“Elməddin Cəfərovdan xahiş etdim, mənə iş vermədi” – Unudulmuş aktyorun evindən reportaj - Fotolar

“Elməddin Cəfərovdan xahiş etdim, mənə iş vermədi” – Unudulmuş aktyorun evindən reportaj - Fotolar
19 mart 2021
# 13:21

Onunla müsahibəyə gedəndə xəyalən uşaqlıq illərimə səyahət edirdim. Yolboyu heç vaxt yadımdan çıxmayan qarayanız simasını, çiyninə tökülən qalın, xurmayı saçlarını, parıltılı paltarlarla uşaqları başına yığıb şirin-şirin danışmasını xatırlayırdım.

Sim-sim lələ, hər sözü tilsim lələ...

Uzun illər idi ekranlarda görünmürdü. Onun varlığından, yoxluğundan belə xəbərimiz yox idi. Bir neçə gün əvvələ qədər.

“Sehrli güzgü” verilişindən “Sim-sim Lələ” kimi tanıdığımız aktyor Adışirin Bağırovun evinə gedirdik...

Onu ilk dəfə 90-cı illərin əvvəllərində yaxın qohumlarımızın birinin oğlunun toyunda görmüşdüm. Torpaqlar təzə işğal olunmuş, biz Bakıda allah bilir neçənci sığınacağımızda məskunlaşmışdıq. Belə günlərin birində toya dəvət olunma xəbəri biz uşaqlar üçün bayram əhval-ruhiyyəsi yaratmışdı.

Təzəmizdən, köhnəmizdən geyinib toya gedəndə, Adışirin müəllim toyun aparıcılığına yencə başlamışdı. O, məni görən kimi mikrofona tərəf çəkib, “görək bu paltarı işıldayan bala hansı şeiri, mahnını bilir, söyləsin görək” - demişdi.

Həmin işıqlı günlərin xatirəsi ilə mənzil başına çatanda Adışirin müəllim eyvana çıxıb bizə əl elədi, yuxarı, mənzilə çağırdı.

Qapı açılanda qarşımda saçları ağarmış, əyni-başı nimdaş yaşlı bir kişi vardı. Keçmişdən, cavanlıqdan əsər-əlamət qalmamışdı. Amma yox, bir dəqiqə, onun səsi, mehribançılığı, bir də uşaq kimi ürəyindən, düşüncələrindən gözlərinə dolan, ordan da hər tərəfə səpilən saf, işıqlı baxışları mənim üçün maraqlı söhbətə, bir insan, bir aktyor həyatına səyahətə imkan yaratdı.

Fotoqrafla məni salamlaya-salamlaya içəri dəvət edir:

- Buyurun, buyurun. Xoş gəlmisiniz! Bu əziz günlərdə mənim evimi şənləndirdiyiniz, məni yad etdiyiniz üçün çox sağ olun.

Fotoqraf fotoaparatı sahmana salınca, mən də söhbət edəcəyimiz yeri seçirəm. Adışirin müəllim özünü itirir. Ora-bura vurnuxur, bizim rahat olmağımız üçün əlləşir. Bir otaqlı, hər tərəfindən kasıblıq yağan evində bizim rahatlığımız üçün əlindən gələni edir. Döşəmənin ortasına qoyulan elektrik sobanı mən əyləşən yerə tərəf çəkir, cəld dəhlizə keçib özünü səliqəyə salır, bizə səslənir:

- Sizcə belə yaxşıdır, ya jaketi çıxarım?

- Çıxarsanız yaxşıdır, kök düşməyəsiniz deyirəm.

Gülüşürük.

- Bəlkə, çay içəsiniz, indicə dəmlədim sizin üçün - masadakı bayram şirniyyatlarını əli ilə göstərir.

- Müsahibəni bitirək, sonra içərik, narahat olmayın.

- Yaxşı, siz nə deyirsinizsə, elə olsun. Mən hazıram.

Diktofonu yandırıb söhbətə başlayıram.

- Bildiymiz qədəri ilə sizə AzTV-dən iş təklif olunub. Təbrik edirik...

- AzTV-nin rəhbərliyi, onun kollektivi sağ olsun. Onlar mənə elə bilin ki, ikinci həyat bəxş etdilər. Mən indi 61 yaşında karyera quran deyiləm. Yəqin, ora, işə alışdıqca, mənim üçün müəyyən işlər çıxacaq. Onların özünə də dedim, mən gələcək nəslin qarşısına sədd çəkə bilmərəm. Mənim üçün şərait, dolanışıq yaratdığınız, arxa durduğunuz üçün çox sağ olun. Verilişdi, layihədi, bunları gənclər etsinlər, gənclər qazansınlar. Mən də hansı iş üçün lazım olaramsa, onu etməyə hazıram. Təklif gəlib, amma görürsünüz ki, evdəyəm, indi onlardan xəbər gözləyirəm.

Mən on illərlə həsrətlə kənardan dayanıb AzTV-yə baxmışam. Amma indi rəhbərlik istəyəndə, kollektiv arzu edəndə heç kim mənə yox demədi, məni doğma insan kimi qarşıladılar. Allah hamısının, bu işə səbəbkar olan hər kəsin ruzisini başından töksün.

- Adışirin müəllim, illərdir sizi görmürük. Yaxşı görsənirsiniz.

- Amma çoxları deyir ki, qocalmışam (gülür).

- Saqqal sizi xarizmatik edir.

- Hər il Novruz bayramı ərəfəsində saqqal saxlayıram. Çünki, nəvələrim var, onlar üçün kosa paltarımı geyinib, bir neçə saatlıq kosa oluram. Nəvələrim üçün təbii olsun deyə saqqal saxlayıram. Kosanın azca saqqalı da olur. Nəvələrimi qucağıma alanda onlar saqqalımla oynayırlar, istəmirəm onlara yalançı kosa təsiri bağışlayım. Milli adətlərimizi onlara təlqin etmək istəyirəm.

Divanın başına qoyulmuş rəngbərəng, bir az da köhnəlmiş kosa paltarını götürüb sığallayır. Canlı varlıq kimi sinəsinə sıxıb həyəcanla danışır. Mənə elə gəlir ki, bu illər ərzində yaşadığı ən çətin günlərdə belə o, məhz bu libaslara sığınıb, onlarla yaşayıb. Onlardan imdad gözləyib.

- Kosa paltarını geyinəndə onlar bilirlər ki, siz onların babasısınız?

- Əlbəttə, bilirlər. Bəzən onları Şaxta Baba kimi də təbrik edirəm. Hədiyyələrdən, əlim çatan meyvə, konfet verəndə, birdən deyirlər, ay baba, bizə Şaxta Baba gəlmişdi, o, sən deyildin? Deyirəm, yox, o, həqiqi Şaxta Baba idi, sizə sovqat gətirmişdi.

- Neçə nəvəniz var?

- Bir oğlum, bir qızım var. Oğlumun bir qızı, bir oğlu, qızımın isə iki qızı var. Hələ heç biri məktəb yaşında deyil. Böyük nəvəmin beş yaşı var.

- Sənətə gəlişiniz necə olub? Xatırlayaq, bəlkə...

- Bu barədə heç kimə deməmişəm, ilk dəfə sizə deyirəm. Beş-altı yaşından kənd kinoteatrlarında film göstəriləndə, kinomexanniklərin diqqətini cəlb etmək üçün müxtəlif pozalarda dayanardım və yaxud da kimlərisə yamsılayardım. Kinomexannik həmişə məni başqa uşaqlara misal çəkib deyirdi ki, ay uşaqlar, baxın, Adışirin necə sakit filmə baxır. Amma mən orada ona görə sakit otururdum ki, diqqət cəlb edim və kinomexannik məni zala pulsuz buraxsın. Bunların hamısını imkansızlıq ucbatından edirdim.

O, danışdıqca tez-tez boğazını arıtlayır, doluxsunmaq istəsə də, özünü tox tutmağa çalışır. Mənimlə söhbət etsə də, baxışlarından hiss edirəm ki, xəyalları onu uzaqlara alıb aparır. Yaddaşı keçmişinin ən dərin, labirintlərinə səfər edir. Növbəti sualım sanki onun bu səfərini bir az da asanlaşdırır.

- Ailəniz kasıb dolanırdı?

- Çox kasıb idik. Mən durub desəm ki, evimizdə hər şeyimiz vardı, yalan olar. Ailədə iki qardaş olmuşuq. Mən üçüncü, dördüncü sinifdə oxuyanda, anam dünyasını dəyişdi. Atam da müharibə görmüş, zəhmətkeş adam idi. Toyuq fermasında qarovulçu işləyirdi. O, nahar vaxtı hətta fermadakı toyuqların yumurtasından belə yemirdi. Mən ona günorta evdən soyutma yumurta aparırdım. Bir dəfə dedim, ay dədə, fermada işləyirsən, burda nə qədər toyuq, yumurta var, mənə niyə evdən gətizdirirsən. Uşaq idim, xəyallarım vardı. İstəyirdim, həmin vaxtı yaşıdlarımla oynayım. Amma məcbur idim ki, evdən ona nahar aparım. Hətta atam o qədər ac qalırdı ki, bəzən yumurtanın qabığını soyub elə yoldaca yeyirdi. Mən atama elə deyəndə, o, mənə dedi ki, ay bala, mən o fermanın mənə etibar olunmuş malından yesəm, bəs fermanın müdiriyyəti mənə nə deyər? Yəni, bu qədər halal adam idi.

- Atanız ananızdan sonra ailə qurdu?

- Yox. Qardaşım onuncu sinfi qurtarırdı, məndən xeyli böyük idi. Mənim yaşım az idi. Bir dəfə qonşuluqdakı bir qadın atama dedi ki, bu uşaq körpədir, evlən, ona kimsə göz-qulaq olsun. Atam onda demişdi ki, mən onsuz da çətin yaşayıram, bir də analıq gətirib, Adışirinə niyə dərd verim? Evlənmədi. Ata-bala baş-başa verib dolandıq. Sonra mənim qarşıma yaxşı insanlar çıxdı. Mən Masallı rayonunun Çaxırlı kəndində doğulmuşam. Kənd mədəniyyət evində aktyorları təbliğ etməklə klub müdirinin diqqətini cəlb elədim. O da məni dərnəyə dəvət etdi. Sonra Lətifə Mövsümova məni rayon mədəniyyət evinə apardı. Sağ olsun. O qadın indi də sağdı, orda işləyir. 1982-ci ildə gəlib çıxdım Bakıya. İncəsənət Universitetinin mədəni-maarif fakültəsinə daxil oldum. Təhsil ala-ala Lütfi Məmmədbəyovun dərnəyinə getdim. Üçüncü kursdan aktyorluq fakültəsinə keçdim.

- Teatr fəaliyyətiniz oldu?

- Oldu. Estrada artistləri müsabiqəsindəki çıxışlarmı görən ovaxtkı Konsert Birliyi mənim icazəmi məktub vasitəsi ilə İncəsənət Universitetindən aldı. Təyinatla Qastrol Konsert Birliyində illərlə aparıcı kimi fəaliyyət göstərdim. İslam Rzayev məni öz ansamblına dəvət edirdi. O, öz ifaçılarına deyirdi ki, vaxt gələcək, bu “manıs” aləmi dağıdacaq. Zarafat edirdi, təbii ki. Həm də yaxşı mənada deyirdi. Konsert Birliyi bağlanandan sonra Dövlət Gənclər Teatrının rəhbəri Hüseynağa Atakişiyev məni aktyor kimi dəvət etdi. Dörd il orda işlədim, Hüseynağanın qoyduğu tamaşalarda oynadım. 1988-ci ildə “Bakı payızı-88” müsabiqəsində üç yaşlı uşaqla Heydər Əliyev sarayının səhnəsinə çıxdım. Bu, böyük risk idi. Həmin çıxış mənə uğur gətirdi. AzTV məni uşaq verilişlərinə aparıcı kimi dəvət etdi. “Lay-lay”, “Kim yatmış, kim oyaq”, axırda da “Sehli güzgü” verilişini mənə tapşırdılar. Orada Sim-sim Lələ obrazı ilə uşaqlara yaxın olmağa, onları maarifləndirməyə çalışdım. On-on beş il də həmin verilişin aparıcısı oldum. O verilişə o qədər ürəklə bağlanmışdım ki, toyumdan, yasımdan da olmuşdum. Bütün günü çəkilişlərdə olurdum deyə kənara çıxa bilmirdim. Bax, onda rəhmətlik Hüseynağa mənə dedi ki, Adışirin, ya teatrı seç, ya da uşaq verilişlərini. Mən ona dedim ki, vallah, mən o uşaqlara elə bağlanmışam, ayrıla bilmərəm. Sonra özüm ərizə yazaraq teatrdan uzaqlaşdım. Hüseynağa teatr aləmində böyük idi. Amma “Sehrli güzgü” də doğma idi. Sim Sim Lələ adı mənim öz adımı üstələdi. İndi də çoxları məni Sim sim Lələ deyə çağırır. Hətta mənə zarafatla deyirdilər ki, Azercell səndən sonra yaranıb, onlardan müəllif haqqı al.

- Sonra nə baş verdi, siz efirdən, incəsənətdən uzaq düşdünüz?

- Sizin sualınıza cavab verəcəm. Ancaq istəyirəm, bu bayram ərəfəsində torpaqlarımızı işğaldan azad edən əsgərlərimizin bayramını təbrik edim. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizin canı salamat olsun. Şəhid ailələrinin qarşısında baş əyirəm. İnanın, bu 29 ili mən də çiynimdə gəzdirdim. Harda çıxış edirdimsə, mütləq qeyd edirdim ki, bu torpağın üzərində hamımız əsgərik.

Birinci Qarabağ müharibəsindən sonra bilirsiniz ki, ölkədə vəziyyət çətin oldu. Televiziyada da bir çox verilişlər dayandı. Texnologiya dəyişdi. Və elə bil biz kənarda qaldıq. Mənim günlərim, illərim gözləməklə keçdi. Düşündüm ki, bu gün çağırarlar, sabah çağırarlar. Hətta, bəzi kanallardan çağırdılar, amma sonra eşidirdim, deyirlər, o, AzTV-nin simasıdır.

- Bəs işsiz necə dolanırdınız?

- Səmimi deyim, AzTV-dəki “Sehrli güzgü” verilişi mənə elə uğur gətirmişdi ki, toy və ya məclis axtarmırdım. Heç vaxt kloun kimi də məclislərə getmədim. İstəmirdim Sim-Sim Lələ obrazına xələl gəlsin. Bu veriliş mənə uğur gətirsə də, nə qədər filmlərdən imtina etdim. Ona görə ki, veriliş çox vaxt aparırdı. İşsiz qaldığım ərəfədə müəyyən xeyirxah insanlar vardı ki, mənə kömək edirdilər. “Sehrli güzgü” verilişində mənimlə birgə çıxış edən Nərminin, Aytacın atası Hüseyn mənə çox yardım edirdi. Sağ olsun, allah onun ruzisini bol eləsin. O, illərlə mənim xəbərim olmadan işıqpulumu, qazpulumu ödəyib, tez-tez ət-yağ alıb evimizə göndərib. O, istəmir mən onun adını çəkim, amma çəkməliyəm. Axı seriallar belə çağırmırdılar ki, gedim çəkilim, beş-on manat qazanım. Çağıranda da pul vermirdilər. İndi ad çəkib kimisə hallandırmaq istəmirəm. Bir dəfə yayda Sumqayıtdakı Dünya TV-dən çağırdılar. Mən onlara bildirdim ki, isti olduğundan səhhətim uzaq yola çıxmağa imkan vermir. Dedilər, sizin maşınınız yoxdur ki? Dedim, mənim nəinki maşınım, heç motosikletim də yoxdur. Mən də bilirəm ki, verilişlər sponsorludur. Qonorar olmasa belə məni maşınla burdan-ora apara bilərlər. Amma bunun əvəzinə dedilər ki, maşını olan qonaq çağıranda sizi də dəvə edərik, onun maşını ilə gələrsiniz. Bax, bu sözlər mənə çox pis təsir etmişdi. Deyir, güllə yarası sağalar, söz yarası yox.

- İş üçün müraciət etdiyiniz adamlar olub?

- Bir dəfə Elməddin Cəfərova dedim, ay Elməddin, sənin seriallarında mən də özümü görürəm. Xırda da olsa mənə rol versən bəs edər. Elməddin mənə dedi, ay sənətkar, borcun içində boğuluram, mən səni seriala çağırıb pul verə bilməyəcəm. Mən heç kimə böhtan ata bilmərəm, çünki vicdanım buna yol verməz. Amma bir dəfə sağ olsun Azər Axşam məni türk rejissorun çəkdiyi seriala göndərdi. Onların yanına gedəndə məlum oldu ki, onlar artıq işlərini bitirib Türkiyəyə qayıdırlar. Azərə təşəkkür edirəm. O, cəhd etdi ki, mən hardasa işləyim. İndi məni kimdir itirib axtaran?

- Sənət yoldaşlarınız da sizi axtarmayıblar?

- Yox, heç kim. Hamısı mənə zəng vurmaqdan çəkinib. Elə biliblər, mən dərhal onlardan nəsə istəyəcəm.

- Bir müddət əvvəl sizin iş axtardığınız, hətta marketdə işə düzəlməyiniz haqqında fikirlər səsləndi.

- Burda, yaşadığım qəsəbədə marketdə işlədim. Gətir-götür işlərinə baxırdım. Günəmuzd, beş-üç manat dolanışığımı çıxartmaq istəyirdim. Bir dəfə marketə girən bir xanım məni tanıdı, satıcıdan soruşdu ki, bu aktyor Adışirin Bağırov deyil? Satıcı da məni vəziyyətdən çıxartmaq üçün dedi, odur, çəkiliş üçün gəlib. Yalan danışmaq olmaz axı. Qəsəbədir, müəlliməsi, həkimi, dərzisi var. Ondan sonra marketdə işləyə bilmədim, çıxdım. Məni belə şeylərə məcbur edən nəvələrimin sevgisi oldu. Onları parka aparanda, qızım, oğlum nə qədər tapşırsalar da, onlar uşaqdırlar, nə isə görüb istəyirdilər. Mən isə onların istədiklərini mağazadan ala bilmirdim. Qızım həmişə nəvələrimə tapşırırdı ki, babadan heç nə istəməyin. Amma onlarla marketin yanından keçəndə görürdüm, uşaq məni marketə tərəf dartır, deyir, baba, heç nə istəmirəm, girək içəri, elə-belə baxaq. Bax, bu kimi məsələlərə görə mən satıcı, bağban olmağa da razı idim.

- Eviniz də, səhv etmirəmsə, birotaqlıdır.

- Bəli. Bax, gördüyünüz bu evin döşəməsi betondu, üstündən xalça palaz sərmişik. Bu istilik sobası olmasa, qışda bizim üçün çətin olar. AzTV kanalı sağ olsun, mənə ikinci həyat verdi. Gözlənilmədən qapımı döyüb, məni sevindirdilər. Jurnalistlər də sağ olsunlar, məni unutmadılar. Çəkiliş gələndə qızım utanırdı, deyirdi, ay ata, evdə yox, başqa yerdə çəkiliş etsinlər. Biz uzun illər burda yaşamışıq. Qızım bu evdən gəlin köçüb, oğluma bu evdə xeyir-dua vermişəm. Amma ona toy edə bilmədim.

- İmkanınız olmadı?

- Bəli. Həm biz tərəfdə, həm də gəlin tərəfdə imkansızlıq idi. Oğlum xanımını görən gündən ona vurulmuşdu və ailə qurmaq üçün tələsirdi. Ancaq mən istəyirdim ki, o, mənim sənətimi rejissor kimi davam etdirsin. Mən də aktyorluğumun qisasını onun rejissor əli ilə çıxım. Ona görə də istəyirdim, əsgər gedib qayıtsın, sənətini davam etdirsin. Ona görə də gəlinimə dedim ki, mənim oğlum ailə qursa, elə səninlə ailə quracaq, narahat olma. Çünki mən eşitmişdim ki, qızın anası o, dünyaya gələndə vəfat edib, çox pis oldum.

Onu ağlamaq tutur. Mən özümü günahkar hiss edirəm. Susub, kirimişcə dayanıram. Nə qədər çalışsa da, hönkürtüsünü kəsə bilmir. Üzünü kənara tutub, göz yaşlarını əlinin arxası ilə silir.

- Bax, ağladım, sizin də qanınızı qaraltdım...

- Niyə belə kövrəldiniz, öz ananız yadınıza düşdü?

- Biləndə ki, biləndə ki...

Səsi yenə qırılır, yenə için-için ağlayır. Amma söhbətinə davam etməyə səy göstərir.

- Biləndə ki, onun anası yoxdur, pis oldum. Mən onların toyunu gecikdirməklə, anasız bir qızı intizarda saxlayıb günaha bata bilməzdim. Anasızlıq başqa dərddir. İnsan ana istəyini, məhəbbətini anası yanında olanda o qədər də hiss etmir. Onlar dünyasını dəyişəndən sonra adam heyfsilənir, deyir, kaş belə olmayaydı (kövrəlir).

- Ən çətin günləriniz nə zaman olub?

- Nəvələrim məni mağazaya tərəf çəkəndə, mənim isə onların istədiyini almağa pulum olmayanda. İşıqpulumu ödəyə bilməyəndə çox çətinik çəkmişəm. Vaxtı çatanda sayğac sahibi gəlib deyirdi ki, işığı yandırma, ya pulu ödə, ya da işığın kəsiləcək.

- İşığınızı heç kəsiblər?

- Sözsüz ki, kəsiblər. Əslində, işıqpulu üçün gələn haqlıdır. O, da qulluq yiyəsidir, işini yerinə yetirə bilməsə, işdən çıxarılar. Buna görə də mən heç kimdən incimirəm. Necə ki, beş-altı aşlı qız uşaqları xəyallar qurur, mən də eləcə xəyallar qurdum ötən bu illər ərzində. Öz-özümə dedim, birlikdə veriliş apardığım uşaqlar, mənim tamaşaçılarım məni unutmaz. Gün gələr məni də xatırlayarlar. Çünki mən “Sehrli güzgü” verilişini nə fəaliyyətdə olduğum günlərdə, nə də sonralar heç nəyə dəyişmədim. Rayonda bir yaxın qohumum rəhmətə gedəndə belə mən verilişin çəkilişlərini qoyub gedə bilmirdim. Fikirləşirdim ki, qırx dərəcə istidə o verişə çəkilmək üçün gələn uşaqların vaxtı boşa getməsin, əziyyət çəkməsinlər. Yəqin buna görə də Allah məni bu yaşımda yeni işlə mükafatlandırdı. İndi sevinirəm. Qazın, işığın pulunu vaxtında köçürə biləcəm. Gələcəkdə nə zamansa maaş alanda nəvələrimi aparacam qucaqları tutan qədər, ürəkləri istəyən şeyləri alsınlar (gözləri yenə dolur). Siz məni çox duyğulandırdınız. Nəvə mənim maaşımı görməyib axı. İndi açıq ürəklə nəvəmi hər yerə aparacam.

Qapıdan çıxanda onunla sağollaşırıq. Ürəyini boşaldıb, xeyli toxtayıb. Amma birdən nəyi isə unudubmuş kimi səksənir:

- Bəs axı çay içmədiniz, şirniyyat, meyvə də yemədiniz.

- Gələn dəfə Adışirin müəllim, ilk maaşınızı alanda sizə yenə qonaq gələrik.

# 6916 dəfə oxunub

Oxşar xəbərlər

Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 19 aprel 2024
Spilberqin yeni filminin mövzusu açıqlandı

Spilberqin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edildi

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edildi

16:30 19 aprel 2024
Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

16:00 19 aprel 2024
“Sazlı, sözlü kəlağayı günləri”  silsilə tədbirlərlə davam edir

“Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edir

15:30 19 aprel 2024
Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
# # #