“İndi elə dayana bilmərəm!” - Topçu Vüsal məzuniyyətdə - Evlərindən reportaj

“İndi elə dayana bilmərəm!” - Topçu Vüsal məzuniyyətdə - Evlərindən reportaj
15 aprel 2021
# 14:01

Kulis.az Ayxan Ayvazın məşhur Topçu Vüsalın məzuniyyətə gəlişindən yazdığı reportajı təqdim edir.

Topçu Vüsal məzuniyyətə gəlib. Bu xəbər sevinc kimi tez-bazar yayıldı və hamı dildən-dilə, ağızdan-ağıza əsgərin məzuniyyətə gəlişindən danışdı. Vüsalın məzuniyyətə gəlişi səssiz-sədasız olsa da, xəbər tutanlar evlərinə axışmağa başladılar.

Payızın diri vaxtında, hələ Topçu Vüsal cəbhədə vuruşanda biz evlərinə gedib ata-anası, babası və balaca bacısıyla danışmışdıq. Onda Vüsalın boya-başa çatdığı ev kibrit boydaydı və onu sevənlər o qədər çox idi ki, evə sığışa bilmirdilər. İndi o daxma təzə evin yanında kölgədə qalıb.

- Yadımdadır, bu evin qabağında turşu balonları vardı...

Hamı gülüşür sözümə. Anası demişdi ki, Vüsal üçün tutma eləmişəm, gələndə ürəyi istəyən qədər yeyər. O tutmalar o balaca, kibrit boyda evin qabağında elə sevinclə və təbəssümlə durmuşdular ki, mən hər şeyin yaxşı olacağına əmin olmuşdum. Anasına demişdim, Vüsal sağ-salamat qayıdacaq, torpaqlar alınacaq və biz onun başına yığışacağıq, Vüsal tutmalardan yeyib şirin-şirin güləcək.

Anası gülə-gülə dedi:

- Vüsal elə vaxtı gəldi ki, tutmaların vaxtı getdi. İndi təzə tutmalar eləyəcəm...

Payızda gələndə gördüyüm mənzərə bu idi: balaca bir həyət, balaca bir ev. Vüsalın yaşadığı, gözünü açdığı gözəl bir ocaq. Həyətdə balaca masa, iki skamya var idi. O biri tərəfdə, girişdə su quyusu, ondan o tərəfdə hamam, böyür tərəfdə tövlə, bir az qabaqda bağ. İndi isə təzə ev həyətdəki mənzərəni dəyişmiş, hər yer daha işıqlı olmuşdu.

Təzə ev ata-ananın Vüsala sürprizi idi. O sürpriz ki, biz payızda gələndə tikilib qurtarmışdı, eləcə təmiri qalmışdı. İndi bu təzə, Vüsal üçün tikilmiş evə girəndə üzümə vuran gur işıqdan qəribə bir kədər doldu içimə. Təzə evin yanında, Vüsalın doğuluşuna, böyüdüyünə, şıltaqlıqlarına şahid olmuş və indi boşaldılmış, tərk edilmiş, əşyasız o daxmada balaca işığın altında Vüsalgilin ailəsi ilə, dostları ilə danışdığımız o payız gününü xatırladım. Onda Vüsal müharibədəydi, dava hələ qurtarmamışdı, hamımız səksəkə içindəydik və bilmirdik, sabahı gün nə olacaq. O evin girişindəki ayaqqabılar da bir-birinə bitişik idi, sahibləri narahat qalmışdı, elə hey düşünürdülər, görən, bu işlərin axırı nə təhər qurtaracaq.

- Vüsala deyirdim, a bala, dağıtma o evləri, sonra tikmək çətin olacaq. –məşhur əsgərimizin yaşlı, başı bağlı nənəsi deyəsən, zarafatla deyir bunu – Həqiqətən ev başa gətirmək çox çətindir!

Vüsal gülümsünür, indi fikir verirəm, gözləri göy üzü kimi mavidir. Məzuniyyətə gəldiyi ilk günlərdən jurnalistlər, qohum-əqrəba, dost-tanış onu tək buraxmayıb, evləri qonaq-qaralı olub. Vüsal jurnalistlərlə danışmaqdan yorulub, əzgindir, cümlələr ağzından ərincəkliklə çıxır.

- Mən Qubadlı, Cəbrayıl, Füzuli uğrunda gedən döyüşlərdə iştirak elədim. Çox şeylər gördüm. Qürurverici hissdir.

Vüsalın məşhur şəkli də təzə evlərinin divarından asılıb, deyirlər Bakıdan göndəriblər. O şəkil tək bu evdə deyil, Xaçmaz şəhərinin girişində də, dərsliklərdə də var artıq. Vüsal gələndə öz məşhurluğunun izlərini görəndə fəxarət hissi keçirib.

- Vüsal, o duruşu təzədən eləyə bilərsən, çəkək? – soruşuram.

- Alınmaz indi. Çünki onda qəzəbliydim, düşmənə nifrət var idi, həm də yaxın dostumu itirmişdim döyüşlərdə. Ona görə də o duruş təbii alınmışdı.

Vüsal 10 günlük məzuniyyətə gəlib, dediyinə görə, 22 aydır hərbi xidmətdədir, indi də xidmətini Şuşada davam etdirir, daşlar yerinə oturanda həmişəlik qayıdacaq evlərinə.

- Şuşa çox gözəl şəhərdir! – Vüsal bunu deyib gülümsünür. – Hamımız xoşbəxtik ki, o torpaqları görə biləcəyik.

Evdə bu dəfə çox adam yoxdur, anasıdır, atasıdır, balaca bacısıdır, nənə, babadır, bir də dayısı, onun uşaqları... Deyir, gələndən heç yerə çıxıb gəzə bilməmişəm. Vüsal mülki həyata alışa bilmədiyini, üstündən hərbi günlərin qoxusunun getmədiyini deyir. Anası əlavə edir ki, siz gəlməsəydiniz, indicə atasıyla çıxıb gəzəcəkdilər. Evdən çıxanda da Vüsal hər yerdə sevgi, təbəssüm görür.

- Məktəbimizə getmişdim. Öz oxuduğum məktəbə. Müəllimlərlə, uşaqlarla görüşdük. Hamı mənimlə şəkil çəkdirirdi. Əsas da balaca uşaqlar. Bunları görmək xoşdur həqiqətən. – Vüsal o sevgi mənzərələrini çaşqınlıqla, heyrətlə və sevinclə danışırdı... Onun sözləri uşaqların oyunu kimi saf idi, hələ böyüməmişdi...

Bizə də yolu balaca uşaqlar göstərmişdi. Təkqapı oynayırdılar, maşını yanlarında saxladıb soruşduq:

- Uşaqlar, Topçu Vüsalın evi hardadır?

- Əmi, evləri de ha orda, ağ maşının yanında.

O ağ maşının yanına çatanda darvazadan Vüsalın atası İslam kişi çıxdı və bizimlə əl tutdu. Üzündə yorğunluq və sevinc dolaşırdı...

Təzə evə girəndə bizi ilk qarşılayan elə Vüsal oldu, gülümsəyə-gülümsəyə salamlaşdı. Vüsal əsgər köynəyində idi. Onu qucaqladım və 44 günlük müharibənin izlərini daşıyan kürəyinə vurdum. Vüsal da atası kimi yorğun, yuxusuz, amma xoşbəxt görünürdü.

- Mənim yaxın silahdaşlarım, həm də şəhidlərimiz olduğu üçün istəmədim məzuniyyətə gəlişimi təmtəraqlı eləyək. Ona görə də xəbər vermədən gəlmişdim. Evdə heç kim bilmirdi. Sürpriz oldu onlar üçün...

Vüsal üçün də təzə ev sürpriz oldu, bir də bacısının ərə getməyi. Bu, Vüsalın böyük bacısıdır, adı Vüsalədir. Yadımdadır, biz onlara gedəndə qız bizimlə bir masada oturmadı. Soruşdum səbəbini. Dedilər, o, utancaqdır, bu günə qədər bəlkə 20-yə yaxın televiziya kanalı gəlib, heç birinə danışmayıb. Düzdü, pandemiyaya görə toy eləyə bilməyiblər, elə təzəcə evdə öz aralarında seviniblər və deyiblər ki, Vüsal gələndə iki gözəl xəbərlə onun qarşısına çıxaq.

Anası demişdi ki, Vüsal şıltaq uşaqdı, atası da bizə onun maşınını vurub əzməsini danışmışdı. Demişdi, “vaenkomat”a gedəndə maşını vurmuşdu. Vüsala həmin hadisəni xatırlatdım. Gülümsündü:

- Həyəcanlıydım. Axırıncı gün idi, istəyirdim bir az maşın sürüm. Onu da vurdum. Şükür, elə bir şey olmadı.

- İndi maşının vəziyyəti necədir?

- Yaxşıdı, düzəldiblər.

- Atana deyibsənmiş ki, gələndə maşın alarsan, sənin maşının köhnədir.

- Qismət. – gülür...

Vüsalgilə gedəndə evdə ata-anasından, qohum-əqrəbadan soruşmuşdum ki, Vüsalın sevdiyi qız varmı. Anasının dediyi yadımdadır: “Bir qızı sevirdi, biz tanımırıq amma. Yoldaşımın dostu şəklini gizlincə çəkib atmışdı”.

- Sevdiyin qız var?

Vüsal bu barədə danışan biri deyil, çox ciddi görkəm alıb deyir:

- Yoxdu.

- Deyilənlərə görə, var axı. – gülümsünürəm.

-... – Vüsal inadla susur və bu susqunluqla mənə deyir: “Bir də bu cür suallar vermə”. Başa düşürəm ki, sevgi mövzusu Vüsalın ərazisində torpağa basdırılmış mina kimidir, ona toxunmaq istəmir.

- Ən çox hansı yemək üçün darıxmışdın? – söhbəti dəyişdirirəm.

- Aş. Plov yəni. Anam gözəl bişirir. Onun dadı üçün darıxmışdım.

- Müharibə başlayanda sən həqiqi hərbi xidmətdəydin. Bu xəbər gələndə, yəni müharibə olacağını biləndə nə hislər keçirdin, necə qarşıladın bu xəbəri?

- Biz hiss eləmişdik ki, müharibə olacaq. Komandirlər də bizi buna hazırlayırdı.

Vüsal topla bizim işğalda olan, sonradan ermənilərin yaşadığı evləri dağıdıb, ondan sonra düşüb o dağıtdığı evləri bir-bir gəzib, evlərdən şəkil albomları tapıb.

Biz Vüsalgildə, təzə evlərinin təzə masasının ətrafında oturub çay içirdik. Vüsal gəzmək istəyirdi, istəyirdi “playstation”a getsin, futbol oynasın, dostları ilə kafelərdə vaxt keçirsin, ancaq gələnlərə görə bir yerə çıxa bilmirdi, ata-anası bu mövzunu zarafata salıb Vüsalı güldürürdülər.

- Sənin gilas yığan dostun hardadı? – babası soruşur.

Vüsalın ən yaxın dostudur o, biz onlara gələndə o oğlan da gəlmişdi, nə qədər ondan Vüsalın sevdiyi qız haqda söz qopartmağa çalışsaq da, alınmadı, ağzına su alıb oturdu. Babası deyir, onlar Vüsalla bir yerdə gilas yığıb pul qazanırlarmış.

- Vüsal haqda film çəkiblər, bircə yeri qalıb. – atası deyir...

- Hansı yeri?

- O məşhur duruşu olan yeri.

Vüsal mənə dediyini təkrarlayır:

- Təbii alınmayacaq e...

Vüsalın danışmağa ərindiyini, həm də məzuniyyətində bir az gəzib-görməsini nəzərə alıb ayağa qalxırıq. Deyirik, daha bezdirməyək Vüsalı. Ev əhli gülüşür bu sözlərimizə...

Bizi qapıya qədər ötürürlər. Vüsal təzə pilləkənin başında gülümsünür. Arxada onun boya-başa çatdığı balaca ev özünü göstərməyə çalışır.

Anası o köhnə evə baxıb deyir:

- Dağıdacayıq onu. Hələ ki belə qalıb.

Bir anlıq mənə elə gəlir ki, o köhnə evi Vüsalın topu dağıdacaq, təzə ev isə topdağıtmaz ev kimi ömür boyu qalacaq və içindəki o gur işıq da heç vaxt solğunlaşmayacaq...

# 6865 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktrisa: "10 nəfərlə öpüşdüm"

Məşhur aktrisa: "10 nəfərlə öpüşdüm"

12:30 25 aprel 2024
Təhqir edilən aktyordan sərt reaksiya - Foto

Təhqir edilən aktyordan sərt reaksiya - Foto

12:00 25 aprel 2024
"Ofis"in aktyor heyəti açıqlandı

"Ofis"in aktyor heyəti açıqlandı

12:00 25 aprel 2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"

Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"

11:30 25 aprel 2024
"Tütək səsi" bədii filmi nümayiş olunacaq

"Tütək səsi" bədii filmi nümayiş olunacaq

11:00 25 aprel 2024
“Qədim incəsənətin şah əsərləri”  sərgisi açıldı

“Qədim incəsənətin şah əsərləri” sərgisi açıldı

10:40 25 aprel 2024
# # #