Allahın ərköyün bəndəsi – Təranə Vahid yazır...

Allahın ərköyün bəndəsi – Təranə Vahid yazır...
7 aprel 2021
# 10:36

Kulis.az yazıçı Təranə Vahidin “Tanrının təbəssümü: söz və işıq” essesini təqdim edir,

Bəzən bir sözün işığı dünyanın rəngini dəyişir...

Mənə görə, yazıçı Seyran Səxavət elə ədəbiyyatın özüdür. Yaradıcılıq zəmisində əmək nəğmələrindən tutmuş romana qədər istənilən janr var. Şifrəsini tapsan, yazdıqları bir yana, yazmadıqlarını oxuyacaqsan...

Seyran Səxavət dünyəvi adamdır. Şərq, Qərb, Şimal, Cənub, fərq etməz, qanadlı fikirləri planetin istənilən yerində, istənilən insanın ürəyinə yol tapar...

Seyran Səxavət gün işığında əliçıraqlı axtarılan qənimət adamdır. Axınla yox, axına qarşı gedər, haqsızlıq olan yerdə haqq səsini ucaldar, hamının susduğu yerdə danışar, hamının danışdığı yerdə susar...

Seyran Səxavət comərd adamdır, Orta əsrlərdə yaşasaydı, cəngavər titulu daşıyardı, amma istənilən zamanda sözün düzünü demək elə cəngavərlikdir...

Seyran Səxavət söz adamdır. Adamların portretini sözlə elə çəkər ki, rəssam fırçasından, fotoqraf fotoaparatından utanar. «Ağdamda Qədir Rüstəmovla atüstü söhbət»i kimi...

Seyran Səxavət zəngin adamdır. Ömrü boyu istedadını səxavətlə xərcləyib. Yüz il xərcləsə, yenə yetər, çünki qaynağı ilahidəndir...

Seyran Səxavət kainatın ruhunda gəzişən adamdır, ruhunu Ana ruhun harmoniyasıyla balanslaşdırar. Ona görə ritm, harmoniya, sevgi həyatının nüvəsidir...

Seyran Səxavət Allahın ərköyün bəndəsidir. Adamların yazdığı qanunlarla yox, ilahi qanunlarla yaşayar. Məsələn, Seyran Səxavətin qanunlarında ac adamın çörək oğurlaması cinayət sayılmır, plan-proqramla sənət əsəri yaranmır və sair və ilaxır...

Seyran Səxavət incə yumor hissi olan adamdır. Belə olmasaydı, sağ adama “Nekroloq” yazıb ölüləri güldürməzdi...

Seyran Səxavət xeyirxah adamdır. Bir əli torpağa buğda, bir əli dünyaya söz səpər...

Seyran Səxavət ziyalı adamdır, harda olsa, işığıyla qaranlığı qovub dünyanı aydınlığa çıxarar...

Seyran Səxavət dünyanın bütün dillərini, quş dilini belə bilən adamdır. İnsanların ürəyini üzündən yox, sözündən oxuyar, sözlər özü sirrini ona açar...

Seyran Səxavət ürəkli adamdır, qorxunun üstünə gedər, yola çıxdısa, sonacan gedər, yaxşılığı sonacan edər...

Seyran Səxavət sədaqətli adamdır. Sağ olanlar bir yana, dünyasını dəyişmiş dostlarının “görüşünə” gedər, qəbirlərini ziyarət edər, dərdləşib hal-əhval tutar...

Seyran Səxavət azad adamdır. Dünyadakı ən böyük qazancı azad ruhunu bir ömür qoruyub-saxlaması, ilahi əmanətə xəyanət etməməsidir...

Seyran Səxavət kövrək adamdır. Utancaq bir söz, qanadını ilk dəfə çalan quş balası, özünü şəlalədən atan su, ləçəyinin birini itirmiş çiçək onu ağlada bilər...

Seyran Səxavət inamlı adamdır, ağlı kəsəndən ürəyinin səsinə qulaq asıb, ən çətin anlarda belə nə Allahdan, nə bəndələrindən əlini üzməyib...

Seyran Səxavət böyük adamdır. Sadəliyi böyüklüyünün, həssaslığı nəcibliyinin ölçüsüdür...

Seyran Səxavət ölkəmizin, ədəbiyyatımızın, Qarabağımızın brendlərindən biridir. Harda olsa, yurd sevgisiylə, söz incisiylə, qarabağlı havasıyla Vətəninə başucalığı gətirər...

Seyran Səxavət ovqatlı adamdır. Baharda dünyaya gəlib, qədərini yazan yazıb, sözün, səsin, rəngin vəhdətində yazıçı taleyini yaşayb, təmiz ürəyi, xeyirxahlığı, arzuları onu təravətli saxlayıb...

Martın 23-ü “Adalar”, “Mənim planetim” şeirlər, “Hamı elə bilirdi ki”, “Yüz ilin kişisi” hekayə və povestlərdən ibarət kitablarıyla ədəbi aləmi silkələyən, “Dar köynək”dəki povestləriylə sözün gümüş sularından keçən, “Qızıl teşt”lə dünyanı yerindən oynadan, “Daş evlər”, “Nekroloq”, “Palıd toxumu”, “Yəhudi əlifbası”, “Qaçhaqaç” romanlarıyla ədəbiyyatımızı yüz il irəli atan, pyesləri, publisistikasıyla sənət inciləri yaradan çağdaş Azərbaycan ədəbiyyatının bənzərsiz, mənə görəsə, dünyanın ən böyük yazıçılarından biri Seyran Səxavətin 75 illik yubileyi oldu.

Öz ömrünüz də, söz ömrünüz də uzun olsun, ustad!

# 3826 dəfə oxunub

Oxşar xəbərlər

Müdriklik, tənhalıq və ölümün kətan üzərində metaforası - "Bayquşla avtoportret"

Müdriklik, tənhalıq və ölümün kətan üzərində metaforası - "Bayquşla avtoportret"

11:30 15 avqust 2026
“Səninlə birgə var olmayan dənizlərə üzəcəyəm” - "Time to say goodbye" necə yarandı?

“Səninlə birgə var olmayan dənizlərə üzəcəyəm” - "Time to say goodbye" necə yarandı?

17:00 14 avqust 2026
Parisin marinist rəssamı - Klod Cozef Vernenin məşhur əsərləri

Parisin marinist rəssamı - Klod Cozef Vernenin məşhur əsərləri

16:30 14 avqust 2026
Sardanapalın ölümü, Dantenin qayığı və azadlıq barrikadası... - Ejen Delakruanın məşhur əsərləri

Sardanapalın ölümü, Dantenin qayığı və azadlıq barrikadası... - Ejen Delakruanın məşhur əsərləri

16:40 13 avqust 2026
Fransız operasının parlaq imzası - Onu niyə “qadın ruhunun musiqiçisi” adlandırırdılar?

Fransız operasının parlaq imzası - Onu niyə “qadın ruhunun musiqiçisi” adlandırırdılar?

14:50 13 avqust 2026
15 yaşında ilk mükafatını qazanan Xalq artistimiz -  Hansı ölkənin şahzadəsi ona elçi düşmüşdü?

15 yaşında ilk mükafatını qazanan Xalq artistimiz - Hansı ölkənin şahzadəsi ona elçi düşmüşdü?

12:00 13 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər