəm
Ay da gəlir dalımca.

Duşünürdun Ay nədən
Arıq olur çöp kimi.
Bir də gördüm kökəlib
Dönüb olub top kimi.

Göyqurşağı

Al-əlvan rənglərimlə
Göyün yaraşığıyam.
Sevir məni uşaqlar
Mən bir göyqurşağıyam!

Hərdən görünürəm mən
Yeddi rəngli donumda.
Günəş şəfəqlərilə
Yağış görüşən anda.

De, hansı rəssam çəkər?
Heyrətlə baxır hamı.
Allahın əsəriyəm
Məndən gözəl de, hanı?

Yeganə müəllimə

Müəlliməmin adı
Çox gözəldi - Yeganə!
O mənim ürəyimdə
Bir dənədir, bir dənə.

Mən yaxşı oxuyuram
Müəlliməm sevinir.
Gündəliyə “5” yazır,
Mənə “Afərin”- deyir.

Gül çəkirəm mən ona,
Düzəldirəm ev, gəmi.
- Yeganə müəllimə,
Çox sevirəm mən səni!

# 3134 dəfə oxunub

Oxşar xəbərlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
# # #