news-inner
clock16:37 calendar-gray 09 Aprel 2021 view-gray4444 dəfə oxunub
view-gray4444 dəfə oxunub

Hamı şeirlərini əzbər bilir, amma heç kəs tanımır – Sözü özündən məşhur şairimiz

Kulis.az şair Rasim Kərimli haqqında maraqlı faktları təqdim edir.

Rasim Kərimli 1 may 1932-ci ildə Tovuz rayonu Düz Qırıqlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1951-1956-cı illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.

***

Uşaqlıqdan saz, zurna-balaban çalan, Bakı Dövlət Universitetində oxuyarkən qarmon və pianino çalmağı öyrənən Rasim Kərimli universitetin bədii özfəaliyyət dərnəyinin ən fəal üzvlərindən biri olub.

***

Hələ orta məktəbdə oxuyarkən şeir yazan Rasim artıq mətbuatda çap olunur. Bir il Ağsu rayonunda müəllim işlədikdən sonra 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunda elmi işçi vəzifəsində çalışır. Lakin bədii yaradıcılığı elmi yaradıcılığa üstün gəlir və tezliklə o, M. F. Axundov adına Dillər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasına müəllim keçir. Bu vaxt Rasim artıq tanınmış şair idi.

Şairin əsərlərinin xalq ruhuna son dərəcə yaxın olması onların asanlıqla əzbərlənməsinə və xalq arasında yayılmasına şərait yaradırdı. Bu təsadüfü deyildi, uşaqlıqdan qonşuları Aşıq Nağının yanında aşıq havalarını və el şairlərinin şeirlərini əzbər öyrənməsi onun gələcək yaradıcılığına əhəmiyyətli dərəcədə təsir göstərir.

***

Bir neçə musiqi alətlərimizdə gözəl çalan Rasim Kərimli milli musiqimizin bilicilərindən idi. Həm buna, həm də şeirlərinə görə musiqiçilər və müğənnilərin əksəriyyəti onunla dostluq edirdi. Görkəmli sənətçilərimiz Habil Əliyev, Əlibaba Məmmədov, Teymur Mustafayev, Arif Babayev, Mayis Salmanov, Mayis Məmmədov və başqaları şairə xüsusi ehtiram göstərirdilər. Elə bir konsert, şənlik, toy olmazdı ki, Rasim Kərimlinin sözlərinə yazılmış mahnılar oxunmasın.

***

Şairin "Səndən savayı", "Biləydin kaş", "Bir qız bir oğlanındır", "Qurban olum", "Sənsiz", "Min yaşasın", "Axtarar səni", Zümrüd Məmmədova və Təhmurazın oxuduğu çox maraqlı, dərin mənalı "Deyişmə" və başqa şeirlərinə bəstələnmiş mahnılar dillər əzbəri olub.

Rasim Kərimli "Dostluq ilk sözümdür", “Şəfqət bulağım", "Dünya mərdlər dünyasıdır", "Biləydin kaş", "İntizarda qoyma məni" adlı kitabların müəllifi olub.

***

Rasim Kərimli Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi - Azad xanın oğlu represiya qurbanı Rəşid ağa Cavanşirin qızı Zəminə bəyimlə evlənib.

Rasimin dərsləri o qədər maraqlı keçirdi ki, müəllimlər və başqa kurs tələbələri də onun dərsinə gəlirdilər. Bununla belə, bədii yaradıcılıq onun üçün hər şey idi. Rasimin yaradıcılığında, xüsusən də onun gəraylı və qoşmalarında Vaqif, Səməd Vurğun, Osman Sarıvəlli, Hüseyn Arif ruhu hiss olunur.

***

Keçən əsrin 60-70-ci illərində şəhərə gələn aşıqlar mütləq səhər-səhər qatardan düşən kimi Rasim Kərimlinin evinə gələrdilər. Təkcə ona görə yox ki, şair dəmiryol vağzalının lap yaxınlığında, yaşayırdı. Bir də ona görə ki, Rasimin dostları idilər. Ona baş çəkməyi özlərinə borc bilirdilər. Mikayıl Azaflı, Əkbər, İmran, Xanlar, Əlixan, Əli, Hüseyn Saraclı, Əmrah, Kamandar və başqaları onun daimi qonağı, ürək və yaradıcılıq dostları idilər.

Şairin həyat yoldaşı Zəminə xanımın obrazlı şəkildə dediyi kimi, evləri hələ o vaxtlar mövcud olmayan Aşıqlar Birliyinin filialı idi.

***

Yüzlərlə şeirin müəllifi olan şairi təəssüf ki, oxucular o qədər də yaxşı tanımayıblar. Rasim Kərimli 1996-cı il 24 iyunda vəfat edib.

***

Şairin ən məşhur şeirlərindən bir neçəsini təqdim edirik.

Məftunu olmayıb könlüm heç kəsin,
Ay xumar baxışlım səndən savayı.
Sığındım eşqinə bir pay görmədim,
Dumandan savayı, çəndən savayı.

Qaytar eşq havası çalan günləri,
Ağlımı başımdan alan günləri.
Ömürdən saymıram qalan günləri
Oduna yandığım gündən savayı.

Hanı sədasına uçduğum o səs,
Dərdə düşməyənlər dərdimi bilməz.
Tərk etdin Rasimi, demədinmi bəs
Yoxdur bir kimsəsi məndən savayı

***

Elinə, gününə yanmayan bir kəs
Tutalım sultandı, xandı nə fayda?
Gənclikdə özünü xar eyləyənlər
Çallaşan vaxtında qandı, nə fayda?

Yeri ayrıcadır dünya üzündə,
Qəlbi xainin də, könlü düzün də.
Hamının əksi var elin gözündə,
Alçaqlar adını dandı, nə fayda?

Rasiməm dar gündə insana dayaq,
İnamın yoxdursa imtahan et, bax.
Zülmət gecələrdə yanmayan çıraq
Günəşli günlərdə yandı nə fayda?

***

Dünya mərdlər dünyasıdır,
Ərənləri min yaşasın.
Sinəsini tufanlara
Gərənləri min yaşasın.

Nə gözəldir dağ qüruru,
Bulaq kimi gözlər duru.
İnsanlara həyat nuru
Verənləri min yaşasın.

Öz adı var el yanında,
Yaxşının da, yamanın da.
Hər bir kəsi öz donunda
Görənləri min yaşasın.

El tanınar çörəyiylə,
Torpaq gülü, çiçəyiylə.
Nəbzi xalqın ürəyiylə
Vuranları min yaşasın.

Könül gülər beşiyində,
Öz evində, eşiyində.
Həqiqətin keşiyində
Duranları min yaşasın.

***

Vətən sənin torpağının
Qüdrətinə qurban olum
Koroğlunun, Babəkinin
Qeyrətinə qurban olum

Nurlu yolu, haqqın yolu,
Bir sahilsiz çayın qolu
Dünya dolu, tarix dolu
Şöhrətinə qurban olum

Dəfinə var dənizində,
Hər dağında, hər düzündə
Nəyin yoxdur yer üzündə
Sərvətinə qurban olum

Aşıb-daşan illərinin,
Nəğmə qoşan dillərinin
Nur çeşməli göllərinin
Hikmətinə qurban olum

Yaz arzulu, yaz diləkli,
Duz-çörəkli, düz çörəkli
Rasim deyər, dağ ürəkli
Millətinə qurban olum

news-inner-user

19995 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Kitab və film eyni anda: “Rəngləri danışdıran adam”
18:59 22 Sentyabr 2021
Dünya şöhrətli rejissor komadan çıxdı
18:28 22 Sentyabr 2021
“Soyuq Günəş”in ssenaristi: “Yeni filmin çəkilişini başa çatdırdıq”
17:52 22 Sentyabr 2021
Fırlanmalısan - Hekayə-esse
17:22 22 Sentyabr 2021
İlk dərs günü məktəbdə necə biabır oldum?
16:36 22 Sentyabr 2021
Kiçik mətnə "böyük hesabla" uduzmaq - Kəramətin yeni romanını tənqid etdilər
16:01 22 Sentyabr 2021
Seymur Baycandan zəif olan gürcü yazarın dünya şöhrəti
15:10 22 Sentyabr 2021
Yeni poeziya almanaxı çap ediləcək - Əsər qəbulu başladı
14:25 22 Sentyabr 2021
Anamı ağlatdığım gün – Sərdar Amin yazır...
13:30 22 Sentyabr 2021
Məktəbə gəlməyə peşman olan əkiztayı, müəllimləri üçün darıxmayan uşaq, nəvəsindən bezmiş nənə – İlk dərs günündən reportaj
12:40 22 Sentyabr 2021
“Son günlər işdən qanıqara gəlirdi” - Qızı Fikrət Qocanın ölüm səbəbindən danışdı
11:49 22 Sentyabr 2021
Oğul, oğul, amandır! - Günün şeiri
11:14 22 Sentyabr 2021
Dərsin ortasında fıştırıq çalan şagird: Distant təhsildən reallığa
10:38 22 Sentyabr 2021
Məşhur aktyor vəfat etdi
10:18 22 Sentyabr 2021
Aktyor Elcan Rəsulov: “Afaq Bəşirqızı mənə dedi, çıx get burdan” – Müsahibə
09:00 22 Sentyabr 2021
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
21:00 21 Sentyabr 2021
Pekində beynəlxalq film festivalı başlayıb
18:55 21 Sentyabr 2021
Gənc yazarın ilk şeirlər kitabı nəşr edildi
18:15 21 Sentyabr 2021
Aqşin Yenisey: “Bu, milli biabırçılıqdır” – Müsahibə
17:47 21 Sentyabr 2021
Seviş mənimlə, gecədir! – Məlihə Əzizpurun şeirləri
17:30 21 Sentyabr 2021