Cığırlar yolların budaqlarıdır: Yaz duyğuları

Cığırlar yolların budaqlarıdır: Yaz duyğuları
29 mart 2021
# 09:01

Kulis.az yazar-şair Alov İnannanın “Yaz duyğuları” silsiləsindən bir bəndlik şeirlərini və haykularını təqdim edir.

Su yiyəsi, Su yiyəsi,
yuxum var, sənə deyəsi.
Qaramatımı boğ apar,
ağart rəngini, ağ apar.
***
Od yiyəsi, Ocaq ana,
alov sənin qızındır.
Oynat qızmar qızını,
canımızı qızındır.
***
Yel yiyəsi, Yel yiyəsi,
qucaq dolu ətir gəl.
Ləçəkləri apar get,
meyvələri götür gəl.
***
Yer yiyəsi, Yer yiyəsi,
arzuları çin elə.
Biz sənə bir toxum verək,
Sən də onu min elə.
***
Göy üzünə bir ox atdım,
buluda dəydi qayıtdı.
Buludun canı ağrıdı,
dayanammadı, ağladı.
***
Köklər dedi budaqlara:
Siz yuxarı biz aşağı.
Uca göylər sizin olsun,
biz də gedək üzaşağı.
***
Divara misal yazılıb.
Riyazi qanun pozulub.
Bir hərf bir həflə toplanıb,
cavab üçhərfli “eşq” olub.

A little cuckoo across a hydrangea(Haiga) by Yosa Buson.jpg

Haykular

Tumurcuqlar
bələkdəki vaxtlarıdı
çiçəklərin.
***
Kol dibində
ilan qabığı
məzmununu itirib.
***
Cığırlar
yolların
budaqlarıdır.
***
Günəş şüalarıyla
torpağı dümsüklədi.
Toxumlar gərnəşib ayıldı.
***
Əgər arı olsaydım,
bu gözəl çiçək rəsminə
qonardım.
***
Qönçələr
yavaş-yavaş çiçək olur.
Çiçəklər
birdən görünür.
***
Ləçək üstə bərq vuran şeh
elə gözəl idi ki,
günəş üsulluca
onu oğurladı.
***
Bahar
quşların nəğmələriylə
çiçəkləri oyadır.
***
Günəş elə parlaq idi ki,
pərdələr təslim oldular –
qaranlığın əsgərləri.
***
Kiminsə işığında görünənlər.
Kiminsə kölgəsində itənlər.
***
Adamlardan doyanda
təbiətə susamaq.
***
Konfetə yapışmış
süd dişinə
heyrətlə baxan uşaq
ağlamağı unutdu.
***
Gecə göyərə-göyərə keçdi.
Ulduzlar ağara-ağara söndü.
Günəş qızara-qızara doğuldu.
***
Dərinin içindəsən.
Dərindən çıx,
görüm kimsən.
***
Haçan sözləşdi yasəmənlər?
Bir gündə
çiçəklədilər.
***
Sellofan torbada
unudulmuş soğanlar
sonuncu umudla
göyərirdilər.
***
Yaxşı ki, günəş
allaha oxşamır,
hamıya bir gözlə baxır.
***
Buludların üstündə yatmaq, göy qurşağının altından keçmək,
Uçan quşlara qoşulmaq, daha nələr və nələr...
Nakam uşaqlıq arzularım – Göylərdə gözüm qaldı.
***
Günəşin işığını
geri qaytaran qar deyil,
zirvələrdir.
***
Qədəhdəki şampandan gülün dibinə tökdüm.
Heeeey!
Bir azdan çiçəklər də keflənəcək!
***
Nə qədər avaradır
günəş şüalarında uçuşan
toz dənəcikləri.
***
Çiçəklər gileyləndi:
Arılar bizim ancaq
şirəmizə gəlirlər.
***
Buludlara yağış yağmaz
Allahın allahı olmaz.
***
Qəfəsdəki quş, dibçəkdəki gül, akvariumdakı balıq,
gəlin, üsyan edək!
Göylər, yerlər, dənizlər bizim olsun!

# 2477 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #