Mirzə Cəlilin və Nazim Hikmətin ortaq ideyası

Mirzə Cəlilin və Nazim Hikmətin ortaq ideyası
7 aprel 2021
# 15:29

Kulis.az Mehman Qaraxanoğlunun "Ədəbi sezintilər" silsiləsindən "İki almanın mesajı" yazısını təqdim edir.

Hələ qış öz əl-ayağını qapılardan yığmamış cavan alça ağacları öz çiçəkləini nümayişkaranə bir şəkildə, tələm-tələsik göyə “təqdim etmək” istəyirlər. Bu təqdimatın arxasında onların hamıdan seçilmək və birinci olmaq hikkəsi açıq-aşkar sezilir. Göyün “cavabı” da özünü çox gözlətmir; alça çiçəklərinə bənzər qar dənəciklərilə onları “mükafatlandırır”. Beş-altı şeirini əldə dəstəvuz edib ucsuz-bucaqsız ədəbiyyat göylərindən tez-bazar ulduz qoparmaq üstəyən hədsiz eqolu gənclərin aqibəti də belə olur...

***

Qəribədir, əvvəllər ata-analarımızdan rüsxət alıb, evdən bir-iki saata çıxarkən daraq, güzgü, qatlanan cib bıçağı, kibrit qutusu və tutacağı qısa olan dabankeşi də özümüzlə götürərdik. Bu əşyalarda nə sirr var idisə, barmaqlarımız onlara toxunan kimi canımızdan həzin bir gizilti keçər, vədimizi yada salar və tezcənə də evə dönərdik. Ən böhranlı çağ və depressiv situasiyalarda yenidən ədəbiyyat evinə dönüşmək üçün Mirzə Cəlilin “İki alma” hekayəsi də mənə o əşyalar qədər magik və mistik bir enerji ötürür, tədricən özümə gəlir, bir az əvvəl istədiyi ikicə şeyi almadığına görə atasından inciyən, az sonra əlindəki iki qırmızı almadan birini ”cır-cındır içindә, üz-gözü qap-qara, çirkli...” dilənçi uşağa verən və gülə-gülə: - “Dәdә, almanın birini verdim dilәnçi uşağa”, - deyib incikliyini bir kənara tullayan və atasını da ağır psixoloji yükdən, bulanıq stressdən qurtaran o uşaq qədər xoşbəxt oluram...

***

Mirzə Cəlilin “İki alma” hekayəsi şüurumuzdakı “üç alma” illüziyasını darmadağın edir. Nağıllarımızın sonunda göydən düşən üç alma ən ciddi hekayəçiliyin üstünə də gülünc və dekorativ bir pərdə salır; yəni, nağıldı da, ciddiyə almayın! Ədalətli bölgü olmayan yerdə İlahi nizamdan söhbət gedə bilməz. Bölgü dürüst aparılmalıdır. Daha bu cür yox: “Göydən üç alma düşdü, biri mənim, biri sənin, biri də nağıl söyləyənin”.

***

Oğlu ilə birgə bazarın içərisindən keçən ata övladının iki arzusunu gerçəkləşdirməkdə çətinlik çəkir; ona Carco qovunu və “nemsə” şirniyyatını ala bilmir. Əsas səbəb cibində pulun az olmasıdır. Amma həm də peşəkar bir pedaqoq-tərbiyəçi kimi anlayır ki, oğlunu “dadamal”lığa öyrəşdirmək də yanlış addımdır. Sonra iki şahıya iki dənə qırmızı alma alıb oğluna verir. Təbii ki, atanın bu düşünülmüş həssas jesti də oğlunun könlünü açmır. Cibində cəmi bir abbası gümüş pul olduğundan vaqonda ona əl açan dilənçi oğlanın əlini də naümid qaytarır. Situasiyanın dramatikliyi tədricən artır.

Bir tərəfdən ondan incik düşən oğlu, digər tərəfdən dilənçi oğlana bircə qəpik verə bilmədiyindən daxilində məhkəmə qurulur. Dilənçiyə pul verməyin pis nümunə olduğunu israrla söyləyən filosoflardan fərqli olaraq təhkiyəçi hər halda yaxşı iş görmədiyini fikirləşir. Bütün bu paradoksal düşüncələr dilemmasından sadə çıxış yolunu uşaq tapır: Əlindəki almalardan birini dilənçiyə uzadır.

Bununla da;

1. Ata psixoloji gərginlikdən qurtulur!
2. Özünə qarşı sevgi və mərhəmət görən dilənçi uşaq həm də insan olduğunu hiss edir!
3. Övladının könlünü heç cür ələ ala bilməyən atanın görməli olduğu işi də oğlu görərək bəşriyyətə çox sadə mesajlar verir.

Nədir onlar?

Birincisi, dünyanın xilası mərhəmət hissindədir. İkincisi, əgər əlində cəmi-cümlətani ikicə alma varsa və sən ikisini də çox rahat şəkildə həzme-rabedən keçirə bilərsənsə, yenə də bunu etmə, sən onlardan birini həmcinsinə verməklə, öz incik daxilini sonsuz sevgilərlə doldurub, bumeranq effektli dünyamızın ən xoşbəxt insanına çevrilə bilərsən.

Üçüncüsü, tərbiyədə rasionalizm həmişə keçərli ola bilmir. Çünki elə qarışıq vəziyyət yarana bilər ki, orada ağıl yox, məhz qəlb “işləyir”. Nəhayət, “dünyanı birgünlük verin uşaqlara”. (N.Hikmət) Demək çətindir ki, kim kimdən əvvəl bu qənaətə gəlib, heç bunun xüsusi önəmi də yoxdur, əsas odur ki, hər iki dahi müxtəlif bucaqlardan eyni ideyanı irəli sürür.

Əgər bizə “Mirzə Cəlil yaradıcılığında mərhəmət hissinin təbliği” mövzusunda bir məruzə yazmağı tapşırsalar, tərəddüdsüz “Lal” və “İki alma”dan başlayardıq. Bəs “Poçt qutusu”, “İranda hüriyyət”, “Yazıq Fatma xala!”, “Nigarançılıq” “Anamın kitabı” və sairədən başlamaq olmazmı?! Mirzə Cəlilin bütün yaradıcılığı öz xalqına, bəşəriyyətə sonsuz sevgi və mərhəmət duyğusundan tökülüb! O, “Millət Atası” adına layiq olan ilk dahi azərbaycanlıdır! Hər dəfə onun haqqında düşünəndə ölməz Əli Kərimin ata haqqında yazdığı şeirindən iki misra gəlib durur göz önündə:

Sevgisi də soyuq idi, təzə əkini
Hər bəladan hifz eləyən qalın qar kimi.

Deyəsən, bizi bugünəcən “çaşdıran” da həmin “qalın qar” olub...

***

Məni kürreyi-ərzdə dağ çayının şırıltısı qədər özünə çəkən və riqqətə gətirən ikinci bir varlıq yoxdur. Bu, tam bir orkestrdir, fərqli - simli, nəfəsli, zərb alətlərində çalan bütöv bir musiqiçilər kollektivinin əmələ gətirdiyi təbii bir orkestr. Amma burada nəfəsli alətlərin müstəsna yeri vardır; ney, tütək fleyta, klarnet, saksafon, zurna və sairənin... Böyük ədəbiyyat da eyzən bu cürdür; milli və beynəlmiləl nəfəsli musiqi alətlərinin sintezi burada başlıca rol oynayır...

# 2473 dəfə oxunub

Oxşar xəbərlər

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
# # #