Şəhla Nihandan qısa hekayə: Parallaks

Şəhla Nihandan qısa hekayə: Parallaks
22 aprel 2021
# 15:46

Kulis.az Şəhla Nihannın "Parallaks" adlı hekayəsini təqdim edir.

Sanki canlı idi, ətdən-sümükdən. Damarlarıyla qan dolaşır, nəfəs alır sanardın. Hər tərəfi körük kimi qalxıb-enirdi. Əl vursaydın - yumşaq, çox yumşaq..., elə bil canlı və isti bədənə toxunursan. Gözləri də vardı, iki yox, dörd yox, onlarca. Hər tərəfdə, öndə, arxada və yanlarda.

Onun içində balaca mizin arxasında qoca şair əyləşib həyatla zarafat edirdi. Olub-keçənləri nəzmə çəkmək istəyirdi ki, keçmiş əhəmiyyətini itirsin, daha qarabaqara izləməsin onu. Hətta gələcəyini də qurban verməyə hazır idi, təki keçmiş özgələşsin, yadlaşsın, atıb getsin onu. O mübarək fəraqı gözləyirdi..

Çox qüssəli idi şair, daim sondan yazardı. Bu günün vacibliyini duyduğu üçün bir az daha qüssələnirdi. Bu gün çox vacib işlər baş verəcəkdi. Həyatına yenidən nəzər salacaqdı. Qarşısına qoyduğu upuzun siyahıda yenidən baxılacaq məqamların adları vardı.

Siyahıya o qədər aludə olmuşdu ki, kənardan izləndiyini hiss etmirdi.

O canlı, yumşaq, yüz gözlü otaq idi qocaya diqqət kəsilən. Otaq ona (qoca, qüssəli şairə) diaqonal üzrə, çevrə üzrə, şaquli, üfüqi, ziqzaqlarla baxırdı. Hər baxışında fərqli görürdü onu. Bir tərəfdən nəzərində pərişan, o biri tərəfdən kədərli, başqa bir tərəfdən sözlü, ta başqasından susqun, daha birindən bezgin kimi canlanırdı şair. Arxadan, öndən, yuxarıdan, aşağıdan, cənub-şərqdən, şimal-qərbdən çoxlu nəzər oxları dikilir, baxış bucaqları yaranırdı. Otaq yavaş-yavaş şairləşirdi.

Və beləcə içindəkinin qüssəsi ona o qədər sirayət etdi ki, sıxılmağa başladı canlı məkan. Sıxılır, içindəkini də özüylə birgə sıxırdı. Nəhayət, qatılaşma - enerji və təzyiqin pik həddinə çatıb nöqtəyə çevrildilər. Onda şair qəhqəhə çəkdi.

Partlayış baş verdi. Qoca qəlpələndi. Qəlpələr hara düşdüsə orada şair yetişdi, başlanğıcdan yazdı. Yeni dünya yarandı – gülüş dünyası. Burada talelər başqa idi, dərd çəkməkçün yox, gülməkçün yaranmışdı insanlar. Qaraqabaqlar gülmədikləri üçün cəza alardı. Bura ayrı aləm idi...

Bir əmma vardı. Böyüklər özləri güldüyü üçün uşaq təbəssümünə ehtiyac qalmamışdı. Uşaq təbəssümünə ehtiyac qalmadığı üçün uşaqlar doğulmurdu. Uşaqlar doğulmadığı üçün heç kəs də ölmürdü. Ölmədiklərinə sevinib bir az da çox uğunub gedirdilər. Və hər bir qəhqəhə aludəsi öz tükənməz sevinci, xürrəmlik rəhni üçün həmən o insanlıq tarixinin başında durmuş qəmli qoca şairə borclu olduğunu çox gözəl xatırlayır, bacardıqca onu öz qəhqəhələrində əbədiləşdirməyə çalışırdı. Bu dünya sakinlərinin “toyuqmu, yumurtamı əzəli???” tipli sarsaq sualı yox idi. Buralar “gül” sözündən yaranmışdı (partlamışdı) və əsas olan da bu idi, toyuq yumurtası yox. Bu dünyada gülüş hədəf idi və kədərdən doğmuşdu deyə bütün kədərlər burda bir şeyə çevrilirdi – şadyanalığa..., intihara, depressiyaya, mərəz və ümidsizliyə yox. Bu, yaradılmışların içində ən mükəmməl dünya idi və onu insan oğlu Özü yaratmışdı.

Literaz.com | Xeberler

# 4404 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər