Donbalmaq, soxmaq, çalmaq... – İşlətməyə qorxduğumuz sözlər

Donbalmaq, soxmaq, çalmaq... – İşlətməyə qorxduğumuz sözlər
30 mart 2021
# 11:01

Yəqin siz də danışanda bu feilləri dilə gətirməkdən çəkinirsiz...

Hazırda başqa adla çox böyük populyarlıq qazanan qadın müğənnilərdən biri 10 il qabaq həqiqi adı ilə çalışdığım televiziyaya qonaq gəlmişdi. Fasilə müddətində aşağıda çay içirdik. Yanımızda çalışdığım televiziyanın prodüseri də var idi. Müğənni dərin səmimiyyətlə danışır və nitqinin heç bir yerində “çalmaq” sözünü “ifa etməklə” əvəzləmirdi. Həmin an hiss etdim ki, bu ətcə bala hələ çox təmizdir, korlanan o sözlərin “məna”larını bilmir.

İndi isə həmin xanım efirlərdən düşmür, nitqində isə daim “ifa edir”, “səsləndirir” sözlərindən istifadə edir.

Hətta dünya çapında ən çox sevilən mahnılarımızdan olan “Əziz dostum” mahnısındakı “Çaldığı o sazı gətirin mənə, görün ki, çalmaqda necə mahirəm” cümləsini dəyişərək “görün ki, ifada necə mahirəm” kimi mənasız bir ifadə ilə əvəzləyiblər.

Kiməsə xırda məqam kimi görünə bilər, amma mənim sahəmlə birbaşa əlaqəli olduğu üçün belə detallar istər-istəməz beynimdən asılır və hər kəs verilişlərə zövq almaq üçün baxanda, diqqətimi bu kimi məqamlar çəkir, narahat oluram.

Kirlədiyimiz feillərdən xəbərsiz olmaq gözəldir, belə olduqda istifadə edə biləcəyimiz sözlər daha çox olur, bu ifadələrə çatanda gözlərimizi oğrun-oğrun oynadıb ayrı sözlər axtarmırıq.

Bu gün biz donbalmaq, çalmaq, soxmaq, qoymaq, itələmək, qayırmaq, düzəltmək və s. kimi feillərimizi dilimizə gətirəndə narahat oluruq. Bu tip feillərimizi yüksək tribunalarda səsləndirməkdən qaçırıq.

Bəs bu sözlər niyə kirlənir?

Bu proses başqa dillərdə də baş verir, bizdən daha artıq feil korlayan xalqlar da var, ancaq bizim öz dərdimiz özümüzə bəsdir.

Dildə söyüşlər rahat ifadə oluna bilməyəndə insanlar söyüşə ayrılmış potensialı başqa sözlərin belinə yükləyir. İlk səslənişdə komik situasiya yaranır, ola bilsin, adama ləzzət eləyir, amma həmin ifadə yeni anlamını dərinləşdirdikcə istifadə təyinatını itirir. Söyüş söymək istəyən adam söyməlidir, hətta dərinə varanda aydın görünür ki, söyüş söymək sözlərin mənasını dəyişməklə müqayisədə daha normaldır.

Söz yüksək məqamdır!

Onu kirlətmək söyüş söyməkdən daha əxlaqsız hərəkətdir.

Yəqin, elə bu yazının başlığını görəndə belə bəziləri mənim tərbiyəsizlik etdiyimi düşünəcək. Belə düşünənləri bir daha söz açdığım problem barədə düşünməyə çağırıram. Ginekoloq, androloq cinsi problemləri həll edərkən əxlaqsızlıq etmiş sayılmır.

Bu mövzuya toxunmaq da eyni anlama gəlir.

Hərəkətimizi bildirən bütün sözləri bədənimizin bir yeri ilə əlaqələndirməyimiz, əslində, xeyli dərin mətləblərdən xəbər verir. Yəqin, bizim üçün prosesin, hərəkətin, funksiyanın pik nöqtəsi cinsi yaxınlıqdır, buna görə ucdantutma bütün feillərimizi gətirib eyni nöqtəyə çıxarırıq.

Bir il əvvəl “Kulis”də yazdığım seks inqilabı ilə bağlı essemdə də bu məqama ətraflı toxunmuşdum; nə qədər ki, şəhvəti, cinsəlllik, qadın bədəni bütün detalları ilə cəmiyyətin əxlaq kodeksi kimi qəbul edilir, nə qədər ki, bu məsələlər dəxlisiz şəkildə gizlədilərək matah anlayış kimi qorunur, o qədər də cinsəllik sehrini saxlayacaq, bir çox mövzuları, dəyərləri üstələyərək cəmiyyəti inkişafdan saxlayacaq. Hər gün mətbuatda, efirdə qadın, xəyanət, zorlanma xəbərləri yerdə qalan vacib gündəmləri örtəcək.

Hazırda toxunduğum mövzu da bir çoxlarının yanlış qəbul etdiyi seks inqilabı problemindən qaynaqlanır. İnsanı hər daim tətikləyən şəhvət, cinsəl proseslər normal çıxışını tapmadıqda davranışına, sözünə vurur.

Problem sözlərimizə sıçrayanda isə gördüyümüz neqativlə qarşılaşırıq. Ən müqəddəs nəsnələrimizdən olan dilimiz iflic olur.

O üzdən gərəkdir ki, hər kəs içindəki hirsi, hikkəni başqa bir yolla boğmağı öyrənsin, bunu bacarmırsa, həmin mənfi enerjini söyüşlə ifadə etsin.

# 28453 dəfə oxunub

Oxşar xəbərlər

Klassik eposa postmodern baxış - Kamal Abdulla "Dədə Qorqud"un taleyini necə dəyişdi?

Klassik eposa postmodern baxış - Kamal Abdulla "Dədə Qorqud"un taleyini necə dəyişdi?

14:20 23 yanvar 2026
Cətin oxunan, eyni zamanda unudulmaz poeziyanın yaradıcısı - Boleslav Lesmian

Cətin oxunan, eyni zamanda unudulmaz poeziyanın yaradıcısı - Boleslav Lesmian

16:45 22 yanvar 2026
SSRİ-nin Cavid qorxusu - İblis əslində, kim idi?

SSRİ-nin Cavid qorxusu - İblis əslində, kim idi?

18:21 21 yanvar 2026
Ədəbsiz, aşağı səviyyəli əyləncə - Corc Oruellin Tolstoya sərt cavabı

Ədəbsiz, aşağı səviyyəli əyləncə - Corc Oruellin Tolstoya sərt cavabı

11:00 21 yanvar 2026
"Kamal Abdulla dialoqun necə manipulyasiya olunduğunu göstərir..." - Beyrək bunu hansı səbəbdən yaşadı?

"Kamal Abdulla dialoqun necə manipulyasiya olunduğunu göstərir..." - Beyrək bunu hansı səbəbdən yaşadı?

14:00 17 yanvar 2026
Qarabağı riskə atardım, Cincilimi yox...  - Təvəkkül Boysunar

Qarabağı riskə atardım, Cincilimi yox... - Təvəkkül Boysunar

17:30 16 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər