Qürbətdə ayağım torpaqda ağlar - Azad Yaşardan yeni şeirlər

Qürbətdə ayağım torpaqda ağlar - Azad Yaşardan yeni şeirlər
10 aprel 2021
# 13:34

Bu gün şair, tərcüməçi Azad Yaşarın 60 yaşı olur. Çağdaş Azərbaycan şeirinin tanınmış nümayəndələrindən olan Azad Yaşarı yubiley münasibətilə təbrik edir, onun seçmə şeirlərini təqdim edirik.

Şərqdə ilk fikir azadlığı

Şərqdə fikir azadlığı
və Bərabərlik
səslərin
çıxdıqları yerə
girməsi ilə
başlar
adətən.


Eynəyin yuxusu

Yatanda
insan çıxarar eynəyini:
"Yetər hər şeyə səninlə baxdığım,
yuxumu şəriksiz görmək istərəm" deyə.

Eynək susar, uyuyar bir az aralıda -
insan öz yuxusuna dalar,
eynək öz yuxusuna.


Nisbilik

Çəkmələri
çamura bulaşanda belə
xeyli təmiz idi
sahibinin vicdanından

"Donjuandraw" proqramı

Bu bilgisayar proqramı
idealınız olan qadın surətini yaratmaq üçün hazırlanıb.
Əvvəlcə sevimli qadın obrazlarınızın
fotolarını skanerləyin.
Əgər fotolar əl altında yoxdursa,
yaddaşınızı daramaqla da
onları dirildə və bilgisayara ata bilərsiniz.

Vaxtiylə onlarda ən çox nəyi sevmişdinizsə,
ilk öncə buna qərar verin.
Sonra isə birindən göz,
birindən dodaq, birindən yanaq,
birindən saç, birindən boyun,
birindən sinə, birindən boy,
birindən bel, birindən yançaq,
birindən və sair,
birindən isə və ilaxır alın.
Bunları ən uyğun şəkildə
bir qadın obrazının üzərinə quraşdırın.

Əgər uğurlu bir şey alınsa,
hesab edin ki, bəxtiniz gətirib,
çünki Tanrı da
bütün bunları eyni vaxtda bir qadına bəxş eləməyi
çox görür adətən.
Elə bundan dolayı adəmoğlu
gah bu, gah da digər qadının
kölgəsinə taxılır.

Əgər bu quramalar sonucu
baxımsız bir obraz ortaya çıxsa,
bu – heç də proqramın xətası deyildir,
çünki ideal orqanların seçimi və montajı sizə aid idi.
Onları bir arada birləşdirmək
və bu məqsədlə məhz
bizim proqramdan yararlanmaq ideyası da
sizin ağlınıza gəlmişdi.
Və yüz haldan doxsan doqquzunda “günahkar” çıxan
bu proqramı heç almaya da bilərdiniz.

P.S. Proqramımızı
ən azı üç dost-tanışınıza
məsləhət görəcəyiniz təqdirdə
sizə bəri başdan
təşəkkür etməyi özümüzə borc bilirik.


Sui qəsd

Orada
otağın küncündə
köhnə kresloda oturan və
bərəlmiş gözlərini tavana zilləyən adam
gözlərini tavandan ayıra bilməyən adam
baxışlarından asıb özünü
tavandan asıb özünü
asıb özünü
asıb


Sənə doğru

Ölümü azdırıb gəlirəm,
həsrət tilsimini qırıb,
güman divarını uçurub gəlirəm,
bir anı min il bilirəm,
min ili bir an bilirəm –
Sənə doğru gəlirəm,
Sənə doğru.

Arınıb ay işığından,
durulub göz yaşından,
dumandan sıyrılıb,
işıqdan süzülüb gəlirəm,
dünyanın ta o başından –
Sənə doğru gəlirəm,
Sənə doğru.

Bax, qanadlarım qırılmış,
dizlərim çat-çat,
alnım qırış-qırış,
yürüməkdən dabanlarım dağılmış...
uça-uça,
sürünə-sürünə
yenə, yenə –
Sənə doğru gəlirəm,
Sənə doğru.

Acıma mənə belə, acıma halıma,
işığına gəlirəm, qoynuna gəlirəm,
bir baxışına aldanıb gəlirəmsə də
qoy olsun!
Sevib-sevilməyə gəlirəm,
acıma mənə belə.

Sığınmaq istəyirəm,
yaxın olmaq istəyirəm Sənə,
yaxın –
həsrətdən, ölümdən yaxın
işıqdan, sudan yaxın
Səndən Sənə yaxın olmağa gəlirəm –
Sənə doğru gəlirəm,
Sənə doğru.


Kişik şeirlər yazma səbəbim

Kiçik şeirlər yazma səbəbim
əslində onları
xırda kağızlara yazmağımdan
irəli gəlir.
Çünki kağızda ağ yer bitənə qədər şeiri bitirmək,
bu dar yerə sığışmaq zorundayam sanki.

Sonra da həmin kiçik şeirlərin
kiçik kitablarda çapı gəlir gündəmə.
Bunlar hamısı düzələr –
təki oxucumun ürəyi
məni anlamayacaq qədər kiçik,
gözü isə dar olmasın.

Öz mənzilim kimi
fikirlərimə də dar gəlir
bu kağız,
bu dünya,
bu göyüzü,
bu yerüzü.
Yersizlikdən
hələ miniatür rəsmlər
çəkdiyimi demirəm.

Sırf imkansızlıqdan heç rəsm çəkmədiyimi
isə təkcə özüm bilirəm.


Belə danışıb gülməyimə baxmayın

Belə danışıb gülməyimə baxmayın
siz məni axşamüstüləri
uşaq kimi evimiz üçün
anamın üzü, atamın səsindən ötrü
kövrələndə görün –
tanımazsınız məni, tanımazsınız vallah
(amma özümə nə qədər bənzəyirəm onda).

Baxmayın belə gülüb-danışdığıma
deyirlər hər şeyi bilir
amma bəlkə Allah da bilməz
bu qəriblikdə nələr çəkdiyimi...

Gördüyünüz hələ mən deyiləm
çox görməyin danışıb gülməyimi mənə
bilməzsiniz hər halda
necə çətin olur
ağlamalı ikən gülmək.

İtki

Nazı nənəmin ölümünə ağı

Var idi və yoxdur…
Var idi - yoxdur!
Nə idi, nə oldu, nəyə qarışdı?
Torpaqlarmı uddu, göylərmi çəkdi -
Nə idi, nə oldu, nəyə qarışdı?

Başımı qoyduğum bircə cüt dizdi,
Ömrümüz üzünün nurunda üzdü,
Bir əsrin, bir nəslin yükünə dözdü -
Nə idi, nə oldu, nəyə qarışdı?

Torpağın üstündən aşındı işıq,
Torpağın altına daşındı işıq,
Nağılsız qalmışıq, yetim qalmışıq -
Nə idi, nə oldu, nəyə qarışdı?

İtkisi yüküdür ulu dağların
Sellər, bu acını yuyun, aparın
O cür ipək qarı, çəlimsiz qarı
Nə idi, nə oldu, nəyə qarışdı?

Mavi boşluq çökdü insan yerinə…
Kim görüb nə vaxtsa gedən can dönə?!
Cavabsız qalacaq bu sual yenə -
Nə idi, nə oldu, nəyə qarışdı?

Bəlkə də qəbrinin üstündə çiçək,
ot olub,
dünyaya yenə gələcək,
otları oxşayan mehlər dinəcək:
"Nə idi, nə oldu, nəyə qarışdı?"

Var idi və yoxdur…
Var idi - yoxdur!
Kim deyir ölümün gözləri toxdur?!
Kim deyir qılıncı məndən uzaqdır?!
Kim bilir harada qırılar baxtı?!
Bizim ulduzlar da görərsən axdı,
Zülmətə qarışdı,
göyə qarışdı -
Nə idi, nə oldu, nəyə qarışdı?


R ü b a i

Qürbətdə ayağım torpaqda ağlar
Göz yaşım görüncə...
torpaq da ağlar
Azad tora düşdü möhnət bağında
könlü torda ağlar,
tor – bağda ağlar.


Qürbət eldə can incələr

Qürbət eldə can incələr
elinə həsrətdi, ana.
Budaqdan ayrı qönçələr
gülünə həsrətdi, ana.

Göz yaşım gölə yetdisə,
köksümdə dağlar bitdisə,
qəddim Məcnun söyüddüsə
telinə həsrətdi, ana.

Bu nə haldı, bu nə gündü,
niyə eşqim məndən döndü?!
bu saralmış rəngim indi
alına həsrətdi, ana.

Sevən könlüm, sınan könlüm
bu dünyadan dönən könlüm
qəriblikdə yanan könlüm
dilinə həsrətdi, ana.

Getməz başdan dərd dumanım,
bir kəsə gəlməz gümanım,
köynəyim tək qırış alnım
əlinə həsrətdi, ana.

# 7318 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #