Qələbə üçün lazım olan başqa şeylər - Cəlil Cavanşirin yeni hekayəsi

Qələbə üçün lazım olan başqa şeylər - Cəlil Cavanşirin yeni hekayəsi
6 aprel 2021
# 09:00

Kulis.az "Hekayə günü"ndə Cəlil Cavanşirin "Müharibə rapsodiyasi" hekayəsini təqdim edir.

Rudolf Otto Vimerə sayğılarla

Belə bir gün idi, – atam bu əhvalatı danışanda, bunu xüsusi olaraq vurğulayır və əlavə edirdi – qeybətdən, deyinməkdən, bir-birinin arxasınca asıb kəsməkdən yorulan kənd camaatı çayxanalara çəkilib domino “çırpanda” kəndə qalxan yolla hərbi maşın sürətlə yaxınlaşırdı. Hərbi komissarlığın nümayəndəsi, deyəsən, xidmətdən yeni qayıtmış əsgərlərə çağırış vərəqələri gətirirdi. Ürəyində müharibəni lənətləsə də, gətirdiyi vərəqələri paylamalı, orduya çağırılan gənclərin sabah Hərbi Komissarlıqda toplanmalarını təşkil etməli idi.

…Belə bir gün idi, – atam bunu təkrar etməkdən yorulmur – ancaq Günəş üfüqdə tənbəl-tənbəl şəfəq saçır və qarşıdan gələn soyuq və şaxtalı günlərin müjdəsini verirdi. Hərbi komissarlığın nümayəndəsi maşını kəndimizin ən izdihamlı yerində, dükan-bazarın, çayxanaların çox olduğu “Bazar yeri” dediyimiz yerdə saxlayıb, ağır-ağır aşağı düşdü. Camaatın təəccüblü baxışlarının müşayiəti ilə, cavanların yığışdığı çayxanaya tərəf yönəldi. Üç-üç, beş-beş toplanmış kənd kişiləri mənasız söhbətlərini, qeybət edənlər qeybətlərini yarıda saxlayıb onun arxasınca çayxanaya girdi. Pandemiyanın tüğyan etməsinə baxmayaraq, kəndlərdə həyat öz axarında davam edirdi, nə çayxanalar bağlanmışdı, nə də kafelər.

…Hərbi komissarlığın nümayəndəsi çayxanaya girəndə cavanlar onu bir az təəccüb, bir az da həyəcanla qarşıladı, yerindən qalxıb onun əlindəki çantaya gərginliklə baxanlar da vardı, sivişib aradan çıxmaq istəyənlər də… Cavanların əksəriyyəti hərbi xidmətini yenicə tamamladığı üçün rahat davranıb yerindən tərpənmədi. Qıvraq görünüşlü nümayəndə çantasını boş masalardan birinin üstünə qoyub, siyahısını çıxarıb oxumağa başladı…

Gallery

Rahatlığını pozmadan domino oynayan cavanlar adları çəkildikcə Hərbi komissarlığın nümayəndəsinə yaxınlaşıb vərəqələrini aldı, özü çayxanada olmayanların da atası, qardaşı, əmisi, dayısı, qonşusu, yaxını vərəqəni götürdü. Çayxanadakı narahatedici səssizlikdə “qu” desən, qulaq tutulardı. Hərbi komissarlığın qıvraq görünüşlü nümayəndəsi hərbi maşına minib gəldiyi kimi də çıxıb getdi…

O gün çox şey oldu, – atam bunu deyərkən həmişə uzaqlara baxır – çaxnaşmanı görmək lazım idi. Çağırış vərəqəsini alandan sonra sevdiyi qızla görüşə tələsən cavanlardan biri yıxılıb ayağını sındırdı. Oğlunun döyüşə gedəcəyini eşidib, şəkəri qalxan Əhliman kişi oturduğu yerdə insult keçirdi. Çağırış vərəqəsini alan kimi gələcək qudasına zəng edib toyu qeyri-müəyyən vaxta qədər təxirə salan Abdullanın oğlu evin arxasına keçib, uşaq kimi hönkürüb ağladı. Mal-qaranı örüşdən gətirən çoban Allahyarın oğlu Orxan əmisinin ona uzatdığı çağırış vərəqəsini əlinə alanda sevindiyindən yolun ortasında dəli kimi atılıb düşməyə, çoban çomağını avtomat kimi köksünə sıxıb, naməlum düşmənləri “güllələməyə” başladı. Kəndin küçələrində bir-birini qucaqlayan, halallaşan, vidalaşan böyük-kiçik, kasıb-varlı, qadın-kişi qarışqa kimi qaynaşırdı. O gün kənd çox canlanmışdı. Hamı həmrəy, hamı bir idi. O gün naxırdan gələn inəyini qapıda unudan dul Firəngiz xalanın əsgər gedəcək oğlu olmasa da, qonşuya biş-düşə köməyə getdiyi üçün inəyi sabaha qədər qapıda, südəmər danası da tövlədə böyürdü. Bir də atam danışır ki, o gün qonşu evlərdən gələn ağlaşma səsi, hay-küy sabah dan yeri sökülənə qədər davam etdi…

İnsanlar indiyə qədər heç qucaqlaşmadıqlarını, qonşuya baş çəkməyi unutduqlarını xatırladı. Bəziləri də bir-birlərinə qarşı kin saxladıqlarını, qonşu davasından küsülü olduqlarını unutmuşdu. Qəribə, maraqlı bir gün idi. Ağır bir gün. O bir gün də digər günlər kimi tez başa çatdı…
Çağırış vərəqəsi gələn cavanlar rayon mərkəzinə yola düşdü. Kənd cavanlarının rayon mərkəzində yerləşən Hərbi Komissarlıqda onları gözləyən avtobuslara doluşub, birbaşa döyüş bölgəsində yollandıqları gün hava tutqun idi. Əsgərləri yola salmağa gələn yaxınları da qaşqabaqlı, tutqun görünürdü…

Atam danışır ki, cavanlar müharibəyə gedəndən sonra kəndin səs-küyü, coşqusu azaldı, çayxanalar boşaldı. Çağırışa qoşula bilməyən cavanlar hərdən kənd yolunda başıaşağı, qəmgin halda görünür, əsgər ailələrinə rast gələndə yağış kimi sual yağdırırmışlar. İndiyə qədər heç qucaqlaşmadıqlarını, qonşuya baş çəkməyi unutduqlarını xatırlayan insanlar bir-birinə daha yaxın, daha məhrəm olmuşdu.

Qəribədir, – atam o günü xatırlayanda bu ifadəni də işlədir – qələbə də günəşli, sakit, gözəl bir gündə elan olundu.

Hər halda hamının beynində pis düşüncələri, laqeydliyi, yadlığı, dünyanın faniliyini unutduğu bir gün var. Əks halda atam bu əhvalatı danışmazdı. Orası da dəqiqdir ki, atam yaşadığı müddətdə o həmrəyliyi, o coşqunu unutmadı. Ancaq hekayəni xüsusi olaraq bu sözlərlə tamamlayırdı: “Bəlkə də həmrəylik olmasa, birlik olmasa, qələbə də mümkün olmazdı... və deyəsən, qələbə üçün başqa şeylər də lazım idi.”

Ancaq bu “başqa şeylər”in nə olduğunu atam heç vaxt demədi…

# 3407 dəfə oxunub

Oxşar xəbərlər

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
#
#
# # #